01 Fevral 2020 03:29
1036
İQTİSADİYYAT
A- A+

Sərhəd kəndi qarşı tərəfin gözdağına çevrilib


Qazaxın Cəfərli kəndinin Ermənistanla sərhəddə yerləşməsinə, müharibənin ağrı-acılarını çox çəkməsinə baxmayaraq, bu gün inkişafından da qalmır. Dövlət qayğısı ilə əhatə olunmuş sakinlər əkinçilik və heyvandarlıqla fəal məşğul olurlar. Mövcud olan problemlərin həlli kənd sakinlərini öz yurd-yuvalarına daha möhkəm bağlayır.

Cəfərli kənd icra nümayəndəsi Şahin Mustafayev deyir ki, son 3 ildən artıq bir vaxtda on illərə bərabər işlər görülmüşdür: "Hazırda kənddə 356 təsərrüfat olmaqla, təxminən 1500 nəfər əhali yaşayır. Rayon mərkəzindən 14 kilometr məsafədə yerləşən nümayəndəliyin ərazisində iki müasir tipli məktəb, iki körpələr evi-uşaq bağçası, iki kitabxana, iki klub, bir poçt binası, bir həkim məntəqəsi, bir feldşer-mama məntəqəsi və bir elektron ATS fəaliyyət göstərir”.

Əvvəlki illərdə olduğu kimi, keçən il də kənddə bütün sahələr üzrə uğurlar əldə edilmişdir. Belə ki, kümçülər nəzərdə tutulduğundan çox - 326 kiloqram barama təhvil vermişlər. Kənddə tütünçülük də inkişaf etdirilir. Keçən il 4 hektar sahədə tütün əkən təsərrüfat sahibləri 7000 kiloqram məhsul toplayaraq Şəkidəki Tütün Kombinatına təhvil vermişlər. Yaxın zamanlarda qurudulmuş daha 2 ton tütünün təhvil verilməsi nəzərdə tutulur. Kənddə heyvandarlıq da inkişaf edir. Cari ilin əvvəlinə olan məlumata görə, kənddə 700 qaramal, 3200 başdan çox davar var.

Məlum olduğu kimi, ərazisinin bir hissəsi Ermənistanla həmsərhəddə yerləşdiyi və torpaqların bir hissəsi işğal altında olduğu üçün kənddə torpaq islahatı aparılmamışdır.

Buna görə də torpaq sahələri kənd əhalisinə müvəqqəti istifadə üçün icarəyə verilmişdir. Dəmyə şəraitində yerləşdiyindən həmin sahələrdən ancaq taxılçılıq və təbii biçənək kimi istifadə edilir. Keçən il taxılçılar cari ilin məhsulu üçün 268 hektarda buğda, 132 hektarda arpa, 36 hektarda vələmir, 20 hektarda yonca əkmişlər. Eyni zamanda kənd ərazisindən kartof əkini üçün Qazax Konserv zavoduna 100 hektar sahə ayrılmışdır. Bu sahələrin əkilib-becərilməsində əsas işçi qüvvəsi kənd sakinləridir.

Kəndin məhsul istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsindən subsidiyalar ödənilir. Təkcə keçən il 200 ailəyə 40,3 min manatdan çox vəsait verilmişdir.

Rayon rəhbərliyi tez-tez kənddə olur, mövcud problemlərin həlli üçün tədbirlər görür. Bu yaxınlarda keçirilən görüş zamanı sakinlərin ərazidən məişət tullantılarının götürülməsi barədə təkliflərinə qayğı ilə yanaşılmış və qısa vaxt ərzində məsələ öz həllini tapmışdır.

Kəndin su problemi də həll olunub. Belə ki, Cəfərli kəndinin aşağı hissəsində yerləşən artezian quyusunun yanında qurulmuş nasoslarla kənddəki bütün evlərə gündəlik içməli su verilir. Rayon rəhbərliyinin dəstəyi ilə ən hündür yerdə tutumu 25 ton olan 2 dəmir çən quraşdırılmış və həmin çəndən bütün evlərə su xətti çəkilmişdir. Evlərə gedən dəmir borular polietilen borularla əvəz edilmişdir. Bu yaxınlarda kənddə, həmçinin bir artezian quyusu qazılaraq istifadəyə verilmişdur. Yaxın zamanlarda isə daha bir artezian quyusunun qazılmasına hazırlıq işləri görülür. Bunlardan əlavə, 8 ailəyə həyətlərini suvarmaq üçün borular verilmişdir.

Kəndin elektrik enerjisi ilə təminatında da bir sıra yenilənmə işləri aparılır. Hazırda Cəfərli və Bala Cəfərli kəndlərində elektrik təchizatı sistemində yenilənmə işlərinə başlanılmışdır. Artıq Cəfərlidə bu iş başa çatdırılmış, Bala Cəfərlidə isə SİP kabelləşmə davam etdirilir. Kabelləşməsi başa çatmış evlərdə köhnə tipli elektrik sayğacları yeniləri ilə əvəz olunmuşdur.

Ümumiyyətlə, kənd sakinlərinin bütün problemləri vaxtında həll edilir. Yalnız keçən il 24 evin dam örtüyü dəyişdirilmiş, 16 ailəyə birdəfəlik maddi yardım olunmuşdur. Cəfərli kəndinin sakini, şəhid anası Sədaqət Almazovanın həyətinə hasar çəkilməsi üçün 1600 mişar daşı, 30 kisə sement və bir maşın qum verilmişdir. I qrup əlil Məmməd Qarasaqqalov isə evinin təmiri üçün 3 qapı, 20 kisə sement və bir maşın qumla təmin edilmişdir. Eyni zamanda Bala Cəfərli kəndində yaşayan hər bir ailəyə 250 kiloqram toxumluq buğda və xeyli gübrə verilmişdir.

Qeyd edək ki, kənd əhalisinin uzun illər həsrətində olduğu yol problemi də həll edilmişdir. Ölkə başçısının sərəncamına əsasən, ayrılmış vəsait hesabına kəndarası yollar təmir olunmuşdur.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video