Alternative content

21:06 05 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Könüllülük gəncliyin sabaha açılan pəncərəsidir
Könüllülük gəncliyin sabaha açılan pəncərəsidir
ANA SƏHİFƏ / SİYASƏT
01:42 28.01.2020


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il "Könüllülər ili” elan olunmuşdur.

Əminliklə qeyd etmək olar ki, dövlət başçısının xüsusi diqqəti beynəlxalq təcrübədə artıq özünü sübut etmiş könüllülər hərəkatının respublikamızın gənclər siyasətində və ümumilikdə ictimai-sosial münasibətlər sistemində mövqeyinə güclü təkan verəcəkdir. Bu baxımdan mövcud təcrübə və potensial imkanlar cari ilin əsas missiya və hədəflərinin müəyyənləşdirilməsi üçün əlamətdar olacaqdır.


Tarixə ekskurs fonunda missiya və vəzifələr


Könüllülük fəaliyyətinin tarixi bəşər cəmiyyətinin yarandığı ilk dövrdən başlayır. Könüllülüyü hər hansı bir tarixi hadisə zamanı baş verənlərlə əlaqələndirmək və konkret tarixi dövrü göstərmək əslində reallıqdan kənardır.

Çünki mahiyyət etibarilə şəxsi təşəbbüs, başqaları üçün fədakarlıq, xeyriyyəçilik, vətənpərvərlik, xoş niyyət və digər elementlər könüllülük fəlsəfəsinin müxtəlif komponentləridir və konkret tarixi dövrlə bağlı deyil.

Tarixin müxtəlif dövrlərində dini missionerlik, xəstəliklərə qarşı mübarizə, müharibə qurbanlarına yardım, bəşəri ideyaların təbliği, qlobal problemlərin həlli və digər istiqamətlərdə könüllülərin gördüyü iş bir çox hallarda mütəşəkkil, institusionallaşmış mexanizmlərdən daha təsirli və faydalı olmuşdur. Təkcə bir misal göstərmək kifayətdir ki, dinin yayılmasında ayrı-ayrı hallarda mötəbər elm xadimlərinin, ürfan sahiblərinin təsiri bütün məcburetmə formalarından istifadə edən sistemli yanaşmalardan daha təsirli olmuşdur. Orta əsrlərə baxsaq sufi şeyxlərinin öz istəkləri ilə islam dininin və dünyagörüşünün yayılmasında və təbliğində rolu əvəzsizdir. Yaxud yoluxucu xəstəliklərə qarşı mübarizədə lap qədim dövrlərdən başlayaraq günü bu gün də davam edən həkim-təbiblərin fərdi yanaşmaları İbn Sina yolunun təmənnasız davamıdır. Digər bir misal kimi nizamlı ordu və könüllü birləşmələrin müharibələrdə oynadığı rolu qeyd etmək olar. Bu cür misalları cəmiyyətin bütün istiqamətlərdə fəaliyyəti ilə bağlı çəkmək mümkündür. Burda bir məqama fikir vermək lazımdır ki, tarixin müxtəlif dövrlərində könüllülüyə bir ictimai-siyasi proses olaraq fərqli baxış bucağı altında baxmaq doğru olar. Xüsusən də müasir dövrdə - üçüncü minillikdə könüllülük hərəkatı yeni məzmun və mahiyyət daşıyır və klassik anlayışdan kifayət qədər fərqlənir.

Klassik mənada könüllülüyün baza prinsipini altruizm fəlsəfəsi təşkil edir. Fransız filosofu Oqüst Kont (1798-1857) tərəfindən irəli sürülən altruizm başqalarına təmənnasız xidmət göstərilməsini, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini zəruri olduqda qurban verməyi özündə ehtiva edən əxlaqi prinsipdir. Eqoizmin əksi olan altruizmin əsas əxlaqi meyarını başqa adamın və ya sosial birliyin maraqları təşkil edir. Bu mənada humanist prinsiplərdən olan könüllülük əxlaqi norma və dəyərdir. Xüsusi qeyd etmək lazımdır ki, qloballaşma dövründə Qərbin dünyada təbliğ etdiyi prinsiplərin təsiri ilə ənənəvi dəyərlərin alt-üst olduğu yeni mühitdə könüllülük olduqca böyük mənəvi və fəlsəfi əhəmiyyət daşıyır.

