19 Yanvar 2020 00:46
1297
Mədəniyyət
A- A+

Mübarizliyi təbliğ edən musiqilər


1990-cı ilin yanvarında bütün Azərbaycan Qanlı Yanvar şəhidlərinə matəm saxlayırdı. O şəhidlərə ki sovet qoşun hissələri tərəfindən amansızlıqla qətlə yetirilmişdilər. Vətəninin azadlığını, dövlətinin müstəqilliyini tələb edənlərin iradəsini bu yolla qırmağa çalışmışdılar. Amma düşmən öz qarşısında onun gücündən, qəddarlığından qorxub çəkinməyən xalq gördü.

O faciəli günlərdə ustad musiqiçilərin - Kamil Cəlilovun qaboyunda, Habil Əliyevin kamanında "Segah”, "Zəminxarə”, "Bayatı-şiraz”, "Çahargah”, "Humayun”... haray çəkdi, şəhidlərimizə həzin-həzin ağı dedi. Ancaq bu ağıda da etiraz, üsyan vardı.

Azərbaycan xalqının bu qəhrəmanlıq salnaməsi zaman keçdikcə rəsm, səhnə və ekran əsərlərində, ədəbi-bədii nümunələrdə əks olundu. Musiqi sahəsinə gəlincə, Qanlı Yanvar hadisəsi bəstəkarlarımızın əksəriyyətinin yaradıcılığına mühüm təsir göstərdi. Görkəmli bəstəkar Cövdət Hacıyev 1990-cı ildə "Şəhidlər” simfoniyasını yazdı. "Şəhidlər” adlı başqa bir simfoniyanın müəllifi bəstəkar Oqtay Kazımidir. 1990-cı ildə bəstəkar Hacı Xanməmmədov Əzizə Cəfərzadənin sözlərinə solist və xalq çalğı alətləri orkestri üçün bəstələdiyi "Əlimdə sazım ağlar” əsərini 20 Yanvar şəhidlərinə ithaf etdi. Bəstəkarlardan Azər Rzayevin "Bakı-90” simfoniyası, Tofiq Bakıxanovun "Humayun” simfonik muğamı, Ramiz Mustafayevin "Bu qan yerdə qalan deyil”, "Haqq səninlədir”, Azərbaycan” vokal-simfonik poemaları, Mobil Babayevin "Ağlama, torpağım, ağlama” kantatası, Aydın Əzim Kərimoğlunun orkestr üçün "Qətl günü”, Sərdar Fərəcovun "Matəm harayları” simfonik lövhəsi, Məmməd Quliyevin xor və orkestr üçün, Faiq Sücəddinovun fortepiano üçün, Sevda İbrahimovanın bariton səs və orkestr üçün vokal simfonik "Vətən şəhidlərinə”, Cavanşir Quliyevin xor üçün "Şəhidlər”, Arif Mirzəyevin orqan üçün "Yanvar mərsiyələri” əsərləri, Aqşin Əlizadənin "Ana torpaq” odası, Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi”, "Qəm karvanı” oratoriyaları və başqa əsərlərdə xalqımızın başına gətirilən faciələr, şəhidlərimizin ruhuna böyük ehtiram ifadə olundu.

O hüznlü günlərin ağrılarını, eyni zamanda qürurunu bəstəkarlar Fuad Cavadov "Qara Yanvar”, Azad Zahid "Mədhiyyə” əsərlərində əks etdirdilər. İlham Quliyev "İlham və Fərizə” operasını, Arif Mirzəyev "Yanvar passionları” matəm messasını, Nazim Quliyev "Şəhidlər” operasını, Oqtay Rəcəbov "Çingiz” oratoriyasını, Zabitə Məmmədova solist, xor və orkestr üçün "Elegiya”sını yazdı. Azər Dadaşov "20 Yanvar” xor, solist və simfonik orkestr üçün 9 saylı simfoniya, Faiq Nağıyev rejissor Xamis Muradovun real faktlara əsasən lentə aldığı "Şəhidlərdən-şəhidlərə” sənədli filminə musiqi bəstələdi.

Qanlı Yanvar hadisələrinə irihəcmli musiqi əsərləri ilə yanaşı, mahnı və romanslar da ithaf olundu. Emin Sabitoğlunun Bəxtiyar Vahabzadənin sözlərinə yazdığı "Şəhidlər ağısı” mahnısı Zeynəb Xanlarovanın ifasında səsləndi. Bu mahnı sonralar bir çox müğənninin repertuarında yer tutdu.

1991-ci ildə Vasif Adıgözəlov Fikrət Qocanın "Bir şərqi de” şeirinə musiqi yazdı. Oqtay Rəcəbov Məmməd İsmayılın sözlərinə "Qana dönən qərənfillər”, Mehriban Əhmədova Məmməd Arazın sözlərinə "Ana millət, ata millət, ağlama”, Nəriman Əzimov Hikmət Mahmudun sözlərinə "Mənim şəhid bacım, şəhid qardaşım”, İlham Abdullayev Dönməzin sözlərinə "20 Yanvar”, Ruhəngiz Qasımova "Şəhid oğullara” mahnılarını bəstələdilər.

Musiqinin müxtəlif janrlarında yazılmış bu əsərlərin mövzusu və mahiyyəti eynidir. Bəstəkarlarımız 20 Yanvar hadisələrinə öz münasibətlərini, hisslərini, duyğularını, kədər və qürurlarını ifadə etməklə bərabər, tariximizi unutmamağı, vətəni sevməyi, qorumağı təbliğ edirlər. Odur ki, bu əsərlərdə təkcə ümumxalq kədəri, matəm əhvali-ruhiyyəsi yox, haqq yolundan dönməzlik, mübarizlik, yenilməzlik də əksini tapıb. Həmin əsərlər musiqi kollektivlərinin, orkestrlərin ifasında təkcə respublikamızda deyil, xarici ölkələrin müxtəlif konsert salonlarında da səsləndirilir və Azərbaycan xalqının başına gətirilən müsibətlər bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video