Alternative content

13:52 06 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan daha güclü dövlətə çevriləcək + VİDEO
Azərbaycan daha güclü dövlətə çevriləcək + VİDEO
ANA SƏHİFƏ / Tədbirlər
15:38 13.01.2020


İlham Əliyev 2020-ci il üçün yeni hədəflər müəyyənləşdirdi


Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi.

Prezident İlham Əliyevin nitqi

-Bu gün biz ötən ilin yekunları haqqında danışacağıq, görüləcək işlər barədə fikir mübadiləsi aparılacaqdır.

Deyə bilərəm ki, bütövlükdə 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi, ölkəmizin dayanıqlı inkişafı təmin olundu. Beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamışdır. Sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir.

Biz il ərzində müxtəlif yerlərdə gərginliyin artmasını görürdük. Qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması – bütün bunlar dünyanın demək olar ki, bütün yerlərində müşahidə olunurdu. Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, bizim böyük itkilərimiz olmuşdur. Amma artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır.

Keçən il bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu təbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmişdir, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün. Eyni zamanda, bizim qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur və bu görüşlər çox önəmlidir. Çünki qonşularla münasibətlərin qurulması hesab edirəm ki, hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu əlaqələr keçən il daha da möhkəmləndi. Eyni zamanda, keçən il Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri də əks etdirir. Bu səfər bu əlaqələrə böyük töhfə vermişdir. Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə biz yeni saziş üzərində işləyirik və ümid edirəm ki, bu işlər nəticə verəcəkdir.

Ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir və Azərbaycan bu təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Eyni zamanda, ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürmüşdür. Bu faktı xüsusilə qeyd etmək istəyirəm. Çünki Qoşulmama Hərəkatında birləşən bəzi ölkələr, belə demək mümkündürsə, bir-biri ilə yola getmirlər, ölkələr arasında münaqişələr, ixtilaflar var. Buna baxmayaraq, bütün ölkələr Azərbaycanın namizədliyini dəstəklədi. Bu, bir daha onu göstərir ki, beynəlxalq arenada bizə olan hörmət və etimad yüksək səviyyədədir.

Dünya dini liderlərinin II Zirvə Görüşü ölkəmizdə keçirilmişdir. Azərbaycana 70 ölkənin dini liderləri gəlmiş, bizim reallıqlarımızla tanış olmuş və ölkəmizdə dinlərarası, mədəniyyətlərarası istiqamətdə görülmüş işlərə yüksək qiymət vermişlər.

Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilmişdir. Bu da dünya miqyasında çox mötəbər tədbirdir. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Hesab edirəm ki, bu, çox böyük hadisədir. Çünki bu günə qədər Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilmişdir. Hesab edirəm ki, Şəki Xan Sarayının bu siyahıda olması həm ədalətlidir, həm də bizim növbəti böyük uğurumuzdur.

Mən bir beynəlxalq tədbirə də diqqət yetirmək istərdim. Bu da keçən il Vaşinqtonda keçirilmiş Dünya Astronavtika Konqresidir. Bu, astronavtika sahəsində ən mötəbər tədbirdir. Bu konqres çərçivəsində Dünya Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu da çox önəmli hadisədir - həm konqresin keçirilməsi böyük hadisədir, eyni zamanda, Bakı ilə bərabər, daha üç böyük şəhər bu yarışda iştirak edirdi – Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri. Bu çətin yarışda Azərbaycan qalib gəldi. Yəni, bu, bizim gördüyümüz işlərə böyük diqqətdir və bütövlükdə Azərbaycana göstərilən növbəti etimaddır. Onu da bildirməliyəm ki, təxminən 50 il bundan əvvəl - 1973-cü ildə Sovet İttifaqında cəmi bir dəfə Dünya Astronavtika Konqresi keçirilmişdir, özü də Bakı şəhərində. O vaxt Heydər Əliyevin səyləri nəticəsində sovet məkanında məhz Bakı bu konqresin keçirilməsi üçün seçilmişdir. Təxminən 50 ildən sonra növbəti dəfə Bakıda bu konqres keçiriləcək, artıq müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində.

Beynəlxalq müstəvidə bir çox önəmli hadisələr baş verdi. Sadəcə olaraq, mən əsas məsələlərə diqqət yetirirəm. Artıq dediyim faktlar əyani şəkildə göstərir ki, beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir və keçən il bu mövqelər daha da möhkəmlənmişdir.

Bizim hərbi potensialımız da möhkəmləndi. Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır və Azərbaycanda istehsal olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli bizim hərbi gücümüzü daha da artırmışdır.

Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilmişdir. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir.

Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, ümumi daxili məhsul 2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır.

Kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Xüsusilə bitkiçilikdə bu artım daha böyük olmuşdur - 10 faizdən çox. Bu da görülmüş işlərin nəticəsidir. İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olmuşdur. Yəni, bu, onu göstərir ki, əhalinin pul gəlirləri inflyasiyanı üstələyib. Beləliklə, əhalinin real gəlirləri artmışdır. Hesab edirəm ki, bu, hər bir ölkə üçün əsas məsələlərdən biridir. Bizim qeyri-neft ixracımız 14 faiz artmışdır. Bu da çox yaxşı nəticədir. Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirdi.

Valyuta ehtiyatlarımız isə 6,4 milyard dollar artmışdır və rekord həddə - 51 milyard dollara çatmışdır. Bildirməliyəm ki, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir. Deyə bilərəm ki, dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur, bizdə isə müsbət saldodur. Bu, sözsüz, həm manatın məzənnəsinin sabit vəziyyətdə saxlanmasına, həm də bütövlükdə makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərəcəkdir. Beləliklə, iqtisadi sahədə əldə edilmiş nəticələr və rəqəmlər artıq bir daha təsdiqləyir ki, bizim siyasətimiz düşünülmüş və nəticəyə hesablanmış siyasətdir.

Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilmişdir. Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır. Bu, bizim bu sahədə birinci təşəbbüsümüz deyil. Yaxşı xatırlayırıq ki, sovet vaxtından qalmış və bir növ dondurulmuş əmanətlərin qaytarılmasında da biz bu əmanətləri vətəndaşlar üçün ən məqbul prinsip əsasında, ən məqbul əmsalla qaytardıq və bu sahədə də MDB məkanında birinci olduq. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bir sözlə, keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır.

Əlbəttə, uğurlu iqtisadi siyasət nəticəsində sosial infrastrukturla bağlı böyük işlər görülmüşdür, 60 tibb müəssisəsi, 84 məktəb tikilmiş və təmir edilmişdir. Məktəblərdən 50-si modul tiplidir. Bu məktəblər kiçik və ucqar kəndlərdə inşa edilib. Bu, onu göstərir ki, ölkəmizin hər bir yerində gedən proseslər ümumi inkişafımızın potensialından bəhrələnir.

İnfrastruktur layihələri icra edildi, elektrik enerjisi sahəsində "Şimal-2” elektrik stansiyası istismara verildi. Bu stansiyanın istehsal gücü 400 meqavatdır. Bununla paralel olaraq Mingəçevir İstilik Elektrik Stansiyasında və digər mövcud stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində biz təxminən 400 meqavat itirilmiş generasiya gücünü bərpa etdik. Beləliklə, keçən il 800 meqavat əlavə generasiya gücü əldə etdik. Əlbəttə ki, bu, həm bizim tələbatımızı tam ödəyir, həm də böyük ixrac imkanımız yaranmışdır. Hazırda bizim tələbatımızdan artıq 1000 meqavat generasiya güclərimiz var. Elektrik təsərrüfatının yenilənməsi istiqamətində görülən tədbirləri nəzərə alsaq, demək kifayətdir ki, bu istiqamətdə çox ciddi iş aparılıbdır.

Ölkəmizdə qazlaşdırma 96 faizə çatmışdır. Qazılmış 345 subartezian quyusu yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdıracaq. Onu da bildirməliyəm ki, bu il 400-dən çox subartezian quyusu qazılacaq. Artıq bütün rayonların kəndlərinin adları siyahıda var və biz il ərzində investisiya proqramı çərçivəsində bunu edəcəyik.

Yol tikintisinə gəldikdə, bu il həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələr icra ediləcək. Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisi nəzərdə tutulubdur. Keçən il 1300 kilometr yol çəkilmişdir. Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdik.

İnfrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu, beşillik proqramdır. Bundan əvvəlki üç proqram müvəffəqiyyətlə icra edildi. Əminəm ki, dördüncü proqramın icrasında da heç bir problem olmayacaq. Beləliklə, hesab edirəm ki, proqram başa çatanda artıq bizim bütün infrastruktur layihələrimiz, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaqdır.

Keçən ilin əvvəlində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında böyük zəlzələ baş vermişdi. Xoşbəxtlikdən heç bir insan itkisi olmamışdır. Ancaq minlərlə ev dağıntıya məruz qaldı. Zəlzələdən dərhal sonra bölgədə olarkən vətəndaşlara söz verdim ki, qış gələnə qədər bütün evlər yenidən tikiləcək, təmir olunacaq, bərpa ediləcək. Həmişə olduğu kimi, yenə də sözümüzün üstündə durduq və artıq zəlzələnin bütün əsas fəsadları aradan qaldırıldı, minlərlə yeni ev tikildi, təmir olundu, bərpa edildi. Bu, bir daha onu göstərir ki, vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir.

Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir.

Keçən il TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra "Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilmişdir. Əgər TANAP imzalanmasaydı, "Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçibdir. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik.

Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Bu da o məsələdir ki, görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqelərimiz, bir çox ölkələrlə dostluq münasibətlərimizin qurulması, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq - bütün bunlar turizmin inkişafına böyük təkan vermişdir. Çünki mən dəfələrlə demişəm ki, turizmin inkişafı yalnız tarixi abidələrlə, yaxud da hansısa diqqəti, marağı cəlb edən məsələlərlə məhdudlaşmır. Bugünkü dünyada elə bir bölgə yoxdur ki, orada problem olmasın, özü də çox ciddi problem. Qeyd etdiyim kimi, müharibələr, qarşıdurmalar, çevrilişlər, kütləvi etirazlar, polis zorakılığı, insan haqlarının tapdalanması - əlbəttə, o ölkələrdə ki, dediyim bütün bu mənzərə mövcuddur, orada turist axını da tənəzzülə uğrayır.

Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir. Ötən il turistlərin səfərləri rekord həddə çatıb – 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlmişdir. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləmişlər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var. Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır.

Beləliklə, əlbəttə ki, 2019-cu ildə əldə edilmiş uğurlar haqqında saatlarla danışmaq olar. Mən, sadəcə olaraq, Azərbaycan vətəndaşlarına əsas hesab etdiyim məsələləri çatdırdım. Bir daha demək istəyirəm ki, biz 2020-ci ildə bu uğurlar yolu ilə gedəcəyik. Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır.

İndi isə keçək müzakirələrə. Biz keçən il Azərbaycan tarixində həcm baxımından ən böyük dövlət büdcəsini qəbul etdik. İcmal büdcə 30 milyard manata yaxındır, təqribən 17,6 milyard dollardır. Əlbəttə ki, büdcə xərclərinə nəzarət daha güclü olmalıdır.

Maliyyə naziri həm büdcənin əsas parametrləri və həm də bu il görüləcək işlər haqqında məlumat versin.

Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Azərbaycan Respublikasının 2019-cu ildə inamlı inkişafı, ümumi daxili məhsulun artması öz növbəsində dövlət büdcəsinin icrasının göstəricilərində də özünü büruzə verib. Belə ki, 2019-cu ilin dövlət büdcəsinin mədaxil proqnozu 23 milyard 168 milyon manata qarşı 24 milyard 200 milyon manat məbləğində icra olunmuşdur. Bu isə o deməkdir ki, 1 milyard 32 milyon manat və ya 4,5 faiz artıq mədaxil təmin edilmişdir.

Qeyd etməliyəm ki, bu məlumatlar operativ xarakter daşısa da, ümumi meyilləri göstərir. İlk növbədə, onu da qeyd etmək istərdim ki, dövlət büdcəsinin xərclərinin icrası 25 milyard 190 milyon manat proqnoza qarşı 24 milyard 405 milyon manat məbləğində və yaxud 97 faiz səviyyəsində icra edilmişdir. Beləliklə, dövlət büdcəsinin 2019-cu ildə kəsiri cəmi 205 milyon manat təşkil etmişdir. Bu isə o deməkdir ki, 2018-ci ildə təsdiq olunmuş 2 milyard 22 milyon manat büdcə kəsiri proqnozu 2019-cu il üçün büdcə qəbul edildikdə təxminən 10 faiz az olmuşdur.

Dövlət büdcəsi kəsirinin əhəmiyyətli dərəcədə azalması, ilk növbədə, onunla bağlıdır ki, fiskal orqanları - həm vergi, həm də gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnozlar artıqlaması ilə icra edilmişdir. Digər tərəfdən isə dövlət büdcəsi xərclərinin bəzi maddələri üzrə qənaətlər əldə edilmişdir. Burada, ilk növbədə, Sosial Müdafiə Fondu üzrə transferti qeyd etmək istərdim. Belə ki, 2019-cu ildə biz dövlət büdcəsinə dürüstləşmə apararkən Dövlət Sosial Müdafiə Fonduna transferti artıq 150 milyon manat azaltmışdıq. İlin nəticələrinə görə isə faktiki olaraq əlavə transfertə ehtiyac olmadığına görə təxminən 180 milyon manata qədər qənaət əmələ gəlmişdir. Bu da onun hesabına baş vermişdir ki, sosial sığorta haqlarının yığılmasında böyük dönüş yaradılmışdır.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, icmal büdcənin gəlirləri də faktiki olaraq nəzərdə tutulduğundan xeyli çox daxil olmuşdur, ümumi daxilolmalarımız daha çox olmuşdur. İcmal büdcənin gəlirləri 29 milyard 235 milyon manat məbləğində proqnozlaşdırılsa da, faktiki icra 33 milyard 818 milyon manat və yaxud 15,7 faiz artıq, yəni, 4 milyard 583 milyon manat çox təşkil etmişdir. İcmal büdcənin xərcləri isə 27 milyard 371 milyon manata qarşı 26 milyard 476 milyon manat məbləğində və yaxud 97 faizə yaxın icra edilmişdir. Nəticədə icmal büdcədə də profisit yaranmışdır. Profisit 7 milyard 343 milyon manat məbləğində olmuşdur. Bu da proqnozlaşdırılan kəsirlə müqayisədə təxminən 4 dəfə çoxdur. Yəni, nəzərdə tutulmuş profisit 1,8 milyard manat məbləğində proqnozlaşdırılırdı, amma bundan təxminən 4 dəfə çox oldu. Bu da nəticə etibarilə, ilk növbədə, Dövlət Neft Fondunun gəlirlərinin artımı hesabına baş vermişdir. Bu artım da, əsasən, iki istiqamətə bölünə bilər. İlk növbədə, neftin büdcədə nəzərdə tutulmuş qiymətinin faktiki qiymətlə müqayisədə az olması, yəni, büdcədə 60 dollarlıq qiymət nəzərdə tutulmuşdusa, Neft Fondunun mədaxil üçün orta illik qiyməti təqribən 64-65 dollar arasında göstərilir. Amma ötən il əhəmiyyətli dərəcədə artım daha çox Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlərində baş vermişdir. Yəni, nəzərdə tutulan 1,4 milyard manat mədaxilə qarşı 3,5 milyard manatdan yuxarı mədaxil, yəni, 2 milyard manat artıq vəsait toplanmışdır. Eyni zamanda, icmal büdcənin profisitinin digər səbəbi də dövlət büdcəsində kəsirin olmaması ilə əlaqədardır.

