11 Fevral 2020 01:18
1021
İQTİSADİYYAT
A- A+

2004-2008-ci illər - böyük yüksəlişə təkan verən dövr


"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2004-2008-ci illər) təsdiq edildiyi gündən 16 il keçir. Beşillik bir müddəti əhatə edən bu proqramın uğurlu icrası ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur. Həmin illər ərzində iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilmişdir. Bunu həmin illərin göstəricilərinə aid rəqəmlər də təsdiqləyir.

2004-2008-ci illərdə ölkədə 27,5 mindən çox yeni müəssisə açılmış, 547,5 min daimi yeni iş yeri yaradılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalmışdır. Ümumi daxili məhsulun real həcmi 2,6, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artmışdır. Sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz artmış, əhalinin gəlirləri 4 dəfə çoxalmışdır.

Azərbaycan artıq üç Regional İnkişaf Proqramı həyata keçirmişdir. Dördüncüsünün ilk ilinə isə cari il fevralın 3-də yekun vurulmuşdur. Bu münasibətlə keçirilən konfransda Prezident İlham Əliyev məhz ilk Regional İnkişaf Proqramını xatırladaraq demişdir: "2004-cü ildə qəbul edilmiş birinci proqram tarixi hadisə idi. O vaxt proqram mənim seçkiqabağı proqramımın tərkib hissəsi idi. O vaxt ilk dəfə prezident vəzifəsinə seçilən zaman vətəndaşlara demişdim ki, əgər mənə etimad göstərilərsə, o cümlədən regionların inkişafı ilə ciddi məşğul olacağam. Çünki bilirdim ki, Azərbaycanın regionlarında vəziyyət o qədər də yaxşı deyil. Bunun da, əlbəttə ki, təbii səbəbləri var idi - infrastruktur köhnəlmişdi, demək olar ki, sıradan çıxmışdı, bir çox müəssisələr fəaliyyətini dayandırmışdı, kənd təsərrüfatında durğunluq yaşanırdı. Ona görə hesab edirdim ki, Regional İnkişaf Proqramı bizim üçün əsas təkanverici proqram olacaq. Eyni zamanda Azərbaycan əhalisinin böyük əksəriyyəti bölgələrdə yaşayır, rayonlarda, kəndlərdə yaşayır. Onların yaşayışı yaxşılaşmalı idi”.

2004-2008-ci illər həqiqətən də Azərbaycanın yüksəlişi üçün təkanverici dövr oldu. Bu illər ərzində həyata keçirilən ardıcıl tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verdi. Görülən genişmiqyaslı işlər eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynadı.

Məlumdur ki, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyini təmin edə bilməyən ölkələrdə adətən ciddi problemlər yaranır, onlar sərbəst yaşamaq imkanına malik olmurlar. Azərbaycan dövləti düzgün və məqsədyönlü siyasət yürüdərək bu istiqamətdə önəmli layihələr həyata keçirmişdir. Sözügedən dövr ərzində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, "Şahdəniz” qazını daşıyan Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə başlanmışdır. Bir sözlə, bu, Azərbaycanın artıq regionun güc mərkəzinə çevrildiyi bir dövr idi.

İqtisadiyyatın əsas sütunlarından olan elektroenergetika sahəsinə xüsusi diqqət yetirilmişdir. Ümumi istehsal gücü 1000 meqavatdan çox olan 9 elektrik stansiyası inşa edilmişdir. Proqram sona çatarkən daha iki stansiyanın tikintisi tamamlanmaqda idi və daha ikisinin inşası davam edirdi.

Proqramın icrasına başlanmazdan əvvəl ölkədə qazlaşdırmanın səviyyəsi 60-62 faiz idisə, beş il sonra bu rəqəm 85 faizə çatmışdı. Bu müddət ərzində 8 rayona qaz verilmişdir. 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikası qazla təmin olunmuşdur.

Kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində idi. Fermerlərə güzəştli şərtlərlə gübrə verilməsinə məhz bu illərdə başlandı. Meliorasiya tədbirlərinə diqqət artırıldı, suvarılan torpaqların sahəsi genişləndirildi. Nəticədə taxıl və digər kənd təsərrüfatı məhsullarının istehsalı artdı.

Cəmi 5 il ərzində bölgələrdə 4 aeroportun tikilməsi də həyata keçirilən tədbirlərin miqyasından xəbər verir. Belə ki, Naxçıvan, Gəncə, Zaqatala və Lənkəran aeroportları məhz bu dövrdə inşa edilmişdir.

Birinci Regional İnkişaf Proqramının əhatə etdiyi illərdə tanker donanması maksimum dərəcədə təmin olunmuş, Xəzərdə yükdaşımalar artmışdır. Avtomobil yollarının tikintisi geniş vüsət almışdır.

Diqqət mərkəzində olan təkcə iqtisadiyyat deyildi. Sosial məsələlərin həlli də prioritet olmuşdur. Sosial proqramların həyata keçirilməsi, sosial infrastrukturun yaradılması istiqamətində də müsbət nəticələr əldə edilmişdir. Beş il ərzində minimum əməkhaqqı 8,3 dəfə, minimum pensiya 4 dəfə artmışdır. Sosial infrastrukturun yaradılmasına və yenilənməsinə böyük həcmdə vəsait yönəldilmişdir. 1600 məktəb tikilmişdir. Yüzlərlə tibb ocağı inşa edilmişdir. Onlardan 8-i yüksək standartlara cavab verən müalicə-diaqnostika mərkəzləri idi. Həmin dövrdə eləcə də 10-dan çox olimpiya idman kompleksi və digər qurğular istifadəyə verilmişdir.

2009-cu ilin fevral ayında birinci Regional İnkişaf Proqramına yekun vurularkən Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının artıq oturuşmuş iqtisadiyyat olduğunu və dünyanı bürümüş maliyyə böhranının ölkəmizdə çox az hiss edildiyini qeyd etmiş, sözügedən sənədin inkişafa böyük təkan verdiyini demişdir: "Bütün bunlar, əlbəttə ki, növbəti illərdə iqtisadiyyatımızın daha da şaxələndirilməsinə gətirib çıxaracaqdır. Beləliklə, ölkə öz inkişafını uğurla davam etdirəcəkdir və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları bundan sonra da ildən-ilə daha yaxşı yaşayacaqdır. Bu da 2004-cü ilin əvvəlində qarşıya qoyduğumuz ən vacib məqsədlərdən biri idi”.

Zaman qarşıya qoyulmuş vəzifələrin məqsədyönlü olduğunu, müəyyənləşdirilmiş strategiyanın düzgün seçildiyini təsdiqlədi. Həyata keçirilən çoxşaxəli proqramlar, dərin islahatlar Azərbaycanı böyük inkişaf yoluna çıxardı və biz bu yolda uğurla daha irəliyə gedirik.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video