29 Yanvar 2020 01:15
3183
SİYASƏT
A- A+

32 görüş, 12 yeni mərkəzin açılışı, 8 səfər, 3 ali mükafat


Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildəki geniş ictimai-siyasi fəaliyyəti ilə ölkənin hərtərəfli inkişafına mühüm töhfələr verib


2019-cu il ölkəmiz üçün hərtərəfli uğurlu il oldu desək, yanılmarıq. Ölkənin sosial-iqtisadi həyatında, eləcə də daxili və xarici siyasətdə mühüm nailiyyətlərin əldə edilməsi, mütərəqqi islahatların gerçəkləşməsi bunu şərtləndirən reallıqdır.

Bütün bu proseslərin uğurla reallaşmasında Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışan, onun ən yaxın silahdaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Ulu Öndər Heydər Əliyev dövlətçilik kursunun ən fəal təmsilçilərindən olan Birinci vitse-prezident Mehriban Əliyeva 3 ildir ona həvalə edilən məsuliyyətli missiyanın öhdəsindən böyük əzmkarlıqla, layiqincə gəlir və dövlətin müstəqilliyinin möhkəmlənməsində, xarici diplomatiyanın uğur qazanmasında bütün səy və bacarığını ortaya qoyur. Birinci vitse-prezidentin təkcə 2019-cu ildəki fəaliyyətinə nəzər yetirsək, deyilənlərin bir daha şahidi olarıq.


Xarici səfərlər, görüşlər və "Dostluq” ordeni


Uzun müddətdir ölkənin ictimai və siyasi həyatında ən aparıcı simalardan biri kimi tanınan Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Mehriban xanım ölkə xaricində Azərbaycanı ən yaxşı təbliğ edən insanlardan biridir və ictimai-siyasi fəaliyyətinin coğrafiyası kifayət qədər genişdir. Bu da əlbəttə ki, Azərbaycana böyük siyasi və mənəvi dividendlər gətirir.

Bu baxımdan 2019-cu il ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın siyasi karyerasında zənginliyi ilə yadda qaldı. Geniş ictimai-siyasi fəaliyyəti Azərbaycanın həm də dünya dövlətləri ilə etibarlı və strateji tərəfdaşlığına mühüm töhfələr verdi.

Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin tanınması və qəbul edilməsi istiqamətində görülən işlər son dövrlər məhz Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi məqsədyönlü fəaliyyəti nəticəsində daha geniş vüsət alıb.

Ölkənin ali rəhbərliyində təmsil olunması onun xaricdəki fəaliyyətinə də yeni, müsbət çalarlar və dinamizm gətirib. Dünyanın mədəniyyət beşiklərində müxtəlif tədbirlərin təşkili Azərbaycan reallıqlarının təqdimatında xüsusi rol oynayır. UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri olaraq o, dinləri və mədəniyyətləri üz-üzə deyil, yanaşı aparmağın, bununla da tolerantlığın, sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində ölkəmizə və dünyamıza böyük xidmətin örnəyini yaradır.

2019-cu il yanvarın 22-də Mehriban Əliyeva Prezident İlham Əliyevlə birgə İsveçrə Konfederasiyasında səfərdə olub. Birinci vitse-prezident Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: "Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada iştirak edib.

Martın 11-də Fransaya səfər edən Birinci vitse-prezident burada həm hökümət, həm də beynəlxalq şirkət rəhbərləri ilə mühüm görüşlər keçirib. Parisdə Fransanın Baş Naziri Eduard Filip ilə təkbətək görüş, Fransa Senatının sədri Jerar Larşe, Fransanın birinci xanımı Brijit Makron, sabiq Prezident Nikola Sarkozi, Fransa Milli Assambleyasının sədri Rişar Ferran, Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə danışıqlar aparıb.

Həmçinin Birinci vitse-prezident "Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild, "Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali və Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə görüşüb. Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Riyester ilə birgə Orsey muzeyini ziyarət edib. Səfər zamanı Azərbaycan-Fransa sənədləri imzalanıb.