Bu amillər Azərbaycanın maliyyə mövqeyinin daha da möhkəmlənməsi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizin maliyyə mövqeyinin möhkəmləndirilməsi istiqamətində aparılan ardıcıl siyasətinin nəticəsinin müsbət göstəriciləridir.

Qeyd etmək istərdim ki, 2019-cu ildə dövlət büdcəsinin xərclərində də əhəmiyyətli dəyişikliklər baş vermişdir. İlk növbədə, ona görə ki, xərclərin strukturunda müəyyən dəyişikliklər olmuşdur. Bu da onunla bağlıdır ki, möhtərəm cənab Prezident, Sizin sosial sahədə apardığınız siyasətin nəticəsi olaraq il ərzində minimum əməkhaqqı iki dəfə artırılaraq, onun maliyyə təminatı təşkil edilmişdir. Pensiyanın minimum məbləği də artırılmışdır. Həmçinin sosial müavinətlərin də əhəmiyyətli artımı baş vermişdir. Bu tədbirlər 2019-cu ilin dövlət büdcəsi çərçivəsində hər hansı bir dürüstləşmə aparılmadan tam təmin edilmişdir. Bu da dövlətin bu sahədə olan siyasətini və prioritetlərini tam açıq şəkildə büruzə vermişdir.

Hesab edirəm ki, 2019-cu ilin büdcəsində vacib elementlərdən biri də, cənab Prezident, Sizin humanist Fərmanınızla bağlı idi. Bu isə fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi məsələsidir. Bu məsələ ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir və 640 milyon manat məbləğində vəsait dövlət büdcəsindən Mərkəzi Banka müvafiq bankların hesablarına köçürülməsi üçün təmin edilmişdir. Bunun hesabına 593 min fiziki şəxs əziyyət çəkdiyi kreditlərlə əlaqədar dövlətdən faktiki olaraq böyük bir yardım almışdır. Bununla yanaşı, Sizin Fərmanınızla nəzərdə tutulan fiziki şəxslərin problemli kreditlərinin həlli istiqamətində vacib addım manat ifadəsi ilə verilmiş kreditlərin ödəmə müddətinin beş ilədək uzadılması və eyni zamanda, faiz dərəcəsinin 1 faiz səviyyəsində müəyyən edilməsi idi. Bununla bağlı 214,5 milyon manat məbləğində verilmiş kreditlər Mərkəzi Bank tərəfindən Maliyyə Nazirliyinin dövlət zəmanəti ilə təmin edilmişdir. Beləliklə, bu da dövlətin həyata keçirdiyi sosial siyasətin digər bir vacib elementidir.

Möhtərəm cənab Prezident, onu da qeyd etmək istərdim ki, dövlət büdcəsi qarşısında duran bütün vəzifə və funksiyalar - həm müdafiə, milli təhlükəsizlik, həm də sosial, mədəniyyət, idman sahələrində bütün beynəlxalq tədbirlərin tam ahəngdar maliyyələşdirilməsi həyata keçirilmişdir. Xəzinədarlıq orqanları tərəfindən, ilk növbədə, sosial ödənişlərin vaxtında tam icrası təmin olunmuşdur. 2020-ci il dövlət büdcəsinin hazırlanması ilə əlaqədar da müvafiq tədbirlər görülmüşdür. Artıq bu büdcə tərəfinizdən imzalanmışdır və bu da Azərbaycan tarixində xərc baxımından ən böyük büdcədir. Bu büdcənin icrası üçün lazımi səviyyədə tədbirlər həyata keçiriləcəkdir.

Prezident İlham Əliyev:Xarici borcun azaldılması üçün nə qədər vəsait nəzərdə tutulub?

Samir Şərifov:Möhtərəm cənab Prezident, dövlət borcunun uzunmüddətli idarə edilməsi ilə bağlı Sizin müəyyənləşdirdiyiniz strategiyaya uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Hazırda bizim birbaşa götürdüyümüz xarici dövlət borcumuz 17,2 faiz təşkil edir. Eyni zamanda, dövlət qurumlarının, yəni...

Prezident İlham Əliyev: Onlar aydındır, yəni, 17,2 faiz. Yəni, bu il nə qədər vəsait nəzərdə tutulub? Mən sadə sual verirəm, sən başlayırsan leksiya oxumağa.

Samir Şərifov:Bu il 1,7 milyard manat məbləğində.

Prezident İlham Əliyev:Onda hansı səviyyəyə düşəcək?

Samir Şərifov:Cənab Prezident, biz bu il bəzi tədbirlər görməyi nəzərdə tuturuq. Sizə məruzə olunduğu kimi, biz bəzi daha bahalı borcları daha ucuz borclarla əvəz etmək istəyirik. Bununla əlaqədar bəzi tədbirlər 2019-cu ildə görülüb, 2020-ci ildə də görüləcək. Biz çalışacağıq ki, xarici dövlət borcumuz təxminən 1 faiz azalsın.

Prezident İlham Əliyev:Çalışın ki, daha da ensin.

Samir Şərifov:Şübhəsiz ki, ümumi daxili məhsuldan da daxil olacaq. Burada bir məsələ də var, cənab Prezident, yəni, sırf texniki məsələ də olsa, ümumi daxili məhsulumuz manat ifadəsində praktiki olaraq, burada inflyasiyanın səviyyəsi, deflyator rol oynayır. Ona görə biz onu dollara keçirəndə orada müəyyən təsirlər olur. Odur ki, nisbət baxımından burada çox böyük əhəmiyyətli azalma olmayacaq.

Prezident İlham Əliyev:İndi bizim xarici dövlət borcumuz onsuz da çox aşağı səviyyədədir, 17 faiz ətrafında və bu il daha da düşəcək. Ancaq bizim maliyyə imkanımız var ki, tez bir zamanda xarici borcumuzu daha da endirək. Çünki qeyd etdiyim kimi, təkcə keçən il biz 6,4 milyard dollar əlavə vəsait qazanmışıq. Bu il də neftin qiyməti təqribən 65 dollar səviyyəsindədir. Bizim büdcəmizdə isə neftin qiyməti 55 dollar götürülmüşdür. Biz neftin qiymətini çox konservativ, yəni, aşağı səviyyədə nəzərdə tutduq. Buna baxmayaraq, büdcəmiz rekord həddə çatıb. Ona görə əminəm ki, bu il bizə böyük əlavə xarici valyuta axını olacaq. Ona görə nisbətən yüksək faizlə götürülmüş borcları həm aşağı faizlə götürüləcək borclarla əvəzləmək olar, eyni zamanda, kreditorlarla danışıqlar aparıla bilər ki, biz bu borcları vaxtından əvvəl qaytaraq. Çünki hesab edirəm ki, xarici dövlət borcu nə qədər aşağı olsa, o qədər yaxşıdır. Bir də ki, biz indi xarici kreditləri də çox böyük ehtiyatla alırıq. Ancaq texnoloji layihələrin həyata keçirilməsi üçün kreditlər alına bilər. Yoxsa, əvvəlki illərdə hansısa tikintilərə, yol tikintisinə və bəzi tikintilərə kreditlər götürülürdü. Bunun heç bir əsası yoxdur. Çünki görülən bu işlər dollartutumlu işlər deyil. Ona görə hökumətə kreditlərlə bağlı bir daha tapşırıq verirəm ki, çox ehtiyatla davransınlar. Bizim, əslində, xarici kreditlərə ehtiyacımız yoxdur. Biz indi özümüz kreditoruq. Beynəlxalq İnkişaf Agentliyinin hesabatında da Azərbaycan donor ölkə kimi tanınır. O ki qaldı, Dövlət Neft Fondunun əlavə vəsait qazanmasına, əlbəttə, bu, çox müsbət haldır. İdarəetmədən daha çox pul qazanılıb. Ancaq yenə də Dövlət Neft Fondunun strategiyası ondan ibarət olmalıdır ki, biz pulumuzu azriskli instrumentlərə yatıraq. Çünki bizim əsas məqsədimiz bu vəsaiti qorumaqdır. Əlbəttə ki, məbləğ artdıqca, qazanc da artacaq. Əminəm ki, Neft Fondunun idarəetmədən əldə olunacaq gəlirləri ildən-ilə artacaq. Biz valyuta ehtiyatlarımızı bundan sonra da artıracağıq. Hətta ən çətin illərdə - 2015-ci, 2016-cı, 2017-ci illərdə belə biz valyuta ehtiyatlarımızı qoruya və artıra bilmişik.

Bizim xarici ticarət əlaqələrimiz artır. Ticarət dövriyyəsində qeyri-neft ixracının 14 faiz artması bilavasitə bu fəaliyyətlə bağlıdır. Bir çox ölkələrdə bizim ikitərəfli hökumətlərarası komissiyalarımız fəaliyyət göstərir. Biz bir neçə ölkədə Azərbaycan ticarət evlərini yaratdıq. Baş Nazirin müavini Şahin Mustafayev bir çox ikitərəfli komissiyalara rəhbərlik edir, o cümlədən qonşu ölkələrlə - Rusiya ilə, İranla, həmçinin bizim əsas ticarət tərəfdaşımız Çin ilə. Ona görə bu il bu istiqamətdə hansı işlər görülməlidir? Bu barədə məlumat verin. Mən hökumətə tapşırıq vermişdim, hökumətlərarası komissiyaların bizim üçün əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan məhsullarını o ölkələrə ixrac etmək məqsədilə yerli şirkətlərin xarici ölkələrdə fəaliyyəti, tenderlərdə iştirakı üçün yeni imkanlar araşdırılsın, eyni zamanda, bir çox ölkələrdə biz bu istiqamətdə kontraktları da icra edə bilək. Keçən illə bağlı qısa məlumat verin.

Baş Nazirin müavini Şahin MUSTAFAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, qeyd etdiyiniz kimi, əsas ticarət tərəfdaşlarımızla aparılan işlər nəticəsində keçən il uğurlu göstəricilər əldə edilmişdir. İlk növbədə, bu iş yaxın qonşu ölkələrlə çox sıx əlaqədə həyata keçirilmişdir. Qeyd etdiyiniz kimi, qeyri-neft ixracında 14 faizlik artım məhz bu işlərin nəticəsində əldə olunmuşdur. İlk növbədə, Rusiya Federasiyası bizim qeyri-neft ixracı üzrə əsas ticarət tərəfdaşımızdır. Azərbaycan qeyri-neft ixracı üçün ən iri bazar məhsulu sertifikasiyasıdır. Sizin göstərişiniz əsasında Rusiya Federasiyasında Azərbaycanın ilk ticarət nümayəndəliyi yaradılıb və artıq iki ildən çoxdur fəaliyyət göstərir. Rusiya Federasiyasında ticarət və şərab evlərinin açılması baş tutmuşdur. Eyni zamanda, Sizin tərəfinizdən hökumətlərarası komissiya çərçivəsində ölkələr arasında əlaqələrin inkişafını əks etdirən yol xəritəsi təsdiq olunmuşdur. Yol xəritəsində də və yol xəritəsinin əlavəsi olan tədbirlər planında da ölkələr arasında əsasən ticarət dövriyyəsinin artırılması istiqamətində atılan addımlar da bir-bir qeyd olunmuşdur. Rusiya Federasiyası ilə ticarət dövriyyəsi keçən ilin 11 ayının nəticələrinə görə 20 faizə qədər idi, əminəm ki, illik nəticələr elan olunanda təxminən o səviyyədə də qalacaqdır. Qeyd etdiyim yol xəritəsində bu ölkə ilə ticarət dövriyyəsinin yüksəldilməsi istiqamətində, həmçinin ölkələrarası, strukturlararası elektron mübadilə, aparılan prosedurların sadələşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması kimi tədbirlər nəzərdə tutulmuşdur.

Sizin tapşırığınız əsasında Rusiya Federasiyası ilə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində keçən il önəmli illərdən biri olmuşdur. Keçən ilin sonunda çoxdan gözlənilən Samur çayı üzərində yeni körpünün inşası başa çatdırılmışdır, açılışı baş tutmuşdur. Hesab edirəm ki, bu infrastruktur layihəsinin icra olunması iki ölkə arasında ticarət mübadiləsinə çox ciddi müsbət təsir göstərəcəkdir. Eyni zamanda, hökumətlərarası komissiya çərçivəsində yeni infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır. Rusiya Federasiyası ilə bizim üç sərhəd-keçid məntəqəmiz var. Biz bu il və gələn illərdə o yeni sərhəd-keçid məntəqələrində də infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində işlər aparacağıq. Həmçinin Siz qeyd etdiyiniz kimi, turizmin inkişafı baxımından Rusiya Federasiyasından gələn turistlərin sayı önəmli dərəcədə artmışdır. Sizin tapşırığınızla artıq məhz nağdsız əməliyyatların həyata keçirilməsinin artırılması baxımından Rusiya Federasiyasının "Mir” sisteminin Azərbaycanda tətbiqi məsələləri öyrənilir və yaxın gələcəkdə bizim iqtisadiyyata və ölkəmizin maraqlarına uyğun gələrsə, bu sistemin də tətbiqi baş tutacaqdır. Sistemin tətbiqi nəticəsində turizm imkanlarının, eyni zamanda, Azərbaycana valyuta daxilolmalarının artımı da gözlənilir.

