Alternative content

21:50 19 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
11:05 19.09.2020 Birjalarda neftin qiyməti
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətən övladları xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi yazdılar
Vətən övladları xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi yazdılar
ANA SƏHİFƏ / SİYASƏT
02:09 22.01.2020


O gün təpədən-dırnağadək ən müasir hərbi sursatlarla silahlanmış böyük bir ordunun hissələri dinc əhalinin üzərinə yeridildi. Beləcə, dünya 1990-cı ilin yanvarında misli görünməmiş bir qəddarlığın, ədalətsizliyin şahidi oldu. Yetmiş il sonra XI Qırmızı ordunun əli yenidən azərbaycanlıların qanına boyandı. Uşaq, gənc, ağsaqqal, tibb işçisi... demədən qarşılarına çıxanları amansızlıqla gullələyir, ağır zirehli texnikanın altına salaraq əzib keçirdilər.

O gecə Bakının ən dəhşətli, ən müsibətli gecələrindən biri oldu. Kommunist rejimi hakimiyyətini itirmək qorxusu ilə azadlıq, istiqlaliyyət, müstəqillik arzusunda olan dinc əhaliyə divan tuturdu...

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çox insanı əbədi həsrətə, ayrılığa düçar etdilər, neçə-neçə evə, ocağa həmişəlik dərd, qüssə gətirdilər. O gecə Qocamanovların ailəsinin xoşbəxtliyini yarımçıq qoydular. 20 Yanvar şəhidi Əliyusif Qocamanovun həyat yoldaşı Elmira xanım o vaxtadək keçirdikləri gözəl günləri xatırlayır. Deyir ki, Əliyusif çox mehriban, zəhmətsevər, ailəcanlı adam idi. İki yerdə işləyirdi. Çalışırdı ki, ailəsi rahat yaşasın, övladları ehtiyac nə olduğunu bilməsinlər.

Əliyusif Qocamanov 1933-cü ildə dünyaya göz açıb. Əslən Göyçə mahalından olsa da, Ağsuda yaşayıblar. Sonradan Bakıya gəliblər. Burada taleyini dənizə bağlayıb. Yaşadıqları "Xəzər” kinoteatrının üstündəki evlərini də Əliyusif Qocamanova uzun illər çalışdığı "Kaspar”dan veriblər. Onun gəmidəki matros işi növbəlilik qaydasında idi. İki gün işdə, iki gün evdə olurdu. Boş oturmaqdan xoşu gəlməzdi. Evdə olduğu günlərdə də yaşadıqları yerin yaxınlığında yerləşən "Naxçıvan” mehmanxanasının yanındakı qəzet köşkündə işləyirdi.

Qohum-qonşu, iş yoldaşları onu xeyirxah, əliaçıq, mərhəmətli insan kimi tanıyırdılar. Ailəsini çox sevir, qızları Maralın, Şəhlanın və sonbeşiyi Hüseynin bir dediyini iki etməzdi. Şəhidin böyük qızı Maral Zamanova ömrünün atalı günlərini xoş təbəssümlə yada salır: "Atam bizi çox istəyirdi. Biz öyrəşmişdik, bilirdik ki, o, hər səhər gəlib bizi öpüb sonra işə gedəcək. Evimiz ikinci mərtəbədəydi. İşdən evə dönüb birinci mərtəbəyə çatanda astadan öskürürdü. Bilirdik ki, atamız gəlir, özümüzü yığışdırırdıq...”

Bir müddət əvvəl mitinqlər başlamışdı. Hər kəs kimi onların da rahat həyatlarına narahatlıq, gərginlik qarışmışdı. O gün də Əliyusif Qocamanov növbədən qayıtmışdı. Şəhərdə gəzən söhbətləri eşitmişdi. Amma hər kəs kimi, o da həmin gecənin dəhşətli faciələr gətirəcəyindən xəbərsiz idi...

Şəhər qazan kimi qaynayırdı. Maral xanım deyir: "O axşam gördüm ki, atam çox pis olub. "Cavanlara yazığım gəlir” dedi və gözləri doldu. Ona təsəlli vermək üçün dilləndim: "Ay ata, hər şey yaxşı olacaq”.

Axşam qəflətən televizor sönəndə təəccüblə bir-birlərinə baxdılar. Əvvəlcə elə güman etdilər ki, problem yalnız onlardadır. Sonra öyrəndilər ki, qonşularda da vəziyyət eynidir.

Əliyusif Qocamanov millətinin, vətəninin azadlığı naminə küçələrə çıxan cavanlardan nigaran idi. Evdə qərar tuta bilmirdi. Küçəyə çıxdı, sonra evə döndü. Bu vaxt bayırdan gələn güllə səslərinə diksindilər. Əliyusif kişi cəld yerindən qalxdı. Tələsik plaşını geyinə-geyinə bloka yönəldi. Qızı Şəhla həyəcanla: "Ay ata, bizi yetim qoyma” dedi. Qızını dinləmədən evdən çıxdı. Elə o gedən oldu...

Getdikcə atəş səsləri güclənirdi. Güllələrin, tankların gurultusu dəhşətli qışqırıq səslərinə qarışmışdı. Öyrəndilər ki, şəhərə yeridilən qoşun əhaliyə xəbərdarlıq etmədən atəş açıb. Heç kim əvvəl inanmaq istəmirdi ki, hökumət öz vətəndaşlarına qarşı belə qəddar, amansız olar. İşıqlar sönmüşdü. Hər tərəf qaranlıq idi. Bu zülmətin içərisində fəryad səsləri yüksəlirdi.

"Atam evdən çıxanda dedi ki, narahat olmayın, harada olsam, gecə qayıdacağam”. Maral xanım sonralar atası haqqında hadisə şahidlərindən eşitdikərini də danışır: "Deyirlər ki, atam küçədə cavanlara xəbərdarlıq edirmiş ki, hara gedirsiniz güllənin altına?! Sizi vurarlar! Yerə sərilən yaralıları gördükcə tez-tələsik özünü onlara yetirir, xəstəxanaya çatdırılmalarına yardım edirmiş. Qonşumuz deyir ki, onun özünü də güclə bloka saldıq, söylədik ki, Əliyusif dayı, səni də vurarlar”. Yenə küçəyə çıxıb. Cavanlara görə çox narahatmış. Yenə yaralılara kömək göstərib. Atəş açanlara qışqırırmış: "Bu uşaqlar sizə neyləyiblər? Axı niyə atəş açırsınız? Yumruğunu düyünləyərək havaya qaldırıb. Yəqin ki, yenə atəş açmayın demək istəyirmiş. Amma bu dəfə snayperdən ürəyinə saplanan güllə sözlərini söyləməyə imkan verməyib. Yumruğu düyünlü qalmışdı”.

O gecəni dirigözlü açıblar. Səhərədək axtarıblar. Ancaq Əliyusif kişini gördüm deyən olmayıb. Maral xanım o dəhşətli gecəni belə xatırlayır: "Silahlı əsgərlər bizə düşmən kimi baxırdılar. Hər tərəf meyit idi, əsgərlər bizi yaxınlaşmağa qoymurdular. Təcili yardım maşınları yaralıları xəstəxanalara daşıyırdı. Əsgərlər həkimlərin də üzərinə silah çəkirdilər. Sübhdən Mərkəzi Komitəyə getdim. Binanın qarşısında adam əlindən tərpənmək mümkün deyildi. Mən də yaxınlaşdım. Dedim ki, atamı axtarıram və onun adını, soyadını söylədim. Yaxınlıqdakı telefon budkasından evə zəng vurdum. Anamla danışdım. O, yenə bu sözləri söylədi: "Ay qızım, atan ola, evə gəlməyə?! Atanı öldürüblər”. Maşınla "Semaşko”ya getdim. Orada meyitxanada atamı tapdım. Demə, bacım da gəlib yaralıların arasında onu axtarırmış. Gördüm, bacım meyitxanaya doğru gəlir. İstəmədim atamı elə görsün. Dedim ki, qoymayın onu. Bacımı tutdular. İkimizi də oturtdular. Bizə su verən qız dedi ki, siz heç olmasa ölüsünü tapmısınız...”

Həmin vaxt ailənin yeganə oğlu Hüseyn Moskvada hərbi xidmətdə idi. Qara xəbər ona da çatdırıldı...

Əliyusif Qocamanovun doğmaları heç zaman onun yoxluğuna alışa bilməyiblər. Maral xanım deyir: "Uzun illər qulağım səsdə qaldı. Hər gecə saat 10-da elə bilirdim atam yenə gələcək...” Təsəlliləri odur ki, 20 Yanvar şəhidlərinin arzusu, ümidi həyata keçdi. Otuz il əvvəl milli azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində onlarla günahsız insanın qətlə yetirilməsi, yaralanması, ömürlük şikəst olması totalitar sovet rejiminin cinayətkarlığını bütün dünyaya bir daha nümayiş etdirdi. SSRİ kimi nəhəng imperiya süquta uğradı. Mərd, mübariz, qorxmaz övladların Vətəni olan Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Bu yolda Əliyusif Qocamanov kimi canından keçənlərin övladları, nəvələri bu gün müstəqil dövlətdə yaşayırlar.

1990-cı ilin qanlı yanvar qırğınını törədənlər Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədilər. O dəhşətli gecədə həlak olan Vətən övladları tariximizə qəhrəmanlıq səhifəsi yazdılar. Onların fədakarlıqları, günahsız axıdılan qanları xalqımızın milli azadlığına, müstəqilliyinə yol açdı.

Z.FƏRƏCOVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM