15 Yanvar 2020 03:24
3370
SİYASƏT
A- A+

Ötən ilin iqtisadi uğurları Azərbaycanın xarici ticarət əlaqələrini daha da genişləndirmişdir


Prezident İlham ƏLİYEV: "Beynəlxalq ticarət əlaqələri bizim üçün çox önəmlidir”


Azərbaycanın ticarət əlaqələri getdikcə daha da genişlənir. Təkcə keçən ilin ilk 10 ayında respublikamızın hüquqi və fiziki şəxsləri 190 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar. 117 ölkəyə məhsul ixrac etmişik və 180 ölkədən idxal həyata keçirmişik. Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu mövzudan da bəhs olunub, ölkənin xarici ticarət dövriyyəsi geniş təhlil edilib.

Qeyd olunub ki, bir neçə ölkədə Azərbaycan Ticarət evləri yaradılıb. Bir çox ölkələrdə, o cümlədən əsas ticarət tərəfdaşlarımızdan olan Rusiyada, İranda, Çində ikitərəfli hökumətlərarası komissiya fəaliyyət göstərir. Bu komissiyaların əsas vəzifəsi məhsullarımızın o ölkələrə ixrac edilməsi məqsədilə yerli şirkətlərin orada fəaliyyəti, tenderlərdə iştirakı üçün yeni imkanları araşdırmaqdır. Nəticədə xarici ölkələrlə bu istiqamətdə müqavilələrin imzalanması da mümkündür.

2019-cu il Azərbaycanın ticarət əlaqələrinin inkişafı baxımından da uğurlu olub. İlin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bu barədə demişdir: "Bizim qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılması çox müsbət haldır. Bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb. Türkiyə ilə bizim ticarət dövriyyəmiz keçən il 4 milyard dollara çatıbdır. Bu, böyük artımdır. Ticarət dövriyyəmiz Rusiya ilə 20-25 faiz, İranla 30 faiz artıbdır. Gürcüstanla da ticarət dövriyyəsi artıb. Həm ikitərəfli formatda, həm çoxtərəfli formatda biz uğurla fəaliyyət göstəririk. O cümlədən energetika və nəqliyyat sahələrində. Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişik”.

Keçən il Prezident İlham Əliyev Çində keçirilən "Bir kəmər, bir yol” beynəlxalq konfransında iştirak edib, həmin ölkənin rəhbəri ilə görüşüb. Bu tədbir çərçivəsində 10-a yaxın sənəd imzalanıb. 800 milyon dollar həcmində kontraktlar bağlanıb və onların icrasına başlanıb.

Çində bir neçə Ticarət və Şərab evləri açılıb. Bu ölkədə Azərbaycanın artıq ikinci ticarət nümayəndəliyi fəaliyyət göstərir.

Azərbaycanın emal olunmuş kənd təsərrüfatı məhsulları üçün Çində yaxşı bazar ola bilər. Ümumiyyətlə, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində görülmüş işlər öz müsbət nəticəsini verir və gələcəkdə ölkələrimiz arasında bu münasibətlərin daha da inkişaf edəcəyini göstərir.

Yeri gəlmişkən, Çinlə əlaqələr bir sıra istiqamətlərdə, o cümlədən nəqliyyat, logistika sahələrində də inkişaf edir və bu, sözügedən müşavirədə də qeyd olunub.

Keçən il Azərbaycanın qeyri-neft məhsullarının ixracında 14 faiz artım əldə edilib. Qeyri-neft məhsullarımızın ən iri idxalçılarından biri qonşu Rusiya Federasiyasıdır. Bu ölkədə Azərbaycanın ilk ticarət nümayəndəliyi yaradılıb, artıq üçüncü ildir fəaliyyət göstərir. Orada eləcə də Ticarət və Şərab evləri açılıb.

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası çərçivəsində qarşılıqlı əlaqələrin inkişafı üçün yol xəritəsi təsdiqlənib. Xəritədə Rusiya ilə ticarət dövriyyəsinin genişləndirilməsi ölkələrarası, strukturlararası elektron mübadilə, aparılan prosedurların sadələşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması nəzərdə tutulub.

Məlumdur ki, ölkələr arasında ticarətin genişlənməsində infrastrukturun yaradılması, əsasən də yolların rəvan olması müsbət rol oynayır. Keçən ilin sonunda Samur çayı üzərində yeni körpü açılıb ki, bu da ticarətin artmasına səbəb olacaq.

Digər infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir. Yeni sərhəd-keçid məntəqələrində infrastruktur təminatının daha da yaxşılaşdırılması yönümündə işlər görüləcək.

Hazırda Rusiya Federasiyasının "Mir” sisteminin ölkəmizdə tətbiqi məsələləri öyrənilir. Azərbaycanın iqtisadiyyatına və maraqlarına uyğun gələrsə, yaxın gələcəkdə ölkəmizdə bu sistemin tətbiqi həyata keçiriləcək. Bu, Rusiyadan Azərbaycana gələn və sayı getdikcə artan turistlərin daha çox olması deməkdir. Turistlərin artması ölkəyə valyuta daxilolmalarını artırır.

İranla da ticarət dövriyyəmizdə, eləcə də digər sahələrdə əməkdaşlıqda əhəmiyyətli nəticələr var. Azərbaycan Rusiya və İran vasitəsilə "Şimal-Cənub nəqliyyat dəhlizi”nin inkişaf etdirilməsi istiqamətində önəmli işlər görür. Avtomagistral yollar inşa edilir, dəmir yolu təmir olunur. Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlamaq planlaşdırılıb. Körpünün tikintisinin gələn il tamamlanacağı nəzərdə tutulur.

Ümumiyyətlə, Azərbaycan bölgədə Şimal-Cənub, Şimal-Qərb və Cənub-Qərb istiqamətlərində yük avtomobillərinin hərəkəti üçün əlverişli şərait yaratmış olacaq. Ötən ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev yolların əhəmiyyətindən bəhs edərək demişdir: "Rusiya sərhədinə gedən yolun böyük hissəsi bu il tamamlanmalıdır. Astara şəhərindən İran sərhədinə qədər yeni avtomagistral yolun tikintisi əminəm ki, tam başa çatacaqdır. Həmçinin Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsi də. Bu layihənin böyük hissəsi bu il başa çatmalıdır. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpü təkcə Rusiya-Azərbaycan ticarət əlaqələrini möhkəmləndirməyəcək, eyni zamanda, bu, "Şimal-Cənub nəqliyyat dəhlizi”nin bir parçasıdır. Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan öz marağını bildirmişdir, müvafiq sənədlər də imzalanmışdır. Əminəm ki, bu istiqamətdə bizim fəaliyyətimiz bu il təsirli olacaqdır”.

Dövlət başçısı bütövlükdə əməkdaşlığın genişləndirilməsinin, o cümlədən ticarət dövriyyəsinin, investisiya qoyuluşunun artırılmasının ölkəmiz üçün önəmli olduğunu qeyd edib. Azərbaycanın düşünülmüş siyasətə, digər ölkələrlə yaxın münasibətlərə görə beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. Bu baxımdan da əməkdaşlığın, bütün infrastruktur layihələrinin icrasının bundan sonra da diqqət mərkəzində olmasının vacibliyini bildirib.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video