16 Fevral 2020 04:38
1256
Mədəniyyət
A- A+

1918-1920-ci illərin Türkiyəsi “Azərbaycan” qəzeti səhifələrində


Azərbaycan Xalq Cümhuriyyəti xalqımıza bir çox ilklər yaşadıb, bir çox yadigarlar bəxş edib. Bunların sırasında varisi olduğumuz Azərbaycan dövləti, Azərbaycan Parlamenti, Bakı Dövlət Universiteti və digər təsisatlar vardır. Bu yadigarlardan biri də Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan 100 yaşlı "Azərbaycan”qəzetidir.

Gəncə qubernatorunun mətbəəsində işıq üzü görən "Azərbaycan” qəzetinin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də çap olunmuşdur. Qəzetin 2 səhifəsi Azərbaycan, 2 səhifəsi rus dilində nəşr edilmişdi. Qəzetin Gəncədə nəşri həftədə iki dəfə olmaqla 10 gün çəkmiş, dörd saydan sonra isə Bakıda davam etməyə başlamışdır. "Azərbaycan” qəzetinin məsləyinin "Vətən istiqlalı yolunda çalışmaq” olduğunu bildirən qəzetin baş redaktoru Üzeyir bəy Hacıbəyli tez bir zamanda istedadlı qələm sahiblərindən ibarət redaksiya heyəti qurmağa müvəffəq oldu. "Azərbaycan” qəzetini onun yazarları azərbaycançılıq məfkurəsinin, mütərəqqi fikir və əməllərin, istiqlalçılıq ideallarının qəzetinə çevirə bildilər. Qəzet Bakıda hər iki dildə nəşr olunmağa başladı. Qəzetin rus dilindəki variantına Şəfi bəy Rüstəmbəyli (müəyyən müddətdə Ceyhun Hacıbəyli ilə) redaktorluq etmişdir. "Azərbaycan” qəzetinin ilk sayında Osmanlı Ordusunun generalı Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun qardaş köməyi ilə Bakının azad olunması haqqında məlumatlar, təbriklər öz əksini tapmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin, Cümhuriyyətin Türkiyə ilə münasibətlərinin tarixinin araşdırılmasında məhz 1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan” qəzeti ciddi, mükəmməl, etibarlı mənbə hesab olunur. "Azərbaycan” qəzetinin, demək olar ki, hər sayında Türkiyə ilə bağlı müxtəlif mövzularda materiallara rast gəlmək mümkündür. Bu materiallar içərisində diqqəti daha çox cəlb edən Birinci Dünya müharibəsində məğlub olmuş Türkiyənin gələcək taleyi ilə bağlı olan məlumatlar, teleqramlar, məktublardır. Ümumiyyətlə, Türkiyənin Birinci Dünya müharibəsindən sonrakı vəziyyətinin öyrənilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsində "Azərbaycan” qəzetinin səhifələrində çap olunmuş materialların əhəmiyyəti də böyükdür.

"Azərbaycan” qəzetinin səhifələrində Türkiyə ilə bağlı aşağıdakı mövzulara aid yazılara rast gəlmək mümkündür: 1) Türkiyənin gələcək taleyi; 2) İstanbulun, sultanın və xəlifənin taleyinə dünya müsəlmanlarının və Qərbin bəzi dövlət rəhbərlərinin münasibəti; 3) Yunan qoşunlarının Türkiyə torpaqlarına hücumu və bu hücum zamanı yunan əsgərlərinin dinc türk əhalisinə qarşı törətmiş olduqları qırğınlar; 4) Türkiyə ərazisinin bölüşdürülməsinə cəhd göstərilməsi; 5) Birinci Dünya müharibəsində qalib gəlmiş dövlətlərin Türkiyəni bölüşdürmək siyasətinə qarşı Mustafa Kamal Paşa başda olmaqla Anadolu və Rumeli milli təşkilatının güclü və barışmaz mövqeyi, xalqın müqavimətini təşkil etməsi və s.

1918-1920-ci illərdə Türkiyə ətrafında baş vermiş hadisələrin "Azərbaycan” qəzetinin səhifələrində çap olunmuş materiallarda əks olunması məsələsi çoxsaylı monoqrafiyaların və elmi məqalələrin müəllifi AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Vaqif Şirin oğlu Abışovun "Avropa” nəşriyyatı tərəfindən 2020-ci ildə çap olunmuş "Türkiyə 1918-1920-ci illərdə: məğlubiyyətdən qələbəyə doğru. ("Azərbaycan” qəzetinin materialları əsasında. 1918-1920)” kitabında təhlil edilmişdir.

Müəllif kitabda "Azərbaycan” qəzetinin rus dilində nəşr olunan variantındakı materiallardan geniş istifadə etmişdir. Kitab Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuşdur. Kitabın elmi redaktoru Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Yaqub Mahmudovdur. Rəyçilər tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev və tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Məmmədzadədir.

Qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə "Azərbaycan” qəzetində Türkiyə mövzusu ilk dəfə V.Abışovun "Türkiyə 1918-1920-ci illərdə: məğlubiyyətdən qələbəyə doğru. ("Azərbaycan” qəzetinin materialları əsasında. 1918-1920)” kitabında öz əksini tapır. Kitab üç fəsildən ibarətdir.

"Birinci Dünya müharibəsindən sonra Türkiyə məsələsi və Antanta dövlətləri” adlanan I fəsildə Türkiyənin ağır şərtlər əsasında bölüşdürülməsi, 7 milyardlıq borc iddiaları, nəhayət, uzun müzakirə və mübahisələrdən sonra böyük sülh sazişinin bağlanması məsələləri araşdırılmışdır.

Müəllif Birinci Dünya müharibəsindən sonra digər dövlətlərlə sülh müqaviləsinin bağlanmasına baxmayaraq, Türkiyə ilə sülh sazişinin gecikdirilməsini faktlar və sənədlər əsasında təhlil etmişdir. Müttəfiq dövlətlər Türkiyə ilə 1920-ci il avqust ayının 10-da Sevrdə Osmanlı dövlətini, həm Avropadan, həm də Asiyanın bəzi bölgələrindən uzaqlaşdıran, yalnız mərkəzi İstanbul olmaqla (İstanbul məsələsi də hələ sual altında idi) kiçik bir ərazidə movcud olmasına razılıq verən sülh sazişi imzaladılar. 13 hissədən, 433 maddədən ibarət olan Sevr sazişinin şərtlərinə görə, Türkiyə dövləti İstanbul və onun ətrafı ilə Anadoluda kiçik bir torpaq parçasından ibarət olmalı idi. Bu müddət ərzində ərazilərində hərbi qüvvələrin, donanmaların olmasına, yunanların əhaliyə divan tutmasına baxmayaraq, Türkiyə öz mücadiləsini davam etdirirdi. U.Çörçil qeyd edirdi ki, "hissələrə parçalanmasına baxmayaraq, türklər hələ də yaşayırdılar”.

Kitabın II fəsli "İstanbulun, sultanın-xəlifənin taleyi və dünya müsəlmanlarının mövqeyi” adlanır. Bu fəsildə müəllif müttəfiq dövlətlərin Türkiyənin bölüşdürüləcəyindən sonra İstanbul şəhəri və Osmanlı sultanının taleyi ilə bağlı məsələlərin müzakirəsi, dünya müsəlmanlarının mövqeyi, eləcə də bu məsələlərin "Azərbaycan” qəzetində işıqlandırılmasını ətraflı təhlil etmişdir.

V.Abışov kitabın "Türk millətinin istiqlal savaşi” adlı III fəslində qeyd edir ki, müttəfiq dövlətlər öz yığıncaqlarında Türkiyə torpaqlarını necə bölüşdürmək üzərində müzakirələr apardıqları bir vaxtda, türk milləti Müstafa Kamal Paşa Atatürkün rəhbərliyi altında Vətən torpaqlarını azad etmək üçün hazırlıq işləri görürdü. Müəllif bu fəsildə Ərzurum (23 iyul - 7 avqust 1919-cu il) və Sivas (4-11 sentyabr 1919-cu illər) konqreslərinin, "Türk ocaqları”, "Müsəlman qadınlarının birliyi” kimi bir sıra təşkilatların milli müqavimət hərəkatındakı rolunu göstərmişdir. 1918-1920-ci illərdə türk xalqının apardığı azadlıq mübarizəsinin təhlili nəticəsində müəllif belə bir nəticəyə gəlir ki, işğalçılara qarşı xalqın Mustafa Kamal Paşa Atatürkün rəhbərliyi altında türk millətinin milli istiqlal savaşı nəticəsində Türkiyə öz varlığını, dövlətçiliyini qoruyub saxlaya bilmişdir.

Kitabın "Qəzet materialları” bölməsində materiallar "Azərbaycan” qəzetinin rus dilində nəşr olunan orijinal variantında öz əksini tapır. Materialların aydın oxunması üçün müəllif ağır zəhmət bahasına mətnləri olduğu kimi yenidən, müasir şriftlə, əl ilə yığaraq oxuculara təqdim etmişdir. Bölmədə "Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə nəşr olunmuş müxtəlif saylarında Türkiyə ilə bağlı olan 108 mətn (məktublar, teleqramlar, radioqramlar, məqalə və mətnlər) öz əksini tapmışdır ki, bunlar da qiymətli bir mənbə kimi müəllif tərəfindən elmi dövriyyəyə gətirilmişdir. Müəllif həmin mətnlər əsasında 1918-1920-ci illərdə Türkiyənin məğlubiyyətdən qələbəyə doğru mücadiləsini izləyə bilmişdir.

Kitabda ingilis və rus dillərində xülasə də öz əksini tapmışdır. Müəllif Sevr Müqaviləsinə görə Türkiyə torpaqlarının vəziyyətinin və Qurtuluş savaşından sonrakı vəziyyətin, Türkiyə Cümhuriyyətinin əks olunduğu xəritələri də kitaba əlavə etmişdir.

İnanırıq ki, Vaqif Şirin oğlu Abışovun "Türkiyə 1918-1920-ci illərdə: məğlubiyyətdən qələbəyə doğru. ("Azərbaycan” qəzetinin materialları əsasında. 1918-1920)” kitabı həm elmi ictimaiyyətin, həm də "Azərbaycan” qəzetinin oxucularının marağına səbəb olacaqdır.

Aypara RÜSTƏMOVA,

tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video