19 Fevral 2020 05:55
2771
SİYASƏT
A- A+

HEYDƏR ƏLİYEV ZİRVƏSİNİ FƏTH EDƏN RƏHBƏR


Hər bir xalqın sevilən, qeyri-adi missiyanı yerinə yetirən rəhbəri, sərkərdəsi, siyasətçisi və diplomatı olur və adətən onlar müəyyən dövrün, zamanın yetirməsi sayılırlar.

Tarixin meydana çıxardığı belə nadir şəxsiyyətlər sonralar özləri də bir tarix yaradırlar!

Təəssüf ki, xalqın tarixində iz buraxan belə nəhəng simalar çox nadir hallarda dünyaya gəlirlər!

Özü də heç zaman unudulmurlar, çünki taleləri xidmət etdikləri xalqların, qurub dəyişdirdikləri dövlətlərin tarixi və inkişaf mərhələsi ilə elə qaynayıb qarışır ki, sonralar onları bir-birindən ayırmaq mümkün olmur!

Azərbaycan tarixində zamanın gedişinə təsir göstərən şəxsiyyətlərin sayı bir o qədər də çox deyil. Amma dövr və zaman tələb edəndə, xüsusən əsrlərin qovuşuğunda və ictimai-iqtisadi formasiyaların yerdəyişməsində uğurla fəaliyyət göstərərək xilaskarlıq və quruculuq missiyasını müvəffəqiyyətlə gerçəkləşdirən dahilər öz sözlərini deyə, xidmətlərini göstərə bilirlər. Xüsusən Heydər Əliyev kimi titanik şəxsiyyətlər.

Sovet dövrü özünün dəyişməz prinsip və çərçivələri, sərt qanunları və qaçılmaz cəza mexanizmləri ilə daim fərqlənib.

O dövrdə seçilmək, vəzifə pillələri ilə irəliləmək olduqca çətin idi.

Hansısa məqamda kiçicik səhv ucbatından vurulub sıradan çıxmaq isə adi hal sayılırdı.

Əslində, o dövrdə siyasətçi səhvi minaaxtaran səhvinə bənzəyirdi!

Yalnız xüsusi istedad, xarizma sahibləri sona qədər yüksəlməyi, siyasi quruluşun mahiyyətindən irəli gələn kataklizmlərdən qorunmağı bacarırdılar.

Ulu Öndər Heydər Əliyev bənzərsiz şəxsiyyət idi. Sanki Allah-Təala onu yorulmadan çalışmaq, daim qurub-yaratmaq, rəhbərlik etmək üçün yaratmışdı!

Qeyri-adi yaddaş, tükənməz enerji, hadisələri irəlicədən duyub qabaqlamaq qabiliyyəti vardı.

Tariximizin təkrarolunmaz şəxsiyyətləri sırasında Heydər Əliyev özünəməxsus layiqli yer tutur.

Əlbəttə, hər bir insanı və şəxsiyyəti olduğu kimi təkrarlamaq mümkün deyil!

Çünki zamanın özü buna imkan vermir! Filosoflar buna öz qiymətlərini hələ qədimlərdə veriblər: "axar suya iki dəfə girmək mümkün deyil” deyimi ilə!

Amma şəxsiyyətin, dövlət xadiminin yüksəldiyi əlçatmaz zirvənin bəzən kimsə tərəfindən fəth edildiyinin də şahidinə çevrilirik!

Belə hadisə nə qədər nadir olsa da, bir o qədər də xoşdur!

Xüsusən də zaman və siyasi kurs ardıcıl, davamlı olanda!

***

SSRİ mərkəzləşdirilmiş dövlət, əslində, yeni tipli imperiya sayılırdı. Burada sanki hər şey "könüllü” idi.

Sanki...

"Azad respublikalar” adlandırılan on beş "qardaş” dövlət bir tavan altında birləşmişdi: Ancaq bu "on beş qardaş”ın bir "böyük qardaş”ı vardı: hər şeyi yığıb bölüşdürən, idarə edən, son söz sahibi olan qardaş!

Həmin qardaşın adı "mərkəzi hakimiyyət” idi.

"Kiçik qardaş”ların "böyük qardaş”ın, yəni mərkəzin razılığı olmadan özünə gərək olanı götürməsi, öz marağını "böyük qardaş”ın marağı kimi təqdim etməsi çox çətin sayılırdı, maraqları uzlaşdırmaq isə asanlıqla baş tutan məsələ deyildi!

