17 Yanvar 2020 22:51
565
SİYASƏT
A- A+

Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib


Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin rəhbərinin azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən qanunsuz həbs olunması ilə bağlı BMT-nin Baş katibinə ünvanladığı məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sənəddə Ermənistan tərəfindən nəzarət olunan, təcavüzün, irqi ayrı-seçkiliyin və etnik təmizləmənin nəticəsindən başqa bir şey olmayan qondarma rejimin qeyri-qanuniliyinin beynəlxalq səviyyədə dəfələrlə bəyan edildiyi öz əksini tapıb. Bu xüsusda, 2015-ci ilin 16 iyun tarixində qəbul edilmiş "Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının qərarına istinad olunaraq qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağ regionunda və Azərbaycanın işğal olunmuş digər ərazilərində tam nəzarəti həyata keçirir.

Eyni zamanda, sənəddə beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf ərazilər də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı şəkildə dəstəklədiyi, eləcə də Azərbaycan ərazilərinin işğalının pislənildiyi qeyd olunur, işğal edilmiş ərazilərdən bütün Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğu bildirilir.

Sənəddə 2014-cü il 11 iyul tarixində azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi və digər azərbaycanlı mülki şəxs Həsən Həsənovun qəddarcasına qətlə yetirilməsi faktı öz əksini tapıb.

Erməni tərəfinin uydurulmuş iddialar əsasında qanunsuz olaraq D.Əsgərovu "ömürlük”, Ş.Quliyevi isə "22 il müddətinə azadlıqdan məhrum etdiyi” sənəddə xüsusilə vurğulanır. Eyni zamanda, Həsən Həsənovun nəşinin demək olar ki, 3 aydan sonra, 2014-cü ilin 2 oktyabr tarixində Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə qaytarıldığı qeyd olunur.

2019-cu ilin 5-6 dekabr tarixlərində Bratislavada ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışı zamanı xüsusilə D.Əsgərov və Ş.Quliyevin məsələsinə toxunduğu, Ermənistan tərəfinin isə "hamının hamıya” prinsipi əsasında onların azad edilməsinin əleyhinə olduğu sənəddə vurğulanır.

Bu xüsusda, Azərbaycanın BMT yanında daimi nümayəndəsi D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsi ilə əlaqədar BMT Baş katibinə ünvanladığı məktubda Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qondarma rejimin qanunsuz və səlahiyyətsiz qurumu tərəfindən sözügedən şəxslərin uydurma ittihamlar əsasında qanunsuz olaraq həbs edildiyini, saxlanıldığını, süni "məhkəmə” ilə üzləşdiklərini və uzunmüddətli azadlıqdan məhrumetmə ilə məhkum olunduqlarını xüsusilə qeyd edib. Eyni zamanda, D.Əsgərov və Ş.Quliyevə qarşı irəli sürülən ittihamlar barədə onlara məlumat verilmədiyi, eləcə də bir müddət yazışma və ünsiyyət hüququndan məhrum etməklə saxlanıldıqları məktubda diqqətə çatdırılır.

Sənəddə qondarma "məhkəmə”dən öncə və "məhkəmə” ərzində onların Ermənistan rəsmiləri tərəfindən səsləndirilmiş bəyanatlarda "təxribatçılar”, "qatillər” və "muzdlu cinayətkarlar” kimi qələmə verildiyi diqqətə çatdırılır, eləcə də sözügedən şəxslərə qarşı irəli sürülən ittihamların onların başa düşdükləri dildə izah olunmadığı, tərcüməçi vasitəsilə onlara adekvat köməyin göstərilmədiyi və "məhkəmə”nin onların başa düşmədiyi erməni dilində aparıldığı bildirilir.

Hazırda D.Əsgərov və Ş.Quliyevin həbsxanada tam təcrid vəziyyətində saxlanıldığı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən səfərlər istisna olmaqla heç bir əlaqələrinin olmadığı sənəddə vurğulanır. Burada, həmçinin D.Əsgərov və Ş.Quliyevin etnik mənşəyinə və milli mənsubiyyətinə görə diskriminasiyaya məruz qaldığı qeyd olunur və onların həbslərinin heç bir hüquqi əsasının və ya legitimliyinin olmadığı, eləcə də sözügedən şəxslərin hüquqlarının pozulmasının Avropa İnsan Hüquqları Məhkəməsində şikayət mövzusu olduğu bildirilir.

Sonda sənəddə Azərbaycan Respublikasının BMT, eləcə də onun müvafiq insan hüquqları mexanizmləri və prosedurlarının D.Əsgərov və Ş.Quliyevin taleyinə biganə qalmayacağını, eləcə də onların dərhal və qeyd-şərtsiz azad olunması və ailələri ilə bir araya gəlmələrinin təmin edilməsi istiqamətində səy göstərəcəklərini gözlədiyi qeyd olunur.

BMT tərəfindən dərc edilmiş sənədlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/N19/444/89/pdf/N1944489.pdf .

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video