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiyasında rəsmi səfərdə olub. Həmin gün Rusiya Hökumətinin sədri Dmitri Medvedev ilə görüşən Mehriban xanım "Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşdə isə Azərbaycan-Rusiya dövlət başçıları arasındakı dostluq münasibətləri, iki ölkənin strateji tərəfdaşlığı, iqtisadi, humanitar əlaqələri geniş müzakirə mövzusu olub.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasındakı münasibətlərin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Əliyevanı avqustun 13-də imzaladığı fərmana əsasən "Dostluq” ordeni ilə təltif etmişdi. Bu görüşdə Rusiya Prezidenti "Dostluq” ordenini Azərbaycanın Birinci vitse-prezidentinə təqdim etdi. Bu, əlbəttə ki, dünyada ən işgüzar birinci xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə verilən növbəti böyük dəyər idi. Birinci vitse-prezident mükafatı belə dəyərləndirdi: "Rusiya Federasiyasının Prezidentindən bu cür qiymət eşitmək mənim üçün böyük şərəfdir. Çox şadam ki, bizim strateji tərəfdaşlığın möhkəmləndirilməsi işinə mənim də cüzi töhfəm var”. Həqiqətən də Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rol oynayan Mehriban xanım genişmiqyaslı fəaliyyəti ilə dövlətlərarası dostluq münasibətlərinin möhkəmlənməsinə daim mühüm töhfələr verir.

Rusiyaya səfəri çərçivəsində Mehriban Əliyeva, həmçinin Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə birgə şam etdi. Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimində və X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etdi. Birinci vitse-prezident Rusiyaya rəsmi səfəri çərçivəsində noyabrın 24-də Dövlət Tretyakov Qalereyasında və Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi ilə tanış oldu.

Azərbaycanın dünyada tanıdılması işində Mehriban Əliyeva amili çox mühüm əvəzsiz rola malikdir. Erməni lobbisinin və antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı yaratdığı mənfi stereotiplərin dağıdılması, Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Birinci vitse-prezidentin milli maraqlarımıza əsaslanan tutduğu yol bu gün ölkəmizin dünyada sülhün və firavanlığın carçısı kimi tanınmasında da çox böyük rol oynayır.


Beynəlxalq əlaqələrə mühüm töhfə


Digər illərdə olduğu kimi, 2019-cu ildə də Azərbaycanda böyük konfranslar, forumlar keçirildi. Ölkəmizə 40-a yaxın dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların rəsmiləri təşrif buyurdular. Bütün bunlar Azərbaycanın beynəlxalq əlaqələrinə mühüm töhfə verdi.

Elə bunun nəticəsidir ki, getdikcə ölkəmizdə xarici ölkələrin səfirliklərinin sayı artmaqdadır. Bu gün Azərbaycanda 65 diplomatik nümayəndəlik, 13 beynəlxalq təşkilat və 4 baş konsulluq fəaliyyət göstərir. Bu ölkələrlə Azərbaycan qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq qurub və bu əlaqələr inkişaf etdirilir. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.

Ötən il Birinci vitse-prezident ölkəmizə gələn dövlət rəsmiləri, beynəlxalq təşkilat rəhbərləri ilə br çox görüşlər keçirib. Mehriban xanım Əliyeva UNESCO-nun Baş direktoru xanım Odri Azule, BMT Baş katibinin müavini Liu Cenmin, Bakıda səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili, Ukraynanın birinci xanımı Yelena Zelenskaya, Fransanın sabiq Prezidenti Nikola Sarkozi, Prezident İlham Əliyevlə birgə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə, eləcə də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson (2 dəfə), İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.

Bununla yanaşı, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gələn Fransanın Arktika və Antarktika məsələləri üzrə beynəlxalq danışıqlara məsul səfiri, sabiq ekologiya, dayanıqlı inkişaf və energetika naziri xanım Mari-Seqolen Ruayal və Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüş keçirib.

Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova ilə görüşüblər. Azərbaycanla Rusiya arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Aleksandrovna Viner-Usmanova cənab İlham Əliyevin Sərəncamına əsasən "Dostluq” ordeni ilə təltif edilib. Dövlət başçısı ordeni İrina Viner-Usmanovaya təqdim edib.

Noyabrın 14-15-də Bakıda Dünya Dini Liderlərinin II Sammiti keçirilib. Mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.

Ümumiyyətlə, ölkə liderinin qətiyyətli siyasi iradəsi, Birinci vitse-prezidentin yüksək dövlətçilik təfəkkürü ilə milli-mənəvi dəyərlərə verilən önəm sayəsində bəşəri birliyə xidmət edən multikulturalizm, İslam həmrəyliyi kimi ideyaların reallaşması istiqamətində uğurlu addımlar atılır və bu addımlar beynəlxalq aləmdə böyük siyasi-mənəvi rezonans yaradır.

Keçirilən bütün görüşlər Azərbaycanın beynəlxalq uğurlarını artırdı, getdikcə şaxələnən münasibətlərinə müsbət töhfəsini verdi. Birinci vitse-prezidentin söylədiyi kimi, ölkələr və xalqlar arasında səmimi münasibətlərin formalaşmasında humanizm, xeyirxahlıq, insanlıq diplomatiyasını heç bir şey əvəz edə bilməz.


Gəncə, Şamaxı, İsmayıllıda yeni obyektlərin açılışı


Prezident İlham Əliyevlə birgə daxili və xarici səfərlərdə iştirak edən ölkənin birinci xanımı Mehriban Əliyeva Birinci vitse-prezident kimi respublikada müxtəlif obyektlərin açılışında iştirak edib, Bakıda və bölgələrdə vətəndaşlarla səmimi görüşlər keçirib, fikirlərini dinləyib, problemləri ilə maraqlanıb.

Fevral ayının 14-də Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərinə səfər ediblər. Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzindəki abidəsini ziyarət etdikdən sonra Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb, 18 nömrəli tam orta məktəbə, uşaq evinə, 32 nömrəli körpələr evi-uşaq bağçasına və Mir Cəlal Paşayevin ev-muzeyinə baş çəkib. Həmçinin Birinci vitse-prezident və Leyla Əliyeva Gəncədə "İmamzadə” dini kompleksini ziyarət edib, "Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşüblər.

Martın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Şamaxı səfəri zamanı Mehriban xanım Əliyeva fevralın 5-6-da burada baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanış olub, Saray nənə üçün 1 aya tikilən yeni mənzilə baş çəkiblər.

Sentyabrın 14-də Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı və İsmayıllı rayonlarında səfərdə olub. Birinci vitse-prezident və qızı Leyla Əliyeva Şamaxının Məlikçobanlı kəndində yeni tikilmiş Gülağa Ağayev adına tam orta məktəbin, İsmayıllı şəhərinin Vahab Osmanov küçəsində inşa olunan yeni uşaq bağçasının, İsmayıllının İvanovka kəndindəki Mədəniyyət Sarayının açılışlarında iştirak ediblər. Şamaxı Cümə məscidini ziyarət edən Mehriban xanım həmçinin şəhərin Şirvanşah İbrahim küçəsi, 26 ünvanında yaşayan Hicran İsmayılovaya məxsus, bu il fevralın 5-də və 6-da baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub. Eyni zamanda Muğanlı kənd sakini Zamiq Səfərova məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa olunan evə baxıb.

Zəlzələ İsmayıllı rayonuna da ziyan vurmuşdu. Dövlət başçısı bu rayonda da zəlzələnin ziyan vurduğu evlərin bərpası ilə bağlı tapşırıqlarını vermişdi. Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfəri çərçivəsində Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən yeni evdə olub, burada yaradılan şəraitlə maraqlanıb.

Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalamışdı. Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar müvafiq tədbirlər planı hazırlandı, il ərzində ölkəmizdə və xaricdə silsilə tədbirlər keçirildi.

Dekabrın 6-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə ağacəkmə kampaniyası keçirildi. Bir gündə ölkədə 650 min ağac əkildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nəsiminin vətəni Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak etdilər.

Ötən ilin iyun ayının 12-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı şəkildə təmir və bərpa olunan Abşeron rayonunda "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışında iştirak ediblər.


Ulu Öndərin siyasi irsinin ən layiqli təbliği


Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirildi.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvlərinin iştirak etdiyi mərasimdə dövlət başçısı geniş nitq söyləyərək Ulu Öndərin Azərbaycan üçün unudulmaz siyasi fəaliyyəti və adını daşıyan fondun bu müddət ərzində gördüyü işlərdən söz açdı. Bildirdi ki, bu müddət ərzində fond bir çox sahələrdə - mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər görüb. Təhsil sahəsində "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkə miqyasında geniş vüsət aldı və ondan sonra dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikildi, təmir edildi.

"Fond səhiyyə sahəsində çox böyük işlər görür və bir çox hallarda bu işlər haqqında heç məlumat da verilmir. Yəni ictimaiyyət bəlkə də məlumatlı deyil ki, nə qədər böyük işlər görülür, nə qədər insana kömək göstərilir, nə qədər insanı - uşağı, xəstəni fondun xətti ilə aparılan müalicə normal həyata qaytarıb. Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir. Mən fondun əməkdaşlarını əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm və eyni zamanda bildirmək istəyirəm ki, fond Ulu Öndərin siyasi irsini təbliğ etmək üçün də böyük işlər görür”.


Uşaqların, kimsəsizlərin ən böyük hamisi


Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində dövlət çox mühüm layihələr həyata keçirir.

Heydər Əliyev Fondunun fəaliyyətində də yeni körpələr evi, uşaq bağçalarının inşası, mövcud olanların isə yenidən qurulması əsas yer tutur. Bütün bunlar sübut edir ki, fond gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir. Mehriban xanım Əliyeva uşaqların təhsil aldıqalrı bu müəssisələrə dəfələrlə baş çəkib, yaradılan şəraitlə maraqlanıb.

2019-cu ildə Birinci vitse-prezident Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Daxili İşlər Nazirliyinin Xətai rayonundakı 6 saylı uşaq bağçasının, Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçasının, Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının, Xəzər rayonunun Binə qəsəbəsində "Ümid yeri” uşaq sığınacağının yeni inşa olunan binasının və Uşaq Psixonevroloji Mərkəzinin yeni korpusunun açılışlarını edib.

Həmçinin Mehriban xanım Əliyeva ötən il Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində, Buzovnadakı 229 saylı uşaq bağçasında, Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbdə, Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində, Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində, Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında, Nərimanov rayonundakı "Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində olub.

Mütəmadi olaraq körpələr evinə, uşaq bağçalarına, reablitasiya mərkəzlərinə, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkən Mehriban Əliyeva onlar üçün təşkil olunan müxtəlif əyləncə və istirahət proqramlarında iştirak edir. Həmçinin uşaqların tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verir.


Əsgər anası


İyul ayında Birinci vitse-prezident əsgər anası kimi Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Sərəncamına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimində iştirak etdi.

Bu günün Dövlət Təhlükəsizliyi Xidmətinin Əlahiddə Alayının şəxsi heyəti üçün əlamətdar gün olduğunu deyən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev həqiqi hərbi xidməti başa vuran əsgərləri və onların valideynlərini təbrik etdi, hərbi xidmət zamanı əsgərlərin hərbin sirlərinə dərindən yiyələndiklərini vurğuladı. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrin bütün qoşun növlərində olduğu kimi, bu hərbi hissədə də xidmətin yüksək tələblər səviyyəsində təşkili üçün hərtərəfli şəraitin yaradıldığını bildirdi.

Əsgərlərin təntənəli marşla addımlamasından sonra Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak edən valideynlərlə görüşdü, onlarla söhbət etdi.


Doğum gününü məcburi köçkünlərlə birgə keçirdi


Şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını özünün həyat kredosuna çevirmiş Mehriban xanım Əliyeva gördüyü işlərlə cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilib.

Xüsusən də qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətindəki fəaliyyətinə nəzər yetirsək görərik ki, Mehriban xanım Əliyevanın bu istiqamətdə misilsiz xidmətləri var. Elə 2017-ci ildə Birinci vitse-prezident təyin olunduqdan sonra keçirdiyi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məsələsinə həsr edən Mehriban xanım Əliyevanın 2019-cu ilin avqustun 26-da, məhz doğum günündə bir qrup məcburi köçkünlə görüşməsi də bunu təsdiqləyən reallıqdır.

Ümumiyyətlə, 2003-cü ildən bugünədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Ölkənin müxtəlif yerlərində qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 106 qəsəbə və şəhərcik salınıb. 106-cı "Qobu Park-2” yaşayış kompleksidir. Bu kompleksin inşası Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Yəni bu istiqamətdə atılan mühüm addımlardan danışarkən Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri də vurğulamaq lazımdır. Artıq Bakının Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binaları da istifadəyə verilib. Oktyabrın 8-də isə "Qobu Park-2” yaşayış kompleksinin açılışı olub. Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə keçirilən mərasimdə qeyd edildi ki, təməli 2018-ci ilin sentyabrında qoyulan bu kompleksdə, ümumilikdə, onmərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə eyni zamanda istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də 3 idman meydançası inşa olunub. Bir sözlə, burada sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub.

Doğum günündə Birinci vitse-prezident və qızı Leyla Əliyeva həmçinin Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olublar. Mehriban Əliyeva əvvəlcə burada sağlamlığı məhdud insanların yaşayışı ilə maraqlandı, onlarla söhbət etdi. Müəssisə sakinləri ilə görüşdə ahıl insanlar dövlətin onlara diqqət və qayğısından razılıqlarını bildirdilər, rahat yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğuladılar. Qeyd olundu ki, müəssisənin sakinləri arasında yaradıcı insanlar, müxtəlif sənət sahibləri var. Burada yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün mütəmadi olaraq konsertlər, bayram şənlikləri təşkil olunur.

Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 235 nəfər yaşayır. Azərbaycan dövləti tərəfindən yaşlı nəslə xüsusi diqqət və qayğı göstərilir. Dövlətimiz onların ən böyük himayəçisidir. Ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə ölkəmizdə davamlı tədbirlər həyata keçirilir.

Həmin gün Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bibiheybət ziyarətgah kompleksini də ziyarət etdilər və onlara məsciddə müqəddəs "Qurani-Kərim” hədiyyə olundu.


Hərbçilər hər zaman diqqət mərkəzində


Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirib.

2017-ci ildə fondun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Belə ki, aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək onlar üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib.

Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.

Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili fondun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə, layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini davam etdirir.

2019-cu il aprelin 3-də fond tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşən Birinci vitse-prezident səmimi söhbət zamanı bildirib ki, onlar hər bir insan üçün çox dəyərli olan sağlamlıqlarını Vətən, torpaq yolunda qurban veriblər. Güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatlarını qurban verməyə hazır olublar: "Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var. Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq”.


Uğurlu fəaliyyət, qazanılan nailiyyətlər


Aprelin 26-da Birinci vitse-prezident Mehriban Əliyeva "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış oldu.

Birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Birinci vitse-prezident burada aparılan işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Martın 29-da Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşdü. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu söyləyən Mehriban xanım Əliyeva vurğulayıb ki, əsrlərboyu burada müxtəlif dinlərin və millətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayıblar.

Minilliklərlə formalaşan bu tolerantlıq və multikulturalizm ənənələri bu gün də Azərbaycan dövlətinin siyasətində öz əksini tapır və hər bir azərbaycanlının qəlbində yaşayır: "Mən əminəm ki, siz Azərbaycanın ən böyük sərvəti olan insanlarımızın qonaqpərvərliyini, istiqanlılığını, səmimiliyini, insansevərliyini hiss etmisiniz. Ümidvaram ki, siz ölkəmizi tərk etdikdən sonra da Azərbaycan sizin qəlbinizdə xoş anlarla, sevinc dolu xatirələrlə yaşayacaq və yenidən ölkəmizə səfər etməyi unutmayacaqsınız”.

İyunun 24-də Bakıda dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi BMT və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə keçirdiyi BMT-nin Dövlət Xidmətləri Forumunda ölkəmiz mükafatlandırıldı. Tədbirdə çıxış edən BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cen Min ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etdi.

İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirildi. Sessiyanın qərarına əsasən, Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bundan əvvəl UNESKO-nun Ümumdünya İrs Siyahısına "İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, "Qobustan Qaya Sənəti Mədəni Landşaftı”, Qeyri-Maddi Mədəni İrs Siyahısına isə xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi daxil olunmuşdu.

Birinci vitse-prezident oktyabrın 1-də Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşərək müğənniyə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim etdi.

Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 25-də Heydər Əliyev Mərkəzində olublar. Sərgilərlə tanışlıqdan sonra keçirilən görüşdə Qoşulmama Hərəkatının əhəmiyyətinə toxunan Birinci vitse-prezident Mehriban Əliyeva vurğulayıb ki, BMT-yə üzv dövlətlərin üçdəiki hissəsini özündə birləşdirən Qoşulmama Hərəkatının Bakı Zirvəsi hərəkatın gələcək inkişafına və üzv dövlətlərin münasibətlərinin həmrəylik və qarşılıqlı anlaşma ruhunda möhkəmlənməsinə mühüm və fərqli töhfəsini verəcək.

Ötən il Mehriban xanım Əliyeva həmçinin dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılmasına və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Bəstəkarlar İttifaqının təsis etdiyi "Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edildi.

Birinci vitse-prezident dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub, onun səhhəti ilə maraqlanıb və hər zaman istənilən köməyə hazır olduğunu söyləyib.


Ölkəmizi yeni qələbələr və yeni nailiyyətlər gözləyir


İlin son tədbirini, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramının sevincini də Birinci vitse-prezident uşaqlarla birgə yaşadı. Dekabrın 30-da həm Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərən Nərimanov rayonundakı autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində, həm də "Buta” sarayında uşaqlarla birgə qeyd etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Reabilitasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən xor kollektivi ilə birgə mahnı ifa etdi. Heydər Əliyev Fondunun uşaqlar üçün ənənəvi olaraq "Buta”da keçirdiyi şənliyə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət almışdılar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak edirdilər.

Şənlikdə çıxış edən Mehriban Əliyeva il əlzində qazanılan uğurlardan danışaraq dedi ki, yeni il, eyni zamanda yeni arzular, yeni hədəflər, yeni imkanlardır. Yeni ildə ölkəmizi yeni qələbələr və yeni nailiyyətlər gözləyir.

Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan ənənəvi bayram şənliyi yüzlərlə uşağa böyük sevinc payı bəxş etdi.

Göründüyü kimi, bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzər-diqqətindən kənarda qalsın. Onun həyata keçirdiyi təhsil, səhiyyə, mədəniyyət, idman layihələri, qaçqın və məcburi köçkünlərimiz üçün gördüyü işlər, tikinti-abadlıq tədbirləri xalqın fiziki və mənəvi sağlamlığına xidmət edir. Yəni xeyirxahlıq, humanizm, səmimiyyət, insansevərlik, vətəndaş təəssübkeşliyi, Ulu Öndər Heydər Əliyev ideyalarına bağlılıq, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, tariximizin qorunması və təbliği, Azərbaycanın ictimai-siyasi həyatındakı danılmaz xidmətlər və s. bütün bunlar Birinci vitse-prezidentin həyat amalına çevrilib və zaman-zaman bu fəaliyyət daha geniş sahələri əhatə etməkdədir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video