27 Yanvar 2020 18:08
649
DÜNYA
A- A+

Nikol Paşinyanın reytinqi kifayət qədər aşağı düşüb


Son vaxtlar erməni KİV-lərində baş nazir N.Paşinyan hökumətinin mövqelərinin zəiflədiyini göstərən yazılar dərc olunur. Ermənistanda siyasi elita daxilində rəqabətin güclənməsi müşahidə olunur. 2018-ci illə müqayisədə baş nazir Nikol Paşinyanın reytinqi kifayət qədər aşağı düşüb.

Siyasi analitik Ehtiram Aşırlı AZƏRTAC-a bildirib ki, N.Paşinyanın "məxməri inqilab” zamanı verdiyi vədləri yerinə yetirə bilməməsi baş nazirə inamın azalmasına gətirib çıxarıb. O, 2019-cu ili iqtisadi inqilab ili etsə də, bu dönüşü təmin edə bilmədi. Hökumət 2019-cu ildə Ermənistanda iqtisadi artımın 7,5-7,9 faiz təşkil etdiyini bildirir. Buna baxmayaraq, ölkədə işsizlik, immiqrasiya problemlərinin qalması sosial-iqtisadi sahələrdə mühüm islahatların aparılmadığından xəbər verir. Ona görə də Ermənistanda növbəti gözlənilməz etirazların baş qaldıracağı istisna olunmur.

Ermənistan mətbuatının yazdığına görə, N.Paşinyanın inqilab yolu ilə hakimiyyətə gəlməsinin təşkilatçısı olan ABŞ onun reytinqinin aşağı düşməsindən narahatlıq keçirir. Hətta ABŞ-ın İrəvandakı səfirliyi Paşinyanın reytinqini öyrənmək üçün hesabatlar hazırlayır. Çünki növbəti etiraz dalğası ABŞ üçün arzuolunmaz bir şəxsin Ermənistanda hakimiyyət başına gəlməsi ilə nəticələnə bilər. Rəsmi Vaşinqton Ermənistanda vəziyyəti nəzarətdə saxlamaq üçün N.Paşinyana alternativ siyasi varis də hazırlayıb. Bu, baş nazirin müavini Tiqran Avinyandır. Xüsusilə, erməni mətbuatında T.Avinyanın baş nazirin digər müavini Mher Qriqoryandan daha fəal olmasına dair xəbərlərin yayılması N.Paşinyanın narahatçılığına səbəb olmuşdu. Hətta bir müddət aralarındakı münasibətlərin soyuq olduğuna və T.Avinyanın N.Paşinyanın yerində gözü olduğuna dair də yazılar dərc edilmişdi. Qeyd edək ki, T.Avinyan həm də "Soros Fondu”nun Ermənistandakı əsas koordinatorlarından biri sayılır. Nikol Paşinyanın konstitusiya islahatı keçirmək qərarına gəlməsi də baş nazirin zəifləmiş hakimiyyətini möhkəmləndirmək niyyəti ilə izah edilir.

Xatırladaq ki, Ermənistan mediasında hələ bir neçə ay əvvəl N.Paşinyanın 2020-ci ildə konstitusiya referendumu keçirəcəyi barədə məlumat yayılmışdı. Həmin məlumata görə, baş nazir yeni konstitusiyanın qəbulundan sonra ölkədə hakimiyyət bölgüsünü yenidən formalaşdırmağı və növbədənkənar prezident seçkiləri keçirməyi planlaşdırır. Bununla da N.Paşinyan Qarabağ klanının hakimiyyətdə qalmış yeganə nümayəndəsi olan Armen Sarkisyanı prezident postundan uzaqlaşdıraraq onun yerinə öz adamını gətirmək niyyətindədir. Eləcə də konstitusiyaya ediləcək əlavə və dəyişikliklər Nikol Paşinyana məhkəmə-hüquq sisteminə nəzarəti artırmaq imkanı yarada bilər.

Analitik qeyd edib ki, "Hraparak” qəzeti baş nazirin konstitusiyanı dəyişməklə özünə daha monolit hakimiyyət formalaşdırmağa hazırlaşdığını yazır. Referendum da əslində N.Paşinyanın parlamenti buraxmasına xidmət edir. Qeyd edilir ki, Nikol Paşinyan bu yaxınlarda partiya üzvləri ilə məsafə də saxlayır. "Paşinyanı Yeni il münasibətilə təbrik etmək və onu hökumətə məxsus istirahət evində ziyarət etmək hüququna yalnız "seçilmişlər” - Ararat Mirzoyan, Lilit Makunts, Hakob Simidyan sahibdirlər. Nikolun uzun müddətdir parlamenti buraxmaq istəyi son vaxtlar daha əsaslı olub. Fraksiya onu daim əvəz edir, Makunts və Simidyan isə bütün günü deputatlar arasında təbliğat aparır. Əvvəllər Nikol Paşinyan fraksiyasından çıxan bir deputatın mandatını verməsi barədə xəbərdarlıq etsəydi, parlament dağılardı. İndi o, artıq partiyalar haqqında qanuna və Seçki Məcəlləsinə dəyişiklikləri gözləyir. Yeri gəlmişkən, o, 88 deputatın olmasına meyilli deyil və adekvat, səyyar komanda yaratmağa çalışacaq.

Nikol Paşinyanın reytinqinin aşağı düşməsi hakimiyyət dəyişikliyini qaçılmaz edir. Ona görə də yaxın vaxtlarda Ermənistan rəhbərliyinə yeni fiqur gələ bilər. Hətta bu yaxınlarda Ermənistan mətbuatında N.Paşinyanın psixoloji xəstəliyinin olması barədə məlumat yayılmışdı. Belə suallar səslənir ki, hökumət nə üçün bu problemin qarşısını almır? Hətta bir müddət öncə onun barəsində yayılmış videoda da göstərilirdi ki, Vanadzor şəhərinə səfəri zamanı həyat yoldaşı yaxınlaşıb Nikol Paşinyanın cibinə ağ kağıza bükülmüş nə isə qoyur. Həmin bükülünün ya narkotik, ya da psixotrop maddə olduğu iddia edilirdi. Ermənistanın ən populyar qəzetləri onu hakimiyyətdən uzaqlaşdırmaq üçün Robert Köçəryanın oğlanları tərəfindən planlar hazırlandığını yazır.

E.Aşırlı bildirib: "Mətbuatda "Paşinyanın növbəti yalanı” sərlövhəli məqalələr tez-tez dərc edilir. Onun yerinə kimin gəlməsindən danışsaq, fikrimcə, Paşinyanı əvəz edə biləcək ən real namizəd hazırda prezident Armen Sarkisyandır. N.Paşinyan bu prosesin qarşısını almaq və hakimiyyəti əlində cəmləşdirmək üçün ölkədə prezident üsul-idarəsini bərpa etməyə çalışır. Yəni, özü prezident olmaq istəyir. Çünki N.Paşinyan özü də çox gözəl başa düşür ki, Ermənistan parlamentli respublika üsul-idarəsinə hazır deyildi. Ölkədə parlamentar sistem tamamilə çökmüş vəziyyətdədir. Bu baxımdan konstitusiya referendumu keçirməkdə məqsəd ölkədə parlamentli sistemdən prezidentli respublika üsul-idarəsinə qayıtmaqdır. Ancaq Paşinyanın buna nail olacağını söyləmək çətindir. Armen Sarkisyan vaxtilə Avropada yaşayıb fəaliyyət göstərdiyi üçün ermənilər onu mədəni-elitar təbəqənin nümayəndəsi kimi hakimiyyətdə saxlamaq istəyirlər. Hesab edirlər ki, Armen Sarkisyan hakimiyyətdə qalarsa, ermənilərin vəziyyəti hərtərəfli yaxşılaşar. Xüsusilə son zamanlar erməni mediasında çıxan xəbərlərə görə xalqın rəğbətini qazanan prezident A.Sarkisyanın reytinqi durmadan artır. Onu da qeyd edək ki, prezident A.Sarkisyan həm Qərbdə, həm də Rusiyada böyük nüfuza sahibdir. Erməni diasporunun hazırkı prezidentə dəstək verildiyi də bildirilir”.

Analitik bildirib ki, digər tərəfdən, N.Paşinyan da ifadə vermək üçün istintaqa çağırılması haqda məlumat və şəkillər paylaşmaqla reytinqini artırmağa çalışır. Xüsusi İstintaq Komitəsinə nə üçün çağırıldığını açıqlamasa da, Ermənistan tarixində ilk baş nazir kimi müstəntiqin kabinetinə gəldiyini yazıb. Son vaxtlar onun qızının və həyat yoldaşının siyasətə müdaxilə etməsi də xalq arasında narazılıq yaradır. Hesab edirəm ki, N.Paşinyan konstitusiya islahatı aparmaqla hakimiyyəti əlində saxlaya bilməyəcək. Bir il bundan əvvəl Paşinyanı dəstəkləyən erməni xalqı artıq ona qarşı çıxır. Yerli əhali tez-tez hökumət binasının qarşısında etiraz aksiyaları keçirərək, Paşinyandan verdiyi sözləri yerinə yetirməsini tələb edirlər. Xüsusilə də hərbçilərin ailələrini təmin edə bilməməsi, uşaqlarını xəstəxanaya aparacaq maddi imkanlarının olmaması Ermənistan ordusundakı dərin böhranın bariz nümunəsidir. Hərbçilər xalqa müraciət edərək onlardan kömək istəyirlər. Göründüyü kimi, bütün bunlar N.Paşinyanın xalqa vəd etdiyi çiçəklənən "yeni Ermənistan”dır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video