28 Yanvar 2020 01:33
874
İQTİSADİYYAT
A- A+

“Qara şəhər”in ağ günləri


"Ağ şəhər” paytaxtın inkişafının bariz nümunəsidir


Bakının tarixi qədim olduğu qədər də maraqlıdır. Çünki burada yalnız əsrlərlə nəsillər görüşməyib, həm də sivilizasiyaların qovuşduğu bu məkan böyük inkişaf yolu keçib. Bu gün Bakı dünyanın ən müasir, inkişaf etmiş mədəniyyət mərkəzlərindən biridir. Şəhərin tarixini vərəqlədikcə ötən illər ərzində onun simasının daha çox hansı illərdə dəyişməsi göz önündə canlanır.

"Qara qızıl”ın mənbəyi kimi tanınan Bakının inkişafı müəyyən tarixi dönəmlərə təsadüf edib. Əslində iyirminci yüzilliyin ortalarından paytaxt öz simasını dəyişməyə başlayıb. Şairlərin poeziyasında, bəstəkarların bəstəsində öz vəsfini tapıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin əvvəllərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi qəbul edərkən bir daha paytaxtın simasının dəyişilməsində həyata keçirilən layihələr və qarşıda duran mühüm vəzifələr barədə fikrini bildirdi. Dövlət başçısı qeyd etdi ki, Bakı çar Rusiyası və sovet dövründə sənaye şəhəri kimi formalaşıb. Təbii ki, uzun illər sənayenin genişmiqyaslı inkişafı şəhərin ekoloji vəziyyətinə çox mənfi təsir göstərirdi: "... Bir neçə il bundan əvvəl mənim göstərişimlə Bakıda geniş yenidənqurma və abadlıq işlərinə start verildi. Bakının ekologiyasını böyük dərəcədə çirkləndirən yerlər və müəssisələr artıq ləğv olunur. Onların yerində müasir, şəhərsalma qaydalarına uyğun yeni ictimai zonalar yaradılır. Biz ilk növbədə Bibiheybət buxtasının yaşıllaşdırılması, neft gölməçələrinin qurudulması və təmizlənməsi məsələsinə diqqət yetirdik. Vaxtilə ekoloji fəlakət mənzərəsini əks etdirən Bibiheybət buxtası indi yaşıllıq, park zonasıdır. Orada idman şəhərciyi, o cümlədən Su İdmanı Sarayı, digər idman və istirahət infrastrukturlar yaradılıbdır...”


Balaxanı zibilxanası, qara tüstü və...


Dövlət başçısının xüsusi vurğuladığı kimi, paytaxt ərazisində üfunət iyi verən, Bakının yeni siması ilə bir araya sığmayan yerlərdən biri də Balaxanı zibilxanası idi ki, şəhərin havasını çox ciddi şəkildə çirkləndirirdi. Onilliklər boyu Bakı və bakılılar, bu acı reallıqla üz-üzə qalmışdılar. Orada yandırılan zibilin tüstüsü bütünlüklə şəhərin səmasını qatı dumana - "qara bulud”a (zəhərə) bürüyürdü. Son illər həmin ərazi də təmizləndi, müasir standartlara uyğun zibilyandırma zavodu, poliqon tikildi. Xeyli müddətdir ki, orada məişət tullantılarının çeşidlənməsi prosesi gedir. İndi həmin ərazi ekoloji cəhətdən sağlamlaşdırılıb.

Uzun illər boyu Bakının ekologiyasını çirkləndirən Böyükşor gölünün təmizlənməsi də mühüm əhəmiyyət daşıyır. Balaxanıya bitişik həmin ərazi vaxtilə ekoloji fəlakət zonası adlandırılırdı. Sovetlərin dövründə oraya axıdılan kanalizasiyalar, həm də yeraltı lay sularından əmələ gəlmiş "göl” "açıq səma altında neft anbarı” kimi tanınırdı.

Bakıda uzun illər ərzində "Qara şəhər” kimi məşhur daha bir ərazi var idi. Paytaxtın mərkəzindən çox da uzaq olmayan bu məkandan keçəndə ya maşının pəncərələrini bağlamalı idin, ya da dəsmalla ağız-burnunu örtməliydin. Dövlət başçısının bu ərazinin də abadlaşdırlması və burada yeni bir şəhərin salınmas ilə bağlı verdiyi tövsiyə və tapşırıqlar reallaşdıqdan sonra "Qara şəhər”dən əsər-əlamət belə qalmadı: "...Biz "Qara şəhər”i "Ağ şəhər”ə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. "Qara şəhər”i ləğv edib onun yerində ekoloji təmiz "Ağ şəhər” yaratmaq bizim növbəti tarixi xidmətimizdir...”


