15 Fevral 2020 02:23
1855
Səhiyyə
A- A+

Koronavirus Azərbaycana gələ bilərmi?


Mütəxəssislər, dövlət qurumları narahatlığa əsas görmür


Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların ümumi sayı artaraq 63918 nəfərə çatıb. Bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilir ki, yeni sətəlcəmdən ölənlərin sayı təkcə Çində 1488 nəfərə çatıb. Virusa yoluxanlardan 6982 nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.

Bütün dünyada olduğu kimi, xəstəliyin sürətlə artması Azərbaycanda da əhali arasında narahatlıqlar yaradır. Bəs görəsən yayılan dəhşətli xəstəliklə bağlı ölkəmizdə vəziyyət nə yerdədir? Koronavirus Azərbaycana gələ bilərmi? Bunun qarşısını almaq üçün aidiyyəti qurumlar hansı tədbirlər həyata keçirirlər?


Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verir ki, hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir. İndiyə qədər ölkəmizdə koronavirus və ya koronavirusa şübhəli xəstələr aşkar edilməyib. Səhiyyə Nazirliyinin bu xəstəliklə bağlı əmrinə əsasən ölkədə buna qarşı profilaktik tədbirlər həyata keçirilir: "Bunun üçün xəstəxanalarda xüsusi palatalar ayrılıb, dezinfeksiya rejiminə, hava-damcı infeksiyalarına qarşı bütün tələblərə riayət olunur. Tibb müəssisələri lazımi dezinfeksiyaedici, dərman preparatları, maskalar və digər vasitələrlə kifayət qədər təmin ediliblər”. A.Əliyeva bildirir ki, Azərbaycanın sərhəd keçid məntəqələrindən keçib ölkəmizə gələn Çin vətəndaşlarının da hamısı müayinədən keçirilir: "Termovizorlar vasitəsilə onlarda hər hansı xəstəliyin olması təyin edilir. Həmçinin vəziyyətin gərgin olduğu şəhərdən gələnlər xəstəxanada observasiya olunur və 14 gün müddətində təcrid edilərək nəzarətə götürülür. Çinin digər şəhərlərindən ölkəmizə gələn Çin vətəndaşları və ya Azərbaycandan müxtəlif səbəblərdən orada olan, yaşayan və ölkəmizə qayıdan vətəndaşlar sağlamdırlarsa, heç bir xəstə ilə təmasda olmayıblarsa, onlar yerlərdə ərazi tibb müəssisələri tərəfindən yenə də bu xəstəliyin inkubasiya dövrü ərzində 14 gün ərzində müşahidəyə götürülürlər. Amma bu günə qədər onlar arasında heç bir xəstəlik, hətta şübhəli xəstə belə aşkar edilməyib”.


Koronavirus olmasa da...


"Bu xəstəliyin klinikası, əlamətləri respirator virus infeksiyaları və qripin əlamətlərinə oxşar simptomlardır”, söyləyən direktor müavini qeyd edir ki, mövsümi olaraq respirator virus və qrip xəstəliklərinə qarşı da Azərbaycanda profilaktik tədbirlər həyata keçirilir: "Bizdə koronavirus olmasa da, virus infeksiyaları var, tək-tək hallarda mövsümi qrip halları da qeydə alınır ki, bunlardan da qorunmaq mütləqdir. İlk növbədə bayırdan gələndə əllər sabunla yuyulmalı, spirt tərkibli maddələrdən istifadə edilməlidir. Çirkli əllərlə gözə, buruna, ağıza toxunmaq olmaz. Respirator virus infeksiyalı xəstələrlə birbaşa təmasdan çəkinmək, qidalanmanın təhlükəsizliyinə diqqət yetirmək, insanların sıx olduğu yerlərdən uzaq durmaq lazımdır. Özündə respirator virus infeksiyası əlamətləri hiss edənlər evdə qalmalı, yataq rejiminə keçməli və mütləq həkimə müraciət etməlidirlər. Onlar maskadan istifadə edərək evdə olan digər şəxslərin yoluxmasının qarşısını almalıdırlar. Qaldığı otağın havasını mütəmadi dəyişdirməlidirlər”.


Xəstəlik alovlanan ərazidən gələn 12 nəfərin səhhətində heç bir problem aşkarlanmayıb...


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin yaydığı məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzin məlumatına əsasən, Yoluxucu xəstəliklər şöbəsində qalan 1 nəfər evinə buraxılıb.

Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantini ötən gün bitib. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevral ayının 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda qalan 6 nəfər də evə buraxılacaq.


Gömrük-sərhəd buraxılış məntəqələrində müvafiq işlər görülür


Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata əsasən, insanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə, son günlər Çin Xalq Respublikasının Hubey əyalətinin Uhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır.

Bununla əlaqədar, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simptomlarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir.

Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb.

Həmçinin nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirlərinin aparılması da həyata keçirilir.

Eyni zamanda fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "baş bəyannaməsi” sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir.

Bundan başqa, Səhiyyə Nazirliyi və digər müvafiq dövlət qurumları, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün müəyyən edilən mütəmadi əlaqə mexanizmlərinə uyğun olaraq müvafiq işlər həyata keçirilir.


Koronavirusun vəhşi heyvanlar vasitəsilə yayılması riski ölkəmiz üçün də mövcuddur


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin (AQTA) birgə yaydığı məlumatda isə bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, COVID-2019 koronavirus epidemiyasının əsas səbəbkarı isti və soyuqqanlı heyvanlar, o cümlədən vəhşi heyvanlar və dəniz məhsulları hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatı (WHO) OIE ilə birlikdə virusun (COVID-2019) heyvan mənşəli olduğu qənaətinə gəlib. Əldə olunan təcrübəyə əsasən, COVID-2019 koronavirusunun vəhşi heyvanlar vasitəsilə yayılması riski ölkəmiz üçün də mövcuddur. Aparılan müşahidələr onu göstərir ki, hazırda bir sıra ictimai-iaşə obyektlərində, istirahət mərkəzlərində və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması, onlardan əyləncə məqsədilə istifadə olunması hallarına rast gəlinir. Bu kimi hallar qanunvericiliyin tələblərini pozmaqla yanaşı, koronavirus, quduzluq və s. kimi virus xəstəliklərinin yayılmasına da münbit şərait yaradır.

ETSN və AQTA həmin şəxslərə xəbərdarlıq edərək bildirir ki, ictimai-iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması qətiyyətlə yolverilməzdir.

Qurumlar vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan vəhşi heyvanlarla (quşlarla) bağlı şübhəli hallar müşahidə etdikdə agentliyin regional bölmələrinə, yaxud "1003-Çağrı Mərkəzi”nə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar Xətti”nə məlumat verməyə çağırır.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, nazirlik tərəfindən müvafiq dövlət qurumları ilə birlikdə əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə bütün təhsil müəssisələrində sanitariya maarifləndirmə işləri həyata keçirilir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video