15 Yanvar 2020 03:16
3050
SİYASƏT
A- A+

İlham Əliyev elə Azərbaycan deməkdir!


2019-cu ilin 2020-ci illə qovuşub zamanın aramsız axınındakı yerini ona ötürməsinə sayılı dəqiqələr qalmışdı...

Bəlkə siz də duymusunuz bunu, Yeni il ərəfəsində adamın qəlbini qəribə bir həyəcan bürüyür, insan özünə də, ölkəsinə də, ümumən yaşadığımız dünyaya da xoş arzular diləyir və bu arzuların həyata keçəcəyinə sidq-ürəkdən inanır. Nəsə xoş şeylərin baş verəcəyini gözləyir. Yeni il günlərini ən çox bu həyəcanına görə sevirəm...

Beləcə xoş bayram ovqatı içində 2020-ci ilin gəlişini gözləyirdik. Saatın əqrəblərinin 12 rəqəminin üzərində dayanmasına bir neçə dəqiqə qalmış illərin ənənəsinə uyğun olaraq kanalı Azərbaycan Televiziyasına çevirdim, hamımız ekran qarşısına yığışdıq və televiziya önündə baba-nənələrdən körpə nəvələrə qədər üç nəsli özündə birləşdirən maraqlı ailə portreti yarandı.

"Əziz həmvətənlər.

2019-cu il arxada qalır. Bu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz inkişaf yolu ilə uğurla gedib...”

Prezident İlham Əliyevin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza təbriki artıq başlamışdı və dövlət rəhbərinin təbrik çıxışını dinləyirdik.

Bir anlıq düşündüm ki, indi dünyanın müxtəlif səmtlərində kanalı Azərbaycan televiziyasına çevirib ekran qarşısına toplaşaraq dövlət rəhbərinin çıxışına diqqət kəsilən nə qədər Azərbaycanlı ailəsi var. Bu ailələr hamısı bir yerdə Böyük Ailəmizin - Azərbaycan ailəsinin möhtəşəm rəsmini cızır, milli həmrəyliyimizin portretini yaradır.

"...Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır”.

Cənab İlham Əliyev özünəməxsus təmkin və qətiyyətlə çıxış edirdi. Azərbaycan Prezidentinin çıxışının bir kəlməsini də ötürməməyə, dinlədikcə özüm üçün təhlil etməyə çalışırdım.

Bu çıxışda keçmişin dəyərləndirilməsi də vardı, ötən müddət ərzində Azərbaycan adına görülmüş işlər haqqında dünyadakı bütün soydaşlarımız və ümumən tarix qarşısında verilən hesabat da, gələcəyə ümid və inam da...

Amma şəxsən mənim üçün bu çıxışın dəyəri bir başqa idi...

Azərbaycan Prezidentinin təbrik nitqini böyük bir tarixi salnamə kimi dinləyirdim...

***

Dövlət rəhbərlərinin, hökumət başçılarının, ümumən xalqın səlahiyyət verdiyi idarəçi şəxslərin öz üzərlərinə düşən vəzifələri yerinə yetirərək bu barədə vətəndaşları məlumatlandırması, əslində bütün dünyada əsrlərin formalaşdırdığı təcrübədir. Eləcə də dünyanın ən müxtəlif ölkələrində dövlət rəhbərləri Yeni il ərəfəsində xalqa təbrik sözlərini çatdırır, görülmüş və görüləcək işlər haqqında məlumat verirlər. Burada qeyri-adi heç nə yoxdur, bir çox cəmiyyətlər üçün, bəlkə də bu, sıradan bir təqvim hadisəsidir.

Amma xalqların, dövlətlərin tarixində elə dönəmlər olur ki, onların hər ilinə, hətta ayına, həftəsinə, gününə belə adi bir təqvim faktı kimi yanaşa bilmirsən. Çünki xalqın, dövlətin keçmişi, bu günü və gələcəyi, tarixi taleyi üçün bu dönəmə aid ən kiçik zaman parçası da həlledici əhəmiyyət daşıyır.

Məhz o dönəmdə görülən işlər, verilən qərarlar, atılan addımlar keçmiş haqqında düşüncələri müəyyən edir. Keçmişin doğrularından xalq bu gününün və gələcəyinin bütün məqamlarında barınır, o, doğruların möhkəm təməlləri üzərində yeni inkişaf ucalıqları yüksəldir.

Xalq o doğrulardan başlanır... Əslində dövlət də o doğrulardan başlanır...

Vətənin nailiyyətləri məhz o taleyüklü məqamlarda itirilməmiş vaxtlardan, fövtə verilməmiş fürsətlərdən rişələnib zamanın hüdudlarından boy göstərir...

Yanlışlarla, tərəddüdlərlə, səhv qərarlarla dolu keçmiş isə xalqın bu günü və gələcəyinə acı peşmanlıqlardan başqa heç nə buraxmır. Zamansa axıb gedir. Əfsus ki, onu geri çevirib, yanlışları aradan qaldırmaq, bir də heç zaman mümkün olmur. Necə ki, biz müstəqilliyimizin ilk illərində ölkənin idarəçilik sükanını təsadüfən ələ keçirib Azərbaycanı məhvə doğru aparan savadsız, səriştəsiz, üstəlik məsuliyyətsiz və vicdansız qaragüruhçuların yol verdikləri tarixi yanlışları aradan qaldırmaq, bais olduqları itkiləri geri qaytarmaq, insanlara çəkdirdikləri acıları ovutmaq gücündə deyilik.

Bircə təsəllimiz var ki, tarix bu acı səhifəsini tez qapayır, bu səhifədə Azərbaycan xalqı üçün son ümidlər də öləziməmiş qapanır və 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin insanlarımızın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra müstəqillik tariximizin tam fərqli, bütün nəsillərin hər anı ilə qürur duya biləcəkləri inkişaf dolu yepyeni bir səhifəsi başlanır...

1993-cü ildən Azərbaycan yeni bir başlanğıca daxil olur...

Elə Prezident İlham Əliyevin 2019-cu ilin son günündə bütün dünya Azərbaycanlılarına ünvanlanmış təbrik sözünə qulaq asınca da bir anlıq mənə elə gəlirdi ki, təkcə ötən bir ilin deyil, 1993-cü ildən üzübəri yaşanmış bütün illərin, müstəqillik tariximizin 26 illik möhtəşəm bir dönəminin, bu illərlə yaşıd olan misilsiz uğurlarımızın hesabatını dinləyirəm...

Amma bu, təkcə keçmişə aid hesabat deyildi ki...

Azərbaycan Prezidenti təbrik nitqində sanki ölkənin 30 il sonrakı gələcəyinin də hesabatını verirdi. Keçmişin və bu günün uğurlarına, irəliyə doğru addımladığımız düzgün yolun əminliyinə, qarşıya qoyulmuş strateji hədəflərin aydınlığına əsaslanaraq, insanların nəzərində ən azı 2050-ci ilin Azərbaycan mənzərəsini canlandırmağa çalışırdı...

Və cənab İlham Əliyevin hər kəlməsində o mənzərəni görə bilmək çox möhtəşəm duyğu idi.

***

"Molodaya Qvardiya” nəşriyyatında "Görkəmli adamların həyatı” seriyasından rus yazıçısı Viktor Andriyanovla birgə həmmüəllifliyimlə nəşr olunan və indiyədək 40-dan artıq xarici ölkədə, dildə çap edilən "Heydər Əliyev” kitabında bir məqamı dəfələrlə vurğulamışam: Ümummilli Lider bütün dövrlərdə 20-30 il sonranın Azərbaycanını görə bilirdi.

Eyni bəsirəti indi cənab İlham Əliyevdə də müşahidə edəndə buna əsla təəccüblənmirəm. Liderlik qabiliyyətləri haqqında azdan-çoxdan oxuduqlarım, eşitdiklərim öyrədir ki, əsl lider üçün ən mühüm keyfiyyət, məhz elə onun vizyonudur. Yəni rəhbərlik etdiyi xırda bir təşkilatdan tutmuş, böyük topluma, ölkəyə, xalqa qədər onların gələcəyini təfəkküründə şəkilləndirməyi bacarmasıdır.