Müasir dövrdə könüllülüyün mahiyyətində bir sıra məzmun dəyişiklikləri baş vermişdir. Birincisi, könüllülüyə artıq bir çox hallarda dövlətin gənclər siyasətinin tərkib hissəsi kimi baxılır. Bu yanaşma isə könüllülər seqmentinə bütünlükdə münasibətdə fərqli alət və resursların tətbiqini zəruri edir. İkincisi, könüllülüklə xeyriyyəçilik arasında bir-birindən kifayət qədər seçilən fərq yaranmışdır. Könüllülük maddi cəhətdən əvəzi ödənilməyən sahə olsa da, yekun nəticədə fərdi baxımdan müəyyən hədəflərə çatmaq üçün resurs kimi nəzərdə tutulur. Üçüncüsü, əvvəllər yalnız ictimai fəaliyyət kimi baxılan könüllülük müasir yanaşmada ictimai fəaliyyətin xüsusi növü olaraq özündə sosial əlaqələrin kompleksini də əks etdirir. Dördüncüsü, əvvəlki yanaşmadan fərqli olaraq könüllülükdə kollektiv aspektlə yanaşı fərdin dominantlığı da ön plana çıxmışdır. Könüllülük kollektiv işləmək bacarığı və eyni zamanda şəxsi inkişaf konseptidir. Bu mənada könüllü və könüllülər hərəkatı arasında incə də olsa fərqli meyillər yaranmışdır.

Yeni anlamda könüllülüyü insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatı kimi qiymətləndirmək olar. Könüllülük həm də öz xalqına və dövlətinə bağlılıq və xidmət örnəyidir. Könüllülüyün bir sosial fəaliyyət sahəsinə çevrilməsi isə İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Könüllülük həmrəylik və sosial məsuliyyəti özündə ehtiva etdirməklə gənclərin real həyata keçid mərhələsini əhatə edən kütləvi təşkilatlanma formasıdır. Bu sosial fəaliyyət karyera, təcrübə mübadiləsi, asudə vaxtın səmərəli keçirilməsi, sosial, ekoloji və digər sahələrdə problemlərin həllinə dəstək kimi geniş profilli əhatə dairəsinə malikdir.

Müasir dövrdə bu hərəkat bir çox aspektləri əhatə edir. Bu mənada ictimai nəzarətin həyata keçirilməsində könüllülərin rolu qloballaşma dövrünün əsas çağırışıdır. Planetimizin qlobal problemlərinə dünyanın müxtəlif ölkələrindən könüllülərin vahid prizmadan yanaşması isə bütün sərhədləri aşan, bəlkə də sərhədsiz adlandırıla biləcək yeni bir dövrün reallığıdır. Misal üçün, qlobal istiləşməyə və ya digər ekoloji problemlərə münasibətdə könüllülərin dünya miqyasında yanaşması heç bir dövlətin sərhədləri ilə məhdudlaşmır və ya uyğunsuzluq yaratmır. Bu mənada könüllülük üçüncü minillikdə qlobal fenomenə çevrilmişdir.


Könüllülük gənclər siyasətinin seqmenti kimi


Müxtəlif ölkələrin təcrübəsində könüllülər hərəkatından insanların vətəndaşlıq mövqeyinin nümayiş etdirilməsi baxımından istifadə olunur. Könüllülük sağlam vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm vasitələrdən biri hesab olunur. Əsas mahiyyəti cəmiyyətə faydalılıq olmaq şərtilə ictimai nəzarət, mötəbər tədbirlərin keçirilməsinə dəstək, qlobal mahiyyət daşıyan problemlərin həllinə diqqət çəkmək və digər ictimai-sosial proseslər könüllülük hərəkatının əhatə dairəsinə daxildir. Bir sıra ölkələrdə isə könüllülük hərəkatı dövlətin gənclər siyasətinin prioritet istiqaməti, gənclər sektorunda əsas hədəflərə çatmaq üçün mühüm vasitə kimi nəzərdə tutulur.

