17 Yanvar 2020 15:29
468
SİYASƏT
A- A+

İndoneziya saytı: Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyinin başlanğıc nöqtəsi oldu


İndoneziyanın "Mina news” saytı AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri Vüqar Ağayevin 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş məqaləsini yayıb.

"Qanlı "Qara Yanvar” Azərbaycanın müstəqilliyinin başlanğıc nöqtəsi oldu” adlı məqalədə 30 il bundan əvvəl baş vermiş hadisələrə bir daha nəzər salınır, həmin tarixin Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin şanlı səhifələrindən biri olduğu vurğulanır.

Məqalədə bildirilir ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinə, Dağlıq Qarabağ Muxtar Vilayətinə iddia edən Ermənistanın təcavüzkar hərəkətlərinin dəstəklənməsinə etiraz olaraq ayağa qalxmış xalqa amansız divan tutulub. Bu qanlı faciə nəticəsində 131 nəfər şəhid olub, 4 nəfər itkin düşüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi bu qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüz aktı idi. Keçmiş SSRİ rəhbərliyi BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, bu ölkənin iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını pozmuşdu. Məhz belə bir ağır şəraitdə ümummilli lider Heydər Əliyev SSRİ-nin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı təcavüzə qarşı öz cəsarətli etiraz səsini ucaltmışdı. Sovet İmperiyasının bütün təzyiqlərinə baxmayaraq, Heydər Əliyev yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etmiş, bu ağır günlərdə heç yerdən kömək ala bilməyən doğma xalqı ilə birgə olduğunu bəyan etmişdi. O, çıxışında və müsahibələrində 20 Yanvar faciəsinə siyasi qiymət verərək, əliyalın xalqa qarşı hücumu hüquqa, demokratiyaya, humanizmə zidd addım, İttifaq və respublika rəhbərlərinin günahı ucbatından yol verilmiş kobud siyasi səhv kimi ifşa etmişdi. Heydər Əliyev qorxmadan, özü və ailəsi üçün yaranmış real təhlükəyə baxmayaraq, M.Qorbaçov başda olmaqla SSRİ rəhbərlərinin əsl simasını xalqa göstərmişdi. O, Azərbaycan xalqına verdiyi başsağlığında bu ağır gündə təmkinli olmağa, həmrəyliyə və birliyə çağırmışdı. Ulu öndər Heydər Əliyevin tövsiyələrini rəhbər tutan Azərbaycan xalqı Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22-də öz şəhidləri ilə vidalaşdı. Bu dəfn nəhəng izdihama çevrilərək, xalqımızın həmrəyliyini bütün dünyaya göstərdi və əsl milli birliyin nümayişinə çevrildi.

Məqalədə vurğulanır ki, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 30 il keçməsinə baxmayaraq, həmin hadisələr zamanı xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan qəhrəmanlar əsla unudulmur. Hər ilin 20 Yanvar tarixi Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir. Bu tarix həm də Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir. Çünki Azərbaycanın 20 Yanvar şəhidləri bu ali dəyərlər uğrunda canlarından keçmiş ilk qəhrəmanlardır.

Ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə ulu öndər Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün "20 Yanvar Şəhidi” fəxri adı təsis edildi. Hər il yanvar ayının 20-də Prezident İlham Əliyev başda olmaqla bütün dövlət və ictimaiyyət nümayəndələri Bakıdakı Şəhidlər xiyabanını ziyarət edir və şəhidlərə öz ehtiramlarını bildirirlər.

Eləcə də Azərbaycanın bütün bölgələrindəki Şəhidlər xiyabanları yerli əhali tərəfindən ziyarət olunur. Həmin gün saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində, o cümlədən xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın dövlət bayraqları endirilir, xatirə tədbirləri keçirilir.

Məqalədə xüsusi qeyd edilir ki, 1990-cı il yanvarın 20-də xalqımızın canlarından keçmiş mərd oğul və qızları Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsini yazdılar və onların bu igidliyi heç vaxt unudulmayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video