15 Fevral 2020 02:29
1951
İQTİSADİYYAT
A- A+

Qeyri-neft sənayesinin inkişafında regionlar irəli çıxır


Məlum olduğu kimi, həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədi ölkənin ümumi inkişafına nail olmaqdır. Bunun üçün səmərəli yollar axtarılır, müxtəlif layihələr reallaşdırılır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbul edilməsinin də əsas məqsədi məhz hərtərəfli dayanıqlı inkişafın təmin olunmasıdır. Bugünədək dörd dövlət proqramı qəbul edilib və həmin proqramların icrası sayəsində ölkənin ümumi inkişafında mühüm işlər görülüb.

IV Dövlət Proqramının qəbulundan bir il keçir. Bu il fevralın 3-də regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Həmin tədbirdə dövlət başçısı ötən dövr ərzində görülən işləri müsbət qiymətləndirərək qarşıdakı illərdə də görüləcək işlərin, yerinə yetiriləcək vəzifələrin çox olduğunu bildirdi.

Prezident İlham Əliyev konfransda son 16 ildə ölkədə əldə olunan yüksək iqtisadi nailiyyətləri qiymətləndirərək demişdir: "2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, dünyada rekord göstəricidir. Bütün statistik məlumatlar araşdırıla bilər, inanmıram ki, buna bənzər artım tempi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Bizim valyuta ehtiyatlarımız 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi, keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatmışdır. Yəni bu, özlüyündə böyük bir göstəricidir”.

Dövlət başçısı həmin tədbirdə qeyri-neft sektorunun inkişaf etdiyini də xüsusi qeyd edərək bildirdi ki, burada artım 3,5 faizdir. Sənaye istehsalında 1,5 faiz artım qeydə alınıb, əsas prioritet olan qeyri-neft sənayesində bu rəqəm 14 faizdən çoxdur. Bunun əsas səbəbi ötən il istismara verilən nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, həmçinin kiçik və orta sahibkarlığa dövlət dəstəyinin artırılması ilə əlaqədardır. Son dövrlər həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri də özəl sektorun inkişafıdır. Qeyd edilən rəqəmlərin yüksək olmasında sahibkarlığın rolu böyükdür. Dünya Bankı özünün "Doing Business” hesabatında Azərbaycanı keçən il 20 ən islahatçı ölkə sırasına daxil edib.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafında sahibkarlığa böyük önəm verir. Bu məqsədlə dövlət tərəfindən sahibkarlara böyük güzəştlər olunur. Xüsusilə qeyri-neft sektorunda çalışan sahibkarlar dövlətdən həm maddi, həm mənəvi, həm də hüquqi dəstək alır. Sahibkarlığın inkişafı üçün dövlət tərəfindən son illər 2 milyard manatdan çox kredit verilib. Cari ildə sahibkarlara 200 milyon manata yaxın güzəştli kreditlərin verilməsi nəzərdə tutulub.

Qeyri-neft sənayesinin inkişafında bölgələrdə yaradılan sənaye zonalarının və sənaye parklarının rolu böyükdür. Ümumilikdə indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb, 9 mindən çox iş yeri yaradılıb. Keçən il bu zonalarda istehsalın ümumi həcmində 2,6 faiz artım qeydə alınıb. İndiyədək verilən investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına imkan yaradıb. Xüsusi vurğulayaq ki, bu layihələrin 87 faizi regionların payına düşür. Bu rəqəmlərdən bir daha məlum olur ki, dövlət qeyri-sənaye müəssisələrinin regionlarda yaradılmasına üstünlük verir. Bununla həm məhsul istehsalının artımına, həm də bölgə əhalisinin məşğulluğuna nail olmaq istəyir.

Bölgələrdə yaradılan nəhəng sənaye parklarından biri - Mingəçevir Sənaye Parkıdır. Parkın ərazisində "Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətin 2 iplik istehsal fabriki tikilərək istifadəyə verildi. Fabrikin yaradılması üçün dövlət tərəfindən 10 milyon manat güzəştli kredit ayrıldı, üstəlik, zəruri infrastruktur da büdcə hesabına yaradıldı. Bundan əlavə, sənaye parkının rezidenti 10 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən, eləcə də idxalda ƏDV-dən azad olma imkanı qazanıb. Qeyd edək ki, təkcə fabrikin yaradılması ilə bağlı idxal edilən avadanlıqlara görə şirkət 12 milyon manatdan çox ƏDV və gömrük rüsumlarına qənaət edib.

Artıq "Mingəçevir Tekstil” Azərbaycan brendinə çevrilib. Fabrikdə istehsal olunan ipliklərin Open End və Ring növlərinə dünya bazarında böyük tələbat var. Bu üzdən fabrikin işə salınmasından indiyədək keçən qısa müddətdə istehsal edilən məhsulun ixracına başlanıldı. Müəssisə fəaliyyətə başladığı 2018-ci ildə 4 min tona yaxın keyfiyyətli məhsul istehsal edib ki, onun da 80 faizdən çoxu xarici ölkələrə satılıb. Ötən il ərzində isə fabrikdə 6 min ton Open End və 6 min ton Ring növlü iplik istehsal olunub. Bunun da 10 min tonu idxal edilib. Fabrikin məhsulunun əsas alıcıları Rusiya, Türkiyə, Portuqaliya, Belçika, Ukrayna, Polşa və Pakistandır.

Bu fabrikin istifadəyə verilməsi ölkədə yüngül sənayenin, xüsusilə tekstil sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin keyfiyyətli və ucuz xammalla təmin olunmasına, həmçinin istehsal edilən pambığın hazır məhsula çevrilməsinə şərait yaradır. Fabrikin məhsullarının xarici bazara ixracı ölkənin idxaldan asılılığını aradan qaldırmaqla yanaşı, ölkədən valyuta axınının qarşısını da alır. Bu, milli brendlərimizin yaranmasına, ixtisaslı kadrların yetişməsinə və əhalinin məşğulluğunun təmin edilməsinə geniş imkanlar yaradır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video