25 Yanvar 2020 01:06
940
DÜNYA
A- A+

Çindən ölümcül virus


Dünya təlaş içindədir


Yeni il başlayar-başlamaz bəşəriyyət daha bir təhlükə ilə üz-üzə qalmışdır: Çində ölümcül sətəlcəm yayılmağa başlamışdır. Ötən ayın 31-də Çinin Hubey əyalətinin inzibati mərkəzinin - Uhan şəhərinin hakimiyyət orqanları sətəlcəmin mənşəyi məlum olmayan növünün yayılması barədə məlumat vermişdir.

O vaxt xəstəliyə 27 yoluxma halı qeydə alınmışdı. Xəstələnənlərin əksəriyyəti şəhərdəki dəniz məhsulları və heyvanların (yarasa, toyuq, dovşan, ilan) topdan satışı bazarı ilə əlaqəli idi. Yerli virusoloqlar güman edirlər ki, xəstəlik həmin bazarda satılan ilanlardan qaynaqlanmışdır. Ölümcül virusun daşıyıcısının yarasa olduğunu ehtimal edənlər də var.

Ölümcül sətəlcəmdən indiyədək 26 nəfər vəfat etmişdir. Ölüm hallarının ikisi xəstəliyin ilkin yayıldığı bölgədən kənarda - Hebey əyalətində və Sunxua şəhərində (Heyluntszyan əyaləti) qeydə alınmışdır. Çində 876 nəfər xəstəliyə yoluxmuşdur. Xəstələnənlərin əksəriyyəti Uhan şəhərindəndir. Həmçinin paytaxt Pekində, Quandun əyalətində, Şanxay, Honq Konq və Tayvanda adamlar ölümcül xəstəliyə yoluxmuşlar. Dünən səhərə olan məlumata görə, xəstələrin 177-nin vəziyyəti ağırdır, 34 nəfər müalicə olunub səhiyyə müəssisələrindən çıxmışdır. Həmçinin 1072 nəfərdə xəstəliyə yoluxma ehtimalı qeydə alınmışdır. Başqa ölkələrdə - Tailand, Yaponiya, Sinqapur, Vyetnam, Cənubi Koreya və ABŞ-da da xəstəliyə yoluxma halları qeydə alınmışdır. Məlumata görə, bütün xəstələr bundan əvvəl Uhanda olmuşdular. Filippində sətəlcəmi xatırladan əlamətlər aşkarlanmışdır. Finlandiyada iki çinli turist yeni koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdir. Turistlər bundan əvvəl Norveçdə olmuşdular. Böyük Britaniyada həkimlər yeni tipli koronavirusa yoluxma şübhəsi ilə doqquz nəfəri müayinə edirlər, daha beş nəfərin analizləri mənfi nəticə vermişdir.

Cari ayın 9-da çinli epidemioloqlar müəyyənləşdirmişlər ki, Uhan şəhərində sətəlcəmin yayılmasının törədicisi yeni tipli koronavirusdur (2019-nCoV). Yerli səhiyyə orqanlarının verdiyi məlumata görə, yeni xəstəliyin əsas əlamətləri yüksək temperatur və öksürəkdir. Xəstələnənlərin əksəriyyəti kişilərdir. Yaşlı adamlarda xəstəliyin ağırlaşması riski xüsusilə yüksəkdir. Ölənlərin yaşı 48-dən 89-a qədərdir. Virusun yayılmasının bütün kanalları hələlik müəyyən edilməmişdir.

Yeni xəstəlik yayılmağa başlayanda onun insandan- insana keçib-keçməməsi məlum deyildi. Yanvarın 20-də aydın olmuşdur ki, virus insandan-insana keçir. Çin səhiyyə orqanları məlumat vermişdir ki, xəstələrə yardım göstərən minimum 14 tibb işçisi yeni sətəlcəmə yoluxmuşdur.

Dünya Səhiyyə Təşkilatı (DST) bəyan etmişdir ki, 2019-nCoV koronavirusunun əsas təhlükəsi onun insanda ölümcül xəstəliyə yol açmasıdır. Hazırda yeni sətəlcəmin hansısa xüsusi müalicəsi yoxdur. Başqa virus xəstəlikləri zamanı istifadə edilən antivirus vasitələri tətbiq olunur. DST xəstəliyin Çində və digər ölkələrdə yayılacağını istisna etmir.

Yeni yayılan xəstəliyin müalicəsi mümkün olmadığından virusa yoluxmamaq üçün görülən qabaqlayıcı tədbirlər ön plana çıxır. DST dünya ölkələrini yeni sətəlcəmin yayılması ilə əlaqədar əsaslı epidemioloji monitorinq keçirməyə çağırmışdır. Mütəxəssislər tövsiyə edirlər ki, koronavirusa yoluxmamaq üçün Uhana səfərdən vaz keçmək, zooparklara və heyvanların iştirakı ilə keçirilən tədbirlərə qatılmamaq, yalnız butulka suyu içmək, adamların kütləvi şəkildə toplaşdığı yerlərdən qayıtdıqdan sonra və yemək yeməzdən qabaq əlləri yumaq, xəstəliyin ilk əlamətləri aşkara çıxanda dərhal həkimə müraciət etmək zəruridir.

Çin hökuməti yeni koronavirusun "vətən”ini - 11 milyonluq Uhanı artıq təcrid etmişdir. 12 milyonluq şəhərdə ictimai nəqliyyatın işi müvəqqəti olaraq dayandırılmış, hava limanı, vağzallar, bazarlar və zoopark bağlanmışdır. Sakinlərə elə bir ciddi səbəb olmadan şəhərdən çıxmamaq tövsiyə olunmuşdur. Uhanda yeni tipli sətəlcəmlə mübarizə üzrə mənzil-qərargah yaradılmışdır. Şəhərdə səkkiz təcili müdaxilə qrupu, xəstələr üçün doqquz xüsusi xəstəxana və ekspert tibbi qrupu təşkil olunmuşdur. Son məlumata görə, Hubey əyalətində daha doqquz şəhər - Çibi (534 min nəfər), Eçjou (1,08 milyon), Huanqan (7,5 milyon), Syantao (1,6 milyon), Çjitszyan (550 min), Tsyantszyan (963 min), Huanşi (2,7 milyon), Enşi (809 min) və Syanin (2,5 milyon) bağlanmışdır. Bu yaşayış məntəqələrində ictimai nəqliyyat bu və ya digər dərəcədə hərəkət etmir.

Bununla yanaşı, dünya dövlətləri xəstəliyin öz ərazilərində yayılmaması üçün təcili tədbirlər görür. Ayrı-ayrı ölkələrin beynəlxalq hava limanlarında Çindən, həmçinin Tailanddan gələn aviareyslərə nəzarət gücləndirilmişdir. Sərnişinlər gücləndirilmiş epidemioloji nəzarətdən keçirlər. Uçuş zamanı onların əhvalını bort bələdçiləri də müşahidə edirlər. Rusiya bütün sərhədlərində sanitar-karantin nəzarətini gücləndirmişdir. Sərhəddə əlavə nəzarət tədbirlərini Hindistan, Yaponiya, Sinqapur, Tailand, Malayziya, Cənubi Koreya, Kanada, Türkiyə, Serbiya və digər ölkələr də görür.

Ekspertlər hesab edirlər ki, tezliklə diaqnostik vasitələr hazırlanıb tətbiq olunsa və əhali xəstəlik barədə məlumatlandırılsa, koronavirusun yayılmasını altı ay ərzində dayandırmaq mümkün olacaq. Həmçinin yeni xəstəliyi müalicə etmək üçün vaksin ən tezi altı aydan sonra ortaya çıxa bilər. Hazırda ABŞ və Rusiya mütəxəssisləri bu istiqamətdə iş aparırlar.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video