17 Yanvar 2020 00:34
464
SİYASƏT
A- A+

Dünənin pəncərəsi


Məkrli siyasətin Qara Yanvar faciəsi


Yaxşı xatırlayıram o günləri. Bakı nehrə kimi çalxalanırdı. 1990-cı ilin 19 yanvarında bizi - Sumqayıt şəhərinin fəallarını, idarə-müəssisə rəhbərlərini saat 15:00-da çağırıb yığdılar partiya komitəsinin akt zalına. Nə səhnədə görünən oldu, nə bizi niyə çağırıblar deyən. Oturub gözləməyə başladıq.

Xəyal məni keçən əsrin 60-cı illərinə apardı. Zəngəzur mahalının Qarakilsə bölgəsində, öz doğma kəndim Ağdüdə müəllim işlədiyim günlər kino lenti kimi gözlərimin önündə çözələndi. 1963-cü ildə N.S.Xruşşovun Ermənistana səfəri ərəfəsində A.İ.Mikoyanın Sisyana gəlməsi, Sisyan bazasının Naxçıvandan çıxarılıb 3 dəfə uzağa - Arazdəyəndə yerləşdirilməsini bildirmiş və ciddi surətdə tapşırmışdı: bütün tikinti materialları erməni kəndlərindən keçməlidir! Onun bu planının nələrdən xəbər verdiyini bilmək çətin deyildi. N.S.Xruşşovu ələ alıb 48,5 km-lik yeraltı su çəkmək üçün 61 milyon manat (rubl) əldə etdilər. Başqa respublikalardan biri - Qazaxıstan rəhbərliyi 16 km yeraltı su kəməri çəkmək üçün 16 milyon vəsait istəmişdi. N.S.Xruşşov onu rədd etmişdi. Bu vaxt Qazaxıstanın birinci katibi demişdi: "Bəs Ermənistana bu qədər pulu niyə ayırdınız?”. Xruşşov təəccüblənmiş və "Ermənistana bu qədər müftə vəsaiti hansı əclaf verib”, - demişdir.

Qəfil bir səs məni xəyaldan ayırdı.

"Dözün, bir azdan mühüm xəbər eşidəcəksiniz!”

Yenə sakitlik, yenə sükunət...

1964-cü ilin əvvəlində Ermənistan SSR-in birinci katibi Zarubyan bir iclasda demişdir: "Son dəfə xarici işlər naziri Qromıkonun yanında oldum. O, soyqırımın 50 illiyinin keçirilməsinə bir növ razılıq verdi, hazırlıq işlərinə başlamaq lazımdır”. Həmin vaxt ciddi tapşırdılar ki, 1965-ci il aprel ayının 15-dən 30-a kimi ermənilərlə azərbaycanlılar bir yerdə işləməsinlər və ermənilərin gözünə görünməsinlər.

Yenə bir şüar məni xəyaldan ayırdı: "Ojidaytes vajnoye soobşeniye”.

Yenə sükunət: Xəyal məni yenə o illərə apardı.

1966-cı ildə Stepanakertdə (Xankəndi) çıxan "Sovetaqan Qarabağ” qəzetinin redaktoru Arkadi Gülbekyanın rəhbərliyi altında gizli vərəqələr buraxılmışdı. Həmin vərəqələrdə Ağrı dağının şəkli verilmiş və şəklin altında yazılmışdır:

Erməni xalqı, vaxtdır, oyan!

Torpaqlarına sahib ol!

Rədd olsun türklər! (Yazı erməni dilində idi.)

1967-ci ildə o təşkilat hökumət tərəfindən dağıdıldı. Həmin il Xocavənd (Martuni) rayonunda faciəvi hadisələr başladı.

1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyevin böyük şəxsiyyətindən, uzaqgörən siyasətindən ermənilər çox qorxurdular.

Salondan eşidilən səs yenə fikrimi dağıtdı:

"Bir azdan mühüm xəbər eşidəcəksiniz!”

Yenə sakitlik, sükunət...

Tarixi düşmənlərimiz 1987-ci ilə kimi susdular. Sov.İKP MK-nın Baş katibi M.Qorbaçovun (1985-1991) hakimiyyəti illərində ermənilərin əl-qolu açıldı, üzlərinə gün doğdu. 1988-ci il fevralın 19-da İrəvan şəhərində böyük mitinq təşkil etdilər, 1988-ci il fevralın 29-u Sumqayıtda ermənilər öz millətlərindən olan 26 nəfəri öldürdülər. 1988-ci il noyabr-dekabr aylarında ermənilər azərbaycanlıları öz dədə-baba yurdlarından, tarixi torpaqlarından zorla qovdular. 217 nəfər soydaşımızı ağır işgəncələrlə qətlə yetirdilər.

Artıq gecə saat 23:30-dur. Zaldakıların bəzisi yuxulayıb, bəzisi xəyala dalıb "mühüm xəbər” gözləyirlər. Birdən qapılar taybatay açıldı. Əlində rezin dəyənək olan, silahlı əsgərlər bütün binanı nəzarətə götürdülər. Səhnəyə qara bayraq gətirildi, hər şey aydın oldu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən 5 istiqamətdə Bakı şəhərinə yeridilmiş və dinc əhaliyə divan tutmuş, nəticədə yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdü. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək qudurmuş hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə 20 yanvarda və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyət elan olunmayan rayonlarda-yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdi.

Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın digər rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüş, 400 nəfər qanunsuz həbs edilmişdir. Sovet hərbi qulluqçuları tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili tibbi yardım maşınları və digər dövlət və şəxsi əmlaklar yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olmuşdur.

SSRİ-nin ilk prezidenti M.S.Qorbaçov milliyyətcə ermənilərin çox yaşadığı Stavropol vilayətindən 25-30 yaşlı cavanları orduya səfərbər etmiş, türk qanına susamış həmin ordunu yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeritməklə dinc əhalini gülləborana tutmalarının təşkilatçısı olmuşdur.

SSRİ dövlətinin bu cinayətinə qarşı öz ilk etiraz səsini qaldıran görkəmli dövlət xadimi, böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyev oldu.

Heydər Əliyev təhlükə qarşısında olmasına baxmayaraq, 1990-cı ilin yanvarın 21-də Azərbaycan SSR-in Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək SSRİ dövlətini, M.S.Qorbaçovu Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətində ittiham etdi və onun bu etirazı bütün dünyada böyük əks-sədaya səbəb oldu.

20 Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Əvvəlcədən hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

1988-ci ilin noyabr-dekabr aylarında Ermənistandan qovulmuş 250 min azərbaycanlıya Ə.Vəzirov heç cür kömək etmək istəmirdi. Onları Bakıya qoymurdu. Gələnlərə deyirdi ki, siz ermənilərə böhtan atırsınız, şər deyirsiniz, millətlər arasında ədavəti, ziddiyyəti gücləndirirsiniz.

Ermənistandan zorla qovularaq sonuncu qəpiklərini verib ev almaq istəyənlərə maneçilik törədilirdi. Vəzirov Bakı Sovetinə tapşırıq vermişdi ki, Bakıda ermənilərdən ev almış, o evdə yerləşmiş ailələr çıxarılıb bayıra atılmalı, tutulub həbs edilməlidir. Vedi rayonundan qovulanlardan Mahmud Yusifov, Suqra Məmmədova, Ağamir Əsədov, Musa Xəbərov və başqaları imkan tapıb Vəzirovla görüşüblər:” İrəvanın yaxınlığında, dəmir yolunun kənarında, yəni Qarabağdan qat-qat yaxşı şəraitdə yaşayırdıq. İndi bizi Qarabağda yerləşdirin, Qarabağ ermənilərinin də ora köçürülməsini sizdən xahiş edirik”. Vəzirov onlara ağır cavab vermişdi: "Qarabağ ermənilərin ana torpağıdır? O barədə danışmayın, özünüzə yer tapın”, - demişdir.

Soydaşlarımıza qarşı bu amansız hərəkətləri görən xalq daha da qəzəbləndi, meydanlara axışdı. Vəzirovun ermənipərəstliyini görüb istefasını tələb etdi. Yanvarın 17-də onlar Mərkəzi Komitənin binası önündə bütün yolları bağlayıb fasiləsiz mitinqlərə başladılar. Mitinqçilər Vəzirovun istefasını tələb edəndə o çıxıb "mən istefa verirəm” - desəydi, izdiham sakitləşəcəkdi. Amma əksinə oldu. Vəzirov gecə-gündüz Moskva ilə əlaqəni kəsmədi, Qorbaçovdan kömək istədi. Ordunun gəlməsini gözlədi. Ordu gəlməsə, Azərbaycanda sovet hökuməti dağılacaq, - dedi. Vəziyyəti nəzarətə almaq üçün Qorbaçovun yaxın siyasi silahdaşı Yevgeni Primakovun başçılığı ilə siyasi büronun nümayəndə heyəti Bakıya gəlmişdi. Şəhər kənarında kazarmalarda yerləşdirilmiş çoxmilli qoşunlara şəxsən komanda vermək üçün SSRİ-nin müdafiə naziri Dmitri Yazov da Bakıda idi.

DQMV-də, Azərbaycanın və Ermənistanın sərhədyanı rayonlarında və Gəncədə fövqəladə vəziyyət tətbiq etmək qərarı verildi, lakin nədənsə bu qərar Bakıya şamil edilmədi. Bakıya qoşun yeridildi, nəticəsi göz qabağındadır. Vəzirov gizli yolla Nasosnu qəsəbəsində yerləşən hərbi təyyarə ilə Azərbaycandan qaçdı.

Sov.İKP MK-nın sonuncu baş katibi, SSRİ-nin ilk və son prezidenti M.Qorbaçov 1995-ci il aprelin 27-də İstanbulda Qara Yanvarla bağlı bunu demişdi: "Bakıda fövqəladə vəziyyət elan etmək və ora qoşun göndərmək mənim siyasi həyatımın səhvi idi”.

2015-ci ildə Qorbaçov özünün yazdığı "Həyat və islahatlar” kitabındakı memuarlarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edib. O, 20 Yanvar qırğınının məsuliyyətini dolayısı yolla olsa da etiraf edib: "Bu faciəli hadisədən dərs götürdüm. Problemlərin həlli yalnız siyasi yolla tapılmalıdır”. Bunlar gecikmiş etiraflardır. Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı kimi M.Qorbaçov xalqımız tərəfindən həmişə nifrətlə xatırlanacaqdır.

Əvəz Mahmud LƏLƏDAĞ,

Sumqayıt

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video