29 Yanvar 2020 01:08
861
İQTİSADİYYAT
A- A+

Azərbaycanda bu il keçən ildəkindən çox mavi yanacaq hasil ediləcək


Prezident İlham Əliyev: "Uzunmüddətli perspektivdə bizim əsas gəlir mənbəyimiz təbii qaz olacaqdır”


Zəngin ehtiyatlara malik olan "Şahdəniz” yatağı Azərbaycanı dünyaya həm də qaz ixrac edən ölkə kimi tanıtdı. 2006-cı ilin sonlarında Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan qazını Gürcüstana çatdırdı. Bundan az sonra qaz həm də Türkiyəyə nəql olunmağa başladı.

CQBK-ya Gürcüstan-Türkiyə sərhədində əlavə bir xətt də qoşulur və bütövlükdə bu marşrut Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. Türkiyə mavi yanacağı Azərbaycandan BTƏ və 2018-ci ilin ortalarından TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) idxal edir. Qeyd edək ki, ötən il Türkiyəyə 9,1 milyard kubmetrdən çox Azərbaycan qazı ixrac olunub.

2019-cu ildə Azərbaycanın xaricə təbii qaz satışının həcmi 11,7 milyard kubmetr təşkil edib. Bu barədə Energetika Nazirliyinin hesabatında məlumat verilir. Hesabatda, həmçinin bildirilir ki, bu həcm 2018-ci ilin ixrac göstəricilərindən 2,1 milyard kubmetr, yəni 22,2 faiz çoxdur.

Gürcüstan Azərbaycan qazını CQBK və Qazıməmməd-Qazax ixrac kəməri vasitəsilə alır. Keçən il bu ölkəyə verilən qazın 1 milyard 176,4 milyon kubmetri CQBK, qalanı Qazıməmməd-Qazax xətti ilə nəql olunub. Hesabat ilində bu boru kəmərləri qonşu ölkəyə 2,4 milyard kubmetrdən çox qaz ixrac edib. Bu, əvvəlki illə müqayisədə ümumilikdə 200 milyon kubmetrdən çoxdur.

Hazırda "Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC-yə), Türkiyə (BOTAŞ-a) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edir. Xatırladaq ki, "Şahdəniz” layihəsində iştirak payları belədir: BP (operator - 28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), "Cənub qaz dəhlizi Apstrim” (6,7 faiz), PETRONAS (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz).

Yataqda hasilat "Şahdəniz Alfa” və "Şahdəniz Bravo” platformalarından həyata keçirilir. Bu qurğuların hasilat gücü gündə 56 milyon (ildə 20 milyard) standart kubmetrdir. 2018-ci il iyul ayının sonunda "Şahdəniz Bravo”dan ilk qazın əldə edildiyi vaxtdan bəri hasilat tədricən artır. Bu il də "Şahdəniz”dən hasil edilən qazın xeyli artacağı gözlənilir.

Yaxın gələcəkdə Azərbaycan digər yataqlardan da mavi yanacaq əldə edəcək. Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycan gələcəkdə qazın ixracından vəsait qazanacaq. Çünki bizim neft yataqlarımız artıq bəllidir. Düzdür, indi xarici şirkətlərlə yeni layihələr işlənilir. Əminəm ki, onlar da imzalanacaq. Artıq imzalanmış layihələrdən də yaxşı nəticələr gözləyirik. Ancaq uzunmüddətli perspektivdə bizim əsas gəlir mənbəyimiz təbii qaz olacaqdır”.

Azərbaycanın bütün qaz ehtiyatlarının işə salınmasında keçən ilin sonunda tam istifadəyə verilmiş TANAP kəmərinin əhəmiyyəti böyükdür. Bu baxımdan kəməri yüksək dəyərləndirən dövlət başçısı keçən ilin dekabr ayında yerli jurnalistlərə müsahibəsində demişdir:

"TANAP imzalanmasaydı, "Şahdəniz-2” də havada qalacaqdı... Bu, imkan verdi ki, "Şahdəniz” qaz-kondensant yatağı tammiqyaslı işlənsin və beləliklə, orada 1 trilyon kubmetrdən çox olan təbii qaz hasil edilsin, nəql edilsin. Əgər TANAP imzalanmasaydı, bu gün artıq hasilata hazırlaşan "Abşeron” yatağı da qalacaqdı. Heç kim oraya vəsait qoymayacaqdı. "Abşeron” yatağından da biz ən azı 300 milyard kubmetr qaz hasilatı gözləyirik”.

Azərbaycan uzun illərdir "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından çıxarılan səmt qazından da bəhrələnir. Belə ki, AÇG-nin səmt qazının çox hissəsi təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilir. 2019-cu ilin ilk üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,7 milyon kubmetrdən çox, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı çatdırılıb. Səmt qazı Səngəçaldan SOCAR-a məxsus kəmərlə nəql olunaraq "Azəriqaz” sisteminə ötürülür. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.

AÇG yataqlarında "dərin qaz” adlandırılan zəngin ehtiyatlar da mövcuddur. Onların da istismarı nəzərdə tutulur. Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan şaxələndirilmiş ixrac infrastrukturu isə, ümumiyyətlə, istismarda olan və perspektiv yataqlardan alınan qaz ehtiyatlarımızın işə salınmasına və bundan ölkəmizin yüksək gəlirlər əldə etməsinə imkan verəcək.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video