24 Yanvar 2020 01:05
1965
İQTİSADİYYAT
A- A+

Azərbaycanın ilk “Smart ASAN”ı


Şamaxı "ASAN Həyat” kompleksi fəaliyyət göstərdiyi bir ay ərzində 12 mindən artıq vətəndaşa xidmət edib


Şamaxıda "ASAN Həyat” kompleksi unikal dizaynı və inzibati binasının orijinal memarlıq üslubu ilə hələ uzaqdan bura gələnlərin diqqətini çəkir. Şəhərin giriş hissəsində, Şəhriyar qəsəbəsində son dövrlərdə inşa olunmuş bir sıra mühüm infrastruktur obyektləri ilə bir cərgədə yer alan bu xidmət mərkəzi artıq Şamaxının ən gözəl və nümunəvi ünvanlarından birinə çevrilib. Ötən il dekabrın 5-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan kompleks dekabrın 24-dən vətəndaşların xidmətindədir. Bu gün kompleksin tam fəaliyyətə başlamasından bir ay ötür.


16-cı xidmət mərkəzi


Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 16 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəkidədir. 16-cı mərkəz isə ötən aydan Şamaxı "ASAN Həyat” kompleksidir.

Şamaxıdakı mərkəzlə tanışlıq zamanı diqqətimizi ilk çəkən onun "Smart ASAN” konsepti oldu. Belə ki, Şamaxı "ASAN Həyat” kompleksi ölkə üzrə smart konsept əsasında inşa edilən ilk xidmət mərkəzidir. Bu konsept vətəndaşların əsas xidmətlərdən yararlanmasından, yəni inzibati və digər binalara daxil olmasından əvvəl özünü göstərir.

Belə ki, bu konseptin tərkib hissələri smart texnologiyalar əsasında formalaşdırılan avtomobil parklama xidməti, kompleksin ərazisindəki ağıllı işıq dirəkləri, ağıllı tullantı yeşikləri və ağıllı güzgüdür. Məsələn, öz avtomobili ilə bu kompleksə gəlmək istəyən vətəndaş mobil telefondakı əlavə vasitəsilə əvvəlcədən avtodayanacaqda yer rezerv edə bilər. Ağıllı işıq dirəkləri insanın yaxınlaşdığını hiss etdikdə işıqlanır, ağıllı zibil yeşikləri isə hər hansı səbəbdən yanğın baş verərsə, dərhal bu barədə mərkəzə məlumat ötürür. Bütövlükdə bunlar ağıllı idarəetmədir. Kompleksin bütün infrastrukturu və ora daxil olan komponentlər elektron idarəetmə əsasında idarə edilir.


450 minə yaxın vətəndaşa göstərilən 320-dən çox xidmət


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin məlumatına görə, Şamaxı "ASAN Həyat” kompleksinin inşasına 2018-ci ilin iyun ayında başlanılıb və təxminən il yarıma başa çatdırılıb. Kompleksin ən müasir standartlara cavab verən inzibati binası 4 mərtəbədən ibarətdir. Binanın birinci və ikinci mərtəbələrində "ASAN xidmət” konsepti əsasında müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. Bu xidmətlərdən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlar yararlana bilər. Ən mühümü odur ki, digər mərkəzlər kimi, Şamaxı "ASAN Xidmət” mərkəzi də həftənin iş günlərindən başqa, şənbə və bazar günləri də əhalinin xidmətindədir.

Kompleksin inzibati binası fərqli xarici üslubu ilə yanaşı, daxili interyeri, genişliyi, son dərəcə təmizliyi ilə ilk andan insanda xoş ovqat yaradır. Elə ilk addımından şəffaf və operativ xidmət məkanına düşdüyünü başa düşən vətəndaşı girişdə gülərüz və mehriban personal qarşılayaraq ona ilk lazım olan informasiyanı verir. Məlumat mərkəzinin gülərüz əməkdaşlarının vətəndaşlarla iş prosesini kənardan izləyirik. Əməkdaşlar vətəndaşların sənədlərini yoxladıqdan sonra onlara hansı xidmət üçün müraciət etməli olduqlarını aydınlaşdırırlar. Beləcə, hər kəs asanlıqla istənilən xidmətdən yararlana bilir.


Holoqram bələdçi


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşlara xidmət sahəsində ən son innovativ yenilikləri tətbiq edir, "ASAN xidmət” modelində mütərəqqi layihələri ərsəyə gətirir. "MyGov”, "Asan İmza”, "ASAN Viza”, "ASAN ödəniş” və sair bu kimi vətəndaşlara xidmət nümunələri ən son innovativ yeniliklərdən qaynaqlanır. Elə yuxarıda qeyd etdiyimiz "Smart ASAN” konsepti də bunun bir nümunəsidir.

İlk olaraq Şamaxı "ASAN Həyat” kompleksinin inzibati binasında gördüyümüz başqa bir yenilik isə holoqram bələdçidir. Bu bələdçi ona edilən müraciətdən asılı olaraq xidmətin müddəti, rüsumu və vətəndaşı maraqlandıran digər məsələlərlə bağlı ətraflı məlumat verir. Qeyd edək ki, hələlik bu yenilik ilk olaraq Şamaxıdakı "ASAN xidmət”də tətbiq olunub.


Hər kəs razı və məmnundur…


Qeyd etdiyimiz kimi, Şamaxı "ASAN Həyat” kompleksi əsasən beş rayonun sakinlərinə xidmət üçün nəzərdə tutulub. Söhbətləşdiyimiz 81 yaşlı Afər Abdulxalıqova Ağsu rayonunun Dilman kəndindən gəlmişdi. İlk baxışdan məmnun qaldığı hiss olunan ağbirçək xanım öz təəssüratlarını böyük həvəslə və gəncliyə xas olan yüksək enerji ilə bölərək dedi: "Bala, xaricə övladımın yanına qonaq gedəcəm. Bura da pasportumu dəyişməyə gəlmişəm. Gələn kimi şəklimi çəkdilər, anketi də, sağolsunlar, buradakı qızlar yazdılar. Mənə heç əziyyət də vermədilər. Bundan kim razı qalmaz ki? Neçə il əvvəl pasport almaq üçün oğlum Bakıya aparmışdı. Rayondan Bakıya getmək, gəlmək, sonra pasportu yenidən götürmək üçün şəhərə qayıtmaq məni bilirsən nə qədər yormuşdu?! Sağolsun prezidentimiz, rayonumuzda məktəblər, xəstəxanalar tikdirib, təzə yol saldırıb. Zəlzələdən sonra camaata yeni evlər tikdirdi. İndi də bizə yaxın yerdə "ASAN xidmət”i yaratdı. Kim narazı olar belə hökumətdən?”

Güləsər Ramazanova isə Qobustanın Xilmilli kəndindəndir: "Eşidəndə ki, bizim rayona da xidmət edən "ASAN xidmət” mərkəzi açılıb, çox sevindik. Bura birinci dəfədir ki, gəlmişəm və ilk dəfədən də vətəndaşa göstərilən operativ və son dərəcə mehriban xidmətin şahidi oldum. Tibbi arayış almaq istəyirəm. Artıq müraciətimi qəbul ediblər. Gələcəkdə də hansı dövlət orqanına müraciət etməli olsam, yalnız bura gələcəm”.

Şamaxının Dağbağırlı kənd sakini Əli Əsədov isə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün gəlib: "Çox razı qaldıq, bu xidməti rayonumuzda da yaratdığına görə hörmətli Prezidentimizə minnətdarıq. Ümumiyyətlə, rayonumuza diqqət ən yüksək səviyyədədir. Görürsüz, Şamaxı nə qədər dəyişib, gözəlləşib. Zəlzələdən zərər çəkən camaatın bütün problemləri aradan qaldırıldı. Bura da şəxsiyyət vəsiqəsi üçün gəlmişik. Gələn kimi də nəzakətlə, mehribanlıqla dərhal sənədlərimizi qəbul etdilər. Vaxt itkisi olmadan işimizi qurtardıq, inşallah bir də gəlib hazır sənədi götürəcəyik”.


Könüllülərin xidməti böyükdür


Hazırda 209 əməkdaşı olan Şamaxı "ASAN Həyat” kompleksində 50 nəfərə yaxın könüllü fəaliyyət göstərir. Məlum olduğu kimi, "ASAN xidmət” mərkəzlərindəki könüllü fəaliyyəti Azərbaycanda bu istiqamətdə aparılan dövlət siyasətinə töhvə vermiş bir təcrübə məktəbidir. ASAN xidmət” mərkəzlərində bu günə qədər 22 mindən çox könüllü vətəndaşlara xidmət sahəsində fəaliyyət göstərib və onlara bu müddət ərzində bir sıra praktiki bilik və bacarıqlar aşılanıb. Məzun könüllülərin bir çoxu da hal-hazırda dövlət və özəl strukturlarda çalışırlar. Dekabrın 5-də Şamaxıda "ASAN Həyat” kompleksinin açılışı zamanı əməkdaşlarla görüşən Prezident İlham Əliyev bu barədə deyib: "Onu da bildirməliyəm ki, könüllülər hərəkatı bizdə "ASAN xidmət”dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir, dövlətə xeyir gətirir. Bizim gənclərimiz məhz belə olmalıdır”.

Şamaxı "ASAN Həyat” kompleksində xidmətin operativ həyata keçirilməsində, vətəndaş məmnuniyyətinin təmin olunmasında könüllülərin xidməti böyükdür. Onlar vətəndaşlara göstərilən xidmətin yüksək səviyyədə həyata keçirilməsində yaxından iştirak etməklə yanaşı, gələcək karyeraları baxımından təcrübələrini və dünyagörüşlərini də artırırlar. Könüllü Xanım Almuradlı Bakıdandır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında təhsil alır. Dərsdən sonra "ASAN xidmət”də könüllü kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, könüllülük fəaliyyəti gənclərin uğurlu gələcəyi üçün yaradılan imkanların sübutudur: "Bir aydır fəaliyyət göstərən Şamaxı "ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərirəm. Bu bir ay ərzində keçirilən şəxsi inkişaf təlimlərində iştirak etmişəm və öz fəaliyyətimdə təlimlərin nə qədər faydalı olduğunu görürəm. Bu il Prezident İlham Əliyev tərəfindən "Könüllülər ili” elan edilib. Bu da ölkəmizdə gənclər üçün yaradılan imkanların, könüllülük fəaliyyətinə göstərilən yüksək diqqətin sübutudur”.

Kompleksin tərkibində ASAN Təlim Mərkəzi də fəaliyyət göstərir. Mərkəz "ASAN xidmət” mərkəzlərinin kadr hazırlığını həyata keçirir. Həmçinin Mərkəz Dövlət Agentliyinin, mərkəzlərin, habelə ezam olunmuş digər dövlət orqanlarının əməkdaşları üçün kadr potensialının artırılması üçün təlimlər, kurslar təşkil edir. Təlimlər əməkdaşların şəxsi keyfiyyətlərinin yüksəldilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəlmişdir. Bu günə qədər 2500-dən çox təlim keçirilib.


Nümunəvi xidmətlə yanaşı, istirahət və əyləncə də unudulmur


Şamaxı "ASAN Həyat” kompleksi öz işini yalnız vətəndaşlara lazım olan sənədlərin operativ və şəffaf şəkildə verilməsi ilə yekunlaşdırmır. Belə ki, kompleksin nəzdində vətəndaş məmnuniyyətinə yol açan digər xidmət sferaları da yaradılıb. Vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. Bu baxımdan "ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif məsələləri əhatə edir.

Bunlara misal olaraq "ABAD Food Hall”ı misal göstərmək olar. Burada "ABAD”çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların sərgi-satışı təşkil edilib. Eyni zamanda burda restoran və kafe də fəaliyyət göstərir.

Burada balacaların istirahəti və əyləncəsi də nəzərə alınıb. Valideyni ilə buraya gələn iki yaşdan yuxarı körpələr və uşaqlar onlar üçün yaradılmış mərkəzdə əylənə bilirlər.

Şamaxı "ASAN Həyat” kompleksi fəaliyyət göstərdiyi bir ayda 12 mindən artıq vətəndaşa xidmət edib. Burada müşahidə etdiklərimiz bir daha onu göstərir ki, Azərbaycanın intellektual məhsulu olan "ASAN xidmət” hökumət-vətəndaş münasibətlərində şəffaflığın və operativliyin təmin edilməsi, əhaliyə keyfiyyətli xidmətin göstərilməsi baxımından özünü təcrübədə doğruldan bir modeldir. Başqa bir reallıq odur ki, Azərbaycanda uğurla tətbiq olunan bu model həm də dünyada yayılır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video