14 Yanvar 2020 19:43
742
CƏMİYYƏT
A- A+

Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı cinayət işi üzrə görülmüş tədbirlər barədə məlumat yayıb


Ötən il iyunun 19-da saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq eyvanından yerə düşməsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar həmin gün saat 22:30 radələrində xəstəxanada ölməsi faktına görə Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Prokurorluğunda ilkin yoxlamanın və ibtidai istintaqın gedişindən narazı qalan mərhumun atası Elşən Musayev və qohumları iyulun 26-da Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi və müstəntiqlərin iştirakı ilə qəbul edilərək dinlənilib və müraciətləri əsasında cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən zəruri prosessual istintaq-əməliyyat tədbirləri görülüb. Eləcə də hadisə yerinə mərhumun ailə üzvlərinin, müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə müfəssəl baxış, hadisənin mexanizminin və şəraitinin tədqiqi üçün istintaq eksperimenti keçirilib.

Müəyyən edilib ki, Kənan Musayev iyunun 19-da saat 19 radələrində yaşadıqları mənzildə qardaşı Sərvan Musayevlə birlikdə olub. Saat 20:25 radələrində Sərvan Musayev evdən çıxıb bacısının əri ilə Nərimanov rayonu ərazisinə gedib. Saat 20:58-də Kənan Musayev bacısı Nailə Quluzadə ilə 36 saniyə telefon danışığı aparıb, saat 21:04-də mənzilin açıq eyvanından düşüb. Dərhal ətrafına toplaşan insanlar onun üzərində kiçik ölçülü yaş mələfə müşahidə ediblər. Kənan Musayev həmin şəxslərin, o cümlədən hadisədən əvvəl binanın qarşısında qadınlarla söhbət edən atasının xalası Məlahət Xudiyevanın köməyi və müşayiəti ilə saat 21:14-də qonşuluqda yaşayan Famil Ələsgərovun idarə etdiyi avtomobilə qoyularaq xəstəxanaya yola salınıb. Elşən Musayevin qonşu, qohum və tanışları hadisə barədə eşidib xəstəxanaya gəliblər.

Kənan Musayevin ölümünün səbəblərinin və digər əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib. Mərhumun meyitinin dəfn olunduğu yerdən çıxarılıb ekspertizadan keçirilməsi və məhkəmə-tibb ekspertinin mənzilə əlavə baxışda iştirakı təmin edilib, hadisənin şəraitinin bərpası məqsədilə məhkəmə-trasoloji-situasion ekspertizası təyin edilib, binanın inşasına dair zəruri sənədlər ekspertiza tədqiqatına təqdim olunub.

Mərhum Kənan Musayevin istifadəsində olmuş mobil telefon aparatına baxış keçirilib, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək informasiya aşkarlanmayıb. İstintaqa cəlb edilmiş şəxslərin istifadəsində olmuş mobil nömrələr üzrə telefon danışıqlarına, yazışmalarının mətnlərinə və antena əhatə dairələrinə dair məlumatların mobil operatorlardan götürülməsi üçün məhkəmə qərarları alınaraq icraya yönəldilib. Alınan cavablardakı informasiyaların təhlili hazırda da davam etdirilir.

İş üzrə aidiyyəti hüquq-mühafizə orqanlarına əməliyyat tapşırıqları verilib, Elşən Musayevin yaşadığı mənzillə üzbəüz yerləşən mənzilin və hadisə yerinə yaxın ərazidə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərə baxış keçirilib. Baxış zamanı şübhə doğura biləcək hər hansı hala rast gəlinməyib. Mənzilin kamerasının yaddaş kartı üzrə təyin edilmiş məhkəmə-kompüter texniki ekspertizasının rəyində kartın yaddaşında montaj əlamətlərinin olmadığı göstərilib.

Cinayət işi üzrə Kənan Musayevin qəsdən öldürülməsi barədə atası Elşən Musayevin irəli sürdüyü şübhə və mülahizələri onun iştirakı təmin edilməklə keçirilmiş istintaq hərəkətlərinin hazırkı vaxta olan nəticələrinə əsasən hələlik təsdiqini tapmayıb.

Elşən Musayev və ailə üzvləri dəfələrlə qəbul edilib dinlənilib, cinayət işi üzrə ibtidai istintaq və əməliyyat tədbirlərinin davam etdirilməsi, nəticəsindən asılı olaraq hadisəyə və aid şəxslərin əməllərinə obyektiv hüquqi qiymətin veriləcəyi onlara izah edilib.

Göstərilənlərə baxmayaraq, sentyabrın 21-də Baş Prokurorluğun inzibati binasında Elşən Musayev, Yasəmən Musayeva və Həcər Əliyeva müraciətləri əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov və müstəntiqin iştirakı ilə qəbul edilərək dinləniliblər. Onlara cinayət işinin bütün halları, o cümlədən Kənan Musayevin qəsdən öldürülməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi Elşən Musayevin irəli sürdüyü şübhə və mülahizələrin onun iştirakı təmin olunmaqla keçirilmiş istintaq hərəkətlərinin hazırkı vaxta olan nəticələrinə əsasən təsdiqini tapmadığı barədə geniş məlumat verilərək müzakirələr aparılıb. Cinayət işi üzrə bütün xüsusatların daha ətraflı araşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə Baş prokuror tərəfindən müvafiq tövsiyə və göstərişlər verilib.

Lakin həmin gün qəbuldan bir neçə saat sonra Yasəmən Musayeva və digərləri Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin inzibati binasının qarşısına gəlib səs-küy salaraq qısa zamanda təqsirli şəxslərin tutulmasını tələb ediblər.

Bundan başqa, sentyabrın 23-də Yasəmən Musayeva 10 nəfər yaxın qohumları ilə birlikdə yenidən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin inzibati binasının qarşısına gələrək, ətrafdakı insanların diqqətini özlərinə cəlb etmək məqsədilə əllərində Kənan Musayevin fotoşəklini tutub səs-küy salaraq cinayət işinin istintaqına etirazlarını bildiriblər.

Elşən Musayev oğlunun öz xalası Məlahət Xudiyevanın təşkilatçılığı ilə tanışı Nizami Yusifov tərəfindən qətlə yetirilməsini, bu işdə onlara dayısının qızı Pərvanə Hacıyeva və polis əməkdaşı Savalan İsgəndərov, tanışları Əyyam Mirzəyev, Mikayıl İsmayılov və həmyerlisi Orxan Ağalı tərəfindən kömək göstərildiyini iddia edib. Lakin həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə həmin xüsusatlar təsdiqini tapmayıb.

Yasəmən Musayeva və qohumları 2020-ci il yanvarın 14-də saat 11 radələrində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin qarşısına gələrək cinayət işi üzrə aparılan araşdırmalara etirazlarını bildiriblər. İdarənin rəhbərliyi tərəfindən həmin şəxslərin bir qismi qəbul edilərək onlara istintaqın hazırkı vəziyyəti barədə ətraflı izah verilməsinə baxmayaraq, Kənan Musayevin ölümündə şübhələndikləri şəxslərin qısa zamanda həbs olunmasını tələb ediblər.

Azərbaycan Respublikasının Baş Prokurorluğu həmin şəxslərin hərəkətlərini cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video