24 Yanvar 2020 00:56
2330
SİYASƏT
A- A+

Azərbaycan gəncliyi islahatlara sanballı töhfələr verir


Gənclərimiz fəal və yenilikçi sosial zümrə olaraq hər zaman ictimai-siyasi, sosial-mədəni həyatımızla bağlı intibah proseslərinin önündə getmişlər. Azərbaycanın ötən illərdəki sabit və davamlı inkişafında, habelə əldə etdiyi möhtəşəm nailiyyətlərdə gənclərin rolu böyükdür.

Dövlət başçısı cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi çoxşaxəli tədbirlər sistemi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası hələ ötən əsrin 70-80-ci illərində qoyulmuş gənclər və idman siyasətinin məntiqi davamıdır. Tarixi sənədlər göstərir ki, həmin illərdə gənclər, bədən tərbiyəsi və idman sahəsində mükəmməl qanunverici baza formalaşdırılmış və keyfiyyətcə yeni mərhələdə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Paralel olaraq gənclərin dövlət idarəetməsində yaxından iştirakı, habelə ciddi ideoloji-siyasi şərtlər daxilində milli ruhda inkişafı təmin edilmişdir. Hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Heydər Əliyevin qətiyyətli qərarları respublikada milli ruhun, milli özünüdərk hisslərinin yüksəldilməsi; mənəvi dəyərlərin mühafizəsi; ana dilinin Azərbaycan SSR Konstitusiyasında təsbit edilməsi; azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə ali təhsil almağa göndərilməsi; imkansız ailələrin övladlarının ali məktəblərin hüquqşünaslıq, şərqşünaslıq, tibb kmi ixtisaslara qəbulu yolunda bürokratik maneələrin aradan qaldırılması; respublikada hərbi təhsilin inkişafı; milli kadrların irəli çəkilməsi və digər mühüm məqsədlərə xidmət etmişdir.

Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda gənc nəslin sosial-mənəvi tərəqqisi, habelə idmanın, olimpiya hərəkatının genişləndirilməsi məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Xalqının səsinə səs verərək xilaskar kimi özünü yetirən, qardaş qırğınlarının qarşısını alan, ölkənin parçalanmasına imkan verməyən Heydər Əliyevin 1993-cü ilin 15 sentyabrında - ölkədə ziddiyyətli ictimai-siyasi proseslərin cərəyan etdiyi bir zamanda gənclərlə görüşə vaxt tapması Ümummilli Liderin Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi böyük önəmin bariz göstəricisi kimi tarixiləşmişdir.

Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə mühüm addımlarından biri də gənclərin təşkilatlanması, gənclər hərəkatının vahid mərkəzdən idarə olunması məqsədilə 1994-cü ilin 26 iyulunda Gənclər və İdman Nazirliyinin yaradılması olmuşdur. Nazirlik qarşısında müəyyənləşdirilmiş vəzifələr dövlət gənclər siyasətinin düzgün icrasından, idmanın inkişafından, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından dolğun istifadə edilməsi və bunlar üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şəraitin yaradılmasından ibarətdir.

Ulu Öndər Heydər Əliyevin 2 fevral 1997-ci il tarixdə imzaladığı fərmana əsasən, fevral ayının 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Sonrakı mərhələdə gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılması da təmin edilmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında”, "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, "Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, habelə "Gənc ailə” proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı bu baxımdan əhəmiyyətli olmuşdur.

2003-cü ilin oktyabrından Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısı gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə hələ 30 avqust 2005-ci il tarixdə "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır.

Gənc nəslə qayğı siyasətini inamla davam etdirən dövlət başçısı İlham Əliyevin 2011-ci il 6 aprel tarixli "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında” sərəncamı da gənclərin cəmiyyət həyatında fəal iştirakına yeni imkanlar açmışdır. Sərəncam əsasında hazırlanaraq təsdiqlənmiş dövlət proqramı gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi daşımışdır.

Dövlət başçısının 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”nın təsdiq edilməsi respublikamızda gənclərə qayğı siyasətinin davamlılığını təmin etmişdir. Dövlət proqramının məqsədi Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq; cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq; onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək; gənc nəslin sağlamlığını qorumaq; gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq; müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək; ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına da ciddi əhəmiyyət verir. Xüsusi proqram əsasında 5000-dək gəncin xarici ölkələrdə ali təhsil almağa göndərilməsi dövlət idarəetmə sisteminin modernləşdirilməsi baxımından mühüm addımlardan olmuşdur.

2016-cı ilin 26 sentyabrında keçirilmiş ümumxalq referendumunun nəticəsi olaraq Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər gənclərin seçkili orqanlarda iştirak imkanlarını genişləndirmiş, respublikamızda növbəti islahatların gerçəkləşdirilməsində onların rolunu artırmışdır. Həmin referendumla passiv seçki hüququ üçün müəyyən edilmiş aşağı yaş həddinin aktiv seçki hüququ üçün təyin olunan yaş həddi ilə eyniləşdirilməsi mühüm müddəalardan biri kimi qeyd olunmalıdır. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik hər bir vətəndaşı (18 yaş) qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. Bu yenilik aktiv və passiv seçku hüquqları üçün nəzərdə tutulan yaş senzinin bərabərləşdirilməsinə xidmət edir.

Seçmək və seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi heç də 18 yaşında vətəndaşların mütləq olaraq Milli Məclisə üzv və ya prezident seçilməsi anlamına gəlmir. Söhbət passiv və aktiv seçki hüquqlarının demokratik təminatından gedir. Konkret olaraq hansı yaşda iddiaçının Milli Məclisin üzvü və ya ölkə prezidenti seçilməsi məsələsinin həlli seçicilərin rəyindən asılıdır. Hər hansı iddiaçının Milli Məclisin üzvü seçilməsinə əsas verən təkcə onun müəyyən edilmiş yaş həddi tələblərinə cavab verməsi deyil, həm də insanların ona səs verməsi üçün yetərli nüfuza, hörmətə, təcrübəyə, xalq və dövlət qarşısında xidmətlərə malik olmasıdır.

Yeri gəlmişkən qeyd edək ki, minlərlə gənc 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində uğur qazanaraq yerli özünüidarəetmə orqanlarında öz potensiallarını gerçəkləşdirmək imkanı qazanmışlar. Eyni zamanda gənclərin hazırda davam edən parlament seçkiləri kampaniyasında fəal iştirakı da onların qanun yaradıcılığı prosesinə sanballı töhfələr vermək əzmini nümayiş etdirir. Onu da bildirək ki, hazırda yüzlərlə gənc seçkilərdə namizəd kimi qeydə alınıb və onların böyük əksəriyyəti potensialı, yüksək bilikləri olan, ictimai həyatın müxtəlif sahələrində çalışaraq nüfuz qazanan, kreativliyi ilə fərqlənən gənc kadrlardır. Eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının dəstəklədiyi namizədlər arasında gənclərin əksəriyyət təşkil etməsi də mühüm fakt kimi qeyd olunmalıdır.

Ölkədə gənclər siyasətinin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən səmərəli layihələr gənclərin mənəvi-intellektual və yaradıcı potensialının möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər və flaqman təmsilçisi kimi Leyla xanım Əliyeva da dəyərli vaxtını, enerjisini məhz ölkəmizin dünya miqyasında tanınmasına sərf edir. Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirir. İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə mənim də daim yaxından iştirak etdiyim "Xocalıya ədalət!” beynəlxalq kampaniyasına start verilməsi də onun fəaliyyəti ilə bağlıdır.

Cəmiyyəti narahat edən məsələlərin həlli naminə əzmkarlıqla çalışan, səmərəli təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva gənclərin sosial-mənəvi, intellektual tərəqqisinə və sağlamlığına xidmət edən islahatlara da yeni nəfəs vermişdir. Bu təyinatın cəmiyyətdə birmənalı olaraq dəstəklənməsi və rəğbətlə qarşılanması həm də onunla şərtlənir ki, Mehriban xanım Əliyeva istər ictimai, istərsə də parlamentarizm fəaliyyəti ilə insan amilini daim önə çəkmiş, cəmiyyətin mövcud resurslarının bu yöndə səfərbər olunmasına çalışmışdır.

Təsadüfi deyildir ki, 2018-ci ilin 11 aprel seçkilərində gənclərin fəallığı da diqqətçəkən və dəyişməz olmuşdur. Dövlət başçısı 11 aprel seçkilərindən dərhal sonra Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan bayram ovqatlı tədbirdə çıxış edərkən seçkilərdə gənc nəslin fəallığını, eləcə də onların ölkə həyatındakı rolunu yüksək dəyərləndirmişdir: "Bizim taleyimiz öz əlimizdədir. Üzümü Azərbaycan gənclərinə tutub deyirəm: Ölkəmizin gələcəyi sizin əlinizdədir. Bu gün yetişən gənclik gələcəkdə Azərbaycanı idarə edəcək”.

Əlbəttə, idarəçiliyin müasirləşdirilməsi, hökumətin fəaliyyətində ictimai rəy amilinin ciddiliklə nəzərə alınması, vətəndaşları narahat edən problemlərin operativ qaydada aradan qaldırılması, şəffaflıq, hesabatlılıq - bütün bunlar yeni mərhələdə dövlət başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu ciddi tələblərdir. 2018-ci ilin 11 aprel seçkilərindən sonra novatorluğu ilə fərqlənən gənclərin irəli çəkilməsi idarəetmə sisteminə yeni nəfəs gətirməyə, ümumən idarəçilik sistemində kreativ yanaşmaya səbəb olmuşdur. İslahatlara meyilli, kreativ kadrların yüksək vəzifələrə təyinatı, bu prosesdə əngələ çevrilən, bürokratik təfəkkür tərzindən uzaqlaşa bilməyən məmurların öz postları ilə vidalaşmaları deyilənləri bir daha sübut edir. Son aylarda baş verən ciddi kadr dəyişiklikləri ölkədə idarəetmə fəlsəfəsinin tamamilə dəyişməsi ilə bağlı cəmiyyətə verilən böyük mesajdır. Dövlət başçısı ölkədə vətəndaş-məmur münasibətlərinin sağlamlaşdırılması, idarəetmədə hüquq qaydaları ilə bir araya sığmayan neqativ amillərin aradan qaldırılması ilə bağlı kifayət qədər prinsipial mövqedə olduğunu son aylarda verdiyi qərarlarla bir daha təsdiqləmişdir.

Azərbaycan gəncliyinin qarşısında ölkədəki islahatlar prosesini dəstəkləmək və onun həyata keçirilməsində yaxından iştirak etmək kimi mühüm hədəflər dayanır. Yeni təfəkkürlü, vətənpərvər, innovasiyalara meyilli gənclər aparılan islahatların təşəbbüskarı və icraçısı olmaqla yanaşı, həm də ictimai şüurda geniş təbliği istiqamətində də fəal iş aparırlar. Bu gün sosial şəbəkələr təbliğat üçün ən real və geniş platforma qismində çıxış edir. Bu gün ölkə üzrə gənclərin 70 faizə qədərinin aktiv sosial şəbəkə istifadəçi olduğunu nəzərə aldıqda, sosial şəbəkələrin böyük və əhəmiyyətli təbliğat-təşviqat ruporu olduğunun fərqinə varmış olarıq. Təəssüflə vurğulamaq lazımdır ki, son illər antiazərbaycançı şəbəkə ölkəmiz və onun hakimiyyəti barədə həqiqətdən tamamilə uzaq, təxribat xarakterli qarayaxma kampaniyasını məhz sosial şəbəkələr üzərindən aparırlar.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı keçirilən yubiley mərasimindəki çıxışı zamanı haqlı olaraq demişdir: "Ümumiyyətlə, Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik”.

Haşiyə olaraq onu da bildirim ki, hal-hazırda magistr təhsili aldığım tədris müəssisəsinin müvafiq qurumunun tapşırığı ilə "Dövlət başçısının şərəf və ləyaqətini ləkələmə və ya alçaltma ilə cinayət-hüquqi mübarizə” mövzusunda elmi araşdırma aparmalı oldum. Bu səbəbdən müxtəlif kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatında gəncliyi narahat edən, xaricdə qaçıb gizlənmiş ayrı-ayrı şəxslər və onların ölkəmizdəki əlaltıları tərəfindən söylənilən böhtan dolu materiallarla tanış olmaq məcburiyyətində qaldım. Məlum oldu ki, müxtəlif yollarla bəzi Avropa ölkələrinin himayəsinə sığınaraq "facebook”, "instagram” kimi sosial şəbəkələr və "youtube” kanalı üzərindən dövlət və xalq əleyhinə çirkin təbliğat aparan antimilli qüvvələrə qarşı səmərəli əks-hücumun təşkili, onların təhqir və iftira kampaniyasının məntiqi dəlil-sübutlarla zərərsizləşdirilməsi baxımından müasir vətənpərvər gənclərin üzərinə mühüm vəzifələr düşür. Sevindirici haldır ki, indi gənclərin böyük əksəriyyəti ölkəmizdəki yeniliklərin mahiyyətini düzgün qavrayır, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan sistem islahatlarını birmənalı dəstəkləyirlər.

Təəssüflə vurğulamaq istərdim ki, sosial şəbəkələrdə dövlət başçısının fəaliyyəti ilə bağlı reallığı əks etdirməyən, yalan və iftira xarakterli fikirlərə, bəzən insanlığa yaraşmayan xoşagəlməz ifadələrə rast gəlirik. Müxtəlif saxta adlar altında gizlənən bu "klaviatura qəhrəmanları” unudurlar ki, Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti mövcud Konstitusiya və qanunvericiliklə qorunur. Konkret olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 323-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltma - iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirilməklə törədildikdə - üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə, yuxarıda qeyd edilən əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Azərbaycanla yanaşı, dünyanın əksər ölkələrində dövlətə rəhbərlik edən şəxsin şərəf və ləyaqəti qanunla qorunur. Bu qanunlara əməl etməyənlər ən sərt formada cəzalandırılır. Bu mənada, internet, ifadə və söz azadlıqları kimliyindən asılı olmayaraq fərdin şərəf və ləyaqətinin təhqir edilməsinə, ona böhtan atılmasına gətirib çıxarmamalıdır.

Ümumilikdə bu gün hər bir gəncin öz potensialını realizə edə bilməsi, yüksək biliklərə yiyələnməsi, firavan yaşayışı, şəffaflığa və hesabatlılığa əsaslanan idarəetmə sistemində layiqli təmsilçiliyi ölkə rəhbərliyinin yürütdüyü gənclər siyasətinin başlıca qayəsini təşkil edir. Yalnız son aylarda xeyli sayda gəncin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yüksək vəzifələrə təyin olunmaları bunun əyani göstəricisidir. Azərbaycanın sosiomədəni modernləşməsi prosesində ölkənin novator və vətənpərvər gəncliyi də yaxından iştirak edərək Prezident

İlham Əliyevin əzmkar siyasi iradəsi ilə başlanmış genişmiqyaslı islahatlara dəstək verirlər.

Veysəl VƏLİYEV,

O.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin magistri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video