"Ağ şəhər”in ağ imarətləri


Bu gün "Ağ şəhər” kimi, Bakının inkişafını, müasirliyini, ekoloji baxımdan nümunəviliyini təsdiqləyən həmin məkana baxmaqdan nə göz doyur, nə də könül ayrılır.

"Qara şəhər”in yaradılmasına ötəri nəzər salmaqla "Ağ şəhər”in tarixi keçmişini öyrənmiş olarıq. Belə ki, yerli neftayırma sənayesinin uğurları ilə bağlı Bakı yaxınlığında yaranan kiçik bir yaşayış məntəqəsində əsasən neft zavodları yerləşirdi. Hələ 1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam verilmişdi. Həmin vaxtlar burada yüzə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikilmişdi. Tezliklə zavodlardan çıxan tüstü və his həmin ərazini qaraya boyamışdı. Elə ona görə də ərazini haqlı olaraq qeyri-rəsmi olsa da, "Qara şəhər” adlandırmışdılar.

1876-cı ildə Keşlədəki otlaq sahələrində və yerli əhalinin bağ və bostan sahələrinin yerində yeni sənaye rayonu salındı. 1880-ci ildə yeni sənaye rayonunda 120-yədək müəssisə fəaliyyət göstərirdi. 1905-ci ildə demək olar ki, Bakının bütün iri neft sənayesi obyektləri burada yerləşdirilmişdi. Ona görə də buradakı tikililərin hamısını tüstü-his basdığından hər tərəf qapqara görünürdü. Elə buna görə də 1880-90-cı illərdən bu ərazi artıq "Qara şəhər” kimi tanınırdı.

...Bu da gözəlliyi ilə göz oxşayan "Ağ şəhər” - Azərbaycan Prezidenti İlham Əliyevin "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının” təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində və Bakı Şəhər İcra Hakimiyyətinin 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən, ölkəmizdə həyata keçirilən ən böyükmiqyaslı şəhərsalma layihələrindən biri ilə salınıb. Bakı "Ağ şəhər” layihəsinin Baş Planı 621 hektar sahədə yerləşən, şəhər mərkəzinin şərq hissəsinin ("Qara şəhər”in) bərpa və inkişafı, həmçinin paytaxtın yeni müasir mədəniyyət mərkəzinə çevrilməsini, daha dəqiq desək, 10 universal şəhər tipli rayonun yaradılmasını nəzərdə tutur.


Harmoniya və rahatlıq məkanı - "Ağ şəhər”


"Ağ şəhər” layihəsinin baş məsləhətçisi mühəndis və memarlıq işlərinin layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti olan Böyük Britaniyanın "Atkins” şirkətidir. Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, əfsanəvi Norman Foster tərəfindən əsası qoyulmuş məşhur "Fosters+Partners” memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik, ABŞ-ın tanınmış "F+A Architects” arxitektura bürosu cəlb edilib.

Bu layihənin reallaşdırılması ilə "Qara şəhər”in sənaye siması keçmişdə qalıb. "Ağ şəhər” adlı harmoniya və rahatlıq məkanı öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakının yeni müasir mərkəzinə çevrilməkdədir.

2011-ci ilin 24 dekabrında "Ağ şəhər” layihəsinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma tədbirində iştirak ediblər. 24 dekabr 2016-cı il tarixində Bakı "Ağ şəhər”in təməlinin qoyulmasının 5-ci ildönümü ilk yaşayış kvartalı olan "Yaşıl ada”nın açılışı ilə qeyd edilib. Həmin mərasimdə həmçinin yeni Fəvvarələr Meydanı kvartalında parkın təməli qoyulub.

Bakı "Ağ şəhər”in ilk landmark binası və giriş qapısı sayılan Bakı "Ağ şəhər” Ofis Binası A səviyyəli biznes mərkəzidir. Bu binanın 24 dekabr 2014-cü il tarixində açılışı olub...

Bir sözlə, qədim və ulu yaşayış məskənlərindən biri kimi tanınmış neft Bakısının siması son illər görünməmiş dərəcədə dəyişilməkdə, müasirləşməkdə, yeniləşməkdədir. Bu isə paytaxtın yalnız simasının dəyişdirilməsi deyil, eyni zamanda ölkənin dinamik inkişafı baxımından da təkzibolunmaz faktorlardandır.

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video