Heç şübhəsiz ki, könüllülük gənc nəslə gələcək həyatı müəyyənləşdirə bilmək üçün bir yol və ya fürsətdir. Könüllü olmaq biliklərin bacarığa çevrilməsi üçün əlverişli platformadır. Könüllülük isə kreativlik, innovatorluq, yenilik, təşəbbüskarlıq üçün meydandır. Könüllülük cəmiyyəti dəyişdirməyə, vətəndaş cəmiyyətinin formalaşmasına mühüm töhfə verməyə şərait yaradan bir hərəkat, cəmiyyəti irəli aparmağa hədəflənmiş bir fəaliyyət sahəsidir. Dövlətin könüllülük hərəkatına gənclər siyasəti olaraq dəstəyi isə hər bir gəncin şəxsi planda və ya kollektiv olaraq özünü göstərməsinə şərait yaradır. Şəxsi inkişafa paralel olaraq komanda quruculuğunda iştirak sosial idarəetmənin inkişafına töhfə verir.

Müasir dövrdə fərdi qabiliyyətlərin, bacarıq və keyfiyyətlərin ön plana çəkilməsi baxımından da könüllülük əhəmiyyətlidir. Bu mənada dövlət qurumlarının hər bir gəncə fərdi yanaşması, stimullaşdırıcı təsiri könüllülük üçün yeni əhatə dairəsi, yeni imkanlar yaradır. Cəmiyyətin ən fəal hissəsini təmsil edən gənclər üçün könüllülük cəmiyyətə faydalı olmaq istəyi və təcrübə qazanmaq üçün məktəbdir.

İnformasiya əsri olan yaşadığımız dövrdə cəmiyyət yeni sosial problemlərlə qarşılaşır. Cəmiyyətin bu cür problemlərindən biri də xüsusən gənclər arasında özünütəcrid və ya özünəqapanmadır. İnformasiya texnologiyalarının həyatın bütün sahələrinə daxil olan inkişaf etmiş ölkələrdə gənclər arasında bu meyil özünü daha qabarıq göstərir. Özünütəcrid isə narkomaniya, alkoqolizm kimi bəşəri bəlalara aparan yollardan biridir. Statistik rəqəmlər təsdiq edir ki, könüllülər hərəkatında təmsil olunan gənclər arasında bu cür neqativ proseslər üçün münbit şərait yoxdur. Bu baxımdan müşahidələr göstərir ki, könüllülük fəaliyyəti özünəqapanmadan uzaq olmağa kömək edir, psixoloji cəhətdən normal yeni nəslin yetişməsinə öz müsbət təsirini göstərir.

Bu bir reallıqdır ki, qloballaşmanın gətirdiyi mənfi meyillər arasında cəmiyyətdə, xüsusən də gənclər arasında mənəvi dəyərlərin aşınması da xüsusi yer tutur. Belə bir dövrdə könüllülük mənəvi dəyərlərə bağlılıq baxımından mühüm platformadır. Könüllü olmaq mənəvi dəyərlərin daşıyıcısı olmaqdır və bir çox ölkələrdə könüllü gənclər ölkənin tarixinin, mənəvi dəyərlərinin, mədəni irsinin və sərvətinin könüllü qoruyucusu olaraq öz töhfələrini verirlər.

Şəxsiyyətin formalaşması mərhələsində olan yeni nəslin vətəndaşlıq keyfiyyətlərinin tərbiyəsi yolunda könüllülük fəaliyyəti və ya hərəkatı mühüm rol oynayır. Qloballaşma proseslərinin təsiri altında yetişməkdə olan "Z nəsil” uşaqlar olduqca indifferent xüsusiyyətlərə malikdirlər. Bu, ümumilikdə müasir dövrümüzdə cəmiyyətin qarşısında dayanan həm sosial, həm də ictimai problemdir. Məhz belə bir mühitdə könüllülük "Z nəsil” yeniyetmə və gənclər üçün ənənəvi olmayan doqmalardan kənara çıxmaq üçün əlverişli imkan, həm də maraq doğuran çağırışdır. Mədəniyyətin kütləvi xarakteri, informasiya texnologiyalarının yaratdığı yeknəsək mühit fərdin şəxsi vətəndaş mövqeyinin ortaya çıxarılmasına kölgə salır. Beynəlxalq təcrübə göstərir ki, bu baxımdan məhz könüllülük hərəkatı gənc nəslin sağlam vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm rol oynayır.

Beləliklə, qeyd etmək olar ki, könüllülük hərəkatı və platforması gənclər siyasətinin bir sıra istiqamətlərdə hədəflərə nail olunmasına öz töhfəsini verir:

- Uğurlu karyera yolu, fərdi inkişaf;

- Komandada işləmək bacarığı;

- Təcrübə məktəbi;

- Sosiallaşma və sağlam həyat tərzi;

- Mənəvi dəyərlərin qorunması və təbliği;

- Beynəlxalq təşəbbüslərə dəstək;

- Mötəbər tədbirlərin təşkilində iştirak və s.


Könüllülər hərəkatı iqtisadi faktor kimi


Artıq beynəlxalq təcrübədə könüllülər hərəkatına yanaşmada məzmun dəyişikliyi özünü dövlət siyasətində də göstərir. Xüsusən də iqtisadi inkişaf etmiş ölkələrdə könüllülərə, təkcə gənclər siyasəti çərçivəsində deyil, həm də sosial, səhiyyə, məşğulluq və hətta iqtisadi siyasətin tərkib hissəsi kimi baxırlar. ABŞ-ın məşhur Con Hopkins Universitetinin tədqiqatlarına əsasən, təkcə dünyanın 36 ölkəsində könüllülərin sayı 130 milyon nəfəri keçib. Könüllülərin iş saatı, faydalı iş əmsalı və yaratdığı məcmu dəyər iqtisadi hesablamalara daxil edilib və hər bir ölkə üzrə müvafiq statistik yanaşmalar formalaşdırılmağa başlanmışdır.

Rusiyalı ekspert Maksim Boçanovun qiymətləndirməsinə görə, könüllülərin işi müxtəlif ölkələrdə ÜDM-yə 4-8 faiz səviyyəsində töhfə verir. Misal üçün, Norveçdə ÜDM-in 6 faizi könüllülərin payına düşür. Kanadada əhalinin 27 faizi könüllü fəaliyyətlə məşğuldur və onların fəaliyyəti dövlət büdcəsində 17 milyard ABŞ dolları səviyyəsində büdcə xərclərinin qənaətinə səbəb olur. ABŞ-da əhalinin 50 faizdən çoxu könüllülər fəaliyyətində iştirak edir və artıq "virtual könüllü” adlı innovativ təşəbbüs həyata keçirilir. ABŞ-da könüllülük təcrübəsi iş təcrübəsinə bərabər olan fəaliyyət növü kimi qəbul edilir.

Ümumiyyətlə, inkişaf etmiş ölkələrin əksəriyyətində əhalinin könüllülük hərəkatında iştiraketmə səviyyəsinin statistikası aparılır. Misal üçün, Avropa İttifaqı ölkələrində əhalinin (18 yaşdan yuxarı) 22-25 faizi könüllülük fəaliyyətinə cəlb olunub. "Eurobarometer”in keçirdiyi sorğuya əsasən, hər 10 avropalıdan 3-ü könüllülük fəaliyyəti ilə məşğul olduğunu bildirib. Almaniya və Niderland isə ən inkişaf etmiş könüllülük təcrübəsi olan ölkələrdir.

Beynəlxalq təcrübədə könüllülük fəaliyyətinin iqtisadi proseslərdə yeri və rolu ilə bağlı bir sıra iqtisadi yanaşmalar tətbiq olunur. Belə ki, könüllülərin ölkə əhalisi, o cümlədən aktiv əmək resurslarına nisbətdə xüsusi çəkisi, könüllülük fəaliyyətinin ÜDM-yə verdiyi töhfə və faiz nisbəti, əməyi ödənilən fəaliyyətdə könüllü işin mümkün nisbəti iqtisadi seqment olaraq hesablanır və statistikası aparılır.


"Könüllülər ili” təcrübəsi


Məlum olduğu kimi, BMT 1970-ci illərdən başlayaraq ayrıca proqram üzrə könüllülük sahəsində fəaliyyətini əlaqələndirməyə başlamışdır. BMT-nin İnkişaf Proqramının koordinasiyasında hazırda 80-dən çox ölkədə aktiv fəaliyyət göstərən Birləşmiş Millətlər Könüllüləri Proqramı (United Nations Volunteers Programme) könüllülərin qlobal məsələlərə dəstək olmasına hədəflənmiş fəaliyyət göstərir.

BMT könüllülük fəaliyyətini təşviq etmək üçün bir sıra əlamətdar tarixləri xüsusi keçirməklə bağlı ənənənin əsasını qoymuşdur. Belə ki, BMT Baş Assambleyasının 1985-ci ildə qəbul etdiyi qətnaməyə əsasən 5 dekabr "İqtisadi və Sosial İnkişaf üçün Beynəlxalq Könüllülər Günü” elan olunmuşdur. Baş Assambleya 20 noyabr 1997-ci ildə 2001-ci ilin "Beynəlxalq Könüllülər ili” elan olunması ilə əlaqədar qətnamə qəbul etmişdir. Təcrübə göstərir ki, bu qərarın təsiri ilə 2001-ci ildə beynəlxalq miqyasda könüllülüyün təbliği, iş yerlərinə əlçatanlığın asanlaşdırılması, beynəlxalq sosial şəbəkənin yaradılması istiqamətində işlər xüsusi vüsət almışdır. Hazırda icra olunmaqda olan BMT Könüllülər Proqramının 2016-2030-cu illər Tədbirlər Planı isə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə istiqamətlənmişdir.

Avropa İttifaqı da "Könüllülər ili” ənənəsini davam etdirmişdir. Avropa Komissiyasının qərarı ilə 2011-ci il "Avropa Könüllülük İli” elan olunmuşdur. Avropa Komissiyasının yaratdığı Avropa Könüllü Xidməti könüllülük fəaliyyətinin təşkili istiqamətində üçbucaqlı mexanizm qurmuşdur: göndərən assosiasiya və təşkilatlar, qəbul edən təşkilatlar və əlaqələndirici xidmət. Bu mexanizm Avropa Könüllü Xidmətinin əmək bazarında özünəməxsus iştirakında və mövqeyinin formalaşmasında mühüm əhəmiyyət daşıyır.

Rusiyada 2018-ci il "Könüllülər İli” elan olunmuşdu. İlin yekunları ilə bağlı qiymətləndirmələrə əsasən, ölkə ərazisində könüllülərin sayı iki dəfə artmış və könüllülük konkret tarixə bağlı olmayan daimi təşəbbüsə çevrilmişdir. Rusiya Federasiyasının regionlarında könüllülüyə dəstək resurs mərkəzləri yaradılmışdır. Könüllü siyasətin davamlılığını təmin etmək məqsədilə hər il "Xoş əməllər regionu” adlı regional layihə müsabiqəsi keçirilir və qalib regionlara büdcədən subsidiya ayrılır. "Könüllülərin kütləvi tədbirlərə hazırlığı və təlimi” ilə bağlı sistemli yanaşma yaranmışdır. Proseslərin davamlı xarakter daşıması dövlət siyasətinin prioritetlərindən hesab olunur və artıq 2025-ci ilədək dövrü əhatə edən Könüllülüyün İnkişaf Konsepsiyası təsdiq olunmuşdur. Könüllülər hərəkatının "Sosial aktivlik” milli layihəsi çərçivəsində aparılan işlər nəticəsində daha da genişlənməsi, ölkə əhalisinin 20 faizinin könüllük fəaliyyətinə cəlb olunması nəzərdə tutulmuşdur.

Qonşu ölkələr arasında Qazaxıstanda da könüllülər hərəkatına gənclər siyasətinin aparıcı istiqamətlərindən biri kimi baxılır. Milli Könüllülər Şəbəkəsinin hesablamalarına görə, hər səkkiz Qazaxıstan vətəndaşından biri bu və ya digər dərəcədə könüllü fəaliyyətə cəlb olunmuşdur. Qazaxıstanda da 2020-ci il "Könüllülər İli” elan edilmişdir. "Biz birlikdəyik” şüarı ilə nəzərdə tutulan Tədbirlər Planı yeddi mühüm istiqaməti nəzərdə tutmuşdur. Birinci istiqamət könüllülük fəaliyyəti üçün əlverişli mühitin yaradılması - normativ-hüquqi bazanın təkmilləşdirilməsi, milli metodikanın hazırlanması ilə bağlıdır. İkinci istiqamət könüllülük fəaliyyəti ilə bağlı infrastrukturun inkişafı və iştirakçıların potensialının inkişafını əhatə edir. Könüllü proqram və layihələrinin monitorinqi və koordinasiyası üzrə ofisin yaradılması da nəzərdə tutulur. Üçüncü istiqamət vətəndaşların könüllülük fəaliyyətində iştirak imkanlarının genişləndirilməsinə yönəlmişdir və dövlət qurumları tərəfindən müəyyən sosial təşviq mexanizmlərinin tətbiqi təklif edilmişdir. Dördüncü istiqamət korporativ könüllü fəaliyyətin inkişafıdır və bununla bağlı ən uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi gözlənilir. Beşinci istiqamət olaraq bu sahədə beynəlxalq əməkdaşlıqdır ki, Qazaxıstan könüllülüklə bağlı daha çox Rusiya və BMT şəbəkəsinə üstünlük verir. Altıncı istiqamət könüllülüyün populyarlaşması istiqamətində tədbirləri əhatə edir. Xüsusi media planlarının, televiziya verilişlərinin, müsabiqələrin, videoroliklərin, kütləvi informasiya vasitələrinin xətti ilə fərdi və kollektiv uğurların təbliğinin geniş auditoriyaya çatdırılması hədəflərin davamlılığına yönəlmişdir. Bu çərçivədə artıq vahid könüllü platforması (https://qazvolunteer.kz) yaradılmışdır. Nəhayət, sonuncu istiqamət Davamlı İnkişaf Məqsədlərinə hədəflənmiş könüllülüyün təşviqidir. Bu məqsədlə təhsil, səhiyyə, gənclər, ekologiya, mədəni irsin qorunması, sosial xidmət, yoxsulluğun azaldılması sahələrində yeddi layihənin həyata keçirilməsi nəzərdə tutulur.

Ümumilikdə, beynəlxalq təcrübədə "Könüllülər ili” könüllülük hərəkatının təbliği və müxtəlif sahələrdə dövlət siyasətinin həyata keçirilməsində mühüm vasitə olaraq uğurlu bir model kimi özünü göstərir.

Azərbaycanda müasir anlamda könüllülər hərəkatı gənclər siyasətinin prioritet istiqamətlərindən biri olaraq nəzərdən keçirilir. Hələ 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının həyata keçirdiyi birgə layihə könüllülük hərəkatı ilə bağlı ilkin təşəbbüslərdən hesab olunur. Həmin proqram əsas götürülərək o dövrdən başlayaraq ölkəmizdə könüllülük prinsiplərinin geniş təbliğinə başlanılmışdır. 2009-cu ildə "Könüllü fəaliyyət haqqında” Qanun qəbul olunmuş və normativ-hüquqi əsaslar yaradılmışdır. Lakin könüllülər hərəkatının yeni mərhələyə keçidini 2013-cü ildə ASAN Könüllüləri Təşkilatı yaradılması ilə əlaqələndirmək doğru olar. Bu mərhələdə gənclərin yeni həyata, uğurlu karyeraya və konkret peşəyə yiyələnməsi, mötəbər tədbirlərə dəstək istiqamətində çox böyük inkişaf yolu keçilmişdir.

2019-cu ildə 3 minə yaxın gəncin iştirakı ilə Könüllülərin II Həmrəylik Forumunun keçirilməsi könüllülər hərəkatının yeni vüsət almasında, könüllülər təşkilatlarının cəmiyyətin həyatında daha fəal iştirakında təkan olmuşdur. Hazırda ölkəmizdə dövlətin ciddi dəstəyi və cəmiyyətin sosial sifarişi nəticəsində yaranmış "ASAN könüllüləri”, "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllüləri, "Könüllü DOST”, "Aqrar İnkişaf könüllüləri” və digər könüllü hərəkatları gəncliyin avanqardına çevrilib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin Azərbaycanda "Könüllülər İli” elan edilməsi barədə Sərəncamı üçüncü minillikdə gənclərin müxtəlif sahələrdə öz potensialını göstərməsinə, sosial məsuliyyət və ictimai nəzarətlə bağlı dövlət siyasətinin həyata keçirilməsinə meydan açan mühüm əlamətdar hadisədir.

Ərəstü HƏBİBBƏYLİ,

iqtisadiyyat üzrə fəlsəfə doktoru




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM