01 Fevral 2020 03:27
838
MSK
A- A+

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 yanvar 2020-ci il tarixli 39 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


QƏRAR № 18/112


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Baxşəliyev Ərəstun Əli oğlu, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Əhmədli Dadaş Rəşid oğlu və digərləri 28 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək seçkiqabağı təşviqatın aparılması zamanı qanun pozuntularının baş verdiyini iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Ərizəçilər müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairələri üzrə seçkiqabağı təşviqat Bərdə rayonunun yerli icra və bələdiyyə qurumlarının, rayon təhsil və səhiyyə şöbələri rəhbərliyinin müdaxiləsi ilə həyata keçirilməklə digər qeydə alınmış namizədlər F.V.Yıldırımın və Z.M Orucun xeyrinə aparılır.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Müraciətdə göstərilən halların tam, hərtərəfli və obyektiv araşdırılması, iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi və müraciətə əlavə olunmuş video materialların Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən mətbuat qrupu təmsilçilərinin iştirakı ilə birgə araşdırılması məqsədi ilə araşdırma müddəti Mərkəzi Seçki Komissiyasının 17/108 saylı qərarı ilə artırılmışdır.

Araşdırma ilə əlaqədar müvafiq sənəd və izahatlar adıçəkilən dairə seçki komissiyalarından tələb edilərək nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, həmin seçki dairələrində qeyd edilən vəzifəli şəxslərin müdaxiləsi ilə seçkiqabağı təşviqatın aparılması halları baş verməmişdir. Həmçinin, mübahisələndirilən hallar üzrə Bərdə Rayon İcra Hakimiyyəti başçısının Mollalı kənd ərazi inzibati vahidi üzrə nümayəndəsi T.K.Qənbərovdan, Məmmədli kənd ərazi inzibati vahidi üzrə nümayəndəsi V.K.Nuriyevdən, Soğanverdilər kənd ərazi inzibati vahidi üzrə nümayəndəsi R.R.Ələsgərovdan, Mustafaağalı kənd ərazi inzibati ərazi vahidi üzrə nümayəndəsi Q.H.Zeynalovdan, Mehdikəlilli kənd ərazi inzibati vahidi üzrə nümayəndəsi B.Ə.Abdullayevdən, Mircəfərli kənd ərazi inzibati vahidi üzrə nümayəndəsi M.Ə.Əzizovdan, Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi Ə.M.Rüstəmovdan, Bəciravan kənd ərazi inzibati vahidi üzrə nümayəndəsi F.H.Süleymanovdan, Bərdə Rayon Təhsil Şöbəsinin müdiri R.Y.Şərifovdan, Mərkəzi Rayon Xəstəxanasının direktoru N.F.Mehdizadədən, Mustafaağalı bələdiyyəsinin sədri E.Y.Vəliyevdən, Soğanverdilər bələdiyyəsinin sədri H.M.Məmmədovdan, Məmmədli bələdiyyəsinin sədri P.Y.Tağıyevdən, Mollalı bələdiyyəsinin sədri S.M.Çıraqlıdan, Qaradağlı bələdiyyəsinin sədri M.B.İsgəndərovdan, Mircəfərli bələdiyyəsinin sədri N.V.Alıyevdən, Tağlılar bələdiyyəsinin sədri A.M.Ağayevadan, Bəciravan bələdiyyəsinin sədr müavini R.B.Bəylərovdan, Mustafaağalı kənd tam orta məktəbinin direktoru A.C.Məmmədovadan, Məmmədli kənd tam orta məktəbinin direktoru E.Y.Cəfərlidən, Mollalı kənd tam orta məktəbinin direktoru H.Ə.Əzimovdan, Soğanverdilər kənd tam orta məktəbinin direktoru V.M.Süleymanovdan, Mustafaağalı kənd tam orta məktəbinin müəllimləri K.M.Hüseynovadan, N.M.Hüseynovdan, T.N.Məmmədovadan, Məmmədli kənd tam orta məktəbinin müəllimləri K.Q.Əliyevdən, R.Ə.Əliyevdən, F.M.Gülməmmədovdan, Mollalı kənd tam orta məktəbinin müəllimləri N.Q.Ağayevadan, K.Ə.Zeynalovadan, E.H.Əzimovdan, Bəcirəvan kənd sakinləri M.M.Abdullayevdən, Ə.R.Səfərovdan, Ü.A.Hüseynovdan, qeydə alınmış namizədlər Q.V.Məmmədovdan, A.V.Vəliyevdən, Q.Q.Quliyevdən, X.H.Həsənovadan, G.X.Əsədovdan, X.Y.Əhmədovadan, Z.M.Fətəliyevdən alınmış izahatlarla iddia edilən pozuntular təsdiqini tapmamışdır.

93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairələrindən daxil olmuş arayışlara əsasən müəyyən edilir ki, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən həmin seçki dairələri üzrə seçkiqabağı təşviqatın aparılması üçün qapalı və açıq yerlər ayrılmış, istifadə üçün namizədlərə bərabər şərait yaradılmışdır. Ərizəçilər tərəfindən seçkiqabağı təşviqatın aparılması zamanı hər hansı bir formada onlara maneəçilik törədilməsi və müdaxilə edilməsi barədə dairə seçki komissiyalarına müraciət edilməmişdir.

Müraciətə əlavə olunmuş video materialın Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən mətbuat qrupu təmsilçilərinin iştirakı ilə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd F.V.Yıldırım tərəfindən Seçki Məcəlləsinin 88.4.4-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, 23 yanvar 2020-ci ildə Aran TV-də yayımlanmış video süjetdə vətəndaşların müraciətlərinə əsasən Bərdə rayonu Cumalı kənd qəbiristanlığına gedən torpaq yolun hamarlanmasında göstərdiyi köməyə görə kənd sakinləri ona minnətdarlığını bildirirlər. Bununla da seçkiqabağı təşviqatın aparılmasında əvəzsiz xidmətlər göstərməklə seçicilərin ələ alınması kimi pozuntu halının olması müəyyən edilmişdir.

Seçki Məcəlləsinin 113.1-ci maddəsinin tələbinə görə namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir.

Beləliklə, 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd F.V.Yıldırım haqqında yuxarıda qeyd edilən hal istisna olmaqla digər hallar öz təsdiqini tapmamışdır. Həmçinin 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Z.M.Orucun seçkiqabağı təşviqatının aparılması ilə əlaqədar iddia edilən pozuntu halları müəyyən edilməmişdir.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 88.4.4-cü, 112-ci, 112-1-ci, 113.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Baxşəliyev Ərəstun Əli oğlu, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Əhmədli Dadaş Rəşid oğlu və digərlərinin 28 yanvar 2020-ci tarixli 39 saylı müraciəti qismən təmin edilərək 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Yıldırım Fatma Vidadi qızına xəbərdarlıq edilsin, müraciət qalan hissədə əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

31.01.2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video