19 Fevral 2020 05:54
1227
SİYASƏT
A- A+

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaşdır


Bu, Prezident İlham Əliyevin Münxen görüşlərində bir daha təsdiqləndi


Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi strategiyası, o cümlədən neft və qaz sahəsində qazanılan nailiyyətlər dünyanın diqqət mərkəzindədir. Bunu 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlər və aparılan söhbətlər bir daha təsdiq etdi.

Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms Prezident İlham Əliyevlə görüşündə ölkəmizin iqtisadiyyatın müxtəlif sahələrində apardığı genişmiqyaslı işləri qeyd etməklə yanaşı, əsas gücünün neft-qaz sektoru olduğunu vurğuladı.

Konfransın iştirakçıları Prezident İlham Əliyevin "Enerji təhlükəsizliyi” mövzusunda keçirilən "dəyirmi masa”dakı çıxışını yüksək dəyərləndirdilər. Çünki bu, Azərbaycanın son illərdə enerji sahəsində qazandığı misilsiz uğurların daha bir təqdimatı idi.

Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən "Cənub qaz dəhlizi” layihəsinin dörd seqmentindən üçü artıq hazırdır. Keçən il dəhlizin "birləşdirici halqası” adlandırılan TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) çəkilişi tam başa çatdı. Yəni Türkiyənin ərazisində 1900 kilometrə yaxın məsafə boyu uzanan kəmər Yunanıstan sərhədinə çatdı. Cari ilin sonunadək dəhlizin axırıncı hissəsinin - TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) tikintisi də tamamlanacaq. Bununla da 3500 kilometr uzunluğunda dəhliz bütöv bir sistem kimi istismara veriləcək.

Məlum olduğu kimi, "Cənub qaz dəhlizi” layihəsində 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya öz ərazilərindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci mərhələdə layihəyə qoşulmaqla bağlı anlaşma memorandumu imzalayıb.

Azərbaycan qazının Avropaya ixracı yeni mənbə, yeni marşrutdur. Bu, "Cənub qaz dəhlizi” layihəsinin böyük üstünlüyüdür və həmin səbəbdən də Avropa İttifaqı layihəyə güclü dəstək verir.

Bununla yanaşı, Azərbaycan həm də sabit neft təchizatçısı kimi qalmaqdadır. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri 14 ildir ahəngdar fəaliyyət göstərərək Azərbaycan neftini dünya bazarlarına nəql edir. Təsadüfi deyil ki, bir sıra ölkələrin, o cümlədən Avropa ölkələrinin neft istehlakının 40 faizini Azərbaycan nefti təşkil edir.

"Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması hasilatın bundan sonra da sabit olacağını göstərir. Bundan əlavə, Azərbaycanda yeni neft yataqlarında kəşfiyyat işləri aparılır, ölkəmiz, necə deyərlər, neft bumunun növbəti mərhələsini yaşayır.

Sözügedən tədbirdə Prezident İlham Əliyev "OPEC+”un fəal üzvü olduğumuzu da xatırlatmışdır: "Onların görüşlərindən biri bizim dəvətimizlə Bakıda keçirilib. Həmçinin 2016-cı ildə Davosda "Neftin qiyməti ilə bağlı nə etmək olar” sualı veriləndə mən dedim, yaxşı olar ki, əsas qeyri-OPEC ölkələri və OPEC ölkələri bir araya gələrək razılaşsınlar. Mən şadam ki, bu, baş verdi. Düşünürəm ki, bu, davam etməlidir. Xüsusilə indi bu koronavirus vəziyyəti ilə bağlı, - cənab Birol çox maraqlı məlumat verdi, - neft istehsal edən ölkələrdə bütün çətinliklərə baxmayaraq, neftin qiymətinin nəyə görə aşağı olması və bundan da aşağı səviyyəyə düşə bilməsini nəzərə alaraq düşünürəm ki, "OPEC+” əməkdaşlığının davam etdirilməsi çox vacibdir. Çünki bu gün bizdə vəziyyət elədir ki, OPEC və qeyri-OPEC ölkələri bir təşkilatda fəaliyyət göstərir. Bizim bundan başqa belə təşkilatımız və əməkdaşlığımız yoxdur. Bəzən bir təşkilat daxilində razılığa gələ bilmirlər. Bizdə isə bu nadir format var və biz bunu əldən buraxmamalıyıq”.

Azərbaycanın neft-qaz ehtiyatları nə qədər zəngin olsa da, bərpaolunan enerjiyə də böyük diqqət yetirir. 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəmək nəzərdə tutulur. Bu məqsədlə cari ilin əvvəlində külək və günəş enerjisi ilə işləyən 440 meqavatlıq stansiyaların tikintisi ilə bağlı sözügedən sahədə böyük təcrübəyə malik şirkətlərlə iki müqavilə imzalanıb. Nəzərdə tutulan işlər xarici sərmayələr hesabına görüləcək.

Məsələ ilə bağlı əlavə təkliflər də mövcuddur. Külək enerjisi stansiyalarından bir neçəsi Xəzər dənizində qurula bilər. Lakin bu işlər tədricən və ehtiyatla həyata keçirilməlidir. İş elə qurulmalıdır ki, hava küləkli və günəşli olmayanda elektrik enerjisinin təchizatında fasilə yaranmasın.

Münxen görüşlərində Azərbaycanın enerji sahəsində yaratdığı möhkəm əməkdaşlıq əlaqələri və tərəfdaşlıq platforması xüsusi vurğulanıb. Bunu Avropa İttifaqının büdcə və administrasiya məsələləri üzrə komissarı Yohannes Han da qeyd edib.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Azərbaycanın dünya enerji bazarında çox etibarlı tərəfdaş olduğunu bir daha nəzərə çatdırıb. O, eləcə də ölkəmizin alternativ enerji resurslarının inkişafı istiqamətində atdığı addımların önəmini vurğulayıb, Azərbaycanın "OPEC+” formatında təşəbbüslərini yüksək qiymətləndirib.

"OPEC+” çərçivəsində səmərəli əməkdaşlığı Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah da diqqətə çatdırıb.

Dövlət başçısının Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Konvensiyanın imzalanması son dövrün vacib hadisələrindən biri kimi dəyərləndirilib. Qeyd edilib ki, bu, Xəzərdə irimiqyaslı mahiyyətcə strateji əməkdaşlığın təməlini qoyur.

Ümumiyyətlə, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən tədbirlər əməkdaşlığın, o cümlədən enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcək.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video