Çinlə əlaqələr baxımından keçən il uğurlu il olmuşdur. Siz Çində "Bir kəmər, bir yol” beynəlxalq konfransında iştirak etmisiniz. Siz bu konfrans çərçivəsində Çinin lideri ilə görüş keçirmişdiniz. Bu görüşdə 10-a yaxın sənəd imzalanmışdır. Elə görüş çərçivəsində 800 milyon dollar həcmində kontraktlar imzalanmışdır. O kontraktların icrasına başlanılıbdır. Azərbaycanın Çinə ixracında artıq əvvəlki illərə nisbətən artımın müsbət dinamikası müşahidə olunur. Çində bir neçə ticarət və şərab evi açılmışdır. Biz düşünürük ki, Çin bazarı Azərbaycanın emal olunmuş kənd təsərrüfatı məhsulları üçün müsbət rol oynaya bilər və Çinlə ticarət əlaqələrinin inkişafı baxımından bu işlərin davam etdirilməsi zəruri hesab olunur və tərəfinizdən lazımi göstərişlər verilmişdir. Eyni zamanda, qeyd etməliyəm ki, Çində Sizin tapşırığınızla ikinci ticarət nümayəndəliyi fəaliyyət göstərir. Ticarət nümayəndəliyinin fəaliyyəti nəticəsində qeyri-neft ixracı və ticarət dövriyyəsinin artımında önəmli nəticələr əldə olunmuşdur. Çinlə əməkdaşlığa gəldikdə isə, bir sıra istiqamətlərdə də əlaqələr inkişaf edir, o cümlədən nəqliyyat, logistika sektorunda uğurlar əldə olunur. Artıq Çindən konteyner qatarların Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən Türkiyə ərazisinə keçidi təmin olunur. Əminəm ki, bu istiqamətdə görülən işlər gələcəkdə böyük uğurlara gətirib çıxaracaqdır.

Qonşu ölkələrdən İranla da ticarət dövriyyəmizdə və ümumiyyətlə, digər sahələrdə önəmli nəticələr əldə olunmuşdur. İranla ticarət dövriyyəsində 30 faizdən yuxarı artım olmuşdur. Ümumilikdə, Siz çıxışınızın əvvəlində qeyd etdiyiniz kimi, dünyada gedən proseslər, bölgədə olan mürəkkəb vəziyyət və digər problemlər fonunda bu nəticələrin əldə olunması, doğrudan da Azərbaycan üçün böyük nailiyyətdir və apardığınız siyasətin bariz göstəricisidir. Eyni zamanda, Azərbaycan Rusiya və İran vasitəsilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində önəmli işlər həyata keçirir. Siz qeyd etdiyiniz kimi, artıq avtomagistral yollar inşa olunur, dəmir yolu təmir olunur. Azərbaycan öz ərazisində işlərin böyük hissəsini artıq başa çatdırmışdır və yaxud başa çatdırmaq üzrədir. Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlamaq planlaşdırılıb. Düşünürəm ki, gələn il o körpünün də tikintisi başa çatacaq. Bakıdan Rusiya Federasiyası sərhədinə qədər olan magistral yolun tikintisi gələn il başa çatdıqda, bu, Azərbaycan ərazisindən yük avtomobillərinin keçidi baxımından təxminən iki dəfəyədək vaxt itkisinin azalmasına gətirib çıxaracaqdır. Beləliklə, Azərbaycan bölgədə Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb istiqamətində yük avtomobillərinin hərəkəti üçün ən əlverişli şərait yaratmış olacaqdır.

Cənab Prezident, qeyd etdiyiniz kimi, qonşu ölkələrlə aparılan ciddi və önəmli siyasət sayəsində həm ticarət dövriyyəsinin, həm qarşılıqlı investisiya layihələrinin nəticələri onu göstərir ki, bu siyasət müsbətdir, düzgündür və öz bəhrələrini verməkdədir. Keçən il olduğu kimi, bu il də biz əlavə nəticələr gözləyirik.

Prezident İlham Əliyev: Bizim qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılması çox müsbət haldır. Bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb. Türkiyə ilə bizim ticarət dövriyyəmiz keçən il 4 milyard dollara çatıbdır. Bu, böyük artımdır. Ticarət dövriyyəmiz Rusiya ilə 20-25 faiz, İranla 30 faiz artıbdır. Gürcüstanla da ticarət dövriyyəsi artıb. Həm ikitərəfli formatda, həm çoxtərəfli formatda biz uğurla fəaliyyət göstəririk. O cümlədən energetika və nəqliyyat sahələrində. Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Nəyə görə? Düşünülmüş siyasətə, qonşularla yaxın münasibətlərimizə görə. Ona görə qonşularla bağlı həm ikitərəfli, həm üçtərəfli formatda bu il də aparılacaq əməkdaşlıq diqqət mərkəzində olmalıdır, bütün infrastruktur layihələri icra edilməlidir.

Rusiya sərhədinə gedən yolun böyük hissəsi bu il tamamlanmalıdır. Astara şəhərindən İran sərhədinə qədər yeni avtomagistral yolun tikintisi əminəm ki, tam başa çatacaqdır. Həmçinin Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsi də. Bu layihənin böyük hissəsi bu il başa çatmalıdır. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpü təkcə Rusiya-Azərbaycan ticarət əlaqələrini möhkəmləndirməyəcək, eyni zamanda, bu, Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçasıdır. Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan öz marağını bildirmişdir, müvafiq sənədlər də imzalanmışdır. Əminəm ki, bu istiqamətdə bizim fəaliyyətimiz bu il təsirli olacaqdır. Bütövlükdə, deyə bilərəm ki, beynəlxalq ticarət əlaqələri bizim üçün çox önəmlidir, həm əməkdaşlıq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması və investisiya qoyuluşu baxımından. Biz həm qonşu dövlətlərdən investisiya alırıq, həm də investisiya qoyuruq. Qoyulan investisiyalar da nəticə etibarilə bizə böyük gəlirlər gətirir.

Qeyd etdiyim kimi, keçən il makroiqtisadi vəziyyət sabit olmuşdur, inflyasiya cəmi 2,6 faiz təşkil etmişdir. Baxmayaraq ki, çox böyük sosial paket icra edildi. Bu barədə mən dedim. Eyni zamanda, problemli kreditlərin qaytarılması üçün böyük vəsait təmin edildi. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədə qalmışdır. Makroiqtisadi vəziyyətin sabit qalması üçün bu il də əlavə tədbirlər görüləcək. Mərkəzi Bank 2019-cu il ərzində öz valyuta ehtiyatlarını artırıbdır. Mənə verilən məlumata görə, 630 milyon dollar səviyyəsində vəsait daxil edilib. Bütövlükdə, Mərkəzi Bankın 6,2 milyard dollar səviyyəsində valyuta ehtiyatları var. Keçən il Mərkəzi Bankın funksiyaları genişləndirildi. Ümumiyyətcə, bu il inflyasiya hansı səviyyədə proqnozlaşdırılır, əlavə funksiyaların icrası nəticəsində bank sektorunda hansı dəyişikliklər nəzərdə tutulur? Bu barədə qısa məlumat verin.

Mərkəzi Bankın sədri Elman RÜSTƏMOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, Siz çıxışınızda qeyd etdiniz ki, ötən il bütövlükdə Azərbaycan xalqı üçün dövlət quruculuğu tariximizdə sabitlik, inkişaf, iqtisadi islahatlar və sosial rifahın artırılması ili kimi qalacaqdır. Təbii ki, makroiqtisadi sabitlik bu işlərdə olduqca fundamental rol oynayır. Mərkəzi Bankın mandatına görə, onun başlıca funksiyası iqtisadiyyatda qiymətlər sabitliyinin təmin olunmasıdır. Artıq Siz inflyasiya göstəricisini qeyd etdiniz, 2,6 faiz səviyyəsindədir. Bu, bütövlükdə MDB məkanında ən aşağı inflyasiya səviyyələrindən biridir və 2018-ci ildəki aşağı inflyasiya səviyyəsini də nəzərə alsaq, son iki ildə Azərbaycanda cəmi 2,1 faiz inflyasiya səviyyəsi qeyd olunmuşdur. Artıq qeyd edildiyi kimi, bu, olduqca mürəkkəb bir şəraitdə əldə edilmişdir - ötən il olduqca böyük həcmli sosial paket, kreditlərin restrukturizasiyası, o cümlədən mən xüsusi qeyd etmək istərdim, dünyada ərzağın qiymətlərinin 12 faiz bahalaşması fonunda. Bizim iqtisadiyyatımız çox əlaqəli bir iqtisadiyyatdır və belə bir fonda, pul kütləsi həcminin təxminən 24 faiz qalxdığı bir şəraitdə aşağı inflyasiyaya nail olunmuşdur. Aparılan sorğular göstərir ki, əhalinin inflyasiya gözləntiləri, yəni makroiqtisadi sabitlik, manatın məzənnəsinin sabitliyi fonunda olduqca stabil və əhalinin aşağı inflyasiya gözləntiləri var. Bu da gələcəkdə inflyasiyanın idarə olunması üçün çox mühüm amillərdən biridir.

Siz artıq tədiyə balansının başlıca göstəricilərini qeyd etdiniz. Cənab Prezident, valyuta ehtiyatlarımız bütövlükdə ümumi daxili məhsulun səviyyəsini ötüb keçmişdir. Siz Yeni il təbrikinizdə qeyd etdiyiniz kimi, valyuta ehtiyatlarımız xarici borcu 5 dəfədən çox üstələyir. Keçən il Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Nazirliyi öz ehtiyatlarını artırmışdır və gəlirlilik əhəmiyyətli olmuşdur. Təxminən toplam olaraq hər iki qurum birlikdə ehtiyatların idarə olunmasından 700 milyon dollardan yuxarı gəlir əldə etmişdir. Belə bir şəraitdə, yəni neftin qiymətinin keçən il həm "Azəri Layt”, həm "Brent” üzrə bir qədər aşağı düşməsinə baxmayaraq, 6 milyardlıq xarici ticarət profisiti və bütövlükdə xarici valyuta mənbələrinin bazara şaxələnməsi şəraitində, həm turizmdən, həm qeyri-neft sektorundan və digər sahələrdən təklifin olduğu bir şəraitdə manatın məzənnəsi sabit qalmışdır. Bütövlükdə isə təxminən bazardan Maliyyə Nazirliyi, xəzinədarlıq və Mərkəzi Bank 700 milyon dollardan yuxarı vəsaiti sterilizasiya etmək məcburiyyətində qaldı ki, manatın möhkəmlənməsinə təsir göstərməsin.

Keçən il pul siyasətinin yumşaldılması ilə də xarakterizə olub. Bu, hər iki istiqamətdə baş verib. 2018-ci və 2019-cu illərdə, yəni biz o yüksək inflyasiya illərində faiz dərəcəsini 15 faizə qaldırmışdıq, təxminən 2 dəfə aşağı salınıbdır və bu gün uçot dərəcəsi 7,5 faizdir. Ötən il biz 8 dəfə uçot dərəcəsini müzakirə edib, onun 7-də faiz dərəcələrini aşağı salmışıq. Bütövlükdə biz bu siyasətin ümumi faizlərə də təsirini görürük. Son iki ildə xüsusi olaraq biznes kreditləri üzrə faiz dərəcəsinin 5 faiz aşağı düşdüyünü görürük. Təxminən 16 faizdən 11 faizə düşüb. Digər istiqamətlərdə də faiz dərəcələrinin tədricən aşağı düşdüyünü görürük. Təbii ki, bunun səviyyəsi bizi hələ qane etmir və bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Mən artıq qeyd etdim, dövriyyədə olan pul kütləsinin həcmi 24 faizdən çox artmışdır, bu da pul siyasətini yumşaltma deməkdir və bütövlükdə banklara 2 milyard manatdan çox vəsait verilmişdir. Təbii ki, onlar da o vəsaitlərdən kreditlərin verilməsi üçün istifadə edə bilərlər. Cənab Prezident, bütövlükdə Azərbaycanda son 3 ildə aşağı inflyasiya, möhkəm və sabit məzənnə, çox aşağı və konservativ azalan xarici borc, möhkəm xarici mövqelərimiz ölkəmiz üçün əlverişli şərait yaradır. Mən onu qeyd etmək istəyirəm ki, bayaq Siz dediniz, Azərbaycanın xarici kreditor mövqeyi iki dəfədən yuxarıdır, yəni bizim xaricdə yerləşdirdiyimiz vəsaitlərin həcmi 100 milyard dollardan yuxarı olmaqla, öhdəliklərimizdən iki dəfə çoxdur. Bu, onu göstərir ki, Azərbaycanda möhkəm makroiqtisadi sabitlik və dayanıqlılığın əsasları yaradılmışdır və tədricən bu dayanıqlılıq və makroiqtisadi sabitlik iqtisadi artımda və iqtisadi inkişafda mühüm rol oynamağa başlayır. Bu, iqtisadi inkişafa transformasiya olunur.

Siz artıq qeyd etdiyiniz kimi, ötən il Mərkəzi Bankın mandatı bir qədər genişləndirildi. Bütövlükdə maliyyə sektorunda müsbət meyillər var, baxmayaraq ki, bir sıra həssaslıqlar qalıbdır. Biz kreditləşmənin artdığını görürük, ötən il kreditlər 16 faiz artmışdır, o cümlədən bütövlükdə biznes kreditləri. Yəni, təsərrüfat subyektlərinə verilən kreditlər 11 faiz artmışdır. İstehlak kreditləri, əhaliyə verilən kreditlər isə təxminən 20 faizdən bir qədər çox artmışdır və bütövlükdə bizim təbii ki, cari ildə görəcəyimiz əsas işlərdən biri iqtisadiyyatın, xüsusilə də kiçik müəssisələrin mikrokreditləşmə vasitəsilə aşağı, uzunmüddətli kreditlərə əlçatanlığının artırılmasıdır. Cari il yanvar ayının 10-da Mərkəzi Bank, Banklar Assosiasiyası və bütövlükdə biznes ictimaiyyəti ilə geniş görüş keçirildi. Bütövlükdə maliyyə sektoru ilə iş adamları arasında biznes sahəsində əlaqələrin formaları, burada olan mövcud problemlər müzakirə olundu, iş adamları bir sıra mühüm məsələlər qaldırdılar. Bu məsələlər sistemləşdirilir, Mərkəzi Bankın səlahiyyətində olan məsələlər tərəfimizdən həll olunacaqdır. Digər məsələlər isə müvafiq qurumlar, o cümlədən Nazirlər Kabinetinin müzakirəsinə təqdim ediləcəkdir.

Bütövlükdə əmanətlər də artıb. Manatla müddətli əmanətlər 27 faiz artmışdır. Bu, onu göstərir ki, sosial sahədə atdığınız addımlar nəinki əhalinin yüksək istehlak səviyyəsini təmin edir, həm də əhalinin yığımları da təmin olunur. Ödəniş sistemində başlıca məqsədimiz təbii ki, qeyri-nağd ödənişlərin səviyyəsinin artırılması, nağd ödənişlərin isə məhdudlaşdırılmasıdır. Keçən il milli ödəniş sistemi vasitəsilə ödənişlərin həcmi 10 faiz, sayı isə 41 faiz artmışdır. O cümlədən ödəniş kartlarının sayı 13 faiz və kart ödənişlərinin sayı 29 faiz, kartlar vasitəsilə qeyri-nağd ödənişlərin həcmi 57 faiz, elektron-bankinq, elektron ticarət üzrə ödənişlər isə 93 faiz yüksəlmişdir. Burada müsbət dinamika özünü göstərir. Bu, bir tərəfdən ötən il bu sahədə aparılan islahatların, bütövlükdə təbii ki, şəffaflaşdırmanın nəticələridir. Digər tərəfdən isə ödəniş sisteminin modernləşdirilməsi istiqamətində, - Sizin imzaladığınız nağd ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı reallaşdırılır, - tədbirlər öz nəticəsini verir. Amma burada görəcəyimiz işlər olduqca çoxdur. Hesab edirəm ki, cari ildə bu istiqamətdə həm Mərkəzi Bankın, həm də Azərbaycan hökumətinin qarşısında olduqca mühüm vəzifələr durur.

Cari ilin əsas vəzifəsi, cənab Prezident, başlıca olaraq təbii ki, yenə də inflyasiyadır. Siz bu məsələnin əhəmiyyətini qeyd etdiniz. Bu, həm əhalinin gəlirlərinin formalaşmasında, həm manatın alıcılıq qabiliyyətinin qorunmasında, həm əhalinin aktivlərinin, yığımlarının dəyərsizləşməsinin qarşısının alınmasında olduqca prinsipialdır. Cari ildə də hökumətin rəsmi baza proqnozu məlumdur. Düşünürük ki, Mərkəzi Bankın proqnozu dəyişmir, inflyasiyanın 4 faiz ətrafında sabitləşdirilməsi planlaşdırılır. Bu istiqamətdə hökumətlə birlikdə sıx koordinasiyada bütün işləri görəcəyik ki, bu inflyasiya səviyyəsinə nail olaq. Təbii ki, burada bir sıra amillər də var. Bu amillərdən ən başlıcası manatın sabitliyidir. Düşünürük ki, hökumətin rəsmi baza proqnozunda 55 dollarda belə tədiyə balansımız bu il də müsbət olacaqdır və valyuta ehtiyatlarını yığmağa imkan verəcəkdir. Ancaq biz ümid edirik ki, bütövlükdə bir tərəfdən neftin faktiki qiymətinin daha da yüksək olması və valyuta vəsaitlərinin, valyuta gəlirlərinin şaxələnməsi istiqamətində görülən tədbirlər imkan verəcəkdir ki, daha tarazlı valyuta bazarına malik olaq. Düşünürük ki, bu il də manatın məzənnəsinin sabitliyi qorunacaqdır.

Cənab Prezident, Siz sığorta haqqında dediniz, bu, olduqca mühümdür. Mərkəzi Bankın indiki mandatında da sığorta işinə nəzarət mühüm yer tutur. Burada, xüsusilə də əmlakın sığortalanması məsələsi önəmli rol oynayır. Siz çox düzgün prioritetlər müəyyənləşdirdiniz - maarifləndirmə, marketinq, əhali ilə iş. Hesab edirəm ki, hökumətlə birlikdə həm də yerli icra hakimiyyəti orqanları da bu işə fəal qoşulmalıdırlar. Çünki rayon yerlərində, kənd yerlərində hadisələr baş verir. Hesab edirəm ki, biz bu işi çox ciddi təşkil etməliyik. Bütövlükdə burada görülməli işlər həddindən artıq çoxdur.

Kapital bazarlarının inkişafı, cənab Prezident, olduqca xüsusi, böyük bir məsələdir. Azərbaycanda kapital bazarları inkişaf etməyib. Biz indi araşdırma aparırıq, görürük ki, birjada, listinqdə olan kampaniyaların çoxlarının heç bir əməliyyatları yoxdur. Biz İqtisadiyyat Nazirliyi, hökumətlə birlikdə baxmalıyıq ki, hansı çempionlar yarada bilərik, hansı müəssisələrimiz hazırdırlar ki, bu gün öz səhmləri, qiymətli kağızları ilə Azərbaycanın qiymətli kağızlar bazarına çıxsın və buradan vəsaitləri cəlb etsinlər.

Ödəniş sistemi haqqında artıq dedim, çox mühüm prioritetlərimiz var, çalışacağıq ki, bütövlükdə 2020-ci il bu istiqamətdə dönüş illərindən biri olsun. Təşəkkür edirəm.

Prezident İlham Əliyev:Dollarlaşma ilə bağlı vəziyyət necədir? Çünki bir neçə il bundan əvvəl haradasa dollarda qoyulan əmanətlərin həcmi 80 faizi ötürdü. İndi vəziyyət necədir?

Elman Rüstəmov:Cənab Prezident, dollarlaşma azalmaqda davam edir, bu, daha çox əmanətlərdə hiss olunur.

Prezident İlham Əliyev:Bəli, əmanətlərdə.

Elman Rüstəmov:Bilirsiniz ki, əmanətlərdə faiz dərəcələri daha yüksəkdir. Biz görürük ki, kreditlərdə təxminən 3 faizə qədər, əmanətlərdə daha çox, 6 faizə qədər dollarlaşma səviyyəsi aşağı düşüb.

Prezident İlham Əliyev:Faiz nisbəti nə qədərdir?

Elman Rüstəmov:Kreditlərin dollarlaşması 38 faizdən 35 faizə düşüb, fiziki şəxslərin əmanətlərində isə 62 faizdən 54 faizə enib. Təxminən 12 faizə qədər düşüb.

Prezident İlham Əliyev:Uçot dərəcəsi də iki dəfə aşağı düşüb.

Elman Rüstəmov:Son iki ildə.

Prezident İlham Əliyev:Bəli, bu il də yəqin ki, bu meyil davam etdiriləcək.

Elman Rüstəmov: Təbii ki, cənab Prezident, inflyasiya səviyyəsindən, inflyasiya proqnozunun yerinə yetirilməsindən asılı olaraq yumşaltma prosesi davam etdirilə bilər.

Prezident İlham Əliyev:Bu da iqtisadiyyatın sağlamlaşdırılması deməkdir. Yəni, əsas indikatorlardan biridir.

Elman Rüstəmov:İqtisadiyyatın sağlamlaşdırılmasını, kreditlərin ucuzlaşmasını özündə əks etdirəcək.

Prezident İlham Əliyev:İndi siz deyirsiniz ki, banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik. Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin. İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur. Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır. Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır. Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək. Bank sektorunun məsuliyyəti də artıbdır, çünki biz bütün əmanətlərin sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən biridir. Biz bunu bir neçə il bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad hesab edirəm ki, yüksək səviyyədədir. Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. Ona görə əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır. Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər.

Elman Rüstəmov: Bunları edəcəyik cənab Prezident.

Prezident İlham Əliyev:Sosial sahədə aparılmış işlər haqqında mən artıq giriş sözümdə məlumat verdim, bu il hansı işlər gözlənilir. Biz keçən il plandan əlavə 900-dən çox şəhid ailəsinə mənzil təqdim etdik və bu il bu rəqəm daha da artacaq. DOST mərkəzi fəaliyyətə başlamışdır. Artıq iki mərkəz yaradılıbdır. Bu barədə məlumat verin. Ünvanlı sosial yardımla bağlı işlər nə yerdədir, mən keçən il sizə göstəriş vermişdim ki, bu vəsaiti, yardımı alan ailələrin sayı artırılsın və meyarlara da yenidən baxılsın. Çünki bəzi hallarda çox sərt meyarlar qoyulubdur. Bu, ədalətli olmalıdır. Əlbəttə, son vaxtlar sosial sahədə böyük islahatlar aparılır, o cümlədən ünvanlı yardımın verilməsində. Çünki əvvəlki illərdə ehtiyacı olmayanlar hansısa təmənna qarşılığında bunu alırdılar. İndi isə vəziyyət sağlamlaşır, elektron xidmətlər göstərilir, amma, eyni zamanda, insan amili də çox önəmlidir. Ona görə bu il ünvanlı sosial yardımın verilməsi və Özünüməşğulluq proqramı ilə bağlı məlumat verin. Bu imkandan daha çox ailə faydalanır. Ancaq dünya praktikası var, siz də bu barədə məlumat vermişdiniz. Dünya praktikasında verilən vəsait nəticəsində təqribən 50 faiz uğurlu layihələr baş tutur. Ona görə biz elə etməliyik ki, Azərbaycanda bu uğurlu layihələrin sayı və faizi daha da artıq olsun. Dünya Bankı mənim təklifimlə bu proqrama qoşulubdur. Bu il Dünya Bankının bu sahədə fəaliyyəti nədən ibarət olacaqdır? Bu barədə məlumat verin.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil BABAYEV dedi:

-Möhtərəm cənab Prezident. Siz artıq çıxışınızda bildirdiniz, Sizin təşəbbüsünüzlə, imzaladığınız fərman və sərəncamlarla 2019-cu ildə sosial sahədə çox dərin islahatlar həyata keçirildi və əhalinin 42 faizinin gündəlik gəlirlərinin, onların rifahının artırılması istiqamətində çox əhəmiyyətli tədbirlər görüldü. Bu islahatların ən böyük qolu, əlbəttə ki, əmək münasibətləri idi. Bununla bağlı atılan addımlar nəticəsində 1 milyon 350 min insanın əməkhaqqı ciddi şəkildə artdı. Qeyd etdiyiniz kimi, minimum əməkhaqqının iki dəfə artması dövlət sektorunda çalışan, müxtəlif kateqoriyada işləyən insanların əməkhaqlarının ciddi şəkildə, 20 faizlə 100 faiz arası artırılması və Azərbaycanın minimum əməkhaqqına görə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerə çıxması və digər inzibati tədbirlər nəticəsində ölkədə 2019-cu il ərzində 153 min əmək müqaviləsi artdı. Təqdirəlayiqdir ki, bunun 99 mini, yəni, böyük hissəsi məhz özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşdü. Əməkhaqqı fondu 42,3 faiz artdı, bu da çox böyük rəqəm idi, cəmi bir il ərzində əldə olunan nəticədir. Əməkhaqqının sosial ədalətli bölgüsünün göstəricisi olan median əməkhaqqı isə cəmi bir ildə 52 faiz artdı, bu da sosial ədalətin geniş şəkildə tətbiqindən irəli gələn islahatların məhz aztəminatlı kəsimə yönəlməsini göstərən bir göstərici idi. Digər tərəfdən, pensiya sahəsində aparılan islahatlar nəticəsində minimum pensiyanın artımı bizi MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci yerə çıxarmaqla yanaşı, xüsusi şərtlərlə pensiya təyinatı olan hərbçilərimizi əhatə edən böyük bir kontingentdə də 30 faizlik bir artım oldu. Bu islahatların nəticəsində də ölkədə orta pensiya 2019-cu ildə 15 faiz artdı, yaşa görə pensiya 15 faiz, ən həssas kateqoriya olan əlilliyə görə pensiya isə 22 faiz artdı.

Pensiya təyinatının avtomatlaşdırılması nəticəsində 2019-cu ildə pensiya təyinatı alan insanların 80 faizi, təqribən 15 min şəxs üçün məhz proaktiv elektron qaydada - hər hansı bir ünvana getmədən pensiya təyinatı aparıldı. Sosial müavinətlər və təqaüdlərlə bağlı islahatlara gəldikdə, burada çox böyük bir proqram tətbiq etdiniz və 1,3 milyon insanı əhatə edən geniş bir paket icra olundu. Bu paketin böyük bir hissəsi məhz əlilliyi olan şəxslərə aid idi. Bu sahədə də Sizin tapşırıqlarınıza müvafiq olaraq elektronlaşma tədbirləri görüldü və artıq 2019-cu ilin sonuna 19 növ sosial müavinət və təqaüd elektron qaydada proaktiv şəkildə vətəndaşın hər hansı bir müraciəti olmadan təyin edilməyə başlandı. Ötən il artıq 20 min təyinat bu şəkildə edildi. Bu avtomatlaşma tədbirləri son nəticədə 2020-ci ildə 200 min pensiya, müavinət və təqaüd təyinatının elektron qaydada proaktiv şəkildə aparılmasına imkan verəcək ki, əlbəttə, bu da vətəndaşlarımıza xidmət baxımından çox önəmli bir göstərici olacaqdır.

Ümumilikdə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri proqnozdan 5,4 faiz artıq icra olunaraq 150 milyon əlavə gəlir əldə edildi. Elektronlaşma əsassız pensiya və əlillik təyinatlarının ləğvi nəticəsində xərclər proqnozdan 180 milyon manat aşağı oldu. Bunların nəticəsində 2 dəfə olmaqla ilin ortasında 150 milyon, ilin sonunda isə 170 milyon manat, cəmi 320 milyon manat vəsait dövlət büdcəsinə geri qaytarıldı. Dövlət öhdəliklərinin ödənilməsi üçün nəzərdə tutulan vəsait məbləği bu qədər azaldıldı və Dövlət Sosial Müdafiə Fondunda builki islahatların icrasına yönəldilməsi üçün əlavə olaraq 190 milyon manat ehtiyat yaradıldı.

Digər tərəfdən, Birinci vitse-prezidentimizin təşəbbüsü olan və Sizin müvafiq Sərəncamınızla yaradılan DOST Agentliyi fəaliyyətə başladı və ötən il çox uğurlu bir il oldu. Sizin iştirakınızla mayın 9-da birinci DOST Mərkəzi, dekabrın 24-də ikinci DOST Mərkəzi istifadəyə verildi. Cəmi səkkiz ay ərzində birinci DOST Mərkəzində 63 min vətəndaşımız qəbul edildi, ümumilikdə vətəndaşlarımızın məmnunluq səviyyəsi də 95,2 faizə bərabər oldu. DOST mərkəzlərində konsepsiyaya uyğun olaraq könüllülük proqramları geniş vüsət alıb. Orada həm "Gənc DOST” könüllü proqramı, həm də ahıl şəxslər üçün "Gümüşü DOST” və "Virtual DOST” proqramları icraya verildi. Cəmi 6 ay ərzində 6900 könüllü bu proqrama müraciət edib. Onlardan 250 nəfər bizim mərkəzlərimizdə fəaliyyətə başlayıb. Sizin digər bir təşəbbüsünüzlə başlayan digər bir geniş proqram haqqı ödənilən ictimai işlər proqramıdır. Bununla bağlı ötən il DOST iş mərkəzləri tərəfindən 38 min iş yeri yaradıldı. Burada 45 mindən artıq vətəndaşımızın müvəqqəti məşğulluğu təmin edildi. Dövlət müəssisələri tərəfindən 28 min iş yeri yaradıldı. Bu proqramların icrası nəticəsində çox böyük bir kəsim, yəni, faktiki olaraq 64 min insanın il ərzində məşğulluğu təmin edildi. Sizin tapşırıqlarınıza uyğun olaraq bu proqramın da cari ildə davam etdirilməsi planlaşdırılır.

Özünüməşğulluq proqramı Sizin tapşırığınıza uyğun olaraq daha da genişləndirildi. 2019-cu ildə 10 min 354 vətəndaşımız bu proqrama cəlb edildi. Onlar müvafiq təlimləri başa vurdular, öz biznes planlarını uğurla müdafiə etdilər və artıq 8 min 500 nəfəri öz aktivlərini alıb. Aktivlərin paylanma prosesi davam edir və ayın sonuna qədər qalanları da aktivlərlə tam şəkildə təmin olunacaqdır. BMT İnkişaf Proqramının, eyni zamanda, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin bu proqrama qoşulması, əlavə 500 nəfərin aktivlərlə təmin olunması proseduru məhz bu iki layihə çərçivəsində icra olunur. Bu proqramın da genişləndirilməsinə, Dünya Bankı ilə danışıqların yekunlaşdırılmasına dair Sizin tapşırıqlarınız olmuşdur. Biz artıq Dünya Bankı ilə ilkin müzakirəni yekunlaşdırmışıq. Kredit sazişi üzrə danışıqlar yanvar ayının 18-nə təyin olunub. Bu danışıqlar yekunlaşdıqdan, Dünya Bankının proseduruna uyğun onun Şurasında təsdiq olunduqdan sonra iyun ayına qədər müqavilənin imzalanmasını gözləyirik. Lakin həm Maliyyə Nazirliyi, eyni zamanda, Dünya Bankı ilə müzakirələr nəticəsində belə qərara gəlinib ki, müqavilə imzalanana qədər də retroaktiv maliyyələşmə prinsipi əsasında hazırlıq işlərini artıq fevral ayından başlayaraq icra edəcəyik.

2019-cu ildə ünvanlı sosial yardım proqramı çox geniş şəkildə, 70 faizə qədər artırıldı, ümumilikdə 296 min üzvü olan 72 min ailəni əhatə etdi, ailələrə ödənişin məbləği də artaraq 209 manata bərabər oldu. Bu proqramın da genişləndirilməsinə dair Sizin tapşırıqlarınız olmuşdur. 2020-ci ildə də bu proqram genişləndiriləcək. Bir çox meyarlar yüngülləşdirildi. Bunun üzərində işlər mütəmadi olaraq davam edəcək və Azərbaycanda ünvanlı sosial yardım proqramının tam şəffaf, tam təkmil həyata keçirilməsi üzrə Sizin tapşırıqlarınız tam icra olunacaq.

Sosial təminat sahəsində, cənab Prezident, Sizin ən önəmli təşəbbüslərinizdən biri şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi idi. Bu proqram 98 faiz icra olundu. On iki min şəhidimizin 18 min vərəsəsinə bu vəsaitlər tam şəkildə ödənildi. Yəni, hazırda 300 nəfərə yaxın şəhidimizin vərəsələri tərəfindən, sadəcə, müraciət olmayıb. Müraciət edən hər bir şəxs vəsaiti əldə etdi. Mənzil təminatı proqramı çox genişləndi. 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 628 mənzil, 2019-cu ildə 934 mənzil təqdim edildi. Bu da əlamətdar hadisə idi, dekabrın 24-də Siz öz ad gününüzdə böyük bir binanın açılışını da etdiniz və 96 mənzil Nizami rayonunda şəhid ailələrinə və müharibə əlillərinə təqdim olundu. Eyni zamanda, əlilliyi olan şəxslərə avtomobil təminatı proqramı davam etdi və onlara 600 avtomobil təqdim edildi ki, bu da önəmli istiqamətlərdən biri idi.

Sosial infrastruktur baxımından Sizin tapşırıqlarınızın icrası olaraq Naftalan, Yevlax, Mərdəkan Reabilitasiya mərkəzləri tam fəaliyyətə başladı, Protez-Ortopedik Mərkəzin istehsalat sexi istifadəyə verildi. Gəncədə pensiyaçılar üçün sosial xidmət müəssisəsi və Peşə Hazırlığı Mərkəzi istifadəyə verildi. Sosial infrastruktura geniş maliyyə təminatı yaradıldı. Ötən ildən davam edən işlərin icrası olaraq bu il də 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.

Görülən bu işlərə beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymət verilib. Xüsusi olaraq vurğulamaq istərdim ki, Sizin tapşırığınızla biz Beynəlxalq Sosial Təminat Agentliyi ilə müzakirələr apardıq və may ayında Azərbaycanda Avropa Sosial Forumu keçirildi. Forumda Avropa İttifaqının bütün sosial təminat və pensiya fondlarının rəhbərləri iştirak edirdi. Bu forum çərçivəsində Azərbaycanın həyata keçirdiyi dörd layihə Avropa üçün ən yaxşı təcrübə mükafatlarını əldə etdi. Bunlar özünüməşğulluq layihəsi, ünvanlı sosial yardım layihəsi, əlillik proqramımız və qeyri-formal məşğulluqla mübarizə proqramımızdır.

Prezident İlham Əliyev:Bu, qeyri-formal məşğulluqla bağlı mübarizə nəticəsində baş verdi. Yəni, bu əmək müqavilələri, sadəcə olaraq, rəsmiləşdirildi. Bu, birinci onu göstərir ki, biz düzgün yoldayıq və aparılan siyasət nəticə verir, amma, eyni zamanda, hələ ki, kölgə iqtisadiyyatında minlərlə, on minlərlə insan işləyir. Ona görə kölgə iqtisadiyyatından çıxmaqla bağlı bütün qurumlar fəal işləməlidir və burada çox ciddi koordinasiya aparılmalıdır. Mən Nazirlər Kabinetinə tapşırıq verirəm ki, bu məsələ ilə bağlı ayrıca müşavirə keçirsin və aidiyyəti qurumlar öz təkliflərini versinlər. Qurumlar arasında da çox ciddi koordinasiya işləri aparılmalıdır. 153 min əmək müqaviləsinin rəsmiləşdirilməsi çox böyük hadisədir. Əlbəttə ki, həm şəffaflığa xidmət göstərir, eyni zamanda, pensiya təminatı üçün də bunun çox böyük əhəmiyyəti var.

İctimai ödənişli iş yerləri ilə bağlı bu təşəbbüs mənim tərəfimdən irəli sürüldü, o vaxt ki, dövlət investisiya xərcləri kəskin şəkildə aşağı düşdü. Bunu da biz məcburiyyət qarşısında etdik. Çünki neftin qiyməti dörd dəfə aşağı düşmüşdü, gəlirlərimiz azalmışdı və büdcəmiz ixtisar edilmişdi, o cümlədən investisiya proqramı da böyük dərəcədə ixtisara uğradı. İşsizliyin qabağını almaq üçün mənim təşəbbüsümlə on minlərlə ödənişli ictimai iş yeri yaradılmalı idi. Ancaq əfsuslar olsun ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır. Amma, eyni zamanda, elə bir mexanizm işlənməlidir ki, bu pozuntulara ümumiyyətlə, imkan olmasın. Ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verildi ki, onlar bu işin koordinasiyasını öz üzərinə götürsünlər və ödənişli ictimai işlərə götürülən vətəndaşlar məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmiləşdirilsin. İndi hazırda keçən il 38 min belə işlə təmin olunan şəxs var. İndi bu il nə qədər nəzərdə tutulur və bunun nəzarət mexanizmi nə dərəcədədir?

Sahil Babayev:Cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq biz ötən ilin ortalarından etibarən monitorinqlərə başladıq və monitorinqlər çərçivəsində təqribən üç min şəxs işlərdən kənarlaşdırıldı, yeni şəxslər cəlb edildi. Ardınca ikinci bir təşəbbüs olaraq Sizə ictimai açıqlığın təmin edilməsini məruzə etdik və Sizin razılığınızla müvafiq portal yaratdıq. İctimai işlərə cəlb edilən bütün şəxslər hər rayon üzrə ictimaiyyətə tam şəkildə açıqlanır. İşə götürülmüş bütün şəxslərə dair məlumatlar onlayn portalda yerləşdirilir. Bu da ictimai açıqlığı xeyli təmin etdi. Ümumilikdə qeyd edim ki, 38 min iş yerinə 2019-cu ildə 47 min şəxs götürülüb. Yəni, bu, o deməkdir ki, il ərzində də ciddi təmizlənmə olub, əlavə 9 min nəfərlik də təmizlənmə olub. Bütün icra hakimiyyəti orqanları ilə ciddi müzakirələr aparmışıq və cari ilin yanvar ayından etibarən bütün siyahıların yenilənməsi və onların təqdim edilməsini istəmişik. Çünki bəzi hallarda obyektiv səbəblər də meydana çıxır. İnsanlar müəyyən qədər işlədikdən sonra bəzi ictimai işlərdə işləmək istəmirlər. İşə gəlməyənlər, məhdud gələnlər və ya yeni iş yeri tapanlar da olur. Ümumilikdə bu sahədəki neqativlərin hər biri araşdırılır və haqqında müvafiq tədbir görülməsi üçün həm hüquq mühafizə orqanlarına, həm də aidiyyəti orqanlara təqdimatlar verilir. Xüsusi olaraq vurğulayım ki, onlayn portalda bütün siyahıların açıqlanmasından sonra bu istiqamətdə xeyli irəliləyişlərimiz var.

Prezident İlham Əliyev:Özünüməşğulluq proqramı ilə bağlı bizim təşəbbüsümüzlə Dünya Bankı da bu proqrama dəvət olundu. Burada əsas məqsəd, təbii ki, Dünya Bankının vəsaitindən istifadə etmək deyil. Halbuki bu da önəmlidir. Əsas məsələ onların təcrübəsindən yararlanmaqdır. Çünki Dünya Bankı bir çox ölkələrdə oxşar proqramları icra edib və onların bu sahədə böyük təcrübəsi var. Ona görə imzalanacaq sazişə də böyük əhəmiyyət veririk. Əminəm ki, saziş imzalanandan sonra Dünya Bankı ilə bu istiqamət üzrə bizim yeni əməkdaşlıq çərçivələrimiz də müəyyən ediləcək.

Ünvanlı sosial yardımla bağlı 70 faiz artım çox ciddi artımdır və artıq siz qeyd etdiniz ki, 72 min ailə əhatə olunur və burada da əlbəttə ki, əsas məsələ ədalətdir. Məhz o ailələr ki, doğrudan da, ehtiyac içindədir, o ailələr ki, onların maddi vəziyyəti ağırdır, onlar bu yardımdan istifadə etməlidir.

Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir. Bu məsələ ilə bağlı mən Sizə göstəriş vermişəm. Əgər keçən il 934 mənzil verilmişdisə, bu il hesab edirəm ki, 1500 mənzil verilməlidir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı müvafiq göstərişlər versinlər. Beləliklə, əgər biz buna nail olsaq, əminəm ki, buna nail olacağıq, onda növbədə cəmi 2000 ailə qalacaq. Onları da biz yaxın illərdə evlərlə təmin edəcəyik.

Bizim indi iqtisadi göstəricilərimiz, hesab edirəm ki, müsbətdir, xüsusilə qeyri-neft sənaye istehsalı qeyd etdim ki, 14 faiz artmışdır. Kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. İndi İqtisadiyyat naziri məlumat versin ki, bu ilin iqtisadi inkişafla bağlı hansı proqnozları var. İnvestisiya proqramı keçən ay təsdiqləndi və vaxt itirmədən icra edilməlidir. Bizim qeyri-neft ixracımız 14 faiz artıb. Bu, böyük artımdır. Ancaq qeyri-neft ixracının artımını müəyyən dərəcədə əngəlləyən obyektiv səbəblər var. Onlardan birincisi əhalinin artımıdır. Yəni, biz daha çox daxildə istehlak edirik. İkinci amil turistlərin sayının artmasıdır. Yəni, əgər 5 il bundan əvvəl 2 milyondan az adam gəlirdisə, indi 3 milyondan çox adam gəlir. Əlbəttə ki, daxili istehlak və daxili tələbat artır. Ona görə qeyri-neft ixracının uzunmüddətli strategiyası işlənməlidir və həm bu strategiya mövcud olan bazarlarla bağlı olmalıdır, perspektiv bazarlara çıxışla bağlı işlər aparılmalıdır. Ümumiyyətlə, biz indi bilirik ki, hər il əhali ən azı 100 min artır. Bunu biz uzunmüddətli proqnoz kimi götürərək daxili tələbatın həcmini də müəyyən etməliyik. Çünki biz əgər istehsalı, qeyri-neft istehsalını artırmasaq, gələcəkdə bizim qeyri-neft ixracımız daha da aşağı düşəcək, nəinki artacaq. Ona görə də burada emal sənayesinin stimullaşdırılması məsələləri gündəlikdədir. Ona görə İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əlaqədə olmalıdır. Çünki bizim əsas qeyri-neft ixracımız kənd təsərrüfatı mallarıdır. Bu barədə məlumat verin. Dövlət İnvestisiya Proqramı artıq təsdiqləndi və bunun əsas məqsədi iqtisadi artımı təmin etməkdir. Ancaq, eyni zamanda, dövlət hazırda əsas investor kimi fəaliyyət göstərir. Ancaq biz istəyirik ki, qeyri-neft sahəsində əsas investor özəl sektor olsun.

Kiçik və orta biznesin inkişafı – bu da prioritet məsələdir. Biz yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun əsas hissəsini kiçik və orta sahibkarlıq təmin edir. Azərbaycanda biz bu istiqamətdə birinci addımları atırıq və burada kiçik və orta biznesə dəstək yüksək səviyyədə olmalıdır. Məlumat verin bu məsələlər barədə.

İqtisadiyyat naziri Mikayıl CABBAROV dedi:

-Möhtərəm cənab Prezident, neft bumu dövründə milli iqtisadiyyatın sıçrayışı və təqibedici artım nümayiş etdirərək Sizin rəhbərliyinizlə ölkəmizin ortagəlirli dövlətlər sırasına daxil olmasına imkan vermişdir. Bu gün postneft mərhələsində Sizin qarşımızda qoyduğunuz əsas strateji vəzifə ortamüddətli dövrdə iqtisadi artımın dünya üzrə orta iqtisadi artımdan geri qalmamasını təmin etmək, uzunmüddətli dövrdə isə iqtisadi artım templərinin dünya üzrə artımın üstələnməsinə nail olmaqdır.

Bu nöqteyi-nəzərdən Siz artıq qeyd etdiniz, 2019-cu ildə əldə edilən nəticələr və 2020-ci il üçün olan iqtisadi inkişaf proqnozları bizim üçün zəruri zəmin yaradır. Sizin xüsusi toxunduğunuz sərmayələrin - istər dövlət sərmayələrinin, ilk növbədə, özəl sərmayələrin cəlb edilməsini biz başlıca alətimiz kimi görürük. Çünki dünyanın iqtisadi tarixi və Azərbaycanın yaxın keçmişdəki təcrübəsi göstərir ki, iqtisadi artımın sürəti və dayanıqlılığı məhz investisiyalarla bağlıdır. 2019-cu ildə bizim əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2 faiz təşkil edib. Bizim hədəfimiz, heç olmasa, 25 faizə çatmaq və ondan daha yuxarı səviyyədə qalmaqdır. Bu prizmadan baxsaq, özəl sərmayələrin cəlb edilməsi üçün zəruri olan şərtlərin və şəraitlərin ölkə iqtisadiyyatı daxilində yaradılmasıdır. Bizim əsas vəzifəmiz dövlət investisiyalarının iqtisadi səmərəliliyinin artırılması, eyni zamanda, Sizin tapşırıqlarınıza uyğun olaraq, dövlət investisiyalarının resipiyentləri qarşısında səmərəlilik tələblərinin sərtləşdirilməsi və bu investisiyaların prioritet sektorların inkişafı ilə sıx uzlaşdırılmasıdır.

Tapşırığınıza uyğun olaraq, bu sahədə əldə edilmiş nailiyyətlərə əsaslanaraq xüsusilə kənd təsərrüfatında xam məhsulun mövcudluğunu və səviyyəsini nəzərə alaraq, biz 2020-ci ildə və növbəti illərdə Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlarla birgə əlavə zəncir dəyərinin təmin edilməsi, yəni, emal sənayesinin dəstəklənməsi, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun bank sektoru və assosiasiyalarla birlikdə çalışaraq bunu qarşımızda prioritet vəzifə kimi görürük. Bu, eyni zamanda, bizim qeyri-neft ixracımızın coğrafiyasının, həmçinin nomenklaturasının genişləndirilməsinə və daha dayanıqlı olmasına imkanlar yaradacaq.

Verdiyiniz suala gəldikdə, ilkin təhlillər onu göstərir ki, emal sənayesinin və ümumilikdə sərmayələrin cəlb edilməsinin yeni bazarları barədə danışarkən Azərbaycanda yaradılan siyasi makroiqtisadi sabitlikdən yararlanaraq həm əhalisi, həm də turist axını artan ölkə bazarımıza, həmçinin də digər bazarlara çıxış imkanları yaratmalıyıq. Bu, istər xarici, istərsə də yerli özəl sərmayəçilər üçün böyük əhəmiyyət kəsb edir. Sizin icazənizlə biz gələcəkdə həmin yeni bazarlara uyğun olan ticarət sazişləri – istər sərbəst ticarət sazişləri, istərsə də xüsusi rejimli ticarət sazişləri ilə bağlı təklifləri hazırlayırıq.

Qeyri-neft iqtisadiyyatının və ümumiyyətlə qeyri-neft ixracının, o cümlədən iqtisadi artımın sürətləndirilməsinə dair göstərişlərinizə əsasən kənd təsərrüfatı və aqro klaster, neft-kimya sənayesi və bu sahəyə qoyulmuş irihəcmli sərmayələr və əldə olunan uğurlu nəticələr ətrafında böyük, kiçik və orta biznes klasterinin yaradılması nəzərdən keçirilir.

İnanırıq ki, xidmət turizmi, əyləncə industriyası, nəqliyyat və ticarət logistikası və digər bu kimi klasterlər istiqamətində araşdırmalar həyata keçiriləcək. Bu, ixracın həm əmtəə tərkibinin, həm də coğrafiyasının şaxələnməsinə geniş imkanlar açır.

Möhtərəm cənab Prezident, həmçinin onu da qeyd etmək istəyirəm ki, sahibkarlığın kompetensiyalarının gücləndirilməsi, o cümlədən xarici bazarlarda rəqabətədavamlı məhsuldar fəaliyyət göstərməsi üçün zəruri addımlar da planlaşdırırıq. Çünki təcrübə onu göstərir ki, bir çox hallarda keyfiyyətli mal və məhsula malik olduğumuz halda da xarici bazarlara çıxışda bəzən özəl sektorda bilik, bacarıq çatışmır və dövlət tərəfindən bununla bağlı zəruri dəstək mexanizmləri hazırlanıb təklif olunacaq.

Sizin xüsusi tapşırığınız kiçik və orta sahibkarlığın inkişafı ilə bağlıdır. Bunun yolunu biz qeyd etdiyimiz klasterlərin və dövlət mexanizmlərinin istifadə edilməsi ilə məhz kiçik və orta sahibkarlığın, xüsusi olaraq qadın və gənclər sahibkarlığının dəstəklənməsi alətlərində görürük. Həmçinin dövlətin Azərbaycanda böyük iqtisadiyyatda rolunu nəzərə alaraq dövlət satınalmalarında fəal iştirakın təşviq olunması, bunun üçün satınalmanın şəffaflığının daha da artırılmasını qarşımızda əsas məqsəd və vəzifə kimi görürük.

2020-ci ilin dövlət investisiya proqramı Sizin tərəfinizdən təsdiq olunub. Orada bizim əsas çağırışımız ondan ibarətdir ki, mövcud və başlanılmış layihələrin həcmi ilə əlimizdə olan resursların həcmini düzgün dəyərləndirərək növbəti illər üçün dövlət sərmayələrinin səmərəliliyini artıraq. Amma yenə də başlıca vəzifə kimi nəzərə alsaq, müasir dünya daha müasir məhsulları ortaya çıxarmağı tələb edir. Bu da öz növbəsində texnologiyalar tələb edir. Bu məsələlərin həllini xarici və yerli investorların, özəl investorların, bu texnologiyaya sahib olan investorların ölkəmizə cəlb edilməsində və dövlətin orada daha çox dəstəkləyici rolunun təmin edilməsində görürük.

Prezident İlham Əliyev:Dövlət investisiya proqramı ilə bağlı burada bir neçə məqsəd dayanır. Əlbəttə, ilk növbədə, başlanmış layihələr başa çatmalıdır. Çünki əvvəlki illərdə bir çox yarımçıq layihələr də qalırdı. Yarımçıq layihələr icra olunmadan biz yeni layihələrə başlayırdıq və beləliklə, gücümüz də səpələnirdi, maliyyə resurslarımız da imkan vermirdi ki, layihələri lazım olan həcmdə icra edək. Ona görə, ilk növbədə, başlanmış layihələr başa çatmalıdır. İnfrastruktur layihələrinə gəldikdə, demək olar ki, əsas infrastruktur layihələri Azərbaycanda icra edilib. Düzdür, növbəti illərdə bu layihələrin icrasına ehtiyac var. Çünki bir daha qeyd etmək istəyirəm, əhalinin artımı bunu diktə edir. O ölkələrdəki əhali artmır, orada yeni infrastruktur layihələrinə də ehtiyac qalmır. Amma bizdə əhali artır, ona görə yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, yol infrastrukturu, kommunikasiyalar - bütün bunlar daim diqqət tələb edir. Ona görə birinci vəzifə budur. İkinci vəzifə ondan ibarətdir ki, investisiya proqramımız infrastruktur layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verməlidir. O cümlədən bu infrastruktur layihələrinin real sektora olan təsiri də bir növ təhlil edilməli və mənə məlumat təqdim edilməlidir. Misal üçün, yeni infrastruktur tutaq ki, bu və ya digər rayonda iqtisadiyyatın real sektoruna nə dərəcədə müsbət təsir göstərmişdir.

Dövlət investisiya proqramının digər xüsusiyyəti ondan ibarətdir ki, bu, iş yerləri yaradan və mövcud olan iş yerləri saxlayan bir prosesdir. Keçən il ölkəmizdə 98 min yeni iş yeri yaradılıb. Bu, böyük bir rəqəmdir. Ancaq yenə də deyirəm, əhali 100 min artıb və hər il 100 min nəfər artacaq. Nə qədər çox əhali artsa, növbəti illərdə illik artım da çoxalacaq. Biz indi bunu əhalisi sürətlə artan ölkələrin timsalında görürük. Bu, böyük problemlər gətirir. Artan əhali böyük üstünlükdür, təbiidir və eyni zamanda, bizim iqtisadi siyasətimizin və ölkədə mövcud olan sabitliyin təzahürüdür. Ancaq, eyni zamanda, bu, özlüyündə böyük problemlər də ehtiva edir. Hazırda çox sürətlə artan ölkələrin problemləri təhlil edilməlidir. Bu, təkcə İqtisadiyyat Nazirliyinin işi deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək resursları ilə bağlı, Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti qurumlar, hesab edirəm ki, Nazirlər Kabineti bu məsələ ilə bağlı ciddi təhlil aparmalıdır və biz proqnozu bilməliyik. Bizim resurslarımızı dəqiq müəyyən etməliyik. Bizim mövcud ərazimiz, əkin sahələrimiz, təbii resurslarımız bəllidir. Onların gələcəkdə dəyişməsi mümkün deyil. Ona görə bütün bunlar hesablanmalıdır ki, 20 ildən sonra, 30 ildən sonra hansı vəziyyətlə üzləşəcəyik.

Yenə də deyirəm, hazırda əhalisi sürətlə artan ölkələrin təcrübəsi dəqiq təhlil edilməlidir. Beynəlxalq maliyyə qurumları ilə birlikdə biz uzunmüddətli strategiyanı işləməliyik. Mən yenə də deyirəm, indi bizim vəsaitə ehtiyacımız yoxdur. Amma biz beynəlxalq maliyyə qurumları ilə ona görə sıx əməkdaşlıq edirik ki, onlarda böyük təcrübə var. Onlar dünyanın bütün yerlərində fəaliyyət göstərirlər. Bu problem təkcə bizim problemimiz deyil. Düzdür, bu gün bu problem mövcud deyil. Əhali artmalıdır. Amma bir gün bu, problemə çevriləcək. Ona görə bizim iqtisadi artımımız artan əhaliyə uyğun olmalıdır.

İqtisadiyyatın real sektorunun inkişafında kənd təsərrüfatının xüsusi rolu var. Artıq mən burada qeyd etdim ki, növbəti dövrdə kənd təsərrüfatı emalına biz böyük diqqət göstərməliyik. Çünki bizim kənd təsərrüfatı istehsalımız artır. Bizim ənənəvi sahələrimiz inkişaf edir və bərpa olunur və yeni kənd təsərrüfatı sahələri fəaliyyətə başlayır. Burada kənd təsərrüfatının birbaşa sənaye ilə uzlaşması var. Misal üçün, keçən il meyvə-tərəvəz istehsalı böyük dərəcədə artıbdır. Bizim kifayət qədər emal müəssisələrimiz olmalıdır. Onlar hazırda kifayət qədər deyil. O emal müəssisələri imkan vermir ki, biz öz meyvə-tərəvəzimizi daha da böyük həcmdə emal edək və hazır məhsul kimi ixrac edək. Ona görə şirələr, kompotlar, konservlər, qurudulmuş meyvə - bütün bu sahə gərək çox ciddi dəstək alsın, həm dövlət tərəfindən, həm özəl sektor da bu işlərə qoşulmalıdır. Yəni, özəl sektor onsuz da bu işləri görür, yəni öz vəsaiti hesabına bu işləri görməlidir.

Bizdə keçən il üzüm istehsalı kəskin artıb. Bunun da başlıca səbəbi bu sahəyə dövlət dəstəyinin olmasıdır. 25 faiz artıb və 190 min tondan çox üzüm yığılıb. Son illər ərzində bu, ən böyük rəqəmdir və bilavasitə bunun şərabçılığa böyük təsiri olacaq və biz bunu görürük. Şərabçılıq da ixracyönümlü məhsuldur. Yəni, bazar olmadan biz şərabı sata bilməyəcəyik. Ona görə biz bəzi dost ölkələrlə bu istiqamətdə işlər aparmışıq. Bəzi ölkələrdə kvotalar var, idxal kvotaları var və biz bu kvotaları əldə etmişik. Ona görə bu gün Azərbaycan şərabı bir çox ölkələrdə satılır və bunun həcmi artmalıdır. Mən hesab edirəm ki, şərabçılıq üçün bazarlarla bağlı problem olmayacaq. Çünki ənənəvi bazarlar var və yeni, misal üçün, Çin kimi böyük bazar var. Azərbaycan şərabları artıq ora ixrac edilir.

Tütün istehsalı bizdə son illər ərzində artıbdır - dövlət dəstəyi hesabına qurutma kameraları, subsidiyalar, digər tədbirlər. Keçən il Azərbaycanda böyük siqaret fabriki açılmışdır. Yəni, biz daxili tələbatı yerli istehsal hesabına təmin etməliyik, mövcud olan siqaret fabriki yenidən qurulub. Bu da paradoksdur. Biz tütün istehsal edən ölkəyik, ancaq siqareti idxal edirik, o ölkələrdən ki, orada tütün bitmir. Onlar tütünü bizdən alır, emal edir, siqaret buraxır, bizə satır. Ona görə buna son qoyulmalıdır. Bu məsələ də diqqət mərkəzindədir.

Baramaçılıq bizdə demək olar ki, tamamilə itirilmişdi, 2015-ci ildə cəmi 200 kiloqram barama yığılmışdı. Ancaq keçən il 630 ton oldu. "Şəki İpək” fəaliyyət göstərməyə başladı, orada yüzlərlə insan işləyir. İpəkçiliklə bağlı düşünülmüş konsepsiya olmalıdır. Pambıq istehsalı da keçən il rekord həddə çatıb - 294 min ton. Məhsuldarlıq 29,4 sentner, yəni, 30 sentnerə yaxındır. Sovet dövründə cəmi iki, ya üç il ərzində bu dərəcədə məhsuldarlıq olmuşdu. Bu da emal sənayesini dəstəkləyən sahədir. Artıq iplik fabrikləri var, ancaq iplik fabrikləri məhsulun cəmi 50 faizini emal edir.

Biz iplik fabriklərindən o tərəfə getmirik. Amma parça istehsal olunmalıdır - hazır məhsul. Ona görə bu məsələlərlə bağlı və elektron kənd təsərrüfatı proqramı artıq nazirlik tərəfindən icra edilir. Bu məsələ ilə və subsidiyalarla bağlı məlumat verin.

Kənd Təsərrüfatı naziri İman KƏRİMOV dedi:

- Möhtərəm cənab Prezident, 2019-cu il Sizin tərəfinizdən aqrar sahədə həyata keçirilən islahatlar və görülmüş tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının əsaslı artımı ilə səciyyələnir. İslahatlarla bağlı, ilk növbədə, lizinq fəaliyyəti ilə bağlı həyata keçirilmiş islahat nəticəsində bazarda artıq azad və rəqabətli şərait formalaşıb. Belə ki, texnika və damazlıq heyvanlara tətbiq edilən güzəştlər bütün özəl şirkətlərə tətbiq edilir. Ötən il fermerlərə satılan 4117 texnikanın təxminən 3 mini özəl şirkətlər tərəfindən fermerlərimizə satılmışdır. O cümlədən tapşırığınıza uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq prinsipi əsasında qurmuşdur və bütün rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzləri artıq formalaşdırılıb və bu mərkəzlərdə fermerlərimizə "Bir pəncərə” prinsipinə uyğun 60-a yaxın xidmət göstərilir.

Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması tərəfinizdən tamamilə yeni qaydalar əsasında təsdiqlənmişdir və yeni subsidiya qaydalarının məqsədi bu sahədə ixrac potensialımızı möhkəmləndirmək və kənd təsərrüfatında məşğulluğu daha da artırmaqdır. Artıq yeni subsidiyalar alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən veriləcək və bu günə kimi elektron kənd təsərrüfatı sistemində 449 min fermer qeydiyyatdan keçmişdir. Fermerlərimiz payızlıq bəyanlarını etmişlər və hazırda gübrə, pestisid və toxum təchizatçıları qeydiyyatdan keçməkdədir, o cümlədən heyvandarlıq sahəsində subsidiyanın verilməsi üçün heyvanların qeydiyyatı, eləcə də baytar həkimlərin və süni mayalanma ekspertlərinin qeydiyyatı həyata keçirilməkdədir. 2020-ci ildə Sizin tapşırığınıza əsasən elektron kənd təsərrüfatının tam tətbiqi başa çatdırılacaq.

Digər vacib tədbirlərdən biri kimi Sizin tərəfinizdən "Aqrar sığorta haqqında” Qanun təsdiqlənmişdir və Aqrar Sığorta Fondu artıq formalaşdırılmışdır. Bu il əsas hədəflərdən biri kənd təsərrüfatı sahəsində aqrar sığortanın tətbiqidir. Bunun üçün də ən vacib tədbirlərdən biri olaraq fermerlərimiz arasında geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, qarşımıza qoyduğunuz vacib vəzifələrdən biri kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılmasıdır. Belə ki, diqqət yetirsək, bu il əkin balansının əsas hissəsini təşkil edən taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal olunmuşdur ki, bu da ötən ilə nisbətən 6,9 faiz çoxdur. Buğdanın məhsuldarlığı təxminən 32,4 faiz sentner təşkil etmişdir, artım ötən ilə nisbətən təqribən 2 sentner çoxdur və yaxud 7,6 faizdir. Pambıqçılıqda ümumi məhsul artımı 26,4 faiz olmuş, məhsuldarlıq isə 67,6 faiz artmışdır. Həmçinin günəbaxan istehsalı 43,3 faiz, kartof istehsalı 11,7 faiz, tərəvəz 12,17 faiz, bostan məhsulları 11,4 faiz və meyvə-tərəvəz istehsalı isə 8,8 faiz artmışdır. Sizin də qeyd etdiyiniz kimi, əsas artım sahələrindən birini, həmçinin üzümçülük təşkil edir. Heyvandarlıqla bağlı artıma gəlincə, ət diri çəkidə 3 faiz, süd 2,4 faiz, yumurta istehsalı 9 faiz, yun istehsalı 1,6 faiz, barama istehsalı isə 25,3 faiz artmışdır. Qarşımızda qoyduğunuz əsas vəzifələrdən biri bu il bu sahədə mövcud resurslarımızdan istifadə etməklə məhsuldarlığın daha da artırılması, mütərəqqi texnikaların və metodların tətbiq edilməsidir.

Möhtərəm cənab Prezident, 2020-ci ildə qarşımızda duran əsas vəzifələr fermerlərimizin toxum, gübrə və texnikaya əlçatanlığını daha da asanlaşdırmaq və bu sahədə müvafiq tədbirlər görməkdir, həmçinin aqrar sığortanın tətbiqi ilə bağlı müəyyən təşkilati tədbirlərin icrasıdır. Həmçinin fermerlərimizin bu gün ən çox üzləşdikləri məsələlərdən biri də onların kiçikhəcmli kreditlərə çıxışını daha da asanlaşdırmaqdır. Bununla yanaşı, bu il Kənd Təsərrüfatı Nazirliyinin digər qurumlarla birgə çalışacağı əsas sahələr intensiv heyvandarlığın inkişafı, o cümlədən tütünçülüyün və pambıqçılığın məhsuldarlığının daha da artırılması və bizim əsas ixrac məhsullarımızı təşkil edən və gələcəkdə emal sənayesi ilə sıx bağlı olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafıdır. Burada intensiv meyvə bağlarının geniş yayılması əsas prioritet istiqamətlərimizdən biri olacaq. Qeyd etmək istəyirəm ki, subsidiya sahəsində həyata keçirilmiş tədbirlər gübrə bazarında da liberallaşma ilə nəticələnəcək və fermerlərimizin gübrəyə çıxışı daha da asanlaşacaq.

Aqrar sahədə fermerlərimizin maarifləndirilməsi, xüsusilə də mütərəqqi metodların, innovasiyaların tətbiqi sahəsində maarifləndirilməsi vacib istiqamətlərdən biridir. Ona görə də bu sahə fəaliyyətimizin əsas istiqamətlərini təşkil edəcəkdir. Sizin vurğuladığınız elektron kənd təsərrüfatının tətbiqi 2020-ci ilin sonuna qədər tam formalaşacaq. Bütün sahələrin elektron kənd təsərrüfatı vasitəsilə tənzimlənməsi nəzərdə tutulub.

Aqrar emal sənayesinin inkişafı ilə bağlı Sizin tapşırığınıza əsasən hazırda İqtisadiyyat Nazirliyi ilə birgə iş aparılır və tezliklə təkliflər paketi Sizin diqqətinizə təqdim olunacaq. Çox sağ olun.

Prezident İlham Əliyev: Keçən il, qeyd etdiyim kimi, vergi və gömrük orqanları plandan əlavə 1 milyard manat vəsait əldə etdilər. Bu, çox gözəl göstəricidir. İndi Dövlət Gömrük Komitəsinin sədri görülmüş işlər barədə məlumat versin. Bu il hansı işlər nəzərdə tutulur?

Dövlət Gömrük Komitəsinin sədri Səfər MEHDİYEV dedi:

-Möhtərəm cənab Prezident, məruzə etmək istərdim ki, 2019-cu il komitə üzrə makrogöstəricilər baxımından uğurlu bir il olmuşdur. Belə ki, 2018-ci ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə 2019-cu ildə gömrük ödənişlərindən faktiki olaraq 1 milyard 970 milyon əlavə vəsait toplanaraq dövlət büdcəsinə köçürülmüşdür. Cənab Prezident, Sizin bütün sahələrdə apardığınız uğurlu islahatların nəticəsi olaraq gömrük sistemində də son iki ildə aparılan islahatlar sayəsində əvvəlki illərlə müqayisədə keçən il bir milyard, bu il 2 milyarda yaxın vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir. Bu da iki dəfədən çoxdur.

Cənab Prezident, 2019-cu ilin büdcə proqnozu 3 milyard 702 milyon manat nəzərdə tutulmuşdu. Büdcənin icrası isə 4 milyard 408 milyon manat təşkil etmiş, dövlət büdcəsinə 706,6 milyon manat əlavə vəsait köçürülmüş və icraya 119,1 faiz əməl olunmuşdur. 2019-cu il ərzində vergitutma bazası əvvəlki illərlə müqayisədə eyni səviyyədə qalmışdır. Belə ki, idxal mallarına 50 faiz həcmində vergi imtiyazı verilib, ümumiyyətlə, güzəştlər tətbiq olunur. Azərbaycan Respublikasına idxal olunan mallara tətbiq edilən gömrük rüsumları üzrə azadolmanın həcmi 65 faiz, idxal olunan mallara tətbiq edilən əlavə dəyər vergisinin azadolmanın həcmi isə 35 faiz təşkil edib. Ümumilikdə bu kontekstdə gördüyümüz işlər nəticəsində kölgə iqtisadiyyatı ilə bağlı mübarizə və risklərin idarə edilməsi mərkəzi tərəfindən məlumatların əvvəlcədən sistemə ötürülməsi ilə şəffaflıq təmin olunmuş, xüsusilə də digər ölkələrdən, ixracatçı ölkələrdən məlumatların sistemə daxil olması ilə sahibkarların qiymət azaltma tendensiyası 2019-cu ildə azalmışdır. Bu sahədə aparılan ciddi nəzarət funksiyalarına baxmayaraq, yenə də 900 milyon dollara yaxın malların dəyərini aşağı salmağa cəhdlər edilmişdir, bunun qarşısı alınmış və 300 milyondan artıq əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir.

Cənab Prezident, ticarətçilərin, xarici ticarət iştirakçılarının ən böyük uğurlarından biri 2019-cu ildə "Yaşıl dəhliz”in tətbiqi ilə bağlı vermiş olduğunuz Fərmandır. Bu Fərmanın icrasına fevralın 1-dən başlanılmışdır və 530-a yaxın xarici iqtisadi fəaliyyət iştirakçısına həm idxalda, həm ixracda bu status tanınmış və qısa müddətdə illik 8 milyard dollara yaxın ticarət dövriyyəsi həyata keçirilmişdir. Bu layihə özlüyündə dünyada ilk olmaqla yanaşı, ən modern layihələrdən biri kimi qəbul olunur. Eyni zamanda, iki istiqamətdə sahibkarlar bundan məmnunluğunu bildirir. Birinci istiqamət sahibkarların on milyonlarla əlavə vəsaitin gəlir olaraq kassalarında qalmasına yönəlmişdir. Bu layihənin tətbiqi ilə sahibkarlar logistika və anbar xərclərindən azad olunur. Eyni zamanda, ikinci məsələ şəffaflığın tam təmin olunmasıdır. Qanuni ticarətlə məşğul olan sahibkarlar gömrük orqanlarına gəlmədən və heç bir gömrük məmuru ilə təmasa girmədən bütün əməliyyatlarını elektron şəkildə idarə edir və rəsmiləşdirməni başa çatdırırlar.

Cənab Prezident, elektron xidmətlərlə bağlı qeyd etmək istəyirəm ki, sahibkarlarımıza 4 milyondan artıq elektron xidmət göstərilmişdir və bunun sayına və həcminə görə komitənin xidmətləri ilk yerlərdə dayanır. Ümumiyyətlə, qaçaqmalçılıqla mübarizə sahəsində aparılan işlər 2019-cu ildə də böyük nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Qaçaqmalçılıqla bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə genişləndirilmiş və 13 min 443 hüquqpozma faktı aşkar edilmişdir. Onlardan 866-sı cinayət xarakterli faktlar olmuşdur ki, bunun da əksəriyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar təşkil etmişdir. Xüsusilə də tərəfimizdən 2 tondan çox narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılmışdır. 2019-cu ildə qaçaqmalçılıq yolu ilə gətirilərkən tutulan malların ümumi dəyəri 300 milyon dollardan artıq olmuşdur.

Cənab Prezident, Sizin yol infrastrukturu ilə bağlı tapşırıqlarınıza uyğun olaraq yollarımızın yenidən tamamilə qurulması tranzit potensialımızın artmasını labüd edirdi və bu tendensiya ilə artıq son iki ildə tranzit potensialımız əvvəlki illərlə müqayisədə 2 dəfədən çox artıb. Sərhəd-keçid məntəqələrində sıxlığın aradan qaldırılması məqsədilə Sizin müvafiq tapşırıqlarınıza uyğun olaraq məntəqələr yeni avadanlıqla təchiz edilib. Həm tırların, həm də minik avtomobillərinin rahat keçidini təmin etmək məqsədilə yeni rentgen qurğuları quraşdırılır və bu işlər cari ildə də davam etdiriləcək.

Eyni zamanda, məlumat üçün bildirmək istəyirəm ki, 2018-ci illə müqayisədə 2019-cu ildə 2 milyon daha çox vətəndaş giriş və çıxış həyata keçirmişdir. Bunu Siz qeyd elədiyiniz kimi, 3 milyon 170 mini xarici turistlər təşkil edib. Qalanları isə mütəmadi olaraq xarici ölkələrə gedib-gələn Azərbaycan vətəndaşlarıdır. Bu axının qarşılanması, onlara xüsusi xidmət göstərilməsi, həm insanların, həm də yüngül nəqliyyat vasitələrinin yoxlanması üçün rentgen qurğuları alınıb. Sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı artıq biz hökumətdə də müzakirələr aparmışıq. Sizin tapşırıqlarınıza uyğun olaraq gələcəkdə həm ixracı və idxalı, həm də tranzit potensialımızı qarşılamaq məqsədilə istər qərb, istərsə də şimal istiqamətində yeni keçid məntəqələrinin tikilməsi işinə başlanılıb və bu işlər cari ildə də davam etdiriləcək.

Prezident İlham Əliyev:Əminəm ki, bu il də gömrük sahəsində aparılan islahatlar davam etdiriləcək və bu, bizə imkan verəcək ki, biz yenə də plandan əlavə vəsait toplayaq və büdcəmizə daxil edək. Gömrük-keçid məntəqələri ilə bağlı verdiyim tapşırıqlar icra edilir. Çalışın ki, bizim bütün keçidlərimiz ən yüksək səviyyədə təmir edilsin. Çünki biz vaxtilə bütün keçid məntəqələrini yenidən qurmuşuq, amma artıq vaxt keçib, on ildən çox vaxt keçib. Ona görə orada yeni avadanlığın quraşdırılması, vətəndaşlar, maşınlar üçün daha rahat keçidin təmin edilməsi məsələlərinə də mütləq baxmaq lazımdır. Sərhəd Xidməti ilə birlikdə bu sahədə də maarifləndirmə işləri aparılmalıdır, həm vətəndaşlar arasında, həm də sizin işçiləriniz arasında. Çünki hələ də bəzi hallarda şikayətlər daxil olur, bəzi vətəndaşlar şikayət edirlər, həm yerli vətəndaşlar, həm xarici vətəndaşlar ki, kobudluq, hörmətsizlik göstərilir. Bu hallara yol vermək olmaz. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir. Azərbaycan vətəndaşları da çox rahat keçməlidirlər və xarici qonaqlar da. Bizim sərhədlərimiz cinayətkarlar üçün, qaçaqmalçılar üçün bağlı olmalıdır, ancaq dostlarımız üçün açıq olmalıdır. Ona görə burada bu tarazlığı təmin etmək üçün daha da fəal işləmək lazımdır.

x x x

Dövlətimizin başçısı müşavirədə yekun nitqi söylədi.

Prezident İlham Əliyevin yekun nitqi

-Bir sözlə, artıq bu gün aparılan müzakirələr həm keçən il görülmüş işlərə yekun vurur, eyni zamanda, bu il görüləcək işlərlə bağlı açıq-aydın mənzərə formalaşır. Əminəm ki, bu il də uğurlu olacaqdır.

Bir məsələyə də münasibət bildirmək istərdim. Son vaxtlar siz də bunu görürsünüz, Ermənistanın baş naziri öz ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə edir. Onun gəldiyi qənaətə görə, Ermənistan Azərbaycanı bir çox parametrlər üzrə qabaqlayır. Bəri başdan bildirirəm və bunu heç sübut etməyə ehtiyac yoxdur ki, belə bir fərziyyənin heç bir əsası yoxdur. Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır. Bunu təsdiqləmək üçün, sadəcə olaraq, bir neçə hadisəni və bir neçə rəqəmi səsləndirmək istərdim.

Bildiyiniz kimi, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Birinci növbədə, ona görə ki, biz ilk dəfə bu böyük, şərəfli missiyaya nail olduq və o vaxt müstəqilliyimizin cəmi 20 yaşı tamam olmuşdu. Digər tərəfdən, bu, Azərbaycanın beynəlxalq nüfuzuna bilavasitə dəlalət edən amillərdən biri idi. Çünki dünya birliyinin mütləq əksəriyyəti bizə inandı, bizə etimad göstərdi və bizə öz səsini vermişdi. Bu hadisə ilə bağlı mən əvvəlki dövrlərdə kifayət qədər geniş məlumat vermişdim. Amma bir məsələ həmişə diqqətdən kənarda qalır, bir çoxları bunu bilmir. Həqiqət isə ondan ibarətdir ki, 2011-ci ildə bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi. Ancaq biz namizədliyi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər. Çünki bilirdilər ki, BMT-də biz onlara böyük fərqlə qalib gələcəyik və beləliklə, onlar rüsvay olacaqlar. Yəni, bu, 9 il bundan əvvəl baş vermiş hadisədir və onu göstərir ki, beynəlxalq müstəvidə Ermənistanın və Azərbaycanın hörməti və çəkisi nə dərəcədə fərqlənir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük siyasi və diplomatik qələbəmizdir və eyni zamanda, Ermənistan üzərində böyük qələbə idi.

2016-cı ildə Ermənistan dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribat törədib və bu təxribat nəticəsində bir neçə dinc vətəndaş həlak olub. Onların arasında uşaqlar da olub. Azərbaycan buna cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdi və o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu, bizim hərbi qələbəmiz idi. Növbəti hərbi qələbə 2018-ci ildə təmin edilmişdir. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 mindən çox hektar ərazi işğalçılardan, erməni silahlı qüvvələrindən təmizləndi və bir neçə önəmli strateji yüksəklik azad edildi. Bu yüksəkliklər imkan verir ki, biz Ermənistanın strateji kommunikasiyalarına tam nəzarət edə bilək. Bu, bizim ikinci hərbi qələbəmiz idi.

Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə "Global Firepower 2019” hesabatıdır.

İndi əsas makroiqtisadi göstəricilərə diqqət yetirirəm. Beləliklə, 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollardır, Ermənistanda isə cəmi 13 milyard dollar. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda 11 min dollardır. Valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir. Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır, fərq 4,5 dəfədir. İxrac - Azərbaycan 19,6 milyard, Ermənistan 2,4 milyard, fərq 8,1 dəfədir. Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistanda mənfi saldo 2,6 milyard dollardır. Sərmayə qoyuluşu - keçən il Azərbaycana 13,5 milyard dollar qoyulubdur, Ermənistana 900 milyon, fərq 15 dəfədir. Xarici dövlət borcu - Azərbaycanın xarici dövlət borcu 7,9 milyard dollar, Ermənistanın 6 milyard dollardır. Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır.

Əməkhaqları və pensiyalara dair məlumatı təqdim edirəm. Beləliklə, 2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat - bu, 425 dollar təşkil edir, Ermənistanda 369 dollar. Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir. Orta pensiya Azərbaycanda 262 manat, yəni 154 dollar, Ermənistanda 84 dollardır. MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan səkkizinci yerdədir. Orta pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan axırıncı – onuncu yerdədir. Yoxsulluq səviyyəsi Azərbaycanda 4,8 faiz, Ermənistanda 24 faizdir, fərq beş dəfədir. Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə Azərbaycanda 934 mənzil verilibdir, Ermənistanda sıfır. Bütövlükdə Azərbaycanda bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistanda, bildiyimə görə, belə proqram mövcud deyil. Təkcə keçən il bu kateqoriyadan olan insanlara 600 avtomobil verilib, Ermənistanda sıfır. Bütövlükdə bu kateqoriyadan olan insanlara 6750 avtomobil verilib, Ermənistanda sıfır.

Keçirik Davos Ümumdünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatına. Beləliklə, 2019-cu ildəki bəzi rəqəmləri təqdim etmək istərdim. İqtidarın uzunmüddətli strategiyasına görə Azərbaycan dünyada onuncu, Ermənistan 59-cu yerdədir. İqtidarın siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci, Ermənistan 58-ci yerdədir. Məhkəmə azadlığı - Azərbaycan 39-cu, Ermənistan 67-ci yerdədir. Polis orqanlarına etimad - Azərbaycan 30-cu, Ermənistan 44-cü yerdədir. Yolların keyfiyyəti - Azərbaycan 27-ci, Ermənistan 91-ci yerdədir. Dəmir yolu xidmətlərinin səmərəliliyi - Azərbaycan dünya miqyasında 11-ci, Ermənistan 67-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi - Azərbaycan 12-ci, Ermənistan 67-ci yerdədir. İnternet istifadəçilərinin sayına, yəni əhali üzrə payına görə faizlə Azərbaycan 43-cü, Ermənistan 77-ci yerdədir. Əhali arasında rəqəmsal biliklər üzrə Azərbaycan 19-cu, Ermənistan 50-ci yerdədir. Ümumi daxili məhsul, alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycan 69-cu, Ermənistan 120-ci yerdədir.

İndi keçirik idman sahəsinə. Azərbaycan 2019-cu ildə dünya və Avropa çempionatlarında 775 medal qazanıb, onlardan 271-i qızıl medaldır. Ermənistan cəmi 222 medal qazanıb, onlardan 61-i qızıldır. 2019-cu ildə II Avropa Oyunlarında Azərbaycan 28 medal qazanıb, Ermənistan 11 medal. 2019-cu ildə keçirilmiş güləş üzrə Avropa çempionatında Azərbaycan 13 medal qazanıb, o cümlədən 4 qızıl, Ermənistan 3 medal qazanıb, bir qızıl.

Keçirik intellektual idman növü olan şahmatda əldə edilən nəticələrə. 2019-cu ildə Avropa çempionatında səkkiz yaşlı şahmatçılar arasında Dinarə Hüseynova qızıl medal qazanaraq Avropa çempionu olmuşdur, Səadət Bəşirli və Yusif Kərimli bürünc medal qazanmışlar. On dörd yaşlı şahmatçılar arasında Ayan Allahverdiyeva Avropa çempionu olmuşdur. Qadınlardan ibarət milli komandamız Avropa çempionatında Ermənistana qalib gələrək bürünc medal qazanmışdır. Gənclərin dünya çempionatında on dörd yaşlılar arasında Aydın Süleymanlı dünya çempionu olmuşdur. Teymur Rəcəbov isə dünya kubokunun sahibi olmuşdur. 2016-cı il Rio Olimpiya Oyunlarında Azərbaycan 18 medal qazanıb, Ermənistan cəmi 4 medal. Medalların sayına görə Azərbaycan 14-cü yeri tutubdur.

Digər önəmli bir məsələ ondan ibarətdir ki, Azərbaycan faşizmin qəhrəmanlaşdırılmasına qarşı ardıcıl mübarizə aparır, Ermənistan isə faşistləri qəhrəmanlaşdırır. Faşist cəlladı olan Njdeyə İrəvanın mərkəzində 6 metrlik abidə ucaldılıb. Bu qanlı cinayətkar SMERŞ tərəfindən həbs edilib, 25 il məhkum edilib, həbsxanada ölüb və reabilitasiya olunmayıb. Belə bir adamın şərəfinə İrəvanda abidə qoyulur və Ermənistanın baş naziri bu cəlladı Soljenitsın və Molotovla eyniləşdirir. Njdenin məşhur kəlamı var: Almaniya uğrunda ölən Ermənistan uğrunda ölür və o, bunu İkinci Dünya müharibəsi zamanı demişdi. Bu, artıq onun mənfur xislətini əks etdirən ifadədir. Ona görə bu sahədə də Azərbaycan həqiqətin tərəfindədir, Ermənistan isə şər qüvvələrin tərəfindədir.

Nüfuzlu "News & World Report” mətbu orqanı tərəfindən aparılmış təhlilə əsasən dünyanın ən güclü ölkələrinin siyahısı müəyyən edilmişdir. Siyahıda cəmi 80 ölkənin adı var və Azərbaycan bu siyahıda güclü ölkələr arasında 45-ci yerdədir. Ermənistanın isə ümumiyyətlə, adı belə yoxdur. İqtisadi inkişafın templərinə görə isə bizim yerimiz dünya miqyasında 35-cidir.

Azərbaycan dünya əhəmiyyətli nəhəng layihələr icra edir. Onların arasında Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri var. Cənub Qaz Dəhlizi bu il istismara veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib və bu yol vasitəsilə yükdaşımaların həcmi ildən-ilə artır. Bakı-Tbilisi-Qars Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsidir. Biz bu layihəni qonşu ölkələrlə - Türkiyə və Gürcüstan ilə uğurla icra etdik. Digər qonşularımızla - Rusiya və İran ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər uğurla gedir və demək olar ki, bu dəhliz fəaliyyət göstərir. Sadəcə olaraq, bu dəhlizi daha da səmərəli etmək üçün növbəti addımlar atılır. Bu nəhəng enerji və nəqliyyat layihələri Ermənistandan yan keçib. Bu, bizim qonşularımızdır, eyni zamanda, Rusiya istisna olmaqla, Ermənistanın da qonşularıdır. Yəni, biz qonşularla dostluq, əməkdaşlıq, səmimiyyət əsasında münasibətləri qurmuşuq və məhz buna görə bu layihələrə nail olmuşuq. Ermənistan isə əsrlərboyu qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi saxtalaşdırır, tarixi abidələri saxtalaşdırır və özününküləşdirməyə cəhd edir. Fərq bundan ibarətdir.

Ermənistanı bu enerji və nəqliyyat layihələrindən biz təcrid etmişik və bunu heç vaxt gizlətməmişik. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq. Beləliklə, Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəsə, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək.

Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcbur olub, bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim. Özü də mənim gətirdiyim rəqəmlər həqiqəti əks etdirir, Ermənistanın gətirdiyi rəqəmlər növbəti əfsanədir, növbəti yalandır.

İndi 2020-ci il başlayıb, uğurla başlayıb. Deyə bilərəm ki, bir neçə gün bundan əvvəl Bakıda iki böyük investorla iki layihə imzalanıb, İcra Müqaviləsi imzalanıb. Bu, bərpa olunan enerji növlərinin yaradılması istiqamətində çox önəmli addımdır. İki böyük elektrik stansiyası tikiləcək - biri külək, biri Günəş. Bu hadisənin önəmi ondadır ki, vəsaiti investorlar qoyacaqlar. Yəni, bu, bizə göstərilən inamdır, Azərbaycanın uzunmüddətli inkişafına göstərilən dəstəkdir. İki stansiyanın istehsal gücü 440 meqavat olacaqdır. Bu, çox böyük stansiyalardır, regionda ən böyük Günəş və külək elektrik stansiyalarıdır. Biz özümüz də bərpa olunan enerji növlərini yaradırıq, 50 meqavatlıq stansiya inşa edildi. İndi 84 meqavatlıq stansiyanın layihələndirmə işləri tamamlanır, bunu da biz edəcəyik. Bizim enerji balansımızda bərpa olunan enerjinin payı hazırda təqribən 17-18 faizdir. Bizim uzunmüddətli strategiyamıza görə, biz bunu ən azı 30 faizə çatdırmalıyıq. Onu da bildirməliyəm ki, müsabiqədə 9 şirkət iştirak etmişdir. Yəni, özü də 9 ən böyük şirkət Azərbaycana bərpa olunan enerjini istehsal etmək üçün vəsait qoymağa hazırdır. Sadəcə olaraq, iki şirkət seçildi, hansıların ki, şərtləri daha yaxşı idi. Ancaq o demək deyil ki, qalan şirkətlər kənarda qaldılar, biz onları da dəvət edirik. Qoy, onlar öz təkliflərinə bir daha baxsınlar, şərtləri bizim üçün, ölkəmiz üçün daha məqbul etsinlər və buyursunlar, onlar üçün Azərbaycanda kifayət qədər yer var. Allaha şükür, Azərbaycan həm Günəşlə, həm küləklə zəngin ölkədir, müasir enerji infrastrukturu var. Yenə də Davosun hesabatında enerjinin əlçatanlığına görə Azərbaycan dünyada ikinci yerdədir. İxracımız da var, keçən il 60 milyon dollardan çox ixrac etmişik. Ona görə əminəm ki, bərpa olunan enerji növlərinin yaradılması bizim üçün növbəti prioritet sahə olacaq. Nazirlər Kabinetinə tapşırıram ki, müsabiqədə iştirak etmiş şirkətlərin təkliflərinə baxılsın, onlar dəvət olunsun, onlarla fərdi qaydada danışıqlar aparılsın və onlar da oxşar layihəni Azərbaycanda icra etsin.

Bir sözlə, əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək. Sağ olun.






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM