Alternative content

23:23 18 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qanlı şənbənin Aslanı
Qanlı şənbənin Aslanı
ANA SƏHİFƏ / SİYASƏT
00:49 19.01.2020


Möhtac deyildim yada,

Əlimdən tutan vardı.

Bu qocaman dünyada,

bir cavan atam vardı.

Bir canda üç can idik,

Bir idik, atamla biz,

Üç bacı, üç şam idik,

o idi pərvanəmiz.

Elə ki, işdən döndü,

evdə bayram olardı.

Çırağı qəfil söndü,

bir cavan atam vardı...


Qüssə qarışıq ümid...


Üç körpə qızcığaz baş-başa verib həyət qapısından yola tərəf boylanırdı, balaca əlləri qoyunlarında dolaşıq düşmüşdü... Soyuq iliklərinə işləsə də, şaxta barmaqlarını sızlatsa da, sazaq ayaqlarını kəssə də hiss etmirdilər. Bir zülmət gecədə son dəfə yola saldıqları atalarını, işıqlı bir sabahın geri gətirəcəyini məlul-məhzun, qüssə qarışıq ümidlə gözləyirdilər...

Amma əfsus...

Elə həmin an, həmin dəqiqədə isə başqa bir məkanda üç körpə qızının surəti gözləri önündən çəkilməyən gənc bir ata ölümlə çarpışırdı...

Çox nigaran idi balalarından, onları tək qoyub getmək, ömür yollarına qara pərdə çəkmək istəmirdi... İstəyirdi qızlarını böyütsün, boya-başa çatdırsın, uğurlarına şahidlik etsin, sevinclərini bölüşsün, ata xeyir-duası ilə gəlin köçürsün...

Amma heyhat...

Halbuki son günlərə qədər hər şey tamam başqa idi, xoşbəxt, sevincli idilər...

Haradansa qulağına şən, hay-küylü uşaq sədaları, yenə haradansa həyat yoldaşının, özünün səsi gəlirdi... Budur, evliliklərinin ildönümünü qeyd edirlər... Həyat yoldaşına yaxınlaşaraq, "bu gün bizim ailə həyatı qurmağımızın 16 ili tamam olur, amma elə bil dünən idi...” deyir...

Yenə də qarışıq səslər gəlir və həyatının son günü gözləri önündən dəhşətli film kadrları kimi sürətlə ötməyə başlayır...

Yanvarın 19-dur, işdən çıxıb birbaşa Naxçıvan mehmanxanasına tərəf yollanır. Bura insanların daha çox yığışmasından narahatlıq hissi keçirir və zaman irəlilədikcə hadisələrin gedişatının heç də xeyir vəd etmədiyini anlayır.

Evə qayıdanda həyəcanla söyləyir ki, bu gün nəsə baş verəcək. Artıq qadınlar da körpə uşaqları ilə küçələrə çıxıblar ki, tanklar, silahlılar gələcək, onların qarşısını kəssinlər...

Birdən haradansa partlayış səsi gəlir və elə bu səslə də özünü küçəyə atır...

Səs-küydən qulaq tutulur, tanklar insanların üzərinə yeriyir, ölüm saçan silahlar körpələrə, uşaqlara, qocalara, qadınlara tuşlanırdı. Bu dəhşətli mənzərəni görəndə bir an belə tərəddüd etmədən digər gənclərlə bərabər qadınların, uşaqların qarşısına keçərək canı ilə onlara sipər çəkir...

Və sonra...

20 Yanvar şəhidi Aslan Ağaverdiyev zalım imperiyanın qanlı atəş əmrinin ilk qurbanlarından birinə çevrilir...


Son gediş və 30 illik həsrət...


Həyat yoldaşı Zərifə Ağaverdiyeva: - Yanvarın 19-da Aslan evə gələndə çox yorğun idi, yeməyini yedi, televizoru yandırdı. Elə həmin vaxt televizor birdən-birə söndü. Ayağa qalxıb qayıtdı ki, nəsə olub, mən gedirəm. Nə qədər etiraz etsəm də, razılaşmadı, dedi ki, çox nigaranam, getməliyəm. Durub evdən çıxdı və bu, son gedişi oldu...

Qızı Məsmə Aslanqızı: - Ümumiyyətlə, 1988-ci il hadisələrindən, ermənilərin İrəvan mahalından azərbaycanlıları çıxarmağa başladığı andan atam etirazını bildirir və mütəmadi olaraq Azadlıq meydanında keçirilən nümayişlərdə iştirak edirdi. Hər dəfə atam evə gələndə nümayişlər zamanı qızınmaq üçün yandırılan ocaqdan paltosuna hopmuş hisin iyi burnumdan getmirdi. Ermənilərin azərbaycanlılara qarşı etdikləri haqsızlıqları atam heç cür qəbul edə bilmirdi. Ağlımıza gətirə bilməzdik ki, yaxşı münasibət qurduğumuz qonşularımız bizə qarşı bu cür namərd addım atmış olar. 1990-cı il yanvarın 20-nə yaxın isə ara daha çox qızışır, nümayişlər çoxalır, daha tez-tez keçirilirdi. Həmin gün də, yəni yanvarın 19-da da insanlar küçələrə tökülmüşdü. Evimizə yaxın keçmiş Naxçıvan mehmanxanasının qarşısına, oradakı körpünün üzərinə, ətrafına xeyli adam yığışmışdı. Atam da tez-tez ora gedib qayıdırdı. Evə gələndə dedi ki, vəziyyət çox gərgindir... Bir az sonra televizor söndü və bununla da atam küçəyə atıldı və həmin gedişdən sonra düz 30 ildir ki, biz atamızın üzünə, səsinə, hənirinə həsrətik...


Ölüm təbəssümü...


Aslan Ağaverdiyev o qanlı gecənin səhəri "Semaşko”da (Musa Nağıyev adına xəstəxana) gözlərini açanda şahid olduğu dəhşətli anları həyat yoldaşı Zərifə xanıma belə anladır: "Bacardığımız qədər oraya yığışan qadınlarla uşaqların bir çoxunu evlərinə göndərdik. Göndərə bilmədiklərimizin qarşısında isə sipər çəkib dayandıq. Orada olan silahlılar ehtiyatda olan zabitlər idi. Tankın üstündə əyləşən zabitlərdən birinə rus dilində dedim ki, "ey, rebyata ne strelyayte!”. Bu zaman o, mənə baxıb güldü və silahını qaldırdı. Əvvəlcə heç nə hiss etmədim. Bir də gördüm qarnım yanır. Sonra isə tanımadığım bir adam məni maşına qoyub harasa apardı...

19-u gecə saat 12-ni keçəndə atəş əmri veriləndən sonra Aslan Ağaverdiyev də ön cərgədə dayandığı üçün açılan ilk atəşdən yaralanmışdı. Güllə qarın nahiyyəsinə dəymiş, nazik və yoğun bağırsaqlarını, mədəsini və böyrəyini zədələmişdi. Həkimlər məlumat vermişdilər ki, yaralı xəstəxanaya gətirilənə qədər 3 litr qan itirib. İşıqlar kəsildiyindən xəstəxanada çox ağır şəraitdə şam işığında əməliyyat olunmuşdu.


"Bir qadın qışqırırdı ki, qardaşımı öldürdülər...”


Zərifə Ağaverdiyeva: - Yanvarın 20-si evə zəng gəldi. Dedilər ki, Aslan ayağından yüngül yaralanıb, təcili "Semaşko” xəstəxanasına gəlin. Tez-tələsik evdən çıxdım. Ora çatanda gördüm ki, hər kəs onun başına toplaşıb, huşu özündə idi...

Məsmə Aslanqızı: - Yanvarın 19-u gecəsi səhərə kimi həyət qapısının ağzında atamı gözləyirdik. Babam bir neçə dəfə küçəyə çıxıb gəldi. O, qanıqara idi, amma təskinlik vermək məqsədilə deyirdi ki, narahat olunacaq heç nə yoxdur. Sonradan bildik ki, meyitləri görürmüş. Bir qədər keçdi, qonşunun oğlu gəldi və dedi ki, mən yerə düşmüş insan gözü gördüm. Biz dəhşətə gəldik. Bir neçə müddətdən sonra isə gördük ki, bir qadın körpü tərəfə qaçaraq qışqırır ki, qardaşımı öldürdülər... Səhər saat 7 radələrində isə evimizə zəng gəldi... Anamın ağlaması indiyə kimi gözlərimin qarşısındadır. O, Allaha dua edirdi ki, kaş, atam əlil, şikəst olsun, amma nəfəsi üstündə, başımızın üzərində olsun...

