11 Fevral 2020 20:04
677
İQTİSADİYYAT
A- A+

“Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru” mövzusunda konfrans keçirilib

 

Fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı münasibətilə "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru” mövzusunda konfrans keçirilib. Tədbirdə vergi orqanları əməkdaşları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, iqtisadçı ekspertlər və iş adamları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə ölkəmizin iqtisadi inkişafı, vergi siyasətinin əsas istiqamətləri və aparılan islahatlar, vergi qanunvericiliyində və inzibatçılığında dəyişikliklər, onların iqtisadiyyata təsiri, şəffaflıq istiqamətində yeni çağırışlar, vergi orqanlarının sahibkarlarla yeni iş prinsipləri barədə danışıb. Nazir bildirib ki, ötən il iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib, kölgə iqtisadiyyatının miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb. Son dövrlərdə şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, yeni vergi güzəştləri mexanizminin tətbiqi biznesin "kölgə”dən çıxmasına zəmin yaradıb. Bütövlükdə, işgüzar dairələrin yeni münasibətlər kontekstinə müsbət yanaşması aparılan siyasətin düzgünlüyünü, şəffaflığın isə alternativsizliyini bir daha sübut edir.

İqtisadiyyat naziri vergi sisteminin iqtisadi tənzimlənmədə və sahibkarlığın inkişafında mühüm rol oynadığını qeyd edib, iqtisadi inkişafın işgüzar fəallığa və biznesin çevikliyinə bağlı olduğunu, kiçik və orta biznesin məşğulluqda, davamlı və dayanıqlı iqtisadiyyatda rolunun artırılmasının önəmini vurğulayıb, fəaliyyətində şəffaflığı təmin edən sahibkarlara təşəkkür edib.

M.Cabbarov Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla bir qrup vergi xidməti əməkdaşının təltif edildiyini diqqətə çatdırıb, vergi orqanları əməkdaşlarının əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına xidmətin kollektivi adından minnətdarlığını bildirib.

Konfransda Vergilər nazirinin müavini İlkin Vəliyev "Vergi inzibatçılığında şəffaflığa aparan yol” mövzusunda təqdimatla çıxıb edib və vergi sistemində reallaşdırılan islahatlar, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, həyata keçirilən və nəzərdə tutulan işlər barədə danışıb.

Tədbirdə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham”) rəhbəri Nuran Kərimov "Kölgə iqtisadiyyatı ilə mübarizə və şəffaflıq”, "Millennium” turizm şirkətinin direktoru Ruslan Quliyev "Vergi sahəsində sahibkarlar üçün yaradılmış münbit şərait”, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev "Şəffaf uçot, asan hesablama, dürüst hesabatlılıq vergi inzibatçılığının əsas istiqaməti kimi”, "Unimetal” MMC-nin direktoru Rüfət Əzizov "Vergi siyasətinin investisiya mühitinə təsiri”, AMEA-nın müxbir üzvü, professor Akif Musayev "Vergi orqanı: dünən, bu gün” mövzusunda çıxış ediblər.

Natiqlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri müsbət qiymətləndirib, iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə aparılan islahatlara dair təkliflər səsləndiriblər.

Konfrans öz işini panel iclasında davam etdirib. İclasda iştirakçıların sualları cavablandırılıb, aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video