17 Yanvar 2020 15:24
474
SİYASƏT
A- A+

Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub


Tədbirdə "20 Yanvar. Təcavüz 1990” elektron nəşrinin yenilənmiş versiyası təqdim edilib

Yanvarın 17-də 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında 20 Yanvar faciəsinin qurbanlarına həsr edilmiş foto və kitab sərgisinin açılışı, "20 Yanvar. Təcavüz 1990” elektron nəşrinin yenilənmiş versiyasının təqdimatı olub.

Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi haqqında Sərəncamına əsasən Prezident Administrasiyası rəhbərinin təsdiq etdiyi tədbirlər planı çərçivəsində təşkil olunan tədbirdə Bakının 6, 8 və 23 saylı tam orta məktəblərinin bir qrup şagirdi, dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

AZƏRTACxəbər verir ki, tədbirdə əvvəlcə böyük oxu zalında kitabxana əməkdaşlarının hazırladıqları və 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonra tədbir iştirakçıları foto və kitab sərgisi ilə tanış olublar.

Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, 1990-cı ilin yanvarında Bakıda və Azərbaycanın bəzi rayonlarında törədilən qanlı qırğınlardan 30 il ötür. Bu müddətdə 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası, ibrət dərsləri haqqında bir sıra tədqiqatlar aparılıb, məqalələr və kitablar yazılıb, sənədli filmlər çəkilib, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qanlı hadisəyə ölkənin ali qanunvericilik orqanı tərəfindən siyasi-hüquqi qiymət verilib, 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə abidə-kompleks ucaldılıb.

M.Əhmədov 1990-cı ilin yanvarında törədilən qanlı aksiya zamanı 150 nəfərin şəhid olduğunu, 744 nəfərin yaralandığını, 841 nəfərin qanunsuz həbs edildiyini, onlardan 112 nəfərinin SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edilib ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında kəskin surətdə pisləyib, əliyalın xalqın gülləbaran edilməsini hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi qiymətləndirib.

Sonra tədbir kitabxananın konfrans zalında davam etdirilib. Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış elektron nəşrin yenilənmiş versiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, yeddi fəsildən ibarət elektron nəşrin "Qara Yanvar” adlı birinci fəsli "Qan yaddaşımız”, "Faciənin təhlili” və "Xronologiya” bölmələrindən ibarətdir. Bu fəsildə 20 Yanvar faciəsi tariximizin həm qanlı, həm də şanlı səhifəsi olaraq müxtəlif aspektlərdən təhlil edilir, 20 Yanvara aparan hadisələrin geniş xronologiyası təqdim olunur.

"Şəhidlər” fəslində 150 Qanlı Yanvar şəhidinin hər biri üçün ayrıca məlumat səhifəsi açılıb. Onların bioqrafiyası haqqında əldə edilən məlumatlar sistemləşdirilərək istifadəçilərə təqdim edilir.

Elektron nəşrin "Sənədlər” adlı ikinci fəslində istər sovet hakimiyyəti dövründə, istərsə də müstəqillik illərində 20 Yanvar hadisələri ilə bağlı qəbul edilmiş qanunların, fərmanların, sərəncamların, qərarların tam mətnləri toplanılıb. Bu fəsildə, həmçinin dövlətimizin başçısının 20 Yanvarla bağlı nitqləri, çıxışları, müsahibələri və bəyanatlarını özündə əks etdirən materiallar yer alıb. "Müraciətlər” və "Bəyanatlar” bölmələrində isə 1990-cı il yanvarın 20-dən başlayaraq Azərbaycan SSR Ali Sovetinin bəyanatları, ictimai-siyasi xadimlərin, görkəmli şəxsiyyətlərin, ayrı-ayrı kollektivlərin, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumların müraciətləri öz əksini tapıb. "Çıxarışlar” bölməsində isə 20 Yanvar hadisələrinə dair Azərbaycan KP MK plenumlarının və Ali Sovetin sessiyalarının protokollarından çıxarışlar təqdim olunur.

"Tədbirlər” adlı növbəti fəsildə isə keçirilən rəsmi mərasimlər və anım tədbirləri haqqında materiallar xronoloji ardıcıllıqla istifadəçilərə təqdim edilir.

"Elektron resurslar” fəslinin "E-kitablar” bölməsində müxtəlif dillərdə mövzu ilə bağlı 50-yə yaxın kitabın, "E-məqalələr” bölməsində isə 300-ə yaxın analitik məqalənin tam mətnləri verilib.

Saytın "Biblioqrafiya” fəslinin "Kitablar” bölməsində 20 Yanvar faciəsi ilə bağlı 130 adda kitabın, "Məqalələr” bölməsində isə 1600 məqalənin biblioqrafik təsviri yerləşdirilib.

İki bölmədən ibarət olan "Media arxiv” fəslinin birinci bölməsi "Fotoarxiv” adlanır və bu bölmədə Azərbaycan Fotoqraflar Birliyinin 20 Yanvar faciəsi ilə bağlı kitabxanaya təqdim etdiyi nadir fotolar yer alıb. "Videoarxiv” bölməsində ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransının videosu ilə yanaşı, bir neçə sənədli film yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanmış vəhttp://aggression.preslib.az/subdomenində yerləşdirilən elektron nəşr mütəmadi olaraq yenilənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video