15 Fevral 2020 02:24
2732
Mədəniyyət
A- A+

Ustad xanəndə


Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun 90 illiyi yüksək səviyyədə qeyd olunur.

Fevralın 11-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Mərkəzində musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovla görüşüblər. Əlibaba Məmmədovu 90 illik yubileyi münasibətilə təbrik edən dövlət başçısı ona cansağlığı, uzun ömür arzulayıb. Sənətkarın zəngin yaradıcılıq yolundan, musiqi mədəniyyətimizə xidmətlərindən danışan Prezident İlham Əliyev Əlibaba Məmmədovun uzun illərdir ki, xalqımızı öz sənəti ilə sevindirdiyini, həm gözəl ifaçı, xanəndə, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə böyük töhfələr verdiyini diqqətə çatdırıb: "Siz 100-dən artıq mahnının müəllifisiniz və sizin ifanızda səslənən xalq mahnılarımız, muğamlarımız insanlara xüsusi zövq verir. Xalq sizi ürəkdən sevir, siz həm gözəl sənətkar, həm də gözəl insansınız. Siz Azərbaycan ziyalısını təcəssüm etdirirsiniz. İnsan kimi də sizin çox yüksək keyfiyyətləriniz var. Çox xeyirxah, ədalətli və eyni zamanda həmişə öz biliklərinizi, öz sənətinizi gənc nəsillə bölüşməyə hazır olmusunuz. Sizin bu sahədə müstəsna xidmətləriniz yüksək qiymətləndirilir. Çünki bizim bir çox görkəmli muğam ifaçılarımız sizin məktəbinizin, belə demək mümkündürsə, məzunlarıdır”.

Yubilyar diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib: "Mən xoşbəxt xanəndəyəm. Ona görə xoşbəxt xanəndəyəm ki, mənə həmişə dövlət qayğısı olub, xüsusilə bizim Ulu Öndərimiz mənim bu sənətimə çox yüksək qiymət verib. Bu barədə çox danışa bilərəm. Sizə təşəkkür edirəm, var olun. Mən xoşbəxtəm, özümü xoşbəxt sayıram, 90 il yaşamışam, 70 il xalqımıza fasiləsiz xidmət etmişəm. Bax, bu, mənə bəsdir. Amma bu gün bu ordeni Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Haqqımda dediyiniz çox sözlərə görə Sizə bir daha ürəkdən təşəkkür edirəm. Çox böyük qiymətdir”.

Ölkə rəhbəri Azərbaycan dövlətinin, xalqın görkəmli sənətkarının fəaliyyətini çox yüksək qiymətləndirdiyini vurğulayıb: "Siz 20 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin sərəncamına əsasən "Şöhrət” ordeni ilə təltif olunmusunuz. On il bundan əvvəl mənim sərəncamımla "İstiqlal” ordeni ilə təltif edilmisiniz. Bir həftə bundan əvvəl - fevralın 4-də "Şərəf” ordeni ilə təltif olunmusunuz”.

Görüşdə Prezident İlham Əliyev Azərbaycan dövlətinin yüksək ordeni olan "Şərəf” ordenini Əlibaba Məmmədova təqdim edib.


Könüldə yurd salan sevgi...


Azərbaycanın əsrarəngiz muğamlarına, xalq mahnılarına uşaqlıq illərindən heyran idi. Bu sevgi həyat yolunda onunla addım-addım yol gəlir, böyüyür, könül dünyasına çevrilirdi. Ancaq gənclik illərində neftçi peşəsini seçmişdi Əlibaba Məmmədov. Zəlzələ Aşqabadı dağıtmasaydı, neft mühəndisi olacaqdı. Şübhə etmir ki, neft sahəsində ad-san, vəzifə sahibi olacaq, uğur qazanacaqdı. Musiqi sənətinə gəlişini isə alın yazısı hesab edir. Xanəndə olması, altmış il musiqiyə, xalqa xidməti ilə fəxr edir.

Bakının Maştağa kəndində 1930-cu ilin 5 fevralında dünyaya gəlib. Musiqiyə sevgi ilə böyüyüb. Bunu isə daha çox anasında görüb. Anası dövrünün adət-ənənələrindən kənara çıxıb musiqi təhsili almamışdı. Amma o, arabir çox gözəl səsi ilə zümzümə etdikcə balaca Əlibabanın könlünü ehtizaza gətirirdi. Bir də Bakının və Abşeronun bənzərsiz muğam mühiti ruhunu pərvazlandırırdı. Məlahətli səs, özünəməxsus ifaçılıq qabiliyyəti olan əmisi Güləhməd Məmmədov xanəndə kimi Bakıda məşhur idi. Evinə Cabbar Qaryağdıoğlu, Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov gəlirdi. Əlibaba Məmmədov saatlarla onların söhbətlərini dinləyirdi.

Yeddi yaşında heç kimdən dərs almadan nağara çalmağı öyrəndi. Sonralar tar, qaval, klarnet və pianoda ifa etməyi də özü öyrənəcəkdi... Hərdən oxuyurdu. Ancaq hələ heyranlıqla dinlədiyi xanəndələrin təsirindən uzaqlaşa bilmirdi. Sənətkar özü bu barədə deyib: "...bu, muğam oxumaqdan daha çox başqalarının təqlidi idi, yəni o vaxt əmimə oxşamağa çox çalışırdım”. Bəlkə də elə o zaman musiqiyə, muğamlara duyduğu sevginin izi ilə gedəcək, öz yolunu tapacaqdı... Amma uşaqlıq dünyası kədərə, qayğılara bələndi...

1941-ci ildə Böyük Vətən müharibəsi başladı. Qara xəbər bütün evlərə baş çəkir, hamıya qüssə gətirirdi. Dolanışıq çətinləşir, güzəran ağırlaşırdı. Dünyanın bu dərdli vaxtlarında - 1942-ci ildə atası vəfat etdi. Onda Əlibaba Məmmədovun on iki yaşı vardı. Ailədə üç uşaq idilər. Bacıları ondan da kiçikdilər. Üç uşaq otuz iki yaşlı analarının ümidinə qaldı. Ana övladlarını böyük çətinliklərlə boya-başa çatdırdı.

Kiçik yaşlarından musiqiyə maraq göstərən Əlibaba Məmmədov anasının çəkdiyi əziyyətləri görür, onun köməyinə çatmaq, qayğılardan xilas etmək istəyirdi. Və neftçi olmaq qərarına gəldi. O vaxtlar bu, çox hörmətli, nüfuzlu peşə sayılır, həm də neftçilər yaxşı məvacib alırdılar.

Bu sahədə təhsil almağa başladı. Neft texnikumunun əlaçı tələbəsi oldu. Təhsilini tamamlayıb neftçi kimi işə başladı. Həmin vaxtlar Türkmənistanda neft yataqlarını işlətməyə başlamışdılar. Gənc neftçi Əlibaba Məmmədovu da təyinatla Türkmənistana işləməyə göndərdilər. Bu da sənətkarın o illərlə bağlı xatirələri: "Ora gedən kimi bizə iş, ev verdilər. Mən əvvəl 6 ay qazmaçı işlədim. Sonra baxdılar ki, istedadım var, məni gecə ustası etdilər. Gecə səhərədək yatmırdım, 22 buruğa nəzarət edirdim. Bir sutka mədənin böyüyü mən olurdum. Hələ o dövrdə mənə maşın da, bir qazax sürücü də vermişdilər. Məni Mebitdağdan mədənə, mədəndən də Mebitdağa aparırdı. O vaxt 18-19 yaşım vardı. Bir az da işləyəndən sonra gördülər ki, yaxşı işləyə bilirəm, adımı "malenkiy master” qoymuşdular. Direktorumuz bakılı rus idi. Dedi ki, istedadın çoxdur, səni Aşqabada göndəririk. O vaxt 1400 manat maaş alırdım. Dedilər ki, orta əməkhaqqı, yəni 800 manatla dörd il oxuyandan sonra bizim mədəndə mühəndis işləyəcəksən. Razılıq verdim. Mən yetim böyümüşəm, neftçi kimi aldığım 1400 manat maaşın 500 manatını Bakıya, anama göndərirdim”.

Razılıq verməzdən qabaq Bakıya, anasına məktub yazmışdı. Onu Aşqabada oxumağa göndərmək istədiklərini, ancaq ora gedərsə, evə pul yollamağa imkanı olmayacağını bildirdi. Anası cavabında yazdı ki, bizim vəziyyətimiz yaxşıdır, sən təhsilini davam etdir.

1948-ci ilin axırında Aşqabadda zəlzələ baş verdi. Zəlzələnin təsiri onun olduğu Mebitdağa gedib çıxmadı. Ancaq Aşqabad dağılandan sonra Əlibaba Məmmədovun neft mühəndisiliyi oxumaq arzusu yarımçıq qaldı. Vətəni, doğmaları üçün çox darıxmağa başladı. Amma hələ bir il də işləməli idi. Həm də ali təhsil almağa getmək üçün razılıq vermiş, hətta müvafiq sənəd imzalamışdı. O zaman Əlibaba Məmmədovun köməyinə rəisi çatdı. Onu əvvəlcə növbə ustası təyin edən, sonra mühəndis olmaq üçün təhsilini davam etdirməyi məsləhət görən rəis gəncin Bakıya qayıtmaq arzusuna qarşı çıxmadı. Əlibaba Məmmədovun xatirələrindən: "Xoşbəxtlikdən bizim rəis bakılı idi, imzaladığım ərizəyə baxmayaraq mənə icazə verdi”.


Taleyin hökmü...


Doğma yurda, evinə döndü. Taleyin hökmü onu planlarından kənara çıxarmışdı. Əlibaba Məmmədov uzun illər sonra düşünür ki, görünür, Tanrı özü məni sonrakı hadisələrə hazırlaşdırırmış...

Bir gün 26-lar adına mədəniyyət sarayının qarşısından keçəndə diqqətini bir elan cəlb edir. Gənc İstedadlar müsabiqəsi keçiriləcəyini belə öyrənir. İştirak etmək qərarına gəlir.

Müsabiqədə münsiflər heyətinin sədri Zülfü Adıgözəlov ondan nə oxuyacağını soruşanda "Çahargah” deyir. Muğamlarımızın gözəl bilicisi olan sənətkar soruşur: "Çahargah” ağır muğamdır”. O isə söz altında qalmır: "Ağır olan sizin qarşınızda oxumaqdır”. Gəncin sözləri ustad xanəndənin ürəyinə yatır. On doqquz yaşlı Əlibaba Məmmədova söyləyir ki, səni Filarmoniyaya götürəcəyik.

1949-cu ilin oktyabrında Zülfü Adıgözəlovun xeyir-duası ilə onu Azərbaycan Dövlət Filarmoniyasına solist kimi işə qəbul etdilər. Filarmoniyada təsərrüfat hesabı əsasında çalışır. Səhnəyə hər çıxışı üçün pul verilirdi. O günləri indi də qürurla yada salır: "Cəmi doqquz dəqiqə səhnədə qalsam da, Şövkət Ələkbərovanın xoş sözlərinə layiq oldum. Bundan sonra Filarmoniyanın ştatına salındım, burada Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Zülfü Adıgözəlov, Fatma Mehrəliyeva, Rübabə Muradova, Əbülfət Əliyev kimi şöhrətli xanəndələrlə bir yerdə çıxış etmək asan deyildi, amma böyük ustalıq məktəbi idi.

Oradakı müəllimlərim Seyid Şuşinski, Əhməd Bakıxanov, Adil Gəray olmasa, müasir muğam məktəbi də olmazdı. Onlara çox şey borcluyuq”.

Asəf Zeynallı adına musiqi məktəbinə daxil olmasını başqa bir ustadın - Seyid Şuşinskinin adı ilə bağlayır: "Seyid Şuşinski musiqi məktəbinə 1953-cü ildə gəldi. Mən də Seyid Şuşinskidən dərs almaq üçün gəldim. Mən muğamları bilirdim, amma dərinini bilmirdim. Seyid Şuşinskiyə qədər elə başa düşürdüm ki, mən, doğurdan, muğamı yaxşı bilirəm. Mənim əmim xanəndə olub. Seyid Şuşinskinin sinfində bir ay oturandan sonra gördüm ki, mən çox şeyləri bilmirəm. Amma öyrəndim”.

1958-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbində təhsilini başa vurdu. 1959-cu ildə Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlarla Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etdi. İfa etdiyi "Bayatı Kürd” muğamı ilə tamaşaçıların alqışlarını qazandı. Həmin il ilk mükafatını - fəxri fərman aldı.

Azərbaycan Dövlət Filarmoniyasında 1968-ci ildə Maestro Niyazinin təşəbbüsü ilə xalq çalğı alətləri ansamblı yaradıldı. Ansambla "Humayun” adı verildi. Əlibaba Məmmədov "Humayun”un bədii rəhbəri və ilk solisti oldu. Sonralar Məmmədbağır Bağırzadə, Novruz Feyzullayev, Səxavət Məmmədov, Zümrüd Məmmədova və başqaları da ansamblın sevilən ifaçıları kimi tanındılar. Onlar "Humayun”la müttəfiq respublikaların əksəriyyətində qastrol səfərlərində oldular. Əlibaba Məmmədovun böyük sevgi ilə yaşatdığı bu ansambl otuz ildən çox Azərbaycan musiqi sənətinə xidmət etdi.

O, 1978-1988-ci illərdə "Azkonsert” Birliyinin solisti kimi fəaliyyətini davam etdirdi. O zaman Azərbaycanın məşhur xanəndələrindən öyrənib muğam sənətində öz yolunu seçən Əlibaba Məmmədovun səsinin, ifasının heyranları az deyildi.


"Xalq mahnı”larının müəllifi


Gənc yaşlarından mahnılar yazdı. Məhəmməd Füzuli, Əliağa Vahid, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi şairlərin çox sevilən şeirlərinə musiqilər bəstələdi. "Yaşa məhəbbətim, yaşa ürəyim”, "Gəl bizə, yar”, "Bir dənəsən”, "Ağarma saçım, ağarma” və başqa mahnılarını həm özü, həm də Rübabə Muradova, Zeynəb Xanlarova və digər tanınmış müğənnilər ifa etdilər. Ancaq sovet dövründə müğənninin, xanəndənin bəstəkarlıq etməsi qəbul olunmurdu. İstedadlarını etiraf etmir, onları "həvəskar bəstəkar” adlandırırdılar. Sevilən, dillərə düşən mahnılarını isə "xalq mahnısı” kimi təqdim edirdilər. Belə haqsızlıqları, ögey münasibəti Əlibaba Məmmədov çox görsə də, ruhdan düşmədi. Hər zaman: "Mən özümü bəstəkar saymıram, heç vaxt belə iddiam olmayıb”, - dedi. Ürəyinin səsini dinlədi. Bəyəndiyi şeirlərə musiqi yazdı. Əlibaba Məmmədov yüzdən çox mahnı və təsnifin müəllifidir. Onların uzun illərdir oxunduğuna, dinləndiyinə fərəhlənir. Mahnılarının, təsniflərinin bundan sonra da ifa olunacağına, seviləcəyinə inanır.

