13 Fevral 2020 02:28
2554
SİYASƏT
A- A+

Demokratik seçki nümunəsi


Səsvermə günü ictimai asayiş daxili işlər orqanları tərəfindən ən yüksək səviyyədə təmin olundu


Demokratik prinsiplər əsasında irəliyə doğru addımlayan Azərbaycanda keçirilən parlament seçkiləri bir çox ölkələr üçün örnək oldu. Seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə edildi və beynəlxalq təşkilatlar yekunda müsbət rəy verdilər.

9 fevral seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi isə insanların Heydər Əliyev yoluna sədaqətini, bu xəttin layiqli davamçısı İlham Əliyevə dərin etimadını bir daha təsdiq etdi.


Şəffaf və ədalətli


Parlament seçkilərinin hazırlanması və keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən bütün müvafiq tədbirlər vaxtında həyata keçirildi. MSK-nın gördüyü işlər təqvim planında göstərilən müddətlərdə, vaxtında reallaşdı. Komissiya tərəfindən seçki maarifçiliyinə dair bir sıra tədbirlər keçirildi, müxtəlif vəsaitlər, seçki plakatları çap olunaraq yayıldı. Deputatlığa namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirildi və nöqsanlarla bağlı qanunamüvafiq qərarlar qəbul edildi. KİV-in və jurnalistlərin fəaliyyətinə hər hansı müdaxilə və təzyiq faktları qeydə alınmadı. O cümlədən vətəndaş cəmiyyəti institutlarının seçkilərin monitorinqinə, müşahidə missiyalarının həyata keçirilməsinə, namizədlərin paytaxt və regionlarda seçicilərlə görüşlərinə və tədbirlərin təşkilinə hər hansı müdaxilə və əngəllər müşahidə edilmədi.

Xatırladaq ki, altıncı çağırış Milli Məclisə seçkilərdə 125 seçki dairəsindən 1314 nəfər namizəd mübarizə apardı. Bu qədər namizədin seçki marafonuna qatılması deputat mandatı uğrunda mübarizənin yüksək rəqabət şəraitində keçməsi ilə müşayiət olundu. Namizədlərlə bağlı statistika isə seçkilərin kifayət qədər demokratik keçirilməsinin əsas təsdiqlərindən biridir.

Belə ki, 246 nəfərin namizədliyi 19 siyasi partiya tərəfindən, 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdü. 1057 nəfər namizəd öz təşəbbüsü ilə seçkiyə qatılmışdı. Onların arasında bütün yaş qruplarından olan namizədlərə rast gəlmək olardı. Deputat adı uğrunda mübarizə aparan namizədlərin 82 nəfəri 18-28 yaş, 407 nəfəri 29-39 yaş, 542 nəfəri 40-45 yaş, 221 nəfəri 56-66 yaş, 43 nəfəri isə 67 yaşdan yuxarı olan vətəndaşlar idi. 1998-ci ildə anadan olan və hazırda 22 yaşı olan 8 nəfər də deputatlığa namizədliyini irəli sürmüşdü. Namizədlərin 79 faizi kişilər, 21 faizi qadınlar idi.

Seçkilərin hazırlanıb keçirilməsində ən mühüm prinsiplərdən biri şəffaflıqdır. Demokratiya yolu ilə inamla addımlayan Azərbaycanda seçkilər zamanı aşkarlıq institutlarının, xüsusilə yerli və beynəlxalq müşahidəçilərin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin normal fəaliyyəti üçün yaradılan hərtərəfli və geniş imkanlar dünyanın bir çox ölkələri üçün nümunədir. Bu baxımdan 9 fevral parlament seçkisi bir tərəfdən demokratik dəyərlərin Azərbaycan cəmiyyətində dərin kök salmasının növbəti dəfə əyani təsdiqi oldu. Digər tərəfdən seçkinin nəticələri Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunun və dayaqlarının nə qədər möhkəm olduğunu bir daha ortaya qoydu.


İslahatların davamı


Bu parlament seçkiləri Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsi kimi tarixə düşdü. Cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığının təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Respublikamızın son illərdə nail olduğu inkişaf göstəriciləri də islahatların labüdlüyünün və uğurlu nəticəsinin ən gözəl nümunələri kimi beynəlxalq səviyyədə təqdir edilir. Siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub.

Sürətli inkişafa nail olmaq, zamanla, müasir çağırışlarla ayaqlaşmaq üçün islahatlar da kompleks xarakter daşımalı, dövlət idarəetməsinin bütün qollarını əhatə etməlidir. Prezident İlham Əliyev məsələyə bu prizmadan yanaşır və islahatların bütün hakimiyyət orqanlarına sirayət etməsini zəruri sayır. Təsadüfi deyil ki, struktur və məhkəmə islahatlarından sonra dövlət hakimiyyətinin digər qolu olan icra hakimiyyəti ilə də bağlı mühüm qərarlar qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturu yenidən formalaşdırıldı. Bütün bunlar, o cümlədən Nazirlər Kabinetində, yerli icra hakimiyyəti orqanlarında aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən təqdir edildi.

Qanunverici orqanın yenidən formalaşdırılması təşəbbüsü islahatların davamıdır. Belə ki, cəmiyyət həyatının digər sferalarında keçirilən islahatların qanunverici hakimiyyəti də əhatə etməsi ölkədə baş verən köklü yeniliklərdən irəli gəlirdi. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bu barədə danışan Prezident İlham Əliyev bildirib ki, seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq: "Bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi. Ona görə əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır”.


Polis vəzifə borcunu layiqincə yerinə yetirdi


İstənilən ölkədə hansısa siyasi kampaniyanın və ya mühüm bir tədbirin uğurla həyata keçirilməsi sabitliyin təmin olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycanın sabitliyin etibarlı təminatı baxımından bölgənin və dünyanın ən yaxşı göstəricilərə malik ölkələrindən biri olması hər birimizdə fəxarət hissi doğurur. O cümlədən beynəlxalq tədbirlər məkanına çevrilən və son illərdə xarici turistlərin daha çox səfər etdiyi Bakının dünyanın ən təhlükəsiz şəhərlərindən biri olması olduqca qürurvericidir. Bu sabitlik və ictimai asayişin etibarlı təmini məhz daxili işlər orqanlarının gərgin, məsuliyyətli və şərəfli fəaliyyətinin nəticəsidir. Bu uğurlar göstərir ki, Azərbaycan polisi dövlətin və dövlətçiliyin ən etibarlı dayaqlarından biridir.

Parlament seçkiləri əsas meyar olan demokratik tələblərə uyğun, azad və şəffaf keçirildi. Bununla yanaşı, bu mühüm siyasi kampaniya zamanı ölkədə sabitliyin də ən yüksək səviyyədə təmin olunması xüsusilə təqdirəlayiqdir. Fevralın 9-da keçirilmiş seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edildi, təhlükəsizlik və hüquq qaydası etibarlı qorundu. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, səsvermə günü ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb. Polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda - rəsmi dəvət əsasında seçki məntəqələrinə gələrək asayişi bərpa edib və qanunauyğun tədbirlər görüb.

Bütövlükdə, parlament seçkiləri kampaniyası zamanı daxili işlər orqanları öz vəzifə borclarını qanunla müəyyən edilmiş şəkildə layiqincə yerinə yetiriblər. Ona görə parlament seçkilərinin ilk günündən səsvermə gününə qədər bu siyasi hadisəyə kölgə sala biləcək hadisə baş verməyib.

9 fevral seçkiləri Prezident İlham Əliyevin ölkənin inkişafına və modernləşdirilməsinə yönəldilmiş islahatlarının vətəndaşlar tərəfindən birmənalı dəstəklənməsinin təsdiqi oldu. Qarşısında mühüm vəzifələr duran altıncı çağırış Milli Məclis isə respublikamızda həyata keçirilən islahatlara özünün layiqli töhfələrini verəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video