23 Yanvar 2020 01:50
3414
SİYASƏT
A- A+

Davosda Prezident İlham Əliyevə növbəti dəstək


Dünya İqtisadi Forumunun Prezidenti Borge BRENDE: "Siz qarşıya hədəf qoyanda onu həyata keçirirsiniz. Düşünürəm ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq”


İsveçrədə işgüzar səfərdə olan Prezident İlham Əliyev Davosda dövlət və hökumət başçıları, beynəlxalq şirkətlərin rəhbərləri ilə mühüm görüşlər keçirir. Bu görüşlər zamanı şirkətlərin Azərbaycanla işbirliyi, əlaqələrin daha da şaxələnməsi üçün maraqlı təkliflər irəli sürülür, bəziləri isə qəbul edilir.

Yanvarın 21-də isə Davosda ölkəmiz adına daha bir qürurverici hadisə yaşandı. Prezident İlham Əliyevlə Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende arasında keçirilən görüşdə niyyət protokolu imzalandı. Sənədə əsasən Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq.


Əməkdaşlığın təməli


Öncə bir xatırlatma edək. Davosda Dünya İqtisadi Forumunun 50-ci iclası keçirilir. 2007-ci ildən foruma dəvət edilən Prezident İlham Əliyev 14-cü dəfə mötəbər toplantıda iştirak edir.

Tam bir il öncə, yəni 2019-cu ilin yanvar ayının 21-də Davosda cənab İlham Əliyevlə cənab Borge Brende arasında keçirilən görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə tərəflər arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi.

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək dedi ki, bu sənəd tərəfdaşlıq ruhunu və qarşılıqlı səyləri davam etdirməkdə hər iki tərəfin istəkli olduğunu nümayiş etdirir. Cənab İlham Əliyev Azərbaycanın dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcəyini də vurğuladı.


Əlaqələrin yeni səhifəsi üçün yaxşı başlanğıc


Bir ildən sonra - 2020-ci ildə yenidən tərəflər arasında niyyət protokolu imzalandı və sənədin əhəmiyyəti qeyd edildi. Sənədə əsasən forumun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq. Söhbət zamanı vurğulandı ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi 4-cü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Prezident İlham Əliyev bunu əlaqələrin yeni səhifəsi üçün yaxşı başlanğıc adlandıraraq dedi ki, Azərbaycanın Davos Forumu ilə bu mühüm sənədi imzalayan ilk ölkələr arasında olması fəxredici hadisədir: "Bu, həqiqətən də bizim əlaqələrimizdə yeni səhifədir. Ümidvaram ki, gələcək keçmiş qədər uğurlu olacaq”.

Davos Forumunun Prezidenti Borge Brende isə öz növbəsində vurğuladı ki, cənab İlham Əliyev qarşıya hədəf qoyanda onu mütləq həyata keçirir və bu səbəbdən də diplomat düşünür ki, Azərbaycan dördüncü sənaye inqilabına ən yaxşı hazır olan ölkələrdən biri olacaq.


4-cü sənaye inqilabı - rəqəmsallaşma, süni intellekt


Bu gün dünya 4-cü sənaye inqilabına qədəm qoyub. Əgər birinci sənaye inqilabı buxar maşınının kəşfi ilə istehsalın mexanikləşməsi, ikinci sənaye inqilabı elektrik enerjisinin kütləvi istehsalı ilə sənayeləşmə, üçüncü sənaye inqilabı istehsalın avtomatlaşdırılması üçün elektronika, kompüterləşmə və informasiya texnologiyalarından kütləvi istifadəni nəzərdə tuturdusa, dördüncü sənaye inqilabı ("Sənaye 4.0”) rəqəmsallaşmanı, texnologiyaların birləşməsi və fiziki, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin aradan qalxmasını səciyyələndirir.

"Sənaye 4.0” müasir dövrün ən aktual mövzularından biridir. 4-cü sənaye inqilabı innovasiya, süni intellekt və robotlar dövrü deməkdir. Bu gün dünya ölkələri "Sənaye 4.0” üstündə ciddi işlər aparırlar. Qeyd etdiyimiz kimi, rəqəmsal dövrdə əhəmiyyətli inkişafa nail olmağın, 4-cü sənaye inqilabı dövründə geri qalmamağın yollarından biri bütün sahələrdə innovasiyaların tətbiqi və ölkədə innovasiya sisteminin inkişaf etdirilməsidir. Süni intellekt və müxtəlif sahələrdə robotlaşmanın artması, "3D Printing”, dronlardan istifadə, bərpaolunan enerjidən istifadənin artması, elektrikli maşınların artması, sürücüsüz nəqliyyat vasitələrinin meydana gəlməsi və s. göstəricilərlə 4-cü sənaye inqilabının başladığını deyə bilərik. Bütün sadalanan və sadalanmayan problemlərə rəğmən, 4-cü sənaye inqilabının həyatımızı kəskin şəkildə dəyişməsi faktı danılmazdır. Əsas məsələ bu dəyişikliyin necə idarə olunmasıdır.


Həyat normaları və düşüncə tərzi tamamən dəyişəcək


Dünya İqtisadi Forumunun iki il öncə hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı-2018”də 4-cü sənaye inqilabı da əsas götürülərək yeni formatda rəqabətlilik indeksi tətbiq edilmişdi. Hesabatda qeyd edilir ki, 4-cü sənaye inqilabının mürəkkəbliyi, əhatə dairəsi və miqyası o qədər geniş olacaq ki, bəşəriyyətin yaşayış şəraiti, həyat normaları və düşüncə tərzi tamamən dəyişəcək. Bəzi alimlər hətta bu inqilabın bəşər və insan sözünün tərifini dəyişəcəyini iddia edirlər.

Görəsən dördüncü sənaye inqilabında bizi nələr gözləyir?

Bu sənaye inqilabı miqyası, həcmi və mürəkkəbliyi baxımından bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Ekspertlər hesab edirlər ki, qarşıda bizi süni intellekt, robot-avtomobillər, nanotexnologiya, biotexnologiya və s. daxil olmaqla, ən geniş sahələrdə heyrətamiz texnoloji sıçrayış gözləyir.

Yeni sənaye inqilabını çox vaxt kompüter və telefon əməliyyatı sistemləri nümunəsində rəqəmsal göstərici əlavə etməklə "Sənaye 4.0” kimi adlandırırlar. İlk dəfə bu termin 2011-ci ildə səslənib. Almaniya hökuməti "Sənaye 4.0”ı ölkənin "Yüksək Texnologiya Strategiyası 2020”nin ayrılmaz tərkib hissəsi adlandırıb. Sonradan yaradılan işçi qrupu bununla bağlı öz baxış nöqtəsini təyin edib və "Sənaye 4.0”ı istehsalın təkcə ayrı-ayrı mərhələlərinə cavabdeh olan deyil, bütünlükdə onu müstəqil şəkildə optimallaşdıran və nəzarətdə saxlayan kiberfiziki sistemlərin sənaye istehsalı və tətbiqi kimi qiymətləndirib.

Ona görə də alimlər hesab edirlər ki, "Sənaye 4.0” inkişafda yeni üfüqlər açmaqla yanaşı, heç şübhəsiz, insanlar üçün də yeniliklər və bir sıra gözlənilməzliklər gətirəcək. Davos Forumunun hesabatına görə, 2020-ci ilə dünyada təxminən 4,7 milyon ofis işçisi, istehsalatda 1,6 milyon, tikintidə isə təxminən 0,5 milyon insan öz iş yerini itirəcək. Lakin eyni zamanda biznes və maliyyə sahəsində demək olar ki, 500 min, menecment və İT sahəsində 400 min, memarlıq və mühəndislik sahəsində 300 min, satış sahəsində də 300 min yeni iş yeri açılacaq.

Yəni "Sənaye 4.0” robotlaşma təkcə insanların öz iş yerlərini itirməsi ilə deyil, həmçinin biznesin ən fərqli sahələrində yeni imkanların yaranması ilə də müşayiət olunacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video