16 Yanvar 2020 01:56
1095
SİYASƏT
A- A+

Qanla yazılan tarix


1990-cı ilin Qanlı Yanvarından artıq 30 il keçir. Bu hadisə yaranışından alnına "qan ləkəsi” düşən M.Qorbaçovun Vətənimizə, xalqımıza qarşı törətdiyi dəhşətli cinayət idi. Ətrafına toplanmış ermənilərin və ermənipərəst qüvvələrin toruna düşərək, öz əli ilə özünə əbədi satqınlıq, şərəfsizlik damğası vurdu o.

SSRİ kimi nəhəng bir dövlətin başına keçən M.Qorbaçov sərsəm "yenidənqurma” siyasəti adı altında dünyanın nizamını düzənləyən böyük bir ölkəni - ikinci super dövləti dağıtmağa başladı.

Bunun üçün o, siyasi büronun ən nüfuzlu üzvlərini, o cümlədən Heydər Əliyevi vəzifəsindən uzaqlaşdırmağa nail oldu. Məkrli niyyətlərini həyata keçirmək üçün artıq yollar açıq idi. İllərlə qazanılan nə vardısa, məhvə doğru istiqamət aldı. İqtisadiyyat çökdü, millətlərarası münaqişələr başlandı. Dünyanın müxtəlif ölkələrində kök atmış ermənilər, imperialist qüvvələrin dəstəyi ilə istədiklərinə nail oldular. Bəd niyyətli, xain xislətli, hiyləgər üzdəniraq qonşularımız dişlərini qıcayaraq belə fürsətin ələ düşməsini çoxdan idi ki, gözləyirdilər. Bunlar hamı kimi mənim də qəlbimi qəzəb, nifrət hissi ilə doldurdu. Şeytan xislətli M. Qorbaçova ünvanladığım "Bir dəli quyuya bir daş atıbdır” şeiri də bu düşüncələrdən yarandı.

Gör necə söz deyib aqil babalar!

Bu sözün ardında mənalı bir sirr:

"Bir dəli quyuya bir daş atıbdır,

Min ağıllı onu çıxara bilmir”.

Daşa da ad tapdı çox əziz-xələf,

Dedi ki, qoyuram "yenidənqurma”.

O daş o quyuya atılan gündən

Başladı vurhavur, yenidənqırma.

Axı, necə olub, bu boyda daşı

Bir dəli quyuya ata bilibdi?!

Hansı hiylə ilə, hansı güc ilə

O öz məqsədinə çata bilibdi?!

... O dəli, sən demə, şeytan misallı,

Dondan-dona girib, evlər yıxıbdı.

Bizi itələyib quyu dibinə,

Sonra iblis kimi yoxa çıxıbdı.

Hərdən ip sallayır özü quyuya,

Tarix naxələftək onu anmasın.

İpə bilə-bilə sabun çəkib ki,

Xilas olunmağa ümid qalmasın.

Bir az sayıq olun, ölkələr, xalqlar,

Bəlkə də, bu daşda sehr var, sirr var.

Biz onu quyuda qoya bilmərik,

Yoxsa bu dünyanı çəkib aparar.

Ermənilər havadarlarının köməyi ilə Qarabağımızın torpaqlarını mərhələ-mərhələ işğal etdilər. Etiraf etməliyik ki, bu işdə özümüzün də günahımız az olmadı. Respublikanı idarə edə bilməyən, M.Qorbaçovun çaldığı hava ilə oynayan ovaxtkı hakimiyyət rəhbərləri xalq arasında gülüş obyektinə çevrilirdi. Bu isə müxalifət qüvvələrini hakimiyyəti ələ keçirməyə daha da ruhlandırırdı. Bir sözlə, respublikada xaos, özbaşınalıq, hərc-mərclik hökm sürürdü. Bədnam qonşularımızın da istədiyi elə bu idi. "Erməni xisləti” adlı şeirimdə bu barədə belə demişəm:

Dolanır cəfənglər sənin başında,

"Dənizdən-dənizə” xülyasındasan.

