13 Fevral 2020 02:29
2074
SİYASƏT
A- A+

Davos bir daha etiraf etdi


Azərbaycan ardıcıl islahatlar aparan və dinamik inkişaf edən ölkədir


Prezident İlham Əliyev tərəfindən aparılan müstəqil daxili və xarici siyasət uğur qazanmaqda davam edir. Əsas qayəsi ölkəmizin milli maraqları və suverenliyinin qorunması olan bu siyasət dünyanın nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri tərəfindən də etiraf olunur və dəstəklənir.

Məlumdur ki, xarici siyasət daxili siyasətin davamıdır. Daxili siyasətin isə əsas məqsədi ölkənin hərtərəfli inkişafına nail olmaqla vətəndaşların sosial rifahını yaxşılaşdırmaqdır. Son dövrlər ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət məhz bu amala xidmət edir. Xarici siyasətə gəldikdə, burada əsas məsələlərdən biri milli iqtisadiyyatımızın inkişafı üçün beynəlxalq təşkilat və ölkələrlə əməkdaşlıqdır. Bunun sayəsində Azərbaycan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilib.

Ölkəmizdə dinamik inkişafla yanaşı, ictimai-siyasi sabitlik hökm sürür. Bu faktorlar isə xarici sahibkarlar üçün çox önəmlidir. Çünki hər bir investor xarici ölkədə kapital qoyuluşunu həyata keçirərkən bu amillərə xüsusi diqqət yetirir.

Davos Dünya İqtisadi Forumunda Azərbaycana olan maraq, dünyanın nüfuzlu şirkət rəhbərlərinin Prezident İlham Əliyevlə görüşə can atması da bununla bağlıdir. Dövlət başçısı forumda həm siyasi liderlərlə, həm də biznes dairələri ilə keçirilən görüşlərdə ölkəmizdə iş qurmaq üçün bütün şəraitin olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, ölkədə siyasi sabitlikdir. Belə hal sözsüz ki, ölkəmizə olan marağı artırır. Şirkətlər Azərbaycanda yüksək texnologiyaların tətbiqi və transferi ilə iqtisadi fəaliyyətə başlamaq istəyirlər. Bu, həm də yeni iş yerlərinin açılması deməkdir. Üstəlik transmilli şirkətlərlə əməkdaşlıq ölkəmizin dünya iqtisadiyyatına transferi baxımından da əhəmiyyətlidir.

Dövlət başçısının Davos Forumunda görüşdüyü şirkət rəhbərlərinin fəaliyyət dairəsi yüksək texnologiyalardan faydalanmaqla məhsul istehsal etməkdir. Prezidentin həyata keçirdiyi iqtisadi siyasətin əsas hədəfi də budur. Çünki inkişaf etmiş ölkələr sırasına daxil olmaq üçün yüksək texnologiyaların tətbiqi ilə məhsul istehsalını artırmaq əsas şərtlərdəndir. Bu üzdən dövlət başçısının görüşdüyü şirkətlərin hamısı həmin parametrlərə cavab verir.

Bu baxımdan Davosda texnologiya sahəsində ixtisaslaşmış şirkətlərdən "Signify” və CİSCO-nun rəhbərləri ilə keçirilən görüşləri xüsusi vurğulamaq lazımdır. Qeyd edək ki, "Signify” şirkəti son üç ildə mütəmadi olaraq "Dow Jones Davamlılıq İndeksi”nin "Elektrik komponentləri və avadanlıqları” kateqoriyası üzrə birinci yerdə olan işıqlandırma sahəsində innovativ, yüksəkeffektli, enerjiyə qənaət edən işıqlandırma məhsulları, sistem və xidmətlər təqdim edən dünya lideridir. "Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşdə ölkəmizə yeni texnologiyaların gətirilməsi ilə iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində, həmçinin "ağıllı şəhər” layihələrində və internet texnologiyaları ilə işıqlandırma sistemlərinin inteqrasiyası istiqamətində müxtəlif həll variantlarının tətbiqi müzakirə olunmuşdur.

Onu da vurğulayaq ki, dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən şirkət tərəfindən indiyədək 53 milyon obyektin işıqlandırılması təmin olunub. Bir il ərzində 6 milyard avro dəyərində xidmət satışını həyata keçirən belə bir şirkətin Azərbaycanla əməkdaşlıq etmək istəməsi ölkəmizin nüfuzundan xəbər verir.

Yaxud götürək Prezident İlham Əliyevin ölkəmizlə uzun müddət səmərəli əməkdaşlıq edən CİSCO şirkətinin icraçı vitse-prezidenti və maliyyə direktoru xanım Kelli Kramerlə görüşünü. Dövlət başçısı görüşdə qeyd etmişdir ki, Azərbaycanda bu şirkət üçün böyük biznes potensialı mövcuddur. Xanım Kramer isə Azərbaycanı regionun vacib ölkəsi olduğunu xüsusi vurğulayaraq bizimlə əməkdaşlıq etməyə üztünlük verdiyini bildirmişdir.

Məlum olduğu kimi, ölkəmiz yüksək texnika və texnologiyaların tətbiqi və transferinə üstünlük verir. Bu baxımdan növbəti əməkdaşlıq "SUEZ Group” şirkəti ilə nəzərdə tutulmuşdu. Həmin şirkət dünyada kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, həmçinin inteqrasiya və meliorasiya sahəsində 5 qitədə fəaliyyət göstərir. Bu sahələrdə 160 illik təcrübəyə malik şirkətin baş icraçı direktoru Bertran Kamus Prezident İlham Əliyevlə ölkəmizdə qabaqcıl texnologiyaların tətbiqi barəsində fikir mübadiləsi apardı. Baş icraçı direktor bildirdi ki, şirkətin məqsədi real vaxt rejimində çalışan nəzarət sistemi, ağıllı sensorlar və sayğaclar, həmçinin elektroxlorlaşma həyata keçirən qurğular kimi bir sıra rəqəmsal və innovativ həllərin ölkəmizə transferini tətbiq etməkdir.

Xarici investorlar son illər Azərbaycanda biznes, vergi və gömrük sahələrində aparılan islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirirlər. Ölkəmizə "Procter and Gamble Europe” şirkəti tərəfindən maraq göstərilməsi də bununla əlaqədardır. Həmin şirkətin prezidenti Loik Tassel dövlətimizin başçısı ilə görüşündə bildirmişdir ki, məqsədləri Orta Asiya və Uzaq Şərqə doğru genişlənməkdir Bunun üçün isə regionun mərkəzi kimi Bakını seçmək istəyirlər. Səbəbi Azərbaycanda yaradılan münbit biznes mühitidir.

Bu faktlar bir daha göstərir ki, dünyanın nəhəng transmilli şirkətləri regionumuzda fəaliyyətə başlayarkən Azərbaycana güvənir, ölkəmizi seçirlər. Belə münasibət isə boş yerdən yaranmır. Görülən real işlər nəticəsində mümkün olur. Hər kəsə məlumdur ki, ölkəmizdə son dövrlər həyata keçirilən iqtisadi islahatlar sayəsində Azərbaycanda biznes mühiti daha da şəffaflaşıb, investisiya mühiti yaxşılaşıb, gömrük, vergi və digər sahələrdə qanunvericilik bazası təkmilləşdirilib. Bütün bunlar ölkəmizdə transmilli şirkətləri fəaliyyət göstərməyə təşviq edir. Sözsüz ki, belə münasibətin yaranmasının əsl səbəbi Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət və onların nəticələridir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video