18 Fevral 2020 04:34
393
SİYASƏT
A- A+

Etibarlı tərəfdaş, sabit neft təchizatçısı


Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı Azərbaycanın yüksək nüfuzunun təsdiqidir


56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 14-də Almaniya Federativ Respublikasında səfərdə olan Prezident İlham Əliyev bu dəfə də həm ikitərəfli formatda vacib görüşlər keçirdi, həm də konfrans çərçivəsində "Enerji təhlükəsizliyi” mövzusunda "dəyirmi masa”da iştirak etdi.

Ümumiyyətlə, hər il keçirilən Münxen Təhlükəsizlik Konfransı dünyada aktual məsələlərin həll edildiyi bir məkana çevrilib. İlk dəfə 1964-cü ildən keçirilən konfransda yalnız hərbi təhlükəsizlik məsələləri müzakirə edilirdisə, ildən-ilə bunun mahiyyəti dəyişib, yeni çalarlar əlavə edilib. Son dövrdə isə burada enerji təhlükəsizliyi və ekoloji tarazlığın qorunub saxlanılması məsələləri önə çəkilib. Həm də ənənəvi iştirakçılar və mövzular var. Azərbaycan Prezidenti bu konfransda müntəzəm və aktiv iştirak edir. Əlbəttə ki, cənab İlham Əliyevin bu mötəbər beynəlxalq tədbirlərdə daimi olaraq iştirakı dünya təhlükəsizliyi ilə bağlı vacib məsələlərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli hesab olunmasının göstəricisidir. Yəni bu konfransda iştirak, ilk növbədə, Azərbaycanın yüksək nüfuzunun təsdiqidir, ölkənin iqtisadi potensialının bu gün Avropanın iqtisadi potensialına üzvi surətdə birləşdirilməsi və Azərbaycanın Avropanın ayrılmaz tərkib hissəsi kimi qəbul edilməsi, ölkəmizin artan çəkisi deməkdir.

Öncə Azərbaycan Prezidentinin fevralın 14-15-də Münxendə dövlət və hökumət başçıları, beynəlxalq şirkət və komitə rəhbərləri ilə keçirilən görüşlərdə səsləndirdiyi fikirlərə diqqət yetirək.

Azərbaycanın dünya enerji bazarında çox etibarlı tərəfdaş kimi tanındığını söyləyən Prezident son dövrlərdə ölkəmizin alternativ enerji resurslarının inkişafı istiqamətində atdığı addımları diqqətə çatdırdı. Cənab İlham Əliyev bildirdi ki, məhz buradakı təmaslar nəticəsində çoxlu sayda ticarət müqavilələri imzalanıb. Qarşıdakı illərdə isə daha çox uğurlar olacaq, çünki daha böyük potensiala malik Azərbaycanın imkanları getdikcə artır.

Prezidentin digər görüşlərində də Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi istiqamətində görülən işlərin, iqtisadiyyatın rəqəmsallaşdırılmasının və Davos Forumu ilə Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasının əhəmiyyəti qeyd edildi. Ölkəmizdə xarici investorlar üçün cəlbedici sərmayə mühitinin olduğu diqqətə çatdırıldı. Eyni zamanda Azərbaycanın Şimal-Qərb, Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə nəqliyyat dəhlizlərindəki əsas rolundan bəhs olundu, ölkəmizin öz coğrafi yerləşmə potensialını fürsətlərə çevirdiyi bildirildi.

Konfrans çərçivəsində "Enerji təhlükəsizliyi” mövzusunda keçirilən "dəyirmi masa”da isə cənab İlham Əliyev Azərbaycanın imkanlarından və həyata keçirdiyi beynəlxalq layihələrdən söz açdı. Eyni zamanda neft ixrac edən ölkələrin (OPEC) mövcud durumunu dəyərləndirdi.

Öncə Prezident "Cənuq qaz dəhlizi” ilə bağlı ətraflı məlumat verərək bildirdi ki, ötən il Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub. Çünki Azərbaycan tərəfdaşları ilə birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırıb. Bu, o deməkdir ki, "Cənub qaz dəhlizi”nin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək: "Bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir. Bu, əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir”.

Prezident, həmçinin vurğuladı ki, Azərbaycan gələcək layihələrlə bağlı yeni ölkələrlə işləyir. Çünki "Cənub qaz dəhlizi” yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya - bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq Anlaşma Memorandumu imzalanıb: "Bizimlə "Cənub qaz dəhlizi” üzərində işləyən bəzi ölkələrin tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı olacaq. Alternativ mənbə təkcə marşrut deyil. Çünki təhlükəsizlikdən danışanda biz mənbədən danışmalıyıq. Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur. Düşünürəm ki, bu, bizim layihəmizin üstünlüyüdür və buna görə də Avropa İttifaqı ona güclü dəstək verir. Bu səbəbdən də yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, biz "Cənub qaz dəhlizi”ni artıq tamamlanmış layihə hesab edə bilərik”.

Cənab İlham Əliyev Azərbaycanın həm də çox sabit neft təchizatçısı olduğunu söyləyərək bildirdi ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından bəri heç bir fasilə, fors-major və ya problem baş verməyib. Geosiyasi və texniki nöqteyi-nəzərdən onu da həyata keçirmək çox çətin idi, çünki ilk dəfə olaraq o, Xəzər və Aralıq dənizlərini birləşdirirdi.

Ölkəmizin "OPEC+”un fəal üzvü olduğunu vurğulayan Azərbaycan Prezidenti 2016-cı ildə Davosda "Neftin qiyməti ilə bağlı nə etmək olar” sualını xatırlayıb. Qeyd edək ki, həmin zaman dövlətimizin başçısı təkliflə çıxış etmişdi. Cənab İlham Əliyev təklif etmişdi ki, əsas odur qeyri-OPEC ölkələri və OPEC ölkələri bir araya gələrək razılaşsınlar. Bu təklifdən sonra tərəflər arasında razılıq əldə olundu və OPEC+ formatında əməkdaşlıq bu gün uğurla davam edir: "Düşünürəm ki, "OPEC+” əməkdaşlığının davam etdirilməsi çox vacibdir. Çünki bu gün bizdə vəziyyət elədir ki, OPEC və qeyri-OPEC ölkələri bir təşkilatda fəaliyyət göstərir. Bizim bundan başqa belə təşkilatımız və əməkdaşlığımız yoxdur. Bəzən bir təşkilat daxilində razılığa gələ bilmirlər. Bizdə isə bu nadir format var və biz bunu əldən buraxmamalıyıq”.

Prezident, həmçinin Azərbaycanda bərpaolunan enerjiyə böyük diqqət yetirildiyini deyərək diqqətə çatdırıb ki, qarşıya qoyulan məqsəd 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir.

Bir sözlə, cənab İlham Əliyev yanvar ayında keçirilən Davos Forumundan sonra 56-cı Münxen Təhlükəsizlik Konfransında da Azərbaycanın real imkanlarını, potensialını bir daha dünyaya bəyan etdi və böyük şirkətlərin, investorların diqqətini ölkəmizə yönəltdi.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video