12 Fevral 2020 00:49
2558
SİYASƏT
A- A+

Azərbaycana dünyada maraq və rəğbət artıb


Prezident İlham Əliyevin müstəqil siyasəti ilə ölkəmiz beynəlxalq münasibətlər sisteminin fəal üzvü kimi tanınır


Davamlı inkişafda olan Azərbaycan yeni islahatlar mərhələsini yaşayır. 2019-cu il ölkə tarixinə demək olar ki, ən dərin islahatlar ili kimi düşdü. Bu il də mütərəqqi islahatlar davam etməkdədir.

Prezident İlham Əliyevin həyata keçirdiyi sistem xarakterli iqtisadi islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış strateji yol xəritələrinin icrası Azərbaycanı dünyanın əlverişli investisiya məkanına, forum və konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevirib. Bütün bunları şərtləndirən ən mühüm amil ilk növbədə ölkədəki sabitlik və əlverişli investisiya, biznes mühitidir. Eyni zamanda xarici investorlara yaradılan əlverişli şərait, güzəştlər, iş adamlarının diqqətini ölkəmizə daim cəlb edir. Bu səbəbdən də xaricdən sərmayə qoymaq istəyənlərin sayı çoxalır. Həm xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, həm də bu məqsədlə əlverişli mühitin yaradılması Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyev müstəqil, milli maraqların hər zaman uca tutulduğu siyasəti ilə Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi tanıdır. Elə bunun səbəbidir ki, son illərdə dünyada Azərbaycana maraq və rəğbət artır. Dünyanın beynəlxalq reytinq təşkilatlarının, iqtisadi forumlarının hesabatlarında, iclaslarında Azərbaycanın adı xüsusi vurğulanır. Hər ötən il Azərbaycan irəliyə doğru inamla addımlayır.

Yanvarın 21-də İsveçrənin Davos şəhərində sayca 50-ci Dünya İqtisadi Forumuna dəvət edilən Azərbaycan Prezidentinin keçirdiyi görüşlər, səsləndirdiyi fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi Avrasiyada körpü rolunu oynayır.

Dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında Davos Forumunda iştirak edən cənab İlham Əliyev 2020-ci ildə 14-cü dəfə bu mötəbər toplantıda iştirak etdi. Bu, həm, Azərbaycana göstərilən yüksək etimad idi, həm də ölkə rəhbərinin Dünya İqtisadi Forumunda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdiyi çoxsaylı və yüksəksəviyyəli işgüzar görüşləri maraqla qarşılandı.

Davosda cənab İlham Əliyevin dünyanın tanınmış şirkət rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər, bu görüşlərdə səslənən fikirlər də təsdiq edir ki, həm dünya dövlətlərinin, həm də beynəlxalq şirkətlərin Azərbaycana böyük rəğbəti var. Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, "açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illər Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb. Ölkəmizə ən çox investisiya qoyan xarici şirkətlərin əksəriyyəti isə dünyanın 20 ən böyük ölkəsindən gəlir. Onların arasında Rusiya Federasiyası, Türkiyə, İtaliya, Almaniya, Böyük Britaniya, ABŞ, Yaponiya və digər ölkələr var.

2007-ci ildən başlayaraq Davos Forumunda mütəmadi olaraq iştirak edən cənab İlham Əliyev ölkəmizdə investorlar üçün yaradılan şəraiti və imkanları dünyaya bəyan edir. Həqiqətən də, məhz cənab İlham Əliyevin bu uğurlu diplomatiyası nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsulluğun səviyyəsi 4 dəfədən çox, işsizliyin səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb. Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb.

2007-ci ildən keçən dövr ərzində Azərbaycana 111 milyard dollardan çox xarici investisiyanın cəlb olunması deyilənləri təsdiqləyən reallıqdır. Əgər Davos İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəldi. 2019-cu ildə isə Azərbaycan "Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında, "Hökumət tənzimləməsinin yükü” və "Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə 3-cü yerdə, "Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci yerdə, "Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci yerdə, "Hökumətin uzunmüddətli strategiyası” üzrə isə 10-cu yerdə qərarlaşdı.

Bu gün Azərbaycan həm də dünyanın əsas enerji ixracatçılarından biridir. Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilən ölkəmiz Şimaldan Cənuba və Şərqdən Qərbə yüklərin daşınmasında mühüm nəqliyyat qovşağı kimi tanınır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, 2018-ci ilin may ayından fəaliyyət başlayan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu istiqamətdə həyata keçirilən proseslərə böyük töhfə verir.

Ötən 16 ildə Azərbaycan enerji layihələrini uğurla həyata keçirməyə davam edib. Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində Azərbaycan "Cənub qaz dəhlizi” layihəsini reallaşdırıb. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu layihə Avropaya qaz nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilib. Ümumi kapital qoyuluşu 40 milyard dollar layihə 4 hissədən ibarətdir - "Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. Bu il layihə tam olaraq fəaliyyətə başlayacaq.

Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizin müstəqilliyinin, iqtisadi inkişafının təməli olmaqla bərabər, beynəlxalq və regional müstəvidə enerji təhlükəsizliyinə böyük töhfə verir. Cənab İlham Əliyevin praqmatik xarici siyasət kursu ilk növbədə ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir. 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü kimi tanınıb. Elə həmin il Qoşulmama Hərəkatına daxil olmaqla Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirib, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa başlayıb.

Azərbaycan, eyni zamanda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə regionda və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfə verir. Buna görə də ölkəmiz hazırda regional güc mərkəzi kimi sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan milli dövlətlər üçün strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də bu məsələyə toxunaraq vurğulamışdır ki, il ərzində dünyanın müxtəlif yerlərində gərginliyin artması, qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması - bütün bunlar dünyanın, demək olar, bütün yerlərində müşahidə olunub. Azərbaycan isə 2019-cu ildə davamlı inkişafda olan sabitlik məkanı kimi böyük uğurlar qazanıb. Həyata keçirilən mütərəqqi islahatlarla bu gün Azərbaycan yüksəlişdədir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video