08 Fevral 2020 02:18
884
MSK
A- A+

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2020-ci il tarixli 54 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


Qərar № 21/128


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 117 saylı Oğuz - Qəbələ seçki dairəsi üzrə namizəd İsmayılova Ləman Aləşrəf qızı 5 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək seçkiqabağı təşviqat mərhələsində baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 2 fevral 2020-ci il tarixli 17/35 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd L.A.İsmayılova müraciətində iddia etmişdir ki, seçkiqabağı təşviqat dövründə 117 saylı Oğuz - Qəbələ seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Naxçıvanlı Aqiyə Həbib qızı qanunvericiliyin tələblərini pozaraq Sincan kəndinin seçicilərindən birinin təhsil haqqını ödəmiş, bu barədə məlumatı isə Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının Gənclər Birliyi yaymışdır. Bundan başqa o, bildirmişdir ki, deputatlığa namizəd A.H.Naxçıvanlının seçicilərlə görüşündə Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd L.A.İsmayılova 117 saylı Oğuz - Qəbələ seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət hərtərəfli araşdırılmış, 2 fevral 2020-ci il tarixli 17/35 saylı qərar ilə şikayət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, ərizəçi təşviqatı ilə əlaqədar olaraq iclasda iştirak edə bilməyəcəyini bildirmişdir.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, Oğuz rayonunun Sincan kəndində deputatlığa namizəd A.H.Naxçıvanlı 2020-ci il yanvarın 28-də seçicilərlə görüşü zamanı Sincan kənd sakini, Qarabağ müharibəsi əlili, ağır onkoloji xəstəlikdən əziyyət çəkən, məhdud imkanlara malik olan Hacıyev Bəhram Elman oğlunun övladının təhsil haqqının yarısının ödənilməsi üçün ona köməklik göstərilməsini xahiş etmişdir. YAP Oğuz rayon Gənclər Təşkilatının sədri, A.H.Naxçıvanlının vəkili Elşən Alcansoy təşkilatın facebook səhifəsində bu məlumatı paylaşmışdır.

Araşdırma prosesində vətəndaş B.E.Hacıyev tərəfindən verilmiş izahatda göstərilir ki, o, Qarabağ müharibəsi veteranıdır, onkoloji xəstəlikdən əziyyət çəkir, univerisitet tələbəsi olan iki övladının təhsil xərclərini ödəyə bilmir. Bu səbəbdən o, A.H.Naxçıvanlıdan kömək istəmiş, lakin ona heç bir köməklik göstərilməmişdir.

Müəyyən edilmişdir ki, namizəd A.H.Naxçıvanlı bu məlumatı facebook səhifəsində yaydığına görə, vəkili E.Alcansoya öz iradını bildirmiş və bununla əlaqədar YAP Oğuz rayon təşkilatının sədri tərəfindən ona xəbərdarlıq edilmişdir.

Oğuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Saleh Məhərrəmovun seçkiqabağı təşviqat tədbirlərində iştirakı ilə bağlı qeyd etmək lazımdır ki, YAP Oğuz rayon təşkilatının sədri olan Saleh Məhərrəmov eyni zamanda A.H.Naxçıvanlının vəkilidir və o, hazırda işlədiyi vəzifədən məzuniyyətə çıxmışdır, uzun müddət təhsil sahəsində işləmiş digər vəkil Emin Əzimli isə hazırda pensiyadadır.

Bundan əlavə, müraciətdə göstərilən Oğuz Rayon İcra Hakimiyyətinin digər əməkdaşları E.Əhmədovun, F.Əlibabayevin, O.Rəsulovun, A.Allahverdiyevin (müraciətdə Bəhram müəllim kimi göstərilən şəxs), V.Cəfərovun, M.Həmidovun, Ə.Əlibabayevin, X.Babayevin, S.Camıyevin Oğuz rayonu Qarabaldır kəndindəki görüşdə, A.Məmmədovun Bayan kəndindəki görüşdə iştirakları ilə bağlı qeyd olunan qanun pozuntuları da araşdırma əsasında öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda qeyd olunan şəxslərdən E.Əhmədov, F.Əlibabayev, O.Rəsulov, A.Allahverdiyev namizəd A.H.Naxçıvanlının vəkilləridir və seçki dövründə iş yerlərindən məzuniyyətə çıxmışlar. V.A.Cəfərov və X.F.Babayev 117 saylı Oğuz - Qəbələ seçki dairəsi dairə seçki komissiyasının 24 yanvar 2020-ci il tarixli, 11/23 saylı qərarı ilə 22 saylı seçki məntəqəsinə müşahidəçi təyin edilmiş və müvafiq lövhəciklə təmin olunmuşlar.

Müəyyən edilmişdir ki, müraciətdə adları qeyd olunan M.Həmidov, Məşğulluq Mərkəzinin direktoru A.Məmmədov, Kərimli kənd tam orta məktəbinin direktoru S.Camıyev, Kərimli kənd bələdiyyəsinin işçisi Ə.Əlibabayev namizəd A.H.Naxçıvanlının Kərimli kəndində seçicilərlə keçirdiyi görüşdə seçici kimi iştirak etmişlər.

Araşdırma ilə qeydə alınmış namizəd A.H.Naxçıvanlı tərəfindən seçkiqabağı təşviqatın aparılması zamanı qanun pozuntuları müəyyən edilmədiyindən şikayət təmin olunmamalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 117 saylı Oğuz - Qəbələ seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılova Ləman Aləşrəf qızının 5 fevral 2020-ci il tarixli 54 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 2 fevral 2020-ci il tarixli 17/35 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

07.02.2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video