15 Yanvar 2020 02:57
820
DÜNYA
A- A+

Liviya qan gölünə çevrilə bilər


Qiyamçılar atəşkəs sazişini rədd etdilər


Liviyada davam edən silahlı qarşıdurmanı dayandırmaq üçün Türkiyə və Rusiyanın göstərdiyi səylər nəticəsiz qalmışdır. Məlum olduğu kimi, iki ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin yanvarın 8-də Liviyada atəşi dayandırmaq təşəbbüsü irəli sürmüşdülər.

Münaqişənin iki tərəfi - paytaxt Trablisdə fəaliyyət göstərən legitim Milli Barışıq Hökuməti (MBH) və qiyamçı "Liviya milli ordusu” (LMO) təşəbbüsü alqışlayaraq yanvarın 12-də atəşi dayandırmışdır. Amma atəşkəs cəmi iki gün sürdü. Belə ki, tərəflər srağagün Moskvada bir araya gələrək atəşin dayandırılması haqqında saziş imzalamalı idilər. MBH-in başçısı Faiz Sərrac hazırlanmış saziş layihəsini imzalamış, LMO-nun rəhbəri, general Xəlifə Həftər isə sazişin mətnini diqqətlə nəzərdən keçirmək üçün dünən səhərədək möhlət istəmişdi.

Lakin qiyamçı general atəşkəs sazişini imzalamadan Rusiya paytaxtını tərk etmişdir. Əldə olan məlumata görə, Həftər layihənin bir sıra müddəaları ilə razılaşmamışdır. "Sky News Arabia” telekanalı xəbər verir ki, LMO-nun başçısı komandanlıq etdiyi qoşunları Trablisə yeridib, burada milli birlik hökuməti formalaşdırmaqda israr edirdi. O həmçinin atəşkəs rejiminin beynəlxalq monitorinqində Türkiyənin hər hansı şəkildə iştirakını istisna edir, eləcə də "Suriya və Türkiyədən paytaxta gətirilmiş muzdlular”ın qeyd-şərtsiz çıxarılmasını tələb edirdi.

Münaqişə tərəfləri arasında dialoqun uğursuzluğu Ankara və Moskvanın timsalında beynəlxalq vasitəçilərdə fərqli reaksiya doğurmuşdur. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirmişdir ki, Moskvada keçirilmiş danışıqlar zamanı Liviya münaqişəsinin tənzimlənməsi prosesində yekun nəticə əldə edilməsə də, bu istiqamətdə səylər davam edəcək. Onun fikrincə, hazırda Almaniya, Fransa, İtaliya kimi Avropa ölkələrinin, Liviyanın qonşularının - Əlcəzair və Misirin, habelə BƏƏ, Türkiyə, Qətər və Rusiyanın göstərdiyi bütün səyləri birləşdirmək lazımdır ki, hamı eyni istiqamətdə hərəkət etsin və münaqişənin tərəflərini sazişə gəlməyə, münasibətləri zorakı yolla aydınlaşdırmamağa sövq etsin.

Öz növbəsində, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan liviyalı qiyamçı generalın hərəkətinə sərt reaksiya vermişdir. O, qeyd etmişdir ki, Həftər paytaxt Trablisdə MBH-in mövqelərinə hücumu dayandırmasa, dərsini alacaq: "Türkiyə Liviyanın qanuni hakimiyyətinin və general Xəlifə Həftərin müttəfiqlərinin hərəkətlərini diqqətlə izləyir. Liviyanın dünya birliyi tərəfindən tanınmış hakimiyyətinin mövqelərinə hücum bərpa olunsa, Türkiyə Həftərə dərs verməyə hazırdır”. Ərdoğan xatırlatmışdır ki, Həftər barışıq sazişinin şərtlərini əvvəlcə qəbul etmiş, sonra isə Sərrac hökuməti ilə danışıqların aparıldığı Moskvadan qaçmışdır. Türkiyə Prezidenti qeyd etmişdir ki, Ankara və Moskvanın təşəbbüsü çərçivəsində çox səy göstərilmişdir. O, nəzərə çatdırmışdır ki, "Moskvada keçirilmiş danışıqlarda Trablis hökuməti konstruktiv mövqe nümayiş etdirmiş, amma qiyamçı Həftər barışıq sazişini imzalamaq istəməmişdir. O, əvvəlcə müsbət cavab vermiş, sonra isə Moskvadan qaçmışdır”. Türkiyə lideri Liviyada vəziyyətin gələcək inkişafına görə məsuliyyəti Rusiya tərəfinin üzərinə qoymuşdur.

Müşahidəçilər hesab edirlər ki, Liviyada atəşin dayandırılması münaqişənin tənzimlənməsində elə də böyük perspektivlər vəd etmir. Belə ki, hazırda Liviyada bir çox yerli və xarici aktorlar fəaliyyət göstərir. Ölkə qəbilələrdən ibarətdir. Onların hansısa biri istənilən vaxt atəşkəs rejimini pozub silahlı qarşıdurmanın bərpasına şərait yarada bilər. Xüsusilə qiyamçı general Həftərin müxtəlif xarici ölkələrdən kifayət qədər maliyyə və iqtisadi yardım alaraq öz şərtlərini diktə etməsi vəziyyəti gərginləşdirir. Eyni zamanda, belə bir məqamı nəzərə almaq lazımdır ki, LMO-nu dəstəkləyən BƏƏ, Fransa və Misir Türkiyənin nizamlama prosesində hansısa rol oynamasına mənfi yanaşır və bu da Ankaranın vasitəçilik səylərini heçə endirir. Digər tərəfdən, Rusiyanın "Vaqnerin hərbi şirkəti”nin döyüşçüləri Liviyadadırlar və LMO ilə əməkdaşlıq edirlər. Başqa sözlə, LMO ilə MBH arasında qüvvələr nisbətində birinci açıq-aşkar üstündür. Ona görə də Həftər xarici müttəfiqlərinin təhriki ilə sərt mövqe tutur, münaqişənin dinc vasitələrlə tənzimlənməsinə imkan vermir.

Liviyada hadisələrin belə bir məcrada cərəyan etməsi vəziyyətin daha da gərginləşəcəyindən xəbər verir. Dünən Həftərin tərəfdarları bəyan etmişlər ki, mübarizəni qələbəyədək davam etdirəcəklər. Bu o deməkdir ki, qiyamçıların hərəkətlərinə son qoyulmasa, Liviya tezliklə qan gölünə çevrilə bilər. Elə dünən Trablisin ətrafında, Səlahəddin və Eyn Zarə rayonlarında yenidən atəş səsləri eşidilmişdir.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video