26 Yanvar 2020 00:26
1311
Mədəniyyət
A- A+

Ədəbiyyatın gün təki nuru...


Sovet hökumətinin Azərbaycanla Türkiyə arasında möhkəm çəkdiyi tikanlı sərhədləri aşa bilən ən maraqlı əsərlərin müəlliflərindən biri Rəşad Nuri Güntəkin idi. Ən çox da "Çalıquşu”, "Dodaqdan qəlbə”, "Yarpaq tökümü”, "Damğa” romanları onu Azərbaycan oxucularına tanıdır, sevdirirdi.


Hərbi həkimin yazıçı oğlu


İstedad öz yerində, Rəşad Nuri Güntəkinə belə maraqlı əsərlər yazdıran həm də həyatdan görüb-götürdükləri, müşahidə etdikləri idi. 1889-cu ilin 25 noyabrında İstanbulun Üsküdarında dünyaya göz açan Rəşad Nuri hərbi qulluqçu ailəsində boya-başa çatıb. Atası Nuri bəy hərbi həkim idi. Anası Lütfiyyə xanım Ərzurum valisi Yavər Paşanın qızıydı. Bacısı Rəşidə çox gənc yaşında vəfat etdiyindən Rəşad Nuri ailənin tək övladı olaraq böyüdü.

Atasının işləri ilə əlaqədar ünvanları tez-tez dəyişdiyindən uşaqlıq illəri fərqli yerlərin, şəhərlərin mənzərələri ilə xatirələrinə köçürdü. Onun məktəb yaşı çatanda Çanakqalada yaşayırdılar.

Kitab oxumağı elə əlifbanı öyrənə-öyrənə sevdi. Yazıb-oxumağı bacardıqdan sonra atasının zəngin kitabxanası onun sevimli yeri oldu. Sonralar uşaqlıq xatirələrində qış gecələrində Fatma Aliyə xanımın "Udi” romanından oxunan parçaları yada salacaqdı. Yaddaşında dərin iz buraxan Fatma Aliyə xanımın və Xalid Ziyanın əsərlərinin onun yaradıcılığına, xüsusilə hekayə zövqünün formalaşmasına təsirini Rəşad Nuri Güntəkinin araşdırıcıları da diqqətə çatdıracaqdılar...

Bir müddət sonra Qalatasaraya köçdülər. Rəşad Nuri bir il orada məhəllə məktəbində oxuduqdan sonra İzmirə getdi. Təhsilini İzmirdə davam etdirdi. Daha sonra İstanbulda liseydə oxudu. Ədəbiyyata marağı onu İstanbul Darülfünununa apardı. 1912-ci ildə həmin məktəbin ədəbiyyat fakültəsini bitirdi və pedaqoji fəaliyyətə başladı. İyirmi üç yaşlı Rəşad Nuri əvvəlcə İstanbul, sonra Bursada ədəbiyyat müəllimi işlədi. 1916-1917-ci illərdə İstanbul Fateh Vahid məktəbinə müdir təyin olundu. Sonralar pedaqoji fəaliyyətini Vəfa və Ərəngöy məktəblərində türk dili və ədəbiyyat müəllimi kimi davam etdirdi.

Müəllim peşəsini çox sevdi. Böyük həvəslə, eyni zamanda cəmiyyətin tərəqqisinə mane olan sosial problemlərin gətirdiyi narahatlıq hissiylə xalqının maariflənməsi yolunda çalışdı. Ancaq ədəbiyyat Rəşad Nurini həmişəlik öz cazibəsinə salmışdı...

Bədii yaradıcılığa hekayə yazmaqla başladı. Bu sahədə ilk qələm təcrübəsi sayılan "Köhnə dost” adlı hekayəsini 1917-ci ildə yazdı. Elə o vaxtdan böyük coşqu və ciddiyyətlə qələmə sarıldı. Çox keçmədi ki, onu həm də səhnə əsərlərinin müəllifi kimi tanıdılar. Teatr tənqidi və araşdırmaları ilə də məşğul oldu. 1918-1919-cu illərdə "Zaman” qəzetində "Tamaşa həftələri” sərlövhəsi ilə teatr tənqidi mövzusunda yazıları işıq üzü gördü. 1920-ci ildə Rəşad Nurinin "Xəncər”, 1922-ci ildə isə "Köhnə yuxu” adlı səhnə əsərləri yayımlandı.

Böyük şöhrəti Rəşad Nuri Güntəkinə ilk romanı gətirdi. Mövzunu əvvəlcə "İstanbul qızı” adlı səhnə əsərində təsvir etmiş, ancaq tamaşaya qoyulması mümkün olmamışdı. Sonra "Çalıquşu” adlı romana çevirmişdi. Əsəri 1922-ci ildən hissə-hissə "Vakit” ("Vaxt”) qəzetində çap etdirdi. Birinci romanının uğuru yazıçını ruhlandırdı. Onun 1924-cü ildə oxuculara təqdim etdiyi "Damga” və "Dodaqdan qəlbə” romanları da "Çalıquşu” qədər diqqətçəkən oldu.


Tələbəsinə aşiq olan Güntəkin


Erenköy Qız Liseyində çalışdığı vaxtlar eşq könül qapısını açdı. Rəşad Nuri tələbəsi Hədiyə xanıma vuruldu.

O vaxtadək qızın xəyallarında başqa bir arzunun işığı vardı. Oxuduğu təhsil ocağında da onun səsinin gözəlliyini hər kəs bilirdi. Hədiyə xanımı məktəb müdiriyyəti xaricə göndərmək niyyətindəydi. Ancaq atası razılıq vermədi. Oxumaq arzusu gözündə qalan Hədiyə xanımla Rəşad Nurinin arasında o günlərdə sevgi yarandı. 1927-ci ildə evləndilər.

Rəşad Nuri Güntəkin 1931-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olundu. Dil heyəti ilə ortaq çalışmalara başladı. Yeni vəzifəsi sayəsində Rəşad Nuri Güntəkin bütün Anadolunu dolaşdı. Yazıçı marağı ilə o yerlərdə yaşayan insanların həyat tərzinə, düşüncələrinə bələd olur, müşahidə etdiklərini, eşitdiklərini yaddaşına köçürürdü. Bunlar Rəşad Nurinin yaradıcılığı üçün zəngin mənbə oldu. Ancaq Anadolu səyahətləri ayrıca bir kitabda da əksini tapdı və 1936-cı ildə "Anadolu notları” adı ilə yayımlandı.

Yazıçının 1927-1930-cu illərdə "Tanrı müsafiri”, "Sönmüş ulduzlar”, "Leyli və Məcnun”, "Fövqəladə işlər” adlı hekayələr kitabları çapdan çıxdı. Maarif müfəttişi vəzifəsində 1939-cu ilədək qaldı.

İlk əsərlərindən özünəxas bədii üslubu ilə diqqəti cəlb etdi. Bu üslubu sonunadək dəyişməyəcəkdi. Ancaq bəzən həyatının məcrası dəyişdi. 1928-ci ildə o, "Acımaq” romanını qələmə aldı və yaradıcılığına on ilədək ara verdi.

Siyasət şöhrətli yazıçını da rahat buraxmadı. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçildi.

Artıq çoxlarının tanıdığı Rəşad Nurinin qəlbində bir həsrət vardı. Sevgi dolu ocağı uşaq səsinin intizarındaydı. Bu həsrət on dörd il çəkdi. 1941-ci ildə qızı Ela dünyaya gəldi. İllər sonra Rəşad Nuri qızının xatirə dəftərində duyğularını belə ifadə etdi: "11 mart 1951-ci il... Ela, qızım, mən uşaq ikən sənin yaşında olarkən göy üzündəki aya baxardım, "Ay dədə, ay dədə, oğlun, qızın çox, dədə, birini mənə versənə. Allah sənə çox verə”, - deyə dua edərdim. Ay dədə məni eşitdi. Uşaqlarının birini mənə verdi. "Adı Ela olsun”, - dedi. "Mənim qədər çox ömrü, mənimkilər qədər gözəl uşaqları olsun”, dedi. Ela qızın atası Rəşad Nuri Güntəkin”.

Yazıçı ulduzlarla danışmağı sevərdi. Ulduzlar uzaqda olsa da, qızı yanındaydı. Amma onunla da tez-tez xəyali söhbətlər qurardı. Əslində Rəşad Nurinin həmsöhbəti özü idi. Sonralar qızı "Evimiz monastır kimi bir yer idi” deməsi ilə yazıçının çox ciddi bir adam olduğunu anlatdı.


Zamana meydan oxuyan əsərlərin müəllifi...


Yaradıcılıq aləmi Rəşad Nuri Güntəkini daha çox cəlb edirdi. Bu səbəbdən o, siyasətlə uzun illər fəal məşğul olmadı. 1947-ci ildə "Məmləkət” qəzetinin baş redaktoru vəzifəsinə təyin edildi. "Məmləkət” Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus” qəzetinin İstanbul şöbəsiydi.

Rəşad Nuri Güntəkin müxtəlif janrlarda qələmə alınmış yüzdən artıq əsərin müəllifidir. Bunların on doqquzu romandır. "Gizli əl”, "Çalıquşu”, "Damğa”, "Dodaqdan qəlbə”, "Axşam günəşi”, "Bir qadın düşməni”, "Yaşıl gecə”, "Acımaq”, "Yarpaq tökümü”, "Qızılcıq dalları”, "Göy üzü”, "Köhnə xəstəlik”, "Atəş gecəsi”, "Dəyirman”, "Miskinlər təkkəsi”, "Xarabaların çiçəyi”, "Qovaq yelləri”, "Son sığınaq” və "Qan davası” adlanan bu romanlarda yazıçı hadisələri, ədəbi qəhrəmanlarının həyatını o qədər inandırıcı təsvir edir ki, onlardan təsirlənməmək mümkünsüzdür. Rəşad Nuri Güntəkinin öz dəstxətinə uyğun olaraq sadə bir dildə qələmə aldığı bu əsərlər mövzu baxımından geniş və zəngindir. Müəllif yaşadığı dövrün nöqsan və çatışmazlıqlarını cəsarətlə tənqid edirdi. Yazıçı ümumiləşdirmələr apararaq bəzən bir ailənin, bəzən bir insanın timsalında bütövlükdə cəmiyyətdə hökm sürən problemləri diqqətə çatdırırdı. O, göstərirdi ki, qadınlarla kişilərin bərabərliyini qəbul etməyən cəmiyyətdə qadınlar əzab-əziyyətlər, məhrumiyyətlər içərisində yaşamağa məhkumdurlar.

Romanlarının bəzilərində hadisələri qəhrəmanlarının dilindən təsvir etməsi barədə isə Rəşad Nuri Güntəkin yazırdı: "Mən qəhrəmanlarımdan birini alıb onun ağzından anlatmağa daha çox üstünlük verirəm. Həm bu zaman süjet pozulmaz, həm də əhvalatı anladan qəhrəman vəhdəti mühafizə edər. Sonra bunun bir yaxşı cəhəti də vardır; romana görə məsuliyyətin mühüm bir qismini üstündən silib atmış olursan. Adətən, bir romançının yaratdığı təsvir oxucuya soyuq gələ bilər, bir çox oxucular romançının bir adamı anlatmasını bəyənməyə bilər. Ancaq romanı qəhrəmanının dilindən anlatsanız, məsuliyyətin bir hissəsi sizdən çox qəhrəmanın üzərinə düşər”.

O, 1950-ci ildə Parisə getdi. UNESKO-nun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq çalışdı. Türkiyənin Parisdəki səfirliyində mədəniyyət attaşesi kimi fəaliyyət göstərdi. Beynəlxalq miqyasda türk milli-mədəni tarixinin təbliğində böyük işlər gördü. 1954-cü ildə yaşı ilə əlaqədar olaraq bu vəzifədən istefa verdi. Bir müddət İstanbulda çalışdı. İstanbul Şəhər Teatrının ədəbi heyətinin üzvü kimi fəaliyyət göstərdiyi zaman amansız xəstəliyə düçar olduğunu öyrəndi. Ağciyər xərçəngi diaqnozu ilə Londona yollandı. Orada müalicə olunacağına ümid edirdi. Amma xəstəlik güclü çıxdı. 1956-cı il dekabrın 7-də Londonda vəfat etdi. Cənazəsi vətəninə gətirildi. Vəsiyyətinə əsasən, Qaracamaat qəbiristanlığında dekabrın 13-də dəfn olundu.

İllər ötür... Müasir türk realist ədəbiyyatının görkəmli nümayəndələrindən biri hesab edilən Rəşad Nuri Güntəkinin əsərlərinə mütaliəsevərlərin marağı azalmır. Kinorejissorlar da yenə böyük həvəslə yazıçının yaradıcılığına müraciət edirlər. Kino sənətində üstünlüyü serialların ələ keçirdiyi bir vaxtda Rəşad Nuri Güntəkinin "Yarpaq tökümü, "Dodaqdan qəlbə”, "Çalıquşu” və başqa romanları əsasında çəkilmiş ekran əsərləri sevilə-sevilə izlənilir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video