Zərifə Ağaverdiyeva: - Xəstəxananın dəhlizində o qədər yaralı, bir-birinin üstünə yığılmış meyitlər var idi ki... Birinin üzü tanınmaz vəziyyətdəydi, digərinin bədəninin yarısı yox idi... Bizim təsəllimiz yalnız o idi ki, heç olmasa Aslanı tanıya bilmişdik, o, tankın altında qalmamışdı...

Bütün qohum-əqrəba hamısı xəstəxanaya Aslana qan verməyə gəlmişdi. Amma ona vurulan qanlar bədənində dövran etmədiyinə görə sağalması mümkün olmadı. Səhərə yaxın artıq o sayıqlayırdı, deyirdi ki, Zərifə, çıxın gedin, görün nə qədər əsgər var, hamısı bura gəlir...

Bir müddət sonra Aslanın xalası oğlu gəldi və mənə dedi ki, sən get evə. Onda başa düşdüm ki, artıq Aslan keçinib. Yalvardım ki, icazə verin, onunla son dəfə görüşüm, sonra gedim...


"Anam pıçıldadı ki, "daha atanız yoxdur...”


Məsmə Aslanqızı: - Biz Yanvarın 21-i səhər-səhər yuxudan ana nənəmin ağı deməyinə ayıldıq. Balaca bacımla bir-birimizə baxdıq, heç nə başa düşmədik, bilmədik ki, nə baş verib. Sonra ata nənəm içəri girdi. Onun ağlamağını, qışqırmağını görəndə anladım ki, atama nəsə olub. Amma yenə də inanmırdıq, ümidlə gözləyirdik ki, o, indi gələcək. Həyət qapısı açıldı, xəstəxanaya gedənlər qayıdırdı, amma atam aralarında yox idi. Hamı ağlayırdı. Anam yavaş-yavaş gəlib divanda əyləşdi. Rəngi sapsarı idi, balaca bacımla məni qucağına alıb hıçqıraraq pıçıldadı ki, "daha bizim atamız yoxdur...”

Bacımla məni evimizdən uzaqlaşdırıb qonşuya apardılar. Sonra 40 gün gah o xalam, gah bu xalam gildə qaldıq. Yalnız yanvarın 23-ündə evimizdə olduq və hamımız dəfn mərasiminə getdik. İlk dəfə idi ki, o cür izdiham görürdüm. Elə bil bütün Azərbaycan bir amal uğrunda birləşib, tək bir ruha dönmüşdü. Artıq 20 yanvarda şəhid olanlar mənim atam, onun oğlu, qızı, qardaşı, əmisi, dayısı deyildi... Bütün Azərbaycanın övladları idi. Hər kəs onları son mənzilə, Şəhidlər Xiyabanına yola salmağı özünün müqəddəs vəzifəsi sayırdı. Elə insanlar vardı ki, qışın soyuğunda ayaqyalın irəliləyirdi və ayaqqabısını itirdiyinin fərqində belə deyildi. İzdihamın içərisində irəliləyə bilmirdik. Tanımadığımız insanlar bizi qucaqlarında, başları üzərinə qaldırıb aparırdılar, bilirdilər ki, şəhid övladlarıyıq...


Şəhid qadınının qara örpəyi altından boylanan ağ birçəklər...


Zərifə xanım həyat yoldaşını itirəndə cəmi 36 yaşı vardı. Tale siyah pərdəsini ömrünün bahar çağında endirmişdi üzərinə. Qara örpəyinin altından görsənən bir gündə ağarmış saçları isə sanki həyatın qara günlərinə bir kinayə idi. Axı, bu dünyada hər zaman ağ qaraya çevrilir, qaradan ağ doğulur. O da Aslandan sonra yuvalarının zülmətə çevrilməsinə, ocaqlarının sönməsinə icazə vermədi... Ömrünü Aslanın əmanəti olan üç qız balasına həsr etdi. Onları böyütdü, təhsil verdi, gəlin köçürdü... Əhd etdiyi kimi, ilk oğul nəvəsinə də Aslan adı verdi...


"Ulu Öndər asta-asta gözünün yaşını silirdi...”


