17 Yanvar 2020 01:01
3606
SİYASƏT
A- A+

Bu gündən seçkilərin təşviqat mərhələsi başlayır


Respublikamız parlament seçkiləri ərəfəsindədir. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən altıncı çağırış Azərbaycan Milli Məclisinə seçkilər fevral ayının 9-na təyin olunub. Ötən ilin dekabr ayından başlamış seçki kampaniyası seçkilərlə bağlı əsas hərəkət və tədbirlərin həyata keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq lazımi şəraitin yaradılması ilə səciyyələnir. Bu gündən isə seçki kampaniyasının təşviqat mərhələsi başlayır.


Seçkilərə yüksək əhvali-ruhiyyə ilə


Azərbaycan xalqı parlament seçkilərinə yüksək əhvali-ruhiyyə ilə gedir. Çünki dünyanın bir sıra ölkələrində, eləcə də Azərbaycana yaxın coğrafiyalarda siyasi-hərbi qarşıdurmaların hələ də davam etdiyi, sosial-iqtisadi problemlərin səngimədiyi şəraitdə respublikamız sabitlik şəraitində yaşayır, öz inkişafında yeni uğurlara imza atır. Təsadüfi deyil ki, ötən ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev ilk olaraq bu məsələyə münasibət bildirərək dedi: "Biz il ərzində müxtəlif yerlərdə gərginliyin artmasını görürdük. Qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması - bütün bunlar dünyanın demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir”.

Dünyadakı bütün kataklizmlərə baxmayaraq, Azərbaycan öz yolu ilə inamla addımlayır. Ən əsası da odur ki, beynəlxalq miqyasda cərəyan edən son hadisələr respublikamızda uğurlu və həyati qabiliyyətli siyasi-iqtisadi modelin olduğunu təsdiq edir.


Təşviqat seçki prosesinin əsas mərhələlərindən biridir


Seçkidə namizədlərin, yaxud partiyaların proqramlarının təqdim edilməsi əsasında seçicilərin rəğbətinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu mənada seçkiqabağı təşviqat seçki prosesinin mühüm mərhələlərindən biridir. Məhz seçkinin bu mərhələsində prosesə qoşulan subyektlər özlərini təbliğ etmək üçün birbaşa seçicilərlə təmasa girərək onların rəğbətini qazanmaq imkanı əldə edir, digər namizədlərdən daha üstün olmasını sübut etməyə çalışır. Bu isə seçkidə qalib gəlmək üçün olduqca vacib bir məsələdir. Seçkilər zamanı seçkiqabağı təşviqatla seçkilərdə iştirak etmək üçün qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr və vəkil edilmiş şəxslər məşğul olmaq hüququna malikdirlər. Təşviqat kütləvi informasiya vasitələri, vətəndaşlarla görüşlər və qanunla qadağan edilməyən digər üsullarla aparıla bilər.

İndiyə qədər respublikamızda keçirilən bütün seçkilərdə siyasi partiyalara və namizədlərə seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq bərabər təbliğat və təşviqat imkanları yaradılıb. O cümlədən parlament və bələdiyyə seçkilərində Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 60-dan çox dairədə namizədini irəli sürən siyasi partiyalara və onların bloklarına televiziya kanallarında pulsuz efir vaxtı verilib, bütün namizədlərə öz seçiciləri ilə görüşmək və fikirlərini çatdırmaq üçün imkan yaradılıb, kütləvi informasiya vasitələrində ödənişsiz dərc üçün yer ayrılıb. KİV-də ödənişli təşviqat aparılması da qanunvericiliklə təsbit olunub. Beynəlxalq və yerli müşahidəçilər də hər bir seçki zamanı siyasi partiyalar, siyasi partiya blokları və müstəqil namizədlər üçün lazımi şəraitin yaradıldığını qeyd ediblər.


Seçkidə 20 siyasi partiya iştirak edir


Altıncı çağırış Milli Məclisə seçkilərin təşviqat mərhələsi bu gündən başlayır. Seçkilərə 23 gün qalmış başlayan seçkiqabağı təşviqat 8 fevral saat 8:00-a qədər davam edəcək. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı, cəmi 256 yer müəyyən edilib.

Bu seçkilərdə də seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına bir neçə KİV-də ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılıb. Bunlar "Azərbaycan”, "Xalq qəzeti”, "Bakinski raboçi” qəzetləri və İctimai Televiziya və Radio Yayımları Şirkətidir. Bununla yanaşı, ödənişli seçkiqabağı təşviqata qoşulması ilə bağlı MSK-ya 30 xəbər agentliyi, 9 qəzet və 1 televiziya müraciət edib.

Yanvarın 15-nə olan məlumata görə, 2431 nəfər namizədlik üçün müraciət edib. Onlardan 2358 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. 2247 nəfər imza vərəqəsi alıb. 1774 nəfər imza vərəqəsini qaytarıb və hələ ki 1534 nəfər qeydə alınıb.

Seçkidə iştirak edən partiyaların sayı isə 20-dir. Bunlar Yeni Azərbaycan, Ümid, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Azərbaycan Milli İstiqlal, Azərbaycan Demokrat, Böyük Azərbaycan, Vahid Azərbaycan, Ana Vətən, Azərbaycan Təkamül, Müsavat, Azərbaycan Sosial Rifah, Vəhdət, Demokratik İslahatlar, Azərbaycan Liberal Demokrat, Azərbaycan Demokratik Maarifçilik, Müasir Müsavat, Vətəndaş və İnkişaf partiyalarıdır.

Demokratik dövlətin siyasi-ictimai həyatındakı mühüm hadisələrdən biri seçkilərdir. Seçkilərin azad və ədalətli keçirilməsi isə mütərəqqi inkişafın əsasını təşkil etməklə yanaşı, seçkili orqanların xalq tərəfindən formalaşdırılmasının əyani ifadəsidir. Azərbaycanda seçkilərin demokratik keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur. İndiyədək ölkəmizdə demokratik meyarlar çərçivəsində 6 prezident, 5 parlament və 5 bələdiyyə seçkisi keçirilib. Sözsüz ki, qarşıdan gələn parlament seçkiləri də respublikamızda demokratiyanın növbəti təntənəsi kimi tarixə düşəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video