19 Fevral 2020 11:59
641
İQTİSADİYYAT
A- A+

Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır

Fevralın 19-da Energetika və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə ADA Universitetində Səudiyyə Ərəbistanının "ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkətləri, bir sıra dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı üzrə təlim-seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın bərpaolunan enerji ilə bağlı hədəflərindən danışan Energetika nazirinin müavini Elnur Soltanov elektrik enerjisi istehsalının bərpaolunan enerji mənbələri hesabına şaxələndirilməsi və bu sahənin özəl investisiyanın cəlbi ilə inkişafının Azərbaycan Prezidentinin energetika sektorunda islahatlar kursunun əsas məqsədlərindən biri olduğunu deyib.

"2030-cu ilə qədər ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payının hazırkı 17 faizdən 30 faizə çatdırılması planlaşdırılır. Bu istiqamətdə ilk uğurlu addım "ACWA Power” və "Masdar” şirkətləri ilə 440 meqavat gücündə külək və günəş enerjisi üzrə layihələrin reallaşdırılmasıdır. Bu layihələr ölkədəki mövcud tarifləri əks etdirməklə yanaşı, heç bir dövlət subsidiyasını nəzərdə tutmur”, - deyə o bildirib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev isə qeyd edib ki, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi bu gün aktual məsələlərdəndir və nazirlik atmosferə atılan karbon emissiyalarının azaldılması ilə bağlı işləri dəstəkləyir: "Bu gün Azərbaycanda bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı 8 faizdən bir qədər çoxdur. Bu göstəriciləri daha da artıra, ekoloji və enerji təhlükəsizliyinə töhfə verə bilərik. Nazirlik bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin tərəfdarıdır və bu mənbələrin ətraf mühitə mənfi təsiri yoxdur”.

Sonra Energetika Nazirliyinin Azərbaycanda bərpaolunan enerji sektorunun inkişaf strategiyasına dair təqdimatı dinlənilib. Energetika Nazirliyinin nümayəndəsi Cahid Mikayıloğlu bərpaolunan enerji potensialı, institusional mühit, dəstək mexanizmləri, hərracların keçirilməsi prosesi və icra müqavilələrinin hazırlanması barədə ətraflı məlumat verib.

Vurğulanıb ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 26 min 940 meqavat, o cümlədən külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23 min 40 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. 440 meqavatlıq pilot layihələrdən sonra hərracların keçirilməsi planlaşdırılır. Bərpaolunan enerji mənbələri zonaları üzrə hərracların keçirilməsi məqsədilə seçilmiş ərazilərdə bərpa olunan enerji mənbələri potensialının ölçülməsi, torpaqların təyinatının müəyyənləşdirilməsi və hərrac üçün uyğunlaşdırılması, ilkin ekoloji və sosial qiymətləndirmənin, geoloji tədqiqatların aparılması, elektrik enerjisi infrastrukturunun qiymətləndirilməsi, elektrik enerjisinin satınalınması, qoşulma müqavilələrinin hazırlanması işləri görülməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva isə təqdimatında iqlim dəyişikliklərinin bərpaolunan enerji sahəsinə təsirlərindən bəhs edib: "Azərbaycanda müasir iqlim dəyişmələrinin son 30 ildə təzahürlərinin müxtəlif iqlim indeksləri üzrə qiymətləndirilməsi məqsədi Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən tövsiyə olunub. Əvvəlki tədqiqatlarda daha çox orta aylıq və orta illik göstəricilər üzərində araşdırmalar aparılırdısa, "ClimPact” modelinin tətbiqi ilə gündəlik meteoroloji göstəricilərdən istifadə etməklə 40 iqlim indeksi üzrə daha dəqiq araşdırmaların aparılması imkanı yarandı. Bu da iqlim dəyişikliklərinin müxtəlif sahələrə, o cümlədən alternativ energetika sahəsinə mümkün təsirlərinin qiymətləndirilməsində, eyni zamanda, iqlimin inertliyini nəzərə alaraq yaxın onilliklərə olan dövr üçün gözlənilən tendensiya haqqında daha real təxminlərin verilməsində mühüm rol oynayacaq”.

"ACWA Power” şirkətinin nümayəndəsi Ashish Rajan dünyada külək enerjisindən istifadə üzrə tendensiyalar, külək enerjisi qurğuları, onların iş prinsipləri, külək enerjisindən istifadənin ekoloji aspektləri barədə fikirlərini diqqətə çatdırıb.

"Masdar” şirkətinin nümayəndəsi Arsun Rajagopal isə günəş enerjisi texnologiyalarının qlobal tendensiyaları və perspektivləri, günəş enerjisi qurğularının texniki aspektləri, bu enerjidən istifadənin ətraf mühitə təsirindən danışıb.

Tədbirdə "ACWA Power” və "Masdar” şirkətlərinin təqdimatları olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video