Belə bir liderə sahiblik böyük bir şansdır əslində... Çünki əgər düşüncələrində hər hansısa bir gələcəyin mənzərəsini cızmağı bacarırsansa, real həyatda ona yetişmək, artıq təfərrüatdır, gec-tez o mənzərə gerçəkliyə çevriləcək...

Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Vətənə qazandırdığı tarixi nailiyyətlərin təməlində də elə gələcəyi irəlicədən duya bilmək qabiliyyəti durur...

***

...Azərbaycan Prezidenti öz təbrik nitqini artıq tamamlamış, saatın əqrəbləri 12 rəqəminin üzərində bərabərləşmiş və möhtəşəm atəşfəşanlıq başlanmışdı. Bakı səmasında ulduz kəhkəşanına çevrilən rəngarəng fişənglərin gözəlliyini seyr etməkdən ötrü biz də eyvana çıxmışdıq.

Bayram atəşfəşanlığının, şəhərin hər yerindən eşidilən partlayışların səs-küyü bütün paytaxtı bürümüşdü, Xəzərdən atılan top atəşləri bu qarışıq sədalar içində xüsusi seçilirdi.

Televiziya da artıq Bakı bulvarından canlı reportaja başlamışdı. Uşaqlı, böyüklü yüz minlərlə insan bayram atəşfəşanlığını yerindəcə seyr etmək, bu təkrarsız mənzərəyə şəxsən şahid olmaq üçün Xəzərin sahilinə toplaşmışdı.

Aşağıdan səmanı seyr edən insanlar fişənglərin göydə yaratdığı rəngarəng ulduz kəhkəşanını tez-tez alqışlayırdılar, ani gözəlliyin yaratdığı çılğın sevinc hissini bu şəkildə ifadə edirdilər.

Şəhərin üzərini tüstü dumanı bürümüşdü, havadan barıt qoxusu duyulurdu...

Bu mənzərəni seyr etdikcə bir anlıq dünyanın yaxın-uzaq ölkələrində tez-tez eşidilən atəş səslərini, havadan gələn barıt qoxusunu, ölkələrin üzərinə çökmüş qara buludları, insanların ah-naləsini də xatırladım...

Və bir cəmiyyət üçün ən böyük xoşbəxtliyin əslində nədən ibarət olduğunu az qala iliklərimə qədər duydum...

Onda hələ ABŞ-la İran arasında son qarşıdurma başlanmamışdı, İran generalı İraqda raket atəşi ilə öldürülməmişdi, İran qisas almaq üçün ABŞ-ın İraqdakı bazalarını vurmamışdı, Ukraynaya məxsus təyyarə İran səmasında səhvən vurulub parça-parça yerə tökülməmişdi, dünyanın müxtəlif səmtlərindən yüzlərlə günahsız sərnişin bu hadisədə həyatını itirməmişdi, bir sözlə, aləm bir-birinə qarışmamışdı...

2020-ci ilin hələ ilk dəqiqələri idi, amma bilirdik ki, yaxın-uzaq ölkələrdə yenə silah səsləri eşidilir, yenə insanlar qorxu altında yaşayır, ani bir silah atəşindən ölüm təhlükəsi milyonlarla insanı təhdid edir, havadakı barıt iyi əslində nə qədər insanın həyatını bürümüş faciələrin qoxusunu gətirir...

Həmin dəqiqələrdə Bakı səmasında izlədiklərimsə zahiri əlamətləri - səsləri, rəngləri, qoxusu çox bənzəyən bu mənzərənin mahiyyətcə tamam əks üzü idi...

O dəqiqələrdə Azərbaycan paytaxtını da atəş səsləri bürümüşdü. Amma bu atəş səsləri insanlara ölüm, faciə, göz yaşları deyil, sevinc gətirən, fərəh bəxş edən, bayram sevincinə unudulmaz çılğınlıq, yüksək ovqat qatan atəş səsləri idi. Bu atəşləri insanların qəlb sızladan hönkürtüsü deyil, ürəyi ehtizaza gətirən alqışları, sevinc sədaları müşayiət edirdi...

Həmin dəqiqələrdə Bakı səmasında seyr etdiklərim faciələrimizin deyil, xoşbəxtliyimizin, bugünkü uğurlarımızın, gələcəyə ümid və inamımızın rəsmini yaradırdı...

O anlarda paytaxt səmasından burnuma dolan barıt qoxusu acılarımızın, itkilərimizin yox, xoşbəxtliyimizin ətri idi...

Və bu gerçəkliyi bütün ruhumla duya-duya 2020-ci ilin mənim üçün ilk və ən müqəddəs duasını ürəyimdə zikr edirdim ki, Tanrım, bu gözəl günləri, xoş zəmanəni bizə çox görmə...

Lütfünü, sevgini həmişə bu yurdun insanlarına rəhnüma et...

Arzularımızı, diləklərimizi eşit, vəhdətimizi daha da möhkəmləndir, Vətəni bəlalardan, fitnə-fəsadlardan uzaq tut...

Azərbaycanı qoruyan insanı - İlham Əliyevi Sən də qoru...

Onun xalq, ölkə, ümumən bəşəriyyətin xoşbəxt gələcəyi naminə yürütdüyü siyasəti, irəli sürdüyü ideyaları məqsədinə çatdır...

***

İnsanlarımızın o gecəki bayram sevinci, fərəhi, qayğısızlığı güclü, sosialyönümlü bir dövlətə aidlik duyğusunun verdiyi rahatlıqdan, yaxşı mənada arxayınlıqdan irəli gəlirdi.

Ötən il dövlət nə qədər adam sıxıntı çəkməsin, banklarla üz-göz olmasın, ölkədə iqtisadi inkişaf öz ahəngində getsin deyə, onların problemli kredit borclarını öz üzərinə götürdü. Əslində bu, dövlətin yox, o kreditləri götürərkən xərclərini düzgün planlaşdırmayan bəzi insanlarımızın məsuliyyəti, daha doğrusu, məsuliyyətsizliyi idi. Amma elə ya belə, problem yaranmışdı, insanlar çətinliklə üzləşmişdi və dövlət bu işə əncam çəkdi.

Yaxud yeri gələndə əllisini əlli yerdə xərcləyən, amma mallarını sığortalamağa pulu qızırğalanan və bir hadisə baş verəndə də naçar vəziyyətdə qalan nə qədər sahibkarı dövlət müşküldən qurtardı, dəstək olub ayağa qaldırdı.

Təbii fəlakətdən ziyan çəkmiş nə qədər insan üçün ev tikildi. Hətta evi bir qədər ziyan görmüş və təmirlə düzəldiləsi olan vətəndaşlara belə hər cür şəraiti olan yeni evlər inşa edildi ki, dövlətin onlara daha böyük faydası çatsın...

Milyonlarla insanı əhatə edən sosial paket, getdikcə artan maaşlar, pensiyalar, bütün ölkə boyu həyata keçirilən infrastruktur layihələri, yaradılan yeni iş yerləri, davamlı islahatlar və onların sadə vətəndaşların həyatına gətirdiyi xoş yeniliklər...

Bugünkü Azərbaycan reallıqları tariximizin və taleyimizin bizə bəxş etdiyi böyük bir lütfdür...

Dövlət rəhbərimizin də qeyd etdiyi kimi, dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır.

Azərbaycan paytaxtı bu gün dünyanın ən gözəl, sakit, hüzur dolu şəhərləri sırasında yer alır. XIX əsrin sonu, XX əsrin əvvəllərində dünyanın enerji mərkəzi kimi tanınan, ötən əsrin ortalarında dünyanı sarmış faşizm kabusunun aradan qaldırılmasında öz nefti ilə həlledici rol oynayan Bakı indi başqa bir tarixi missiyanı da yerinə yetirir.

