23 Yanvar 2020 13:34
704
İQTİSADİYYAT
A- A+

Azərbaycanın kənd təsərrüfatı məhsulları Dubayda sərgilənir


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ticarət nümayəndəsi aparatının təşkilatçılığı, ölkəmizin BƏƏ-dəki səfirliyinin dəstəyi ilə Dubayda "Azərbaycan kənd təsərrüfatı məhsulları: Sərgi və dequstasiya” tədbiri keçirilib.

"Aqrar Tədarük və Təchizat" ASC-dən AZƏRTAC-a bildirilib ki, məqsəd ixrac potensialı böyük olan yerli istehsal kənd təsərrüfatı və qida məhsullarının tanıdılması, ixrac kanallarının araşdırılması və yeni işgüzar əlaqələrin qurulmasıdır.

Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev Azərbaycan haqqında ümumi təqdimatla çıxış edərək iki ölkə arasında ticari-iqtisadi əlaqələri, tarixi, mədəniyyəti barədə məlumat verib, məhsulların keyfiyyətini qeyd edib.

Azərbaycan məhsullarının Birləşmiş Ərəb Əmirlikləri və Körfəz bazarına ixrac potensialı barədə qonaqları məlumatlandıran ticarət nümayəndəsi ölkələrimiz arasında ikitərəfli ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivlərindən söz açıb.

"Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədova tədbir çərçivəsində yerli məhsulların ixracı və investisiyaların ölkəmizə cəlbi ilə mümkün əməkdaşlıqların müzakirə edildiyini bildirib: "Ölkəmizdə qeyri-neft sektorunun inkişafında son illərdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar mühüm əhəmiyyət kəsb edir. Kənd Təsərrüfatı Nazirliyinin son dövrlərdəki fəaliyyəti və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün görülən işlər bu sahənin inkişafını stimullaşdırır. Məhsul istehsalının həcmi artdıqca onun daxili və xarici bazarda satışının düzgün təşkili bu baxımdan çox əhəmiyyətlidir. Biz mütəmadi olaraq xaricdəki ticarət nümayəndəlikləri ilə birgə bu formatda tədbirlər təşkil edir, Azərbaycan məhsullarının tanıtımını həyata keçiririk. Bu tədbirlərdə ixrac prosesi və xarici bazarlarla bağlı təsəvvür yaratmaq məqsədilə yerli aqrar sahibkar və qida istehsalçılarının da iştirakını təşkil edirik. Bu tədbir də istisna deyil. Burada bir sıra işgüzar görüşlər keçirir, yerli qida istehsalçıları ilə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən özəl və dövlət biznes strukturları arasında görüşlər təşkil edirik. Məqsədimiz yerli kiçik və orta fermer təsərrüfatlarını məhsul ixrac etməyə cəsarətləndirmək və ixrac prosesini stimullaşdırmaqdır”.

Azərbaycanın BƏƏ-dəki səfiri Mahir Əliyev iki ölkə arasında siyasi-iqtisadi, mədəni sahələrdə ikitərəfli əlaqələrin artan templə davam etdiyini, bu kimi tədbirlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini, eləcə də bunun Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına verdiyi əhəmiyyəti təcəssüm etdirdiyini deyib.

Tədbirin mədəni hissəsində Azərbaycan milli rəqsləri təqdim edilib.

Sonra qonaqlar Azərbaycan kənd təsərrüfatı və qida məhsullarından ibarət sərgi ilə tanış olublar. Sərgidə "Aqrar Tədarük və Təchizat” ASC-nin stendi ilə yanaşı, Azərbaycanın yerli qida istehsalçıları və aqrar sahibkarlar da öz məhsullarını nümayiş etdiriblər. Sərgi zamanı ixrac potensialı yüksək olan və müxtəlif aqrar sahibkarların yetişdirdikləri yerli məhsulların (bal, təzə meyvələr, quru meyvələr, çay, düyü, ət, fındıq və.) təqdimatı və dequstasiyası da təşkil olunub.

Azərbaycan və BƏƏ-dən olan sahibkarlar və biznes strukturlar arasında ikitərəfli görüşlər keçirilib.

Tədbirdə Azərbaycanın BƏƏ-dəki səfirliyinin, "Aqrar Tədarük və Təchizat” ASC-nin, BƏƏ İqtisadiyyat Nazirliyinin, Dubay Ticarət və Sənaye Palatasının rəhbər şəxsləri, Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi aparatının, Dubay şəhərindəki Baş konsulluğun nümayəndələri, Azərbaycandan qida istehsalçıları və aqrar sahibkarlar, BƏƏ-dən biznes strukturların nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video