04 Fevral 2020 02:20
1793
Mədəniyyət
A- A+

Satirik qrafikanın əsasını qoyan rəssam


Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadənin ev-muzeyindən reportaj


Gülüş, istehza, təbəssüm ayrı-ayrı obrazların, əslində, tiplərin xarakterini ifadə edən keyfiyyətlərdir. Bədii əsərlərdə bunlar müəllifin yaradıcılıq qabiliyyətinin və imkanlarının ortaya qoyulmasında mühüm cəhətlər hesab edilir. Çünki burada fikir "çılpaq” yox, "geyim-kecimli” olur, əsərin məna və məzmununun açılmasında mühüm rol oynayır.

Rəssamlıqda, xüsusən bu sənətin karikatura janrında yaradılan əsərlərdə gülüşün müxtəlif formalarından o qədər də istifadə olunmayıb. Xalqımızın yaddaşına karikaturaçı-rəssam kimi yazılan Əzim Əzimzadə isə həmin janrdan istifadə etməklə özünü bu sənətin banisinə çevirdi.

Bu il anadan olmasının 140 illiyi tamam olacaq Xalq rəssamı, ölməz sənət fədaisi Əzim Əzimzadənin yaratdığı tiplərin XX yüzilliyin o başından gələn istehzalı gülüşləri ilə əsaslı təmirdən çıxmış ev-muzeyində də üzləşirik.

1880-ci ilin may ayında Abşeron rayonunun Novxanı kəndində anadan olmuş Əzim atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb. Əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür və rus rəssamlıq məktəblərinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin” jurnalında əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən "Molla Nəsrəddin”, "Baraban”, "Zənbur”, "Tuti”, "Kəlniyyət” jurnallarında karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyan Əzim Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.


"100 tip”in yaratdığı acı gülüş, istehza...


Mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tutan rəssam "İt boğuşdurma”, "Kişi arvadını döyür”, "Varlı evində toy”, "Su üstündə dava”, "Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi. Bu mənada o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri” və "100 tip” əsərləri xüsusilə diqqətçəkəndir.

Əzim Əzimzadə M. Ə. Sabirin "Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoyan rəssam kimi tanınırdı. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar isə Azərbaycan rəssamlığının bu sahədə inkişafına xüsusi təkan verdi. Əzim Əzimzadə əsərlərini dörd üslubda çəkib: karikatura, portret, ornament və mənzərə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əzim Əzimzadənin əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil olunub. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə heyranlıqla, təbəssümlə, acı gülüşlə tamaşa ediblər. 1920-1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor vəzifələrində çalışıb.

Yolumuzu böyük karikaturaçı rəssam Əzim Əzimzadənin ev-muzeyindən saldıq. Sakitlik, səliqə-səhman, sənətə və sənətkara sevgi ilk baxışdan diqqəti cəlb edir. Təcrübəli bələdçilər Məleykə Əkbərova, Xalidə Babayeva və Nəzrin Yaqubova bura yolu düşənlərin hər birini Xalq rəssamının ev-muzeyi ilə yaxından tanış edirlər.

Rəssamın xatirəsinin əbədiləşdirilməsi üçün vaxtilə yaşadığı ev dövlət tərəfindən 1968-ci ildən ev-muzeyinə çevrilib. Bələdçimiz Məleykə Əkbərovadan öyrəndik ki, ev-muzeyində rəssama aid 2117 eksponat qorunur: "Rəssamın adını daşıyan bağ da var, İçərişəhərdədir, 2011-ci ildən istirahət parkına çevrilib. 1980-ci ildə rəssamın 100 illik yubileyi ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Filarmoniyasında rəssamın yaradıcılıq gecəsi keçirilib. Mədəniyyət və incəsənətimizi yüksək qiymətləndirən Prezident İlham Əliyev də Xalq rəssamının xatirəsini əziz tutaraq onun anadan olmasının 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb...”


