17 Yanvar 2020 15:30
740
SİYASƏT
A- A+

Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır


Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi və labüd addımları atmalıdır. Bu addım da, ilk növbədə, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, münaqişənin həlli populizm obyekti olmamalıdır. Ermənistan işğalçı dövlətdir, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün var. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək istəyiriksə, münaqişənin fundamental əsasını təşkil edən amil, yəni, işğal amili aradan qaldırılmalıdır. Sonra münaqişənin həllində müxtəlif etimad quruculuğu xarakteri daşıyan tədbirlərin həyata keçirilməsi kimi məsələlər ola bilər. Ermənistanın üzərinə düşən beynəlxalq, hüquqi və siyasi məsuliyyət ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarsın. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərini dayandırmalıdır. Məhz bundan sonra Ermənistan tərəfi iddia edə bilər ki, danışıqlar prosesində konstruktiv və səmimi şəkildə iştirak edir.

Prezident Administrasiyasının rəsmisi Ermənistanın baş nazirinin 20 Yanvar şəhidlərini ekstremistlər adlandırmasına da münasibət bildirib: "Bu, cəfəngiyatın bariz nümunəsidir, ondan başqa nə gözləmək olardı?! Nikol Paşinyan Soljenitsını faşist cəlladı, faşist qüvvələrinin tərkibində qulluq etmiş Qaregin Njde ilə müqayisə etmişdi”.

Hikmət Hacıyev deyib ki, 20 Yanvar faciəsi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və şəhidlərin xatirəsi əziz tutulur. İyirmi Yanvar beynəlxalq səviyyədə, bütün diplomatik nümayəndəliklərimizdə də qeyd olunur. Bu faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir, həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video