31 Yanvar 2020 00:54
1040
Səhiyyə
A- A+

Koronavirus dünya gündəmindədir


Quş və donuz qripi, ebola kimi xəstəliklərdən heç də təhlükəli olmayan bu virusa yoluxmaya bilərik


Çindən yayılmağa başlayan koronavirus, deyəsən, insanları, haqlı olaraq qorxutmağa başlayıb. Dünya mediasının gündəmini zəbt edən bu mövzudan yayınmaq mümkün deyil. Amma əsas məsələ bu dəhşətli virusa yaxalanmamaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində keçirilən müşavirədə bununla bağlı qərar qəbul olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi koronavirusla bağlı nəzarət tədbirlərini gücləndirib. Başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Çin Xalq Respublikasından Azərbaycana diri heyvan və heyvan mənşəli, dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb. Azərbaycanın sərhəd-keçid məntəqələri isə koronavirus epidemiyasına görə gücləndirilmiş iş rejiminə keçib.

Səhiyyə naziri Oqtay Şirəliyev respublikada koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının səhiyyə, idarə və müəssisələrinin rəhbərlərinə koronavirus xəstəliyi barədə tibb işçilərinin təlimatlandırılması göstərişi verilib. Eləcə də həmin sənəddə kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə ötürülməsi, şübhəli şəxslərdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması tapşırılır. Bunlardan başqa xəstəliyin simptomatik müalicəsi uçun dərman preparatları ehtiyatının yaradılması, tibb müəssisələrində dezinfeksiya tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi və s. də əmrdə öz əksini tapıb.

Hazırda ölkədə epidemioloji durum ciddi nəzarət altındadır, bu virusa yoluxma və ya şübhəli hal aşkarlanmayıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2012-ci ilin aprel ayından etibarən ilk dəfə Yaxın Şərq ölkələrində respirator sindromlu koronavirus (MERS-CoV) aşkar edilmiş və onun törətdiyi xəstəliyin qeydiyyata alınmasına başlanmışdır. 2015-ci ilin may ayında xəstəliyin Cənubi Koreyada alovlanması baş vermiş və hazırda davam etməkdədir. Ümumilikdə bütün ölkələr üzrə 1,3 min nəfərdən artıq insan bu virusa yoluxub və onlardan 500-ə yaxını dünyasını dəyişib.

Bu gün ölkə vətəndaşlarını düşündürən əsas məsələ koronavirusun Azərbaycana hansı yolla gələ bilməsidir. Azərbaycanın baş infeksionisti Cəlal İsayev bununla bağlı fikirlərini açıqlayarkən deyib ki, Çindəki yeni virusun ölkədə qeydə alınma ehtimalı azdır: "Ancaq bu virus Çinə gedən, ya da oradan qayıdan vətəndaşlar vasitəsilə ölkəyə gələ bilər. Bunun qarşısını almaq üçün aidiyyəti qurumlar müvafiq işlər görür”.

Həkim onu da vurğulayıb ki, hazırda infeksiyalarla bağlı müraciət edənlər arasında ağırlaşma halı qeydə alınmır: "Əgər ağırlaşmalar, yaxud yeni virusun olma şübhəsi yaranarsa, bunun üçün xüsusi ayrılmış palatalar var, vətəndaşların orada yerləşdirilməsi nəzərdə tutulub. Bu palatalar ağır xəstələr üçündür və hazırda boşdur. Əgər şübhə yaranarsa, "103” çağırış xidmətinə zəng edilməli, analiz üçün nümunə götürülməli və Təhlükəli Viruslarla Mübarizə Mərkəzinə göndərilməlidir”.

"Çinlə yanaşı, digər regionlardan da Azərbaycana gələn bütün şəxslər müayinə edilir”, - deyə Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev bununla virusla bağlı açıqlama verərkən bildirib ki, Səhiyyə Nazirliyi Çində aşkarlanan koronavirusla əlaqədar profilaktik tədbirlər hazırlayıb: "Əgər Azərbaycanda xəstəlik aşkar edilərsə, bununla mübarizə aparmaq üçün bütün dərman preparatlarımız var. İnsanlar özlərini qorumalı, xəstə halda iş yerinə və kütləvi yerlərə getməməli, maskadan istifadə etməlidirlər. Çinə gedən vətəndaşların səfərlərini təxirə salmaları tövsiyə olunur. Çindən gələn vətəndaşlarda koronavirus əlamətləri baş verdikdə xüsusi həkim nəzarətində olacaqlar”.

Koronavirusun yayılması ilə əlaqədar bu gün bir çox ölkələr Çinlə əlaqələrini müvəqqəti olaraq dayandırıb.

Səhiyyə Nazirliyi Çin restoranlarına gedilməməsi haqqında əhaliyə xəbərdarlıq edib. Nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva media nümayəndələrinə açıqlamasında deyib ki, insanlar bir müddət Çin restoranlarına getməsinlər: "Ümumiyyətlə, Çin qidalarından istifadə etməsinlər. Koronavirus barədə geniş araşdırmalar aparılanadək bu restoranlara getmək məsləhət deyil. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükənin olmaması barədə məlumat veriləndən sonra insanlar rahat şəkildə bu restoranların xidmətlərindən istifadə edə bilərlər”.

Qeyd edək ki, Çin restoranlarında hazırlanan təamlar üçün lazım olan məhsullar məhz həmin ölkədən gətirilir. Belə olan halda əhalinin sağlamlığı üçün həmin restoranlara vəziyyət sakitləşənə qədər gedilməməsinin tövsiyə edilməsi ekspertlər tərəfindən müsbət qarşılanır.

Çin restoranlarında çalışanlar isə iddia edirlər ki, son günlər Çində yayılan və insanların ölümünə səbəb olan koronavirusla bağlı Azərbaycandakı restoranların sahibləri oradan məhsul gətirməyi dayandırıblar. Onlar məhsulları Avropadan və ya Bakının özündən aldıqlarını bildirirlər.

Son məlumatlara görə, Çində yeni koronavirusa yoluxanların sayı 7711 nəfərə çatıb və onlardan 170-i dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı əhaliyə tövsiyələr hazırlayıb. Bir sözlə, mümkün olan bütün işlər görülüb. Mütəxəssislərin sözlərinə görə, koronavirus quş və donuz qripi, ebola kimi xəstəliklərdən heç də təhlükəli deyil. Sadəcə, onlarla müqayisədə, hələlik yeni və anlaşılmazdır. Qorxu və təlaşı kənara qoyub bacardığımızı etməliyik. Əlbəttə, ehtiyatlı olsaq, koronavirus da bizdən ötüb keçəcək.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video