14 Fevral 2020 04:59
1146
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il tarixli 86 və 87 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


Qərar 23/132


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 80 saylı İmişli - Beyləqan seçki dairəsi üzrə qeydə alınmış namizədlər Əmiraslanlı Razim Malikəjdər oğlu və Şirinov Hikmət İxtiyar oğlu 2020-ci il fevralın 12-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsi üzrə seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirmiş, seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və həmin seçki dairəsi üzrə seçkilərin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

Seçki günü seçki qanunvericiliyinin ehtimal olunan pozuntularına dair daxil olmuş həmin müraciətlər eyni məzmunlu olduğundan və eyni seçki dairəsinin seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırılmış, birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Müraciət etmiş deputatlığa qeydə alınmış namizədlər şikayətlərini onunla əsaslandırmışlar ki, seçki məntəqələrində müşahidənin normal aparılmasına şərait yaradılmamış, səslərin hesablanması prosesinin müşahidə edilməsinə maneçilk törədilmiş, 36 saylı seçki məntəqəsində seçki qutusunun kilidi qırılmış, seçki məntəqələrində seçki qutularına topa bülletenlər atılmış, bəzi seçicilərə bir neçə bülleten verilmiş və bir seçici bir neçə dəfə səs vermiş, səsvermənin nəticələrinə dair protokol məlumat lövhəsindən asılmamışdır. Ərizəçilər tərəfindən seçki məntəqələri üzrə tərtib edilmiş aktlar və iki ədəd elektron məlumat daşıyıcısı şikayətə əlavə edilmişdir.

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə mümkün olan müxtəlif məlumat mənbələrindən, o cümlədən səsvermə günü seçkilərlə əlaqədar sosial şəbəkələrdə yerləşdirilmiş materiallardan, 80 saylı İmişli - Beyləqan seçki dairəsi üzrə 6 seçki məntəqəsində Mərkəzi Seçki Komissiyası tərəfindən quraşdırılmış və seçki günü fasiləsiz fəaliyyət göstərmiş veb-kameraların görüntülərindən, həmçinin digər materiallardan istifadə edilmişdir.

Sosial şəbəkələr vasitəsi ilə edilən paylaşımlar, təqdim edilmiş aktlar, həmçinin video görüntülər nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək seçki qanunvericiliyinin pozulması və protokolların surətinin müşahidəçilərə verilməməsi iddiaları öz təsdiqini tapmışdır.

Müəyyən edilmişdir ki, 6, 8, 9, 10, 11, 12, 14, 15, 19, 31, 32, 36, 41, 44, 45, 46, 47 və 48 saylı seçki məntəqələrində səsvermə prosesində və səsvermənin nəticələrinin hesablanmasında Seçki Məcəlləsinin tələbləri ciddi şəkildə pozulmuşdur. Bunun nəticəsində həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etmək mümkün olmamışdır.

Belə ki, səsvermə prosesində seçicinin iradəsini müəyyən etməyə imkan verməyən hallar, seçki bülletenlərinin sol küncünün əvvəlcədən kəsilməsi, səsvermənin nəticələrinin seçki məntəqələrində elan edilməməsi, protokolların surətinin müşahidəçilərə və digər maraqlı subyektlərə verilməməsi və seçkilərin nəticəsinə təsir edə biləcək seçki qanunvericiliyinin pozulması halları öz təsdiqini tapmışdır.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq araşdırılmış 5, 16, 18, 20, 22, 26, 27, 29, 30, 33 və 43 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilmişdir.

Belə ki, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda səslərin söz və rəqəmlə yazılışında yolverilməz düzəlişlər, namizədlərə verilmiş etibarlı hesab edilmiş səslərin ümumi saya uyğun olmaması, balansın pozulması, seçicilərə verilmiş bülletenlərlə səsvermə qutusundan çıxan bülletenlərin sayı arasında fərqlər, bəzi namizədlərə aid səslərə sonradan düzəlişin edilməsi halları müəyyən edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Nəticələri etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil edir. Həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil edir. Səsvermənin nəticələri etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı 29, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı 24 644, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 49, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə 43 080-dir.

Göstərilənlərə əsasən müraciətlərin təmin edilməsi, seçki dairəsinin 5, 6, 8, 9, 10, 11, 12, 14, 15, 16, 18, 19, 20, 22, 26, 27, 29, 30, 31, 32, 33, 36, 41, 43, 44, 45, 46, 47 və 48 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-ı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il tarixli 86 və 87 saylı müraciətləri təmin edilsin, 80 saylı İmişli - Beyləqan seçki dairəsi üzrə 5, 6, 8, 9, 10, 11, 12, 14, 15, 16, 18, 19, 20, 22, 26, 27, 29, 30, 31, 32, 33, 36, 41, 43, 44, 45, 46, 47 və 48 saylı məntəqələrinin üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin və seçki dairəsi üzrə Milli Məclisə seçkilər etibarsız sayılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

13.02.2020

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video