29 Yanvar 2020 17:19
499
CƏMİYYƏT
A- A+

Tibbi ərazi bölmələri təsdiq edilib

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri”ni təsdiq edib. Tibbi ərazi bölməsi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılıb. Tibbi ərazi bölmələrinin inzibati ərazi vahidləri üzrə bölgüsü əhalinin sayı, coğrafi ərazi, nəqliyyat infrastrukturu, tibb müəssisələrinin şəbəkəsi və potensialı, həkim və orta tibb işçilərinin sayı nəzərə alınmaqla formalaşdırılıb.

Bu barədə AZƏRTAC-a agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Agentlik tərəfindən ümumilikdə 13 sayda tibbi ərazi bölməsi müəyyənləşdirilib. Bir tibbi ərazi bölməsinə bir neçə şəhər/rayon üzrə dövlət tibb müəssisəsi daxil edilib.

Həmçinin 3 tibbi ərazi bölməsi istisna olmaqla, digərləri üzrə regionlararası dövlət tibb müəssisələri də müəyyənləşdirilib. Məqsəd tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etməkdir. Bakı, Sumqayıt və Gəncə şəhəri tibbi ərazi bölmələri üzrə müəyyənləşdirilmənin aparılmamasının səbəbi dövlət tibb müəssisələrinin sayının çox olmasıdır.

Müştərək maliyyələşmə məbləğinin ödənilməsi zamanı sığortaolunanın qeydiyyatda olduğu inzibati ərazi və müraciət etdiyi tibb müəssisəsinin yerləşdiyi tibbi ərazi bölməsi nəzərə alınır. Xatırladaq ki, tibbi xidmətin tarifinin sığorta hadisəsi zamanı sığortaolunan tərəfindən ödənilməli olan müəyyən hissəsi müştərək maliyyələşmə məbləğidir. Müştərək maliyyələşmə məbləği ixtisaslaşdırılmış ambulator tibbi yardım və stasionar tibbi yardım xidmətlərə görə müraciət zamanı xidmətlər zərfində müəyyən edildiyi şərtlərə riayət edilmədiyi hallarda bütün sığortaolunanlara şamil edilir. Müştərək maliyyələşmə məbləğinin ödənilməsi şərtləri xidmətlər zərfi ilə müəyyən edilir və tibb müəssisəsinə birbaşa ödənilir. Müştərək maliyyələşmə məbləğinin tətbiqinə 2020-ci il aprelin 1-dən başlanılacaq.

Ambulator və stasionar şəraitdə göstərilən xidmətə tətbiq edilən müştərək maliyyələşmə məbləği aşağıdakı qaydada ödənilir:

İnzibati ərazi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan yaşayış və ya olduğu yer üzrə qeydiyyatda olduğu inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə görə müraciət etdikdə hər bir sığorta hadisəsi üzrə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, siz Şəki şəhərində qeydiyyatdasınız. Ailə həkiminə müraciət etmədən birbaşa Şəki şəhərində yerləşən tibb müəssisəsinə ixtisas həkiminə müraciət edirsiniz. Xidmətlər zərfində müəyyən edildiyi şərtlərə riayət etmədiyinizə görə, tibb müəssisəsinə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməli olacaqsınız.

Tibbi ərazi bölməsi daxilində: Vətəndaş ailə həkiminin göndərişi olmadan tibbi ərazi bölməsi daxilində digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 5 (beş), stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30 (otuz) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, Qaxda qeydiyyatda olan vətəndaş ailə həkiminə müraciət etmədən Şəkidə yerləşən tibb müəssisəsinə (ixtisas həkiminə) gəldikdə hər sığorta hadisəsinə görə ambulator şəraitdə 5 (beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Müayinənin nəticəsi olaraq ixtisas həkiminin göndərişi əsasında stasionar şəraitdə göstərilən tibbi xidmətlərə görə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 30 (otuz) manat müştərək maliyyələşmə məbləği ödəməlidir.

Tibbi ərazi bölməsindən kənarda: Vətəndaş ailə həkiminin göndərişi olmadan qeydiyyatda olduğu tibbi ərazi bölməsindən kənarda, yəni icbari tibbi sığorta tətbiq olunan digər inzibati ərazidə yerləşən tibb müəssisəsinə ambulator şəraitdə göstərilən tibbi xidmətə müraciət etdikdə hər bir sığorta hadisəsinə görə 15 (on beş) manat, stasionar şəraitdə göstərilən xidmətin alınması üçün müraciət etdikdə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 (doxsan) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Məsələn, Şəkidə qeydiyyatda olan vətəndaş ailə həkiminə müraciət etmədən Şamaxıda yerləşən tibb müəssisəsinə (ixtisas həkiminə) gəldikdə hər sığorta hadisəsinə görə ambulator şəraitdə 15 (on beş) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Müayinənin nəticəsi olaraq ixtisas həkiminin göndərişi əsasında stasionar şəraitdə göstərilən tibbi xidmətlərə görə 100 (yüz) manatdan artıq olan hər bir sığorta hadisəsinə görə 90 (doxsan) manat müştərək maliyyələşmə məbləği ödəməlidir.

Eyni zamanda, vətəndaş ambulator şəraitdə göstərilən bütün maqnit rezonans və kompüter tomoqrafiyası xidmətlərinə görə hər sığorta hadisəsinə görə 20 (iyirmi) manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunana bütün tibbi xidmətlər həkimin (ixtisaslı həkim, ailə həkimi, sahə-terapevti, sahə-pediatrı) göndərişi əsasında həyata keçirilir. Həkim müayinəsindən keçmədən göstərilən bütün laborator və diaqnostik xidmətlər icbari tibbi sığorta təminatı çərçivəsində qarşılanmır və vətəndaşın vəsaiti hesabına ödənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video