15 Yanvar 2020 14:02
759
İQTİSADİYYAT
A- A+

Romada Azərbaycanla İtaliyanın iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 5-ci iclası keçirilib

Romada Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komissiyanın iclasında çıxış edən Energetika naziri Pərviz Şahbazov Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə münasibətlərinin uğurla inkişaf etdiyini deyib. İtaliya ilə münasibətlərinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya, 2018-ci ildə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Bakıya və Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya səfərlərinin mühüm rolu vurğulanıb. Bildirilib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 9,7 faiz artıb. Artım tendensiyası 2019-cu ilin 9 ayında da davam edib və 10,5 faizlik artım müşahidə olunub. Ölkəmizdə müxtəlif sahələrdə 113 İtaliya şirkəti qeydiyyata alınıb.

Energetika naziri indiyə kimi İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dolları, Azərbaycandan isə İtaliyaya 1,7 milyard dollar investisiya yatırıldığını diqqətə çatdırıb.

İtaliya ilə iqtisadi tərəfdaşlığın ilk növbədə enerji sektoruna əsaslandığını və ölkəmizin İtaliyanın neft üzrə əsas təchizatçılarından biri olduğunu, SOCAR tərəfindən son 2 ildə İtaliya istiqamətində Azərbaycan mənşəli 15,9 milyon ton xam neft, 189 min ton neft məhsulları və 43,7 min ton neft-kimya məhsullarının təchiz edildiyini, mühüm enerji layihələrimizdə İtaliya şirkətlərinin iştirakını vurğulayan nazir enerji əməkdaşlığını möhkəmləndirən layihə kimi TAP-ın əhəmiyyətindən danışıb: "Bu il Cənub Qaz Dəhlizi istismara veriləcək və bu, ölkələrimiz, tərəfdaşlarımız, Avropanın enerji təhlükəsizliyinin təminatı üçün strateji əhəmiyyətə malikdir. Layihə üzrə işlərin 90 faizdən çox icrası İtaliya hökumətinin layihəyə dəstəyinin göstəricisidir. Bütün icazələrin verilməsinə, quruda və dənizdə tikinti işlərində irəliləyişlərə görə İtaliya hökumətinə təşəkkür edirik. İnanırıq ki, birgə səylərimiz TAP layihəsinin vaxtında başa çatmasını təmin edəcək. Təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji ilə təminat, eləcə də dekarbonizasiya kimi məsələlərin həllinə də töhfə veriləcək”.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar, inkişaf göstəriciləri, iqtisadiyyatın şaxələndirilməsi və biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində görülən tədbirlərdən də bəhs edib. İtaliya şirkətlərini ölkəmizdə mövcud olan iqtisadi imkanlardan faydalanmağa, enerji ilə yanaşı, qeyri-neft sektoru, yeni texnologiyalar, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət istiqamətləri üzrə əməkdaşlıqda iştiraka dəvət edib.

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano isə bildirib ki, komissiyanın iclası mövcud əməkdaşlığın dəyərləndirilməsinə və yeni istiqamətlər üzrə əlaqələrin inkişafında mühüm rol oynayacaq. Azərbaycan iqtisadi və enerji sahələrində İtaliyanın regionda diqqət yetirdiyi vacib ölkələrdən biridir.

İclasda ticarət-iqtisadi, enerji, infrastruktur-nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə tədbirlər müəyyənləşdirilib. AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Fondu və İtaliyanın müvafiq qurumlarının iştirakı ilə hər iki ölkədə investisiya imkanları nəzərdən keçirilib.

Hökumətlərarası Komissiyasının 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano imzalayıblar.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində P.Şahbazov İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici di Maio, İqtisadi İnkişaf naziri Stefano Patuanelli və Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano ilə görüşüb. Görüşlərdə hökumətlərarası komissiyanın 5-ci iclasının yekunları müzakirə edilib, siyasi-iqtisadi əlaqələrin genişləndirilməsi üçün həyata keçiriləcək tədbirlər, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan-İtaliya ticarət iqtisadi tərəfdaşlığının, xüsusilə də enerji sahəsində strateji xarakter daşıdığı, hökumətlərarası komissiyanın iclasının və keçirilən görüşlərin bu münasibətləri möhkəmləndirən mühüm addımların atılmasını təmin edəcəyi qeyd olunub.

Energetika naziri, həmçinin İtaliyanın "Maire Tecnimont”, "Ansaldo Energia”, "Tenaris” və "Technip İtaly” də daxil olmaqla 8 şirkətinin rəhbərləri ilə də görüşlər keçirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video