28 Yanvar 2020 15:54
572
SİYASƏT
A- A+

Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2020-2021-ci tədris ili üçün kursant qəbulunun qaydaları açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi liseylərdə tədris Azərbaycan dilində olmaqla iki il əyani aparılır.

Liseylərə 2020-ci il sentyabrın 15-dək 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan, qəbul ilində ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.

Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 2020-ci il aprelin 1-dən 30-dək ərizə ilə lisey rəisinə müraciət etməlidirlər. Müraciət üçün tələb olunan sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Namizədlər müraciət etdikləri hərbi liseydə hərbi həkim komissiyasından keçməlidirlər. Bu komissiyadan keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.

Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçən namizədlər internet vasitəsilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edirlər. Sonra həmin şifrə və iş nömrəsi ilə hərbi liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq etdirirlər. Namizədlər qəbul imtahanlarının başlama tarixinə 3-5 gün qalmış hərbi liseyin Sənəd Qəbulu Komissiyasından imtahana buraxılış vərəqəsi alırlar. Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə illik qiymət 3-dən aşağı olan namizədlərə buraxılış vərəqəsi verilmir.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı Azərbaycan dili, riyaziyyat, fizika, kimya fənləri üzrə Azərbaycan dilində aparılır. Namizədlər hərbi liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul edilirlər.

Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 manat məbləğində müavinət alırlar.

Sənədlər C.Naxçıvanski adına Hərbi Liseydə qəbul olunur (ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Zığ-1 hərbi şəhərcik. Əlaqə telefonu: 479-80-24).

Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslərin sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim etməlidirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).

Elektron ərizələrin doldurulması, imtahana buraxılış vərəqəsinin verilməsi, imtahanların başlaması tarixləri barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində elan olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video