Qlobal proseslər doğma Bakımızı dünyanın xoş məramlarla döyünən qəlbinə çevirib. Bu şəhər indi qlobal miqyasda sülhün və əmin-amanlığın şəhəridir, bütün bunların təminatı üçün önəmli çağırışların əsas mərkəzlərindəndir. Bəşəriyyətin gələcəyinə yönəlik bir çox ideyalar, mütərəqqi təşəbbüslər Şərqlə-Qərbin görüş yeri olan bu sevimli şəhərimizdən başlanır.

Müasir dövrdə insanların böyük narahatlığına səbəb olan sülh və təhlükəsizlik məsələlərinin, sivilizasiyalararası dialoq problemlərinin müzakirəsinin aparıldığı bir çox mötəbər beynəlxalq tədbirlərə məhz Bakı evsahibliyi edir.

Bakıdan dünyanın bu günü və gələcəyinə taleyüklü çağırışlar ünvanlanır...

***

Azərbaycan bu gün türk və ümumən islam dünyasının da mütərəqqi inkişaf mərkəzidir, XXI əsrin ümumi mənzərəsinin türk və islamın ali dəyərləri işığında müəyyənləşməsi üçün güvənli bir bələdçidir.

Bu baxımdan 2019-cu ildə Azərbaycan həyatında yaşanmış ən mühüm tarixi hadisələrdən biri ötən ilin oktyabrında Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşünün keçirilməsi oldu. Şuranın bu toplantısı qurumda bir araya gələn ölkələr arasında inteqrasiyanın və əməkdaşlığın daha da inkişafı üçün yeni üfüqlər açdı. Ulu Öndərimizin, sonradan isə Prezident İlham Əliyevin türk dünyası üçün böyük bir gələcəyin müjdəsi kimi dilə gətirdiyi "XXI əsrin türk əsri olacağı” barədə fikirlərinin, arzularının çin çıxacağı günlərin artıq çox yaxında olduğunu, Azərbaycanın öz strateji təşəbbüsləri ilə o böyük günləri addım-addım xəyallardan reallığa çevirdiyini əks etdirdi.

Türk dünyasının birliyində Azərbaycanın rolunun danılmazlığı bir daha göründü!

Bu müstəsnalığı şərtləndirənsə ölkəmizin geosiyasi mövqeyi, tarixən türk dünyasında oynadığı strateji rolun müasir qlobal reallıqlardakı yeni təzahürü, getdikcə artan iqtisadi qüdrətimiz, ən əsası isə Azərbaycan Prezidentinin şəxsi nüfuzudur.

Cənab İlham Əliyev öz şəxsiyyəti ilə bu gün təkcə Azərbaycanda xalqın milli vəhdət rəmzi kimi çıxış etmir. O, eyni zamanda ümumən türk və islam dünyasında da fərqli mövqeləri bir araya gətirməyə qabil lider kimi qəbul olunur. Azərbaycan Prezidentinə hörmətlə yanaşır, onun rəyi ilə hesablaşır, tövsiyələrini mütləq nəzərə almağa çalışırlar.

Çünki zaman İlham Əliyevi bütün yanaşmalarında, baxışlarında, mövqelərində haqlı çıxarıb!

Çox ölkələr, cəmiyyətlər, dövlət rəhbərləri regiondakı barış, inkişaf mühitinin qorunmasına görə İlham Əliyevin təmkininə, qətiyyətinə, comərdliyinə, ona olan yüksək güvənə, çox kritik zamanlarda tutduğu düzgün mövqeyə və ehtiyac anlarında uzatdığı yardım əlinə minnətdardır.

Məhz bu şəxsiyyətin gücü, ona olan inam sayəsində Azərbaycan hazırda türk-islam dünyasını Avropa ilə birləşdirən ən əsas ölkəyə çevrilib...

***

2019-cu ilin ən önəmli tarixi hadisələrindən biri də Qoşulmama Hərəkatının ötən ilin oktyabrında Bakıda keçirilmiş XVIII sammitində Azərbaycanın növbəti 3 il müddətinə bu təşkilatın sədri seçilməsi oldu. Dəyərli oxucularımın yaddaşını təzələmək üçün qısaca xatırlatma edim ki, Qoşulmama Hərəkatı soyuq müharibə dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub. Təşkilatın hazırda 120 üzvü var. Eyni zamanda 17 dövlət və 10 beynəlxalq təşkilat da burada müşahidəçi statusunda təmsil olunur. Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır.

Və müstəqillik yaşı vur-tut heç 30 ilə də çatmayan Azərbaycanın belə bir nüfuzlu qurumun sədri olmasının bizim üçün tarixi əhəmiyyətini indi özünüz təsəvvür edin...

Bu, Azərbaycanın beynəlxalq nüfuzunun bariz göstəricisidir. Təxminən 30 il əvvəl beynəlxalq siyasət meydanına doğru ilk kövrək qədəmlərini atan Azərbaycanın indi bu meydanda nə qədər möhkəmləndiyinin, özünə tutduğu layiqli yerin, sözümüzün ötkünlüyünün, bizə qoyulan hörmətin ifadəsidir.

Qlobal dünyanın bu Azərbaycanını cənab İlham Əliyev yaradıb!

Tarixinin bu ən güclü Azərbaycanı zəmanəsinin ən parlaq liderlərindən birinin - İlham Əliyevin əsəridir!

***

2019-cu ildə Azərbaycan Dünya dini liderlərinin II Sammitinə də uğurla evsahibliyi etdi. Zəngin tolerantlıq ənənələrinə, fərqli dinlərə, mədəniyyətlərə hörmət ruhuna malik Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə evsahibliyi etməklə bütün dünyada dinlərarası dialoqun inkişafına daha bir töhfəsini verdi. Dünyada xeyir əməllərin hüdudlarını, dinlərin insanlara təlqin etmək istədiyi əxlaqi dəyərlərin hüdudlarını bir qədər də genişləndirdi. Multikulturalizmin Azərbaycanda bir həyat tərzi olduğunu göstərdi və bu ideyanın başqa ölkələrdə də özünə yer tutması məramı ilə növbəti addımını atdı.

Ötən il ölkəmizdə həm də "Nəsimi ili” kimi yadda qaldı. Xalqımızın yetirdiyi bu böyük mütəfəkkirin 650 illik yubileyinə həsr olunmuş dövlət əhəmiyyətli tədbirlərlə Azərbaycan öz inkişafını, keçmişini, bu gününü və gələcəyini milli köklər üzərində qurduğunu, milli-mənəvi dəyərləri ən böyük sərvət bildiyini, gənc nəsli də milli ruhda, ənənəvi dəyərlər işığında tərbiyə etdiyini sərgilədi.

"Nəsimi ili”nin Azərbaycanın müxtəlif məkanlarında gənc könüllülərin iştirakı ilə 650 min ağacın əkilməsi ilə tamamlanmasının, cənab İlham Əliyevin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə ağacəkmə tədbirlərində şəxsən iştirakının, İmadəddin Nəsiminin qardaşı Şah Xəndanın Şamaxıdakı türbəsinin ziyarətinə getməsinin, burada aparılan abadlıq işlərinin və 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin də şəxsən mənim üçün çox böyük rəmzi mənası var. Bunlar zahirən fərqli tədbirlər kimi nəzərə çarpsa da, hamısı böyük bir hadisənin, ümumi bir mənzərənin parçaları kimi birləşir.

Prezident İlham Əliyev Nəsimi, Şah Xəndan kimi tarixi şəxsiyyətlərimizə verdiyi dəyərlə xalqımıza öz böyüklüyünü dərk etdirir, bu fikir xəzinəsinə sahib xalqın inkişaf axınından qıraq düşməsinə, xürafata, cahilliyə qapılıb qalmasına, kimlərinsə bizə yuxarıdan aşağı baxmasına, başımıza ağıl xocası kəsilməsinə izn verməyə haqqının olmadığını göstərir.

İlham Əliyev "Nəsimi ili”ndən sonrakı ili "Könüllülər ili” elan etməklə xalqın mənəvi dünyasının ən dərin qatlarından gələn düşüncə xəzinəsini, ali dəyərləri gənc nəslə, gələcəyimizə ötürür, onlarınkı edir.

Obrazlı desək, bir il əvvəl Nəsimi ruhuna sevgi ilə torpağın köksünə basdırılmış fidanlar, gənc könüllülərimizin həyatında, mənəviyyatında, Azərbaycana xidmətində, ağlında, zəkasında böyüyüb boya-başa çatır, Nəsimi ruhundan qidalanaraq, şirələnərək bəşəriyyətin gələcək tarixində boyumuzu uca, özümüzü min budaq edir.

İlham Əliyev Azərbaycan xalqına qürur yaradır, qürur yaşadır. O, bu qürurun, bu düşüncənin müəllifi olan, öz xalqına yeni bir ruh gətirən, xalqın ruh yüksəkliyinə çevrilən Liderdir.

Bu fikri bir neçə dəfə yazmışam və burada bir daha təkrar edirəm, Heydər Əliyev yazılanda Azərbaycan, Azərbaycan yazılanda Heydər Əliyev oxunur.

Son 16 ildən də artıq müddətdə Azərbaycan üçün etdikləri, bu Vətən naminə gördüyü işlər, bu yurda qazandırdığı nailiyyətlərlə artıq İlham Əliyev də Azərbaycan deməkdir!

İlham Əliyev adı Azərbaycandır!

Azərbaycan adı həm də İlham Əliyevdir!..

***

Bir qədər əvvəl "Könüllülər ili” haqqında danışdım, gənclər və onların şəxsində ölkəmizin gələcəyi haqqında söhbət açdım.

Nədənsə könüllülər deyiləndə əsasən gənclər nəzərdə tutulur. Çox güman belə bir təsəvvür dünyada könüllülük hərəkatının tarixindən, bu sahədə beynəlxalq təcrübədən irəli gəlir. Dünyanın hər yerində könüllülük hərəkatının əsas hərəkət qüvvəsi enerjili, həvəsli, cəmiyyətə nəsə bir fayda vermək istəyi ilə dolu gənclərdir. Ona görə bizdə də "Könüllülər ili” deyəndə daha çox gənclərin ictimai fəallığı ilə bağlı, gənclərin fəaliyyəti ilə zəngin olacaq bir il gəlir adamın ağlına.

Fikrimcə, könüllülük qətiyyən yaşla məhdudlaşmır, üstəlik könüllülük müddəti də konkret bir zamanla, konkret bir tədbirlə məhdudlaşmır. İnsan bütün yaşlarında, ömrünün bütün anlarında könüllü ola bilər və əslində olmalıdır.

Könüllülük insanın ruh halıdır...

Dünyaya və insanlara faydalı olmaq, özünü başqaları üçün gərəkli hiss etmək duyğusudur.

Könüllülük bir könül işidir... Məşğul olduğun işə qəlbinin sevgisini qatmaqdır...

Və məsələyə bu baxış bucağından yanaşanda mən Azərbaycanın birinci könüllüsü gözündə Mehriban xanım Əliyevanı görürəm.

Ölkənin birinci şəxsinin ömür-gün yoldaşı kimi o qədər də ictimai fəallıq göstərməyib, çox üzdə olmayıb gündəlik iş qayğılarından, insanların saysız-hesabsız sosial problemlərindən uzaq bir həyat seçmək imkanı varkən bu qədər ağır missiyanı öz qəlbinin səsi ilə üzərinə götürmək, hər detalını gərgin zəhmət bahasına nəzarətdə saxlayaraq həyata keçirdiyin çoxşaxəli layihələrlə cəmiyyətə fayda vermək, göstərdiyin köməklə milyonlarla insanın ümid-pənah ünvanına çevrilmək ən böyük könüllülük deyilmi?!

Düşünürəm ki, bu, Mehriban xanıma doğulub böyüdüyü, sonra isə gəlini olduğu ailə ocaqlarından, görüb-götürdüyü böyüklərindən keçmiş davranış tərzidir, mənəvi tətbiyədir...

Onlar da başqalarına saysız-hesabsız yaxşılıqlar edərkən öz fəaliyyət sahələri üzrə illərin gərgin zəhməti hesabına elmi, bədii-publisistik, tarixi nailiyyətlər yaradarkən bunu hansısa zərurətə görə yox, məhz qəlblərinin səsi ilə könül işi kimi yerinə yetirirdilər...

Bu gün Mehriban xanımın fəaliyyətində də eyni davranışlar müşahidə olunur. O, məşğul olduğu bütün işlərə hansısa vəzifə öhdəliyi kimi yox, könül işi kimi yanaşır, ona qəlbinin sevgisini qoyur, məhz bu səbəbdən onun adı olan bütün işlər böyük uğur qazanır, insanlarda rəğbət doğurur.

Buna saysız-hesabsız nümunələr gətirilə bilər. Amma iki epizodik nümunə ilə kifayətlənəcəyik. Baxın, ölkənin Birinci vitse-prezidentinin bir şəhid anası ilə görüşməsi, ona diqqət göstərməsi normal haldır, vəzifə öhdəliklərindən irəli gələn bir tərzdir. Dünyanın bütün ölkələrində bunu edirlər. Amma o şəhid anasının yanında yerdə əyləşməsi, əllərindən tutması, doğma övladı kimi ona qəlbinin hərarətini, şəfqətini ötürməsi, bir anda bütün vəzifələri unudub o ananın balasına çevrilməsi artıq sevginin özüdür, insanın ruh halıdır...

Dünyanın heç bir vəzifəsi, statusu o mərtəbədən üstün deyil...

Mehriban xanım bu üstün mərtəbədədir, xalqın qəlbində, nəzərində...

***

Ya da başqa bir nümunə: dekabrın 30-da Azərbaycanın Birinci vitse-prezidenti qızları Leyla və Arzu ilə birgə Bakının Nərimanov rayonundakı "Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzinə getmişdilər. Bu mərkəz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Qurumun fəaliyyəti, təminatı, burada müalicə alan uşaqların gündəlik qayğıları da onun daimi nəzarətindədir, bunlar öz yerində...

Mərkəzə səfəri zamanı Azərbaycanın Birinci vitse-prezidenti buradakı vəziyyətlə tanış ola, əvvəlcədən hazırlanmış protokol tədbirində iştirak edə, uşaqlara bayram təbriklərini çatdıraraq sağollaşıb gedə bilərdi. Amma tədbirdən sonra Mehriban xanım mərkəzin mətbəxinə keçdi, önlüyünü, əlcəklərini geyinib əsl Azərbaycan xanımına xas kulinar məharəti ilə o binəva uşaqlar üçün tort hazırladı və bunu onlara da öyrətdi.

Mətbəxə qədərki hissənin bir çox elementləri ola bilər ki, kimlər üçünsə sırf vəzifə öhdəliyi kimi görünürdü, amma Mehriban xanımı Reabilitasiya Mərkəzinin mətbəxinə aparan, o önlüyü, o əlcəkləri geyinməyə, o ləziz tortu öz əlləri ilə bişirməyə sövq edən o qüvvənin, o səmimiyyətin, o istiliyin adı sırf sevgidir...

Bəşəriyyətin bu sevgiyə həmişə ehtiyacı var.

İnsanlar, xalqlar, dövlətlər öz işlərini vəzifə öhdəliyi kimi deyil, məhz könül işi kimi yerinə yetirən İlham Əliyev, Mehriban Əliyeva kimi şəxsiyyətlərə hər zaman ehtiyac duyurlar.

Tamam, qoy 2020-ci il ölkəmizdə daha çox gənc könüllülərin ili olsun. Amma könüllülük heç birimiz üçün heç bir zaman bitməsin.

Azərbaycana, dünyaya, bəşəriyyətə, bu günə və gələcəyə bacardığımız qədər fayda verməyi hamımız bir ömürlük könül işimiz bilək...

İlham Əliyev kimi...

Mehriban xanım kimi...


Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, YAP Xətai Rayon Təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video