Rəngləri "daşa dönmüş” fırçalar


Bələdçi ustadın vaxtilə yaşadığı evin Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə xatirə muzeyi kimi yaradıldığını deyir: "...Bu mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir. Paytaxtın mərkəzində, hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ev-muzeyi qapılarını əsaslı təmirdən sonra ziyarətçilərinin üzünə tamamilə yeni tərtibatda, müasir dizaynda açıb. Qapıdan içəri daxil olduqda sağ tərəfdə Ulu Öndər Heydər Əliyevin rəssam haqqında "Azərbaycanda rəssamlıq sənətinin banisi, dahi rəssam Əzim Əzimzadə xalqın qəlbində daim yaşayacaqdır” fikri divarda əks olunub, sol tərəfdə isə heykəltəraş Ömər Eldarovun 1968-ci ildə karikaturaçı sənətkarın şərəfinə yaratdığı büst yerləşdirilib...”

Dəhlizdə rənglər üstündə "daşa dönmüş” fırçalar, iş masası, divar boyunca isə əsərləri içəri daxil olan hər kəsin diqqətini cəlb edir. Muzey boyunca əl işlərindən ibarət rəsm əsərlərinin nümayiş olunması ilə yanaşı, divarda quraşdırılmış 3 genişekranlı monitorda sənətkarın həyat və yaradıcılığı elektron versiyada ziyarətçilərin nəzərinə çatdırılır. Birinci monitorda xalq rəssamının yubileyi ilə bağlı Azərbaycan Televiziyasının hazırladığı "Bir rəngin min çaları” adlı qısametrajlı film, ikincidə 85 əsəri, üçüncüdə isə ailəsi və dostları ilə birlikdə şəkillər təqdim edilir.

Öyrənirik ki, rəssamın əsərlərinin heç də hamısı burada saxlanmır, onların bəziləri müxtəlif muzeylərin dəyərli eksponatarı arasındadır: 232 əsər R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, 3 albomu, 499 ədəd eksponatı isə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır. Ev-muzeydə qorunan əşyalar məhz ailəsi tərəfindən hədiyyə edilənlərdir.


Muzeylik cehiz


Dördotaqlı muzeydə Əzim Əzimzadənin şəxsi əşyaları, kolleksiyası, kitabları, əsərləri nümayiş olunur. Dəhlizin sonunda, divarboyu İçərişəhərin Qoşa qala qapısının maketi ilə üzləşirik. Gülağa Mirəliyevlə Elxan Əliyevin birlikdə hazırladığı maketin qarşısında rəssamın məşhur əsərlərinin qəhrəmanları - prototipləri təqdim olunur. Bura ən maraqlı və yaddaqalan guşədir.

Maraqlı məqamlardan biri də muzeyə girişin ödənişsiz olmasıdır. Muzeyin "Facebook” səhifəsinin fəaliyyət göstərməsi də ölməz sənətkarın təbliğində mühüm vasitəyə çevrilib. Həmin səhifənin 5 minə qədər izləyicisi var. Burada keçirilən tədbirlər, layihələr barədə məlumatlar "Facebook” səhifəsində qeyd olunur.

Əzim Əzimzadənin nəvəsi Sevda Əzimzadə babasını sağlığında görmədiyinə təəssüfünü gizlətmir. Lakin onun haqqında çoxlu xatirələri var. Babasının bütün əşyaları onun üçün dəyərlidir. Buradakı əşyaları sevərək muzeyə hədiyyə ediblər. Muzeydəki mebel qızına verdiyi cehiz olub.

Rəssamın nəticəsi və sənətinin davamçısı, gənc rəssam Nigar Əzimzadə 5 yaşından bu sənətə meyil salıb. Satira janrında çəkməsə də, Əzim Əzimzadə adına Rəssamlıq Kollecini bitirdikdən sonra ali təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib. Hazırda muzeydə bərpaçı-rəssam vəzifəsində çalışır.

Bu da muzeyin giriş-çıxış qapısı. Ziyarətçilər təəssüratlarını öz dəstxətləri ilə "Xatirə kitabı”na yazmamış bu sənət məbədini tərk etmirlər, həm də özlərini də xatirəyə çevirmək uçun...

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video