12 Fevral 2020 00:46
1335
İQTİSADİYYAT
A- A+

“Şahdəniz”in sayəsində Azərbaycan Avrasiyada qaz ixrac edən ölkəyə çevrildi


Yataqda yeni quyuların qazılması sabit hasilat səviyyəsinədək davam edəcək


"Şahdəniz Alfa” və "Şahdəniz Bravo” platformalarından qaz və kondensat hasilatı ahəngdar davam edir. Keçən il bu qurğulardan ümumilikdə 16,8 milyard standart kubmetr qaz və təqribən 3,5 milyon ton (28,6 milyon barel) kondensat hasil edilib.

"Şahdəniz Alfa” platformasından "Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilat əldə olunur. Bu qurğu 13 ildən çoxdur fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir.

Ötən ilin iyul ayının sonunda "Şahdəniz Bravo” platformasından ilk qaz alındığı vaxtdan burada da hasilat tədricən artmaqda davam edir.

Mövcud "Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir. Ümumilikdə isə "Şahdəniz” 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan çox kondensat ehtiyatları olan zəngin yataqdır. Məhz bu yatağın sayəsində Azərbaycan dünyada həm də qaz ixrac edən ölkə kimi tanınıb. Prezident İlham Əliyev "Şahdəniz”ə böyük dəyər verərək demişdir: "Əgər "Şahdəniz” kontraktı 1996-cı ildə imzalanmasaydı, nə Bakı-Tbilisi-Ərzurum, nə TANAP, nə də "Cənub qaz dəhlizi” olacaqdı. Beləliklə, Azərbaycanın qaz təminatı nə vəziyyətdə olacaqdı? Əgər "Şahdəniz” qazı olmasaydı, biz öz tələbatımızı ödəyə bilməyəcəkdik. Ona nə qədər investisiyalar qoyuldu və bu gün Azərbaycan dünya miqyasında, Avrasiyada qaz ixrac edən ölkəyə çevrilibdir”.

Yataqdan çıxarılan qaz Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə çatdırılır. "Şahdəniz”in kondensatı isə BTC-yə vurulur.

Xatırladaq ki, "Şahdəniz”də iştirak payları belədir: BP (operator - 28,8 faiz, TPAO (19 faiz), AzŞD (10 faiz), "Cənub qaz dəhlizi” Apstrim (6.7 faiz), PETRONAS (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz).

Keçən il "Şahdəniz” üzrə əməlliyyat xərcləri 544 milyon dollara yaxın və əsaslı xərclər 1,1 milyard dollar təşkil edib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2” layihəsinə sərf olunub. Belə ki, layihənin dənizdəki və qurudakı obyektlərinin əməliyyatların aparılması üçün təhvili tam başa çatıb. Layihə komandası ilk hasilat ilində "Şahdəniz-2” qurğularının yüksək səmərəliliyini təmin etmək məqsədilə əməliyyatlara davamlı dəstək veriblər.

2019-cu il ərzində layihə çərçivəsində sualtı quraşdırma, o cümlədən 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün dərin sularda avadanlıqların quraşdırılması işləri aparılıb. Qaz hasilatını nəzərdə tutulan sabit səviyyəyə çatdırmaq üçün qarşıdakı illərdə "Xankəndi” sualtı tikinti gəmisi və "İsrafil Hüseynov” borudüzmə barjı sualtı qurğuların daşınması və quraşdırılması işlərini davam etdirəcəklər.

"Şahdəniz”də qazma işlərinə gəldikdə isə, keçən il "Şahdəniz Alfa”dan quyu qazılmayıb, çünki bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb. Bir sıra quyularda əvvəlcədən başlanmış qazma işləri davam etdirilib və tamamlanıb.

"İstiqlal” və "Maersk Explorer” qurğuları "Şahdəniz-2”nin hasilatı və onun sonrakı tədrici artımı üçün indiyədək ümumilikdə 17 quyu qazıb. Bunlardan 16-sı tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinədək tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Hazırda "Şahdəniz” qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş CQBK ilə nəql olunur. Xatırladaq ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və qazı Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırır. Genişləndirilmiş CQBK isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

2019-cu il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 29 milyon kubmetr olub.

CQBK-nin fəaliyyətində ikili operatorluq həyata keçirilir. BP şirkəti kəmərin obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR Midstream Operations isə kommersiya əməliyyatları üzrə məsul kommersiya əməliyyatçısıdır.

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəyə daşıdığı qazı məhz genişləndirilmiş CQBK-dən qəbul edir. Bu il TANAP "Şahdəniz” qazını hazırda çəkilişi başa çatmaqda olan Trans-Anadolu Qaz Boru Kəmərinə (TAP) də ötürəcək. Beləliklə, Avropadakı istehlakçılar da çoxdandır gözlədikləri Azərbaycan qazını alacaqlar.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video