Böyük diplomat Heydər Əliyev bunu məharətlə bacarırdı!

MƏSƏLƏN:

* Azərbaycan SSR-də üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin xüsusi qərarının qəbuluna nail olmaqla və bu hesaba ölkəyə külli miqdarda vəsait cəlb etdirib, yeni emal müəssisələri, yaşayış məntəqələri salmaq və beləliklə, kənd əməkçilərinin güzəranını xeyli yüksəltməklə;

* ölkənin gələcək inkişafını təmin edəcək ən nadir ixtisaslar üzrə dövlət hesabına müxtəlif şəhərlərdə savadlı gənc kadrlar hazırlatmaqla;

* şəxsi nüfuzundan istifadə edərək zamanında və sonrakı dövrlərdə kara gələcək, fayda gətirəcək məişət kondisionerləri və dərin dəniz qazma qurğuları kimi nadir zavodların tikintisini paytaxt Bakıya saldırmaqla;

* ittifaq tabeli nəhəng sənaye müəssisələrinin, xüsusən neft-maşınqayırma və kimya müəssisələrinin tikintisini respublikada reallaşdırmaqla və s.

Bəli, Ulu Öndər Heydər Əliyev bütün çərçivə, qadağa və "dəyişməz prinsiplər”ə baxmayaraq, SSRİ dövründə Azərbaycan iqtisadiyyatını formalaşdıraraq sənayeni inkişaf etdirdi, kəndin yenidən tikilib qurulmasına nail oldu və beləliklə, xalqın güzəranının, mədəni səviyyəsinin əsaslı yüksəlişini təmin etdi.

Bu gün eyni missiyanı eyni uğur və uzaqgörənliklə cənab İlham Əliyev dünya səviyyəsində təkrarlayır:

* Azərbaycanın maraqları dünyanın aparıcı dövlətlərinin maraqları ilə məharətlə uzlaşdırılır, nəticədə reallaşdırılan transmilli layihələr hamı tərəfindən qəbul edilir və dəstəklənir, ölkəyə böyük miqdarda gəlirlə bahəm yüksək siyasi nüfuz da qazandırır.

Lap sonuncu fakt:

* bir vaxtlar "Bakı-Tbilisi-Qars”a mane olmaq istəyənlər (lakin bunu bacarmayanlar) indi onun verdiyi üstünlüklərdən - zamana və xərcə qənaət imkanından həvəslə bəhrələnirlər.

***

Ötən əsrin səksəninci illərində SSRİ iqtisadi qüdrətini itirməyə, bütün parametrlər üzrə geriləməyə başladı. Vəziyyətdən çıxış yolunu Sibirin zəngin təbii sərvətlərinin və xammal ehtiyatlarının işə salınmasında, daşınıb satılmasında görürdülər. Lakin bunun üçün uzun, eyni zamanda çətin coğrafi şəraitdən keçən dəmir yolu xətti çəkilməli idi.

"Baykal-Amur magistralı” ideyası belə meydana gəldi.

"Ümumittifaq zərbəçi tikintisi” elan edilən xəttin çəkilməsi elə də asan deyildi və geriləmələr aydın görünürdü. Bu ağır və məsuliyyətli vəzifə həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Ulu Öndər Heydər Əliyevə həvalə olundu.

Heydər Əliyevin böyük təşkilatçılıq bacarığı və yaratdığı möhkəm intizam nəticəsində BAM-ın tikintisi müvəffəqiyyətlə, nəzərdə tutulan vaxtda başa çatdırıldı.

Bu unikal dəmir yolu indi də insanlara xidmət edir.

Ulu Öndərin çəkdiyi zəhmət yüksək qiymətləndirilərək dəmir yolu stansiyalarından birinə minnətdarlıq əlaməti kimi onun adı verilmişdir!

* Bir neçə il əvvəl dünyada neftin qiyməti enmişdi. Yaranmış vəziyyət həm OPEC üzvlərini, həm də digər neft ixracatçılarını çətin duruma salmışdı. Sanki hamı bununla, ziyanla işləməklə barışmışdı. Davos Dünya İqtisadi Forumunda cənab İlham Əliyev OPEC-ə üzv dövlətlərin və digər neft istehsalçılarının bir araya gəlməsinin, neftin qiymətinin qalxmasına təsir göstərəcək addımların atılmasının vacibliyini söylədi. Razılaşmanın qarşılıqlı etimada əsaslanmasını, inam və işbirliyinin zəruriliyini xüsusi qeyd etdi. Onun təşəbbüsü ilə OPEC-in bir iclası Bakıda keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin bu uzaqgörən təşəbbüsü öz bəhrəsini verdi, az zamanda neftin qiyməti normallaşdı.

OPEC-in sədri Məhəmməd Barkindo Davosdakı növbəti görüşdə bu hadisəni yenidən xatırlayaraq cənab İlham Əliyevə bir daha təşəkkür və minnətdarlığını söylədi...

* SSRİ xalqlarını bir bayraq altında birləşdirən "xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi” prinsipi iflasa uğradı, eyni bayraq altında yaşayanlar bir-birilərinin ərazilərini işğal etdilər. Lakin Azərbaycan xalqının multikultural dəyərləri bu gün də yaşayır, dünyada sabitliyin möhkəmlənməsində, qarşıdurmaların qarşısının alınmasında, dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsində mühüm vasitə olduğunu sübut edir.

İlham Əliyevin təşəbbüsü ilə dünyaya örnək kimi təqdim olunan xalqımızın multikultural dəyərləri bir sıra universitetlərdə öyrənilərək tətbiq edilir. Neçə illərdir ölkəmizdə keçirilən, sivilizasiyalararası əlaqə və əməkdaşlığın möhkəmlənməsinə sağlam töhfələrini verən beynəlxaq forumlar hamı tərəfindən qəbul edilərək yüksək qiymətləndirilir.

***

Dövr, zaman müxtəlif, ictimai-iqtisadi formasiyalar fərqli olsa da, uğur və qələbələr eynidir. Hamısı nəticə etibarilə dövlətin güclənməsinə, xalqın sosial vəziyyətinin yaxşılaşmasına, ölkənin siyasi nüfuzunun artmasına xidmət edir.

Oxşar məqamlara müqayisəli şəkildə nəzər salaq:

* Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbər seçildikdən sonra ölkə sürətli inkişaf yoluna qədəm qoydu. Neft sənayesi dirçəldildi, kənd təsərrüfatında görünməmiş yüksəliş baş verdi, sənaye potensialı işə salındı, elm, mədəniyyət və təhsil sahəsində ciddi dönüş yarandı. Geridə qalmış aqrar ölkə sayılan Azərbaycan az vaxtda SSRİ miqyasında tanınmağa, şöhrət qazanmağa başladı. O dövrdə ən yaxşı işləyənlər ittifaq hökumətinin "Keçici Qırmızı Bayrağı” ilə mükafatlandırılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə hər il Azərbaycan belə bayraqlara layiq görülürdü.

İlham Əliyevin rəhbərliyi zamanı isə müstəqil Azərbaycan nəinki Cənubi Qafqazın lider dövlətinə və söz sahibinə çevrilmiş, hətta inkişaf parametrləri ilə bütün dünyaya səs salmışdır. Qazanılan uğurlara verilən qiymət ölkəmizin adının dünyanın reytinq agentliklərinin, nüfuzlu qurumlarının tərtib etdikləri siyahıların ön cərgəsində yazılmaqla təsdiqini tapır. Üstəlik, hər il yeni reytinq cədvəllərinə düşür, qazandığımız mövqeni möhkəmləndirir, siyahılarda daha da irəliləyirik.

* Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə daim xalqla təmasda idi. Yazıçı və şairlər, elm və mədəniyyət xadimləri, başqa şəhərlərdə təhsil almağa gedən tələbə-gənclərlə görüş ənənvi xarakter daşıyırdı. Xüsusən kənd əməkçiləri ilə görüşlər, onların ruhlandırılması, zəhmətlərinin qiymətləndirilməsi daim diqqət mərkəzində saxlanılırdı.

Cənab İlham Əliyev də xalqla ünsiyyətə xüsusi fikir verir. Ulu Öndər Heydər Əliyevdən qalan ənənələr davam etdirilməklə yanaşı, qaçqın və məcburi köçkünlər, müharibə veteranları və şəhid ailələri, əlillər və əhalinin digər qrupları ilə görüşlər, fikir mübadiləsi aparılması, mövcud problemlərin ilk mənbədən öyrənilərək operativ həlli yolunda əməli tədbirlər görülməsi xalqı razı salan məqamlardandır.

Prezidentin təşəbbüsü ilə kənd təsərrüfatı sahəsində çalışanların zəhmətinin qiymətləndirilməsi üçün xüsusi "Əmək” ordeni də təsis olunmuşdur.

* Azərbaycan rəhbərliyinə gəldiyi ilk illərdə "Literaturnaya qazeta”da "Qoy ədalət zəfər çalsın” müsahibəsi ilə çıxış edən Ümummilli Lider Heydər Əliyev rüşvətxorluğa və cəmiyyətdə mövcud olan digər mənfi hallara qarşı kəskin mübarizə mövqeyi sərgilədi. Həmin dövr üçün belə bir görünməmiş addım bütün SSRİ-yə səs saldı. Heydər Əliyev sübut etdi ki, mövcud problemləri və mənfilikləri gizlətməklə onlardan yaxa qurtarmaq mümkün deyil! Əksinə, onların üzərinə getmək gərəkdir!

Cənab İlham Əliyev də korrupsiyaya, məmur özbaşınalığına qarşı kəskin mübarizəyə başlamışdır. Bu mübarizədə aşkarlıq və şəffaflıq mühüm rol oynayır. Mübarizənin uğurunu təmin edən əsas cəhətlərdən biri elektron hökumətin qurulması, məmur-vətəndaş təmasının minimuma endirilməsidir. Bu məsələdə artıq bütün dünyada Azərbaycan brendinə çevrilən "ASAN xidmət” və "DOST” mərkəzlərinin yaradılması xüsusi rol oynayır. "Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, "Dövlət məmuru xalqın xidmətçisidir” çağırışını irəli sürən ölkə Prezidenti vətəndaş məmnunluğunun yaradılmasına xüsusi əhəmiyyət verir.

Onu da qeyd edək ki, korrupsiyaya qarşı mübarizənin vəziyyətini əks etdirən beynəlxalq reytinq cədvəlində 2019-cu ilin nəticələrinə görə Azərbaycan 30 balla daha 26 pillə irəliləmişdir.

* Ulu Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra həlli vacib digər problemlərlə yanaşı yeni Konstitusiyanın qəbulu və bazar iqtisadiyyatı münasibətlərinə keçidi də diqqətində saxlayırdı. Qısa zaman kəsiyində ölkə üzrə özəlləşdirmə proqramları uğurla həyata keçirildi, dövlət mülkiyyətinin özgəninkiləşdirilməsi prosesi başa çatdırıldı. Ən çətin məsələlərdən sayılan torpaq islahatı da uğurlu oldu. Beləliklə, bazar iqtisadiyyatı münasibətlərinə keçid qısa vaxtda təmin edildi.

Cənab İlham Əliyev 2019-cu il prezident seçkilərindən sonra islahatların anonsunu vermişdi. Artıq biz hamımız baş verən ciddi dəyişikliklərin şahidiyik. Gənclərin enerjisi ilə yaşlıların təcrübəsi əlaqələndirilir, idarəetməyə yeni nəfəs, çeviklik və stimul gətirilir. İslahatlar siyasi, iqtisadi sferanı və kadr yeniləşməsini əhatə edir.

Adətən böhran məqamında çətinliklərdən çıxmaq üçün islahatlara əl atılır. İlham Əliyev islahatlarının xarakterik xüsusiyyəti odur ki, Azərbaycan sürətli inkişaf və yüksəliş dövrünü yaşadığı zamanda ciddi dəyişmələr aparılır. Məqsəd inkişaf sürətinin azalmasına yol verməmək, ölkənin bütün potensialını işə salmaq, dövrün çağırışlarını qabaqlamaqdır.

Xalqın dəstəyi başlanmış islahatların uğurla nəticələnəcəyinə zəmanətdir.

***

Müsəlman dünyasının böyük hissəsini təşkil edən ərəb dövlətlərinin bir qismi "demokratiya baharı”nın və rəngli inqilabların dalğalarında dağıdılaraq yerlə yeksan edildi, sərvətləri talan olundu, əhalisi ölkəni tərk etmək məcburiyyətində qalaraq "miqrant” adlandırılan qaçqınlara çevrildi. Dünya gücləri türk dövlətlərinə də eyni aqibəti yaşatmaq ücün dəfələrlə təşəbbüs göstərdilər, müxtəlif məkrli planlar işə saldılar. Lakin məqsədlərinə çata bilmədilər. Çünki bir sıra türk dövlətlərinin başında dövrün görkəmli simaları, türk dünyasının liderləri sayılan təcrübəli siyasi xadimlər dayanırlar. Ulu Öndər Heydər Əliyevdən sonra SSRİ miqyasında türk dövlət başçılarından Nursultan Nazarbayev seçilirdi. Siyasi karyerasını başa vuran N.Nazarbayev hörmət və ehtiramla aktiv siyasi fəaliyyətindən kənarlaşdı.

Hazırda Türk dövlətlərində dünya çaplı iki qəbul olunmuş şəxsiyyət parlamaqdadır: Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev!

Dünya liderlərinin sırasında xüsusi yeri olan bu iki şəxsiyyətin dostluğu və əməkdaşlığı bütövlükdə türk dünyasına böyük fayda və sabitlik gətirir. Onların təşəbbüskarlığı, hadisələri qabaqlama bacarıqları, qətiyyət və prinsipiallıqları bir sıra məkrli planları puça çıxarır.

Kiçik Azərbaycanın böyük rəhbərinin dünyanın bütün nöqtələrindən baxanda görünməsi, daim nüfuzlu beynəlxalq tədbirlərə dəvət edilərək ona söz verilməsi, təşəbbüs və təklifləri dinlənilərək həyat vəsiqəsi qazanması cənab İlham Əliyevin böyük nüfuzundan, zəka və təcrübəsindən xəbər verir.

Bu gün İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün müsəlman dünyasının fəxri, eyni zamanda qəbul olunmuş liderlərindən biridir!

***

Bunu sübut edən konkret faktlar da var.

İlham Əliyevin gördüyü işlər sayəsində Azərbaycan 133 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına uğurla rəhbərlik etdi, müzakirələrə dünyanı düşündürən məsələlər çıxarılaraq faydalı təkliflər irəli sürüldü.

İndi isə 120 dövlətin dəstəyi ilə üç il müddətində dünyanın ikinci nüfuzlu qurumu sayılan Qoşulmama Hərəkatına və Türk Dövlətlərinin İqtisadi Əməkdaşlıq Şurasına başçılıq edəcəkdir!

Bəli, Ulu Öndər Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilmişdi, İlham Əliyev isə artıq dünya səviyyəli təşkilatlara rəhbərlik edir!

Belə rəhbərlə hamı haqlı olaraq qürur duyur!

Heydər Əliyev nadir xarakterli dövlət başçılarından idi. Dövrünün analitik təfəkkürə malik müdrik və uzaqgörən siyasətçilərindən sayılırdı.

Ən qısa müddətdə ən çətin və mürəkkəb məsələləri öyrənərək onu müvəffəqiyyətlə həll etmək, ən gərgin anlarda ən düzgün qərarlar vermək məharətinə malik idi. Dayanmadan və yorulmadan işləməyi, məqsədə çatınca irəliləməyi iş üsuluna çevirmişdi. Polad kimi möhkəm iradə, siyasi fəhm sahibi idi.

Bütün bu keyfiyyətlər həm də zəngin həyat təcrübəsi ilə yoğrulmuşdu.

Hər bir siyasətçi və dövlət xadimi üçün zəruri sayılan bu keyfiyyətlər İlham Əliyevin gen kodundadır.

Ən gərgin və çətin məqamda onun nə qədər sakit və soyuqqanlı (bəlkə də zahirən) göründüyünün, kəsərli söz söyləmək üçün son dərəcə ustalıqla əlverişli məqam və yer seçdiyinin dəfələrlə şahidi olmuşuq! Jurnalistlərin müxtəlif "çaşdırıcı” suallarına həmişə sadə və təmkinli, eyni zamanda məharətli cavabını dönə-dönə eşitmişik.

Biz bunu "Valday” Beynəlxalq Diskussiya Klubunda, MDB Dövlət Başçıları Şurasının Aşqabad görüşündə, ən nəhayət, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri N.Paşinyanı aciz duruma salarkən də gördük.

Bu gün İlham Əliyev Heydər Əliyev siyasi zirvəsini fəth etmiş yeganə siyasi və dövlət xadimidir!

Bu gün İlham Əliyev bütün türk dövlətləri tərəfindən qəbul olunmuş parlaq liderdir!

Bu gün İlham Əliyev Azərbaycan xalqının fəxri, güvənci və taleyini əminliklə etibar etdiyi əsl dövlət başçısıdır!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video