Nə dədən, nə baban dəniz görübdür,

Özünsə gör nəyin sevdasındasan.

Dənizin özünün xisləti vardır:

Gah coşub kükrəyir, gah da ki yatır.

Acgözlər, xəbislər, artıqtamahlar

Onun sularında boğulur, batır.

...Guya cəfakeşsən min illər boyu,

Yolunu kəsibdir dağlar, duman, çən...

Torpağı, vətəni "sevən” qurumsaq,

Bəs niyə hər yerə səpələnmisən?!

Ermənilərə havadarlıq edən M.Qorbaçovun əmri ilə 1990-cı ilin yanvarın 20-nə keçən gecə o vaxta qədər xilaskar sandığımız sovet ordusu Bakıya soxuldu. Gələnlər əslində xüsusi təyinatlılar idi. Əsgər və zabitlər aldıqları tapşırıqlara əsasən hər yeri gülləbaran edir, qarşılarına çıxan insanları amansızcasına qətlə yetirir, tanklarla minik maşınlarının üstündən keçib gedir, hər kəsi, hər şeyi hərbi texnikanın tırtılları altına alırdılar. Bu vəhşiliyi görmək üçün evlərin eyvanına çıxan dinc insanlar - qoca, qadın, uşaqlar güllə yağışına tutulurdular. Bəzilərinə güllə eləcə evin içərisində dəymişdi. Yaralıları daşıyan tibb maşınlarına atəş açır, xəstəxanalardakı iş prosesini pozurdular. Həmin müdhiş gecədə yüzlərlə soydaşımız amansızcasına qətlə yetirildi, küçə və xiyabanlar al-qana boyandı. Həm də canilər bütün dünyada qadağan olunmuş zəhərli güllələrdən istifadə etmişdilər.

Ağır gündə yumruq kimi bir olmağı bacaran xalqımız müstəqillik, azadlıq yolunda canlarını qurban verən həmin şəhidləri misli görünməmiş izdihamla son mənzilə yola saldı. Namərd gülləsinə tuş gələn soydaşlarımız Moskvanın respublikamıza qarşı apardığı ədalətsiz siyasətə etiraz etmək, haqq səsini ucaltmaq üçün küçə və meydanlara çıxmışdılar. Onların haqq tələb edən səsləri qan dənizində boğulsa da, yerdə qalmadı. Azadlığa gedən yolun ilk qurbanları oldu şəhidlərimiz. Xalqımızı müstəqilliyə, öz ölkəsinin, öz sözünün sahibi olmağa aparan yol bu hadisədən başladı. 20 Yanvar bir tərəfdən xalqımızın hüzn günüdürsə, digər baxımdan qəhrəmanlıq tariximizin yeni bir səhifəsidir. Şəhidlər haqqında yazdığım bu şeir də həmin tarixi günlərin əks-sədasıdır:

Siz ey Vətən yolunda şirin canından keçib,

İgidliyi, mərdliyi özünə amal seçib,

Ömrün bahar çağında həyatdan erkən köçüb,

Ölümüylə bu yurdu, torpağı yaşadanlar,

Yaşayan hər ömürdə qanınız, canınız var!

Səs verdiniz Vətənin harayına, səsinə,

Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə!

Məzarınız dönübdür ziyarət türbəsinə.

İnanın, and içirik, qanınız alınacaq!

Xatirəniz, ruhunuz həmişə anılacaq!

Bir ata övladından el oğluna döndünüz.

Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?!

Gələcək nəsillərə yetişəcək ününüz.

Siz bu gün də, sabah da - əsrlərlə sağsınız!

Bu yurdun sinəsində vüqarsınız, dağsınız!

Siz yazdınız millətin tarixini qan ilə,

Sinənizdə yurd saldı yurda atılan güllə.

Məzarınız tutulur min çiçəyə, min gülə.

Tərsiniz çiçək kimi, həmişə baharsınız!

Azərbaycan köksündə əbədiyaşarsınız!

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video