Böyük səhnələrdə çıxış edən görkəmli xanəndələrin əksəriyyəti toylara gedirdi. Əlibaba Məmmədov da otuz ildən çox toylarda oxudu. Onu Azərbaycanın bütün bölgələrinə, hətta ölkəmizdən kənara da şənlik məclislərinə dəvət edirdilər. O vaxtlar hər müğənniyə, xanəndəyə belə dəvətlər gəlmirdi. Səbəbini Əlibaba Məmmədov belə izah edir: "Vaxtilə toya yaxşı səsə malik, mikrofonsuz oxuyan müğənni dəvət etmək hünər sayılırdı. O vaxtlar toya həm də muğam dinləmək üçün gələrdilər. Bizim oxuduğumuz məclislərdə isə iynə atsan yerə düşməzdi, qonaqlar bizi saatlarla dinləyirdilər”.


Tələbələrin çox sevdiyi, fəxr etdiyi müəllim


"Müəllimlik şərəfli və eyni zamanda məsuliyyətli peşədir. Müəllim öyrədir və eyni zamanda öyrənir”, bunlar Əlibaba Məmmədovun sözləridir. O, özü də əlli ildən çox müəllim işlədi. "Muğam xalq musiqilərimizin, istər opera, istər operetta, istər simfonik musiqi - hamısının köküdür” deyən sənətkar muğam sənəti barədə öz müəllimlərindən öyrəndiklərini böyük həvəslə tələbələrinə öyrətdi.

Pedaqoji fəaliyyətə özünə hər zaman ustad bildiyi sənətkarlardan birinin, tarzən Əhmədxan Bakıxanovun tövsiyəsi ilə məzunu olduğu məktəbdə başladı. Asəf Zeynallı adına musiqi məktəbində muğam sənətindən dərs dedi. Sonralar həm də Bülbül adına Bakı Musiqi Məktəbində, Azərbaycan Milli Konservatoriyasında gənc nəslə muğam sənətini öyrətdi. Tələbələrinin çox sevdiyi, fəxr etdiyi müəllim olmağı bacardı.

Uzun illər böyük məharətlə ifa etdiyi "Bayatı-Şiraz”, "Dəşti”, "Rahab”, "Çahargah”, "Şur” kimi muğamlar, onlarla xalq mühnısı və təsnif lentə alınaraq radionun "Qızıl fond”una daxil edilib.

O, ömrünün ilk çağlarında Azərbaycan muğamlarının ecazkar aləminə düşdü. Və bu vurğunluq, bu heyranlıq bir anlıq da olsa, könlünü tərk etmədi. Muğamlarımızdan hər zaman belə fəxrlə, məhəbbətlə danışır Əlibaba Məmmədov: "Muğam bizə Allah tərəfindən bəxş edilib və mən ona xidmət etməkdən əsla usanmaram. Bütün ömrüm muğamla bağlıdır. Bu xalq sənətinin dirçəlişinə sevinməyə bilmirəm. ...Muğamı qəlbimizdən çıxarmaq olmaz, o, bizim qanımızdadır. O, bizim içimizdə olub, var və olacaq. Azərbaycan muğamı qədər safı, güclüsü, qüdrətlisi heç yerdə yoxdur. Yeddi əsas muğam olan "Humayun”, "Rast”, "Şur”, "Çahargah”, "Segah Zəbul”, "Şüştər”, "Bayatı-Şiraz” və muğam şöbələri xalqımızın misilsiz sərvətidir, zəngin irsidir. Muğamla biz ən dərin duyğularımızı, məhrəm hisslərimizi, ovqatımızın ən incə məqamlarını, fəlsəfi fikirlərimizi ifadə edə bilirik”.

Xalq mahnılarının, muğam ifaçılığının inkişafında və təbliğində Əlibaba Məmmədovun xidmətləri öz layiqli dəyərini alıb. Musiqisevərlərin sevgisini qazanan sənətkar 1963-cü ildə Əməkdar artist, 1989-cu ildə isə Xalq artisti fəxri adlarını alıb. O, ömrünün 90-cı ilində də xalqın sevgisi, dövlət qayğısı ilə əhatələnib.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video