Məsmə Aslanqızı: - İllər keçsə də atamın ağrı-acısı ilk gündəki kimi ürəyimizi yandırır. Yeganə təsəllimiz şəhidlərin unudulmaması, daim yad edilmələri, onlara qarşı hörmət və ehtiramdır. Hər zaman fərqində olmuşuq ki, sadə vətəndaşdan tutmuş, ali kürsüyə rəhbərlik edən Prezidentimizə qədər xalqımızın hər bir nümayəndəsi bizim dərdimizə şərikdir... Bir xatirə isə heç zaman yadımdan çıxmır. 2000-ci ildə, 20 Yanvar şəhidlərinin 10 illiyinə həsr edilmiş möhtəşəm tədbirdə Ulu Öndər Heydər Əliyev də iştirak edirdi. Orada mən də şəhid övladı kimi çıxış etdim. Sonradan televizorda həmin kadrlara baxanda gördüm ki, çıxışım zamanı Ulu Öndər asta-asta gözünün yaşını silir. Tədbirdən sonra Heydər Əliyev gəlib hamı ilə bir-bir görüşdü. Mənə yaxınlaşanda isə dedi ki, "heç bir çıxış mənə bu qədər təsir etməmişdi...”

Şəhid övladı olmaq qürurludur, amma atasız böyümək çox çətindir. Hər kəs kimi biz də uğurlarımızı atamızla bölüşmək, onunla birgə sevinmək istəyirik... Amma qismətimizə atamızın məzarında onun ruhu ilə söhbətləşmək düşüb. Düz 30 ildir ki, mən də atamla Şəhidlər Xiyabanında görüşür, danışıram. Hər dəfə isə ona bu sualı verirəm: "Ata, mənimlə fəxr edirsənmi? Ümid edirəm ki, o dünyaya gəlib sənə qovuşanda mənə qollarını açacaq, üz çevirməyəcəksən”. Bilirsiniz, şəhid övladı olmaq həm də böyük məsuliyyətdir. Çalışırsan ki, hər zaman ona layiq olasan, daim adını ucaldasan...


Son söz...


O, cəmi 38 il yaşamışdı. Amma bu qısa zamana, milyonların qürurlanacağı bir ömür sığdırmışdı. Vətən sevgili, vətən sevdalı olmuşdu. Torpağı, azadlığı, xalqı naminə, onun gələcəyi uğrunda haqq səsini ucaltmağı bacarmışdı. Bilirdi ki, zülmün topu var, gülləsi var, qəlpəsi varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır...

Sadəcə, bu həyatda bir nigarançılığı, bir həsrəti vardı... Arxasında üç gözüyaşlı körpə qız qoyub gedirdi...

Elə xəstəxana palatasında, bu həyatdakı axırıncı anında da canındakı son qüvvəsini toplayaraq - "Mənim üç qızım var, Afaq, Məsmə, Şəbnəm...” deyə, pıçıldaya-pıçıldaya gözlərini əbədi yummuşdu 20 Yanvar şəhidimiz Aslan Ağaverdiyev...

Çıxarış:

Aslan Ağaverdiyev avqustun 24-ü 1952-ci ildə Bakıda anadan olub. Bakının Zevin küçəsində (Əziz Əliyev) anbardar işləyib. 19 yanvar 1990-cı ildə keçmiş Naxçıvan mehmanxanasının qarşısına gəlib, orada sovet əsgərləri ilə üzbəüz dayanan əli körpəli və uşaq arabalı qadınları geri çəkmiş, onların qarşısında cavanlarla birlikdə sədd çəkib dayanıb. Saat 00:01 radələrində atəş əmri verilərkən qadınların və uşaqların qarşısında sədd çəkmiş cavanları (Aslan Ağaverdiyev daxil olmaqla) gülləbaran ediblər. Aslan Ağaverdiyev bu hadisədə yaralanıb, güllə onun nazik və yoğun bağırsaqlarını, mədəsini və böyrəyini zədələyib. Xəstəxanaya gətirilib və ona vurulan qanlar bədənində dövran etmədiyinə görə yanvarın 21-də şəhidlik zirvəsinə ucalıb. Şəhidlər Xiyabanında dəfn edilib, "20 Yanvar şəhidi” fəxri adına layiq görülüb.

Dövlət tərəfindən ailəsi ikiotaqlı mənzillə təmin edilib. Oxuduğu Bakı şəhəri Yasamal rayonunda yerləşən 31 saylı tam orta məktəb Aslan Ağaverdiyevin adını daşıyır. Üç qızını təkbaşına böyüdən həyat yoldaşı Zərifə Ağaverdiyeva da təhsil işçisidir. Övladlarından biri isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist, Prezident mükafatçısı Məsmə Aslanqızıdır...

Yasəmən MUSAYEVA,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM