15 Fevral 2020 02:27
994
Sərəncamlar
A- A+

Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur.

Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.

Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.

Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz Ulu Öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı Ümummilli Lider Heydər Əliyev olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanın görkəmli yazıçısı, dövlət və ictimai-siyasi